Baş nazirin müavini “Sovetski”yə gəldi
Baş nazirin müavini “Sovetski”yə gəldi

Abid Şərifov sakinləri razı saldı, sakinlərinin tələblərinə martın 3-də cavab veriləcək

Bakının “Sovetski” məhəlləsində evlərinin sökülməsi müqabilində verilən kompensasiya ilə razılaşmayan sakinlərlə dövlət nümayəndələrinin görüşü olub. Sakinlərlə baş nazirin müavini Abid Şərifov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov və həmin ərazidən millət vəkili seçilmiş Ülvi Quliyev görüşüb.

Qeyd edək ki, Bakının “Sovetski” kimi tanınan ərazisinin bir qrup sakini evlərinin sökülməsi müqabilində onlara veriləcək kompensasiyanın miqdarından narazılıq ifadə ediblər.Sakinlərə hər kvadratmetr üçün 1500 manat təklif edilib.Görüş zamanı yeni təkliflərdə səsləndirilib.” Bakının “Sovetski” kimi tanınan ərazisində yaşayan sakinlərin tələblərinə baxılacaq və bir həftə ərazində onlara məlumat veriləcək”.Bunu baş nazirin müavini Abid Şərifov bildirib.Onun sözlərinə görə, ərazidə kiminsə tərəfindən hotel və ya yaşayış evi tikiləcəyi barədə xəbərlər şayiədir: “Burdan kiminsə zorla köçürülməsindən söhbət gedə bilməz. Camaat arasında narazılıq yaradanlara Allah insaf versin. Hələ ortada bir şey yoxdur, aləmi qarışdırmağa da ehtiyac yoxdur. Kimisə zorla bu ərazidən çıxarmaq mümkün olan iş deyil. Qaz, su, işığı kəsmək məsələsi də olmayacaq. Tam məsuliyyətimlə söz verirəm ki, ərazidə sizin iştirakınızla komissiya qanunauyğun şəkildə işləyəcək”.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev də bildirib ki, “Sovetski”nin köçürülməsi məsələsi həmişə gündəmdə olub: “Bu, həm də sakinlərin şəraitinin yaxşılaşmasına xidmət edəcək. Kompensasiya hesablananda xidməti tikinti, anbar, hətta həyətdə əkilən ağacın da pulu nəzərə alınacaq. Heç bir adamı məcburi burdan köçürmək niyyəti yoxdur. Kim istəyirsə, pulunu bankdan alıb getsin, kim razı deyilsə o evindən məcbur çıxarılmayacaq”.
Sakinlərin yaratdığı Təşkilat Komitəsinin sədri Namiq Quliyevdə bildirib ki,görüşdə “Sovetski” sakinlərinin tələbləri baş nazirin müavini Abid Şərifovun başçılıq etdiyi heyətə təqdim olunub: “Belə razılığa gəlindi ki, tələblərimizə martın 3-də cavab veriləcək”.N.Quliyev qeyd edib ki, hökumət nümayəndələri hər bir sakinin razılığı olmadan evinin sökülməyəcəyi barədə vəd veriblər: “Mətbuatda söküntülərin başlanması haqqında xəbərlər həqiqəti əks etdirmir”.
Fuad Əliyev