“Bu ölkədə yaşayan insanlarda Allahı anlama halı var”
“Bu ölkədə yaşayan insanlarda Allahı anlama halı var”

Brahma Babək: “Dünyanın daha yüksək ruhsal atmosferə keçid nöqtələrindən biri də Azərbaycandır”

Azərbaycandakı dini tolerantlığın durumu ilə bağlı suallarımızı Bakı Krişna Şüuru dini icmasının üzvü, brahma Babək Allahverdiyev cavablandırır.
-Möhtərəm brahma, Sizcə, Azərbaycandakı dini və ruhsal rəngarənglik və bu cərəyanlara bağlı insanların bir-birlərinə səbirli münasibəti hansı amillərlə bağlıdır?
-Azərbaycan ta qədimdən müxtəlif xalqların, müxtəlif adət və ənənələrin, müxtəlif mədəniyyətlərin məskəninə çevrilib. Bu da Azərbaycan mədəniyyətinin genetik kodunda müxtəlifliyə can atma meyli biçimləyib. Yəni ərəb ölkələrini və yaxud monomədəniyyətli digər ölkələri nəzərdən keçirtsək, görərik ki, digər dinlərin daşıyıcılarına qarşı dözümlü münasibət yoxdur. Ərəbistanda lap qədimdən ərəblər yaşayır və onlar eyni mədəniyyəti sürdürüb gedirlər. Ola bilsin ki, bu ölkələrə kimsə müvəqqəti olaraq gəlib-gedə bilər. Ancaq Azərbaycandakı dini və mədəni müxtəliflik dünyanın heç bir ölkəsində müşahidə edilmir. Bu böyük nemət Azərbaycana Allah tərəfindən bəxş edilib, Onun bizə xüsusi mərhəmətidir. Yəni buna görə özümüzü tərifləməkdən çox birinci növbədə Allahı tərifləməliyik. Kimsə Sibirdə qarların içində doğulur və ömrünü elə orada da keçirdir. Allah Azərbaycana doqquz iqlim qurşağı bu cür dini-mədəni rəngarənglik bəxş edib. Müxtəlif dinlər və mədəniyyətlər bu ölkədə qarşılıqlı anlaşma mühitində və səmimi şəkildə fəaliyyətdədir. Binayi-qədimdən belə olub. Bizim millət başqa cür yaşamayıb da. Onu da qeyd edim ki, Azərbaycanın zəngin iqlim şəraiti də insanlara xoş təsir edir. Səhrada və yaxud buzlaq ərazilərdə doğulmuş insanlarda bir aqressiya olur. Bu insanlarda ruha aid xoşbəxtliyi maddi cəhətdən tapmaq imkanları çox məhduddur. Amma Azərbaycanın zəngin və mülayim təbiəti, gözəl havası insanlarda bir yumşaqlıq və həlimlik doğurur. Ətrafımızda nə varsa, bizim içimizin əksidir. İnsanın daxilində sülh olmayanda heç öz ailəsi ilə də yola getmir. Xalqımız digər dinlərin ardıcıllarına bu qədər səbirlə yanaşırsa, deməli, bu xalq barışıq ruhu ilə yaşayır. Dözümlü olmağımız üçün içimiz daha da sülhlü olmalıdır. Azərbaycan mühitində doğulan karma bu şansı yaradır. Ölkədəki dini-mədəni rəngarəngliyin içərisində həm də bir vəhdət mövcuddur.
-Fikrimizcə, Azərbaycandakı dini-ruhsal cərəyanlar bir-birlərini və ümummili mədəniyyətimizi iki yolla – həm birbaşa təmasla, həm də batini səviyyədə zənginləşdirir. Bu yöndə Sizin müşahidələriniz nə deyir?
-Mən dini həmişə gözəl və xoş ətirli bir gülə bənzətmişəm. Yəni bağda ancaq bir cür çiçək olanda ondan lazımi səviyyədə həzz ala bilmirik. Yəni bir gül müəyyən müddətdən sonra insanı qeyri-məmnun edir. Hərəsinin özünəməxsus ətri, gözəlliyi, rəngi olan çoxlu çiçəklərin bitdiyi bağa girəndə isə bizdəki gül anlayışı daha da gözəlləşir. Allaha doğru gedən yollar da bu cür müxtəlifdir. İnsanların şüur səviyyəsinə və milli adət-ənənələrinə uyğun olaraq Tanrı yer üzünə dinlər göndərir. Mənim Ustadımın dediyi kimi, bu da bir mərhəmətdir ki, Azərbaycan xalqı sufi bir xalqdır. Sufi xalq deyərkən, yəni daxili, mahiyyəti duyma qabiliyyəti olan xalq nəzərdə tutulur. Bu torpaqda yaşayan insanlarda Allahı anlama halı var. Azərbaycanda doğulmaq həm xarici, həm də batini baxımdan böyük bir xoşbəxtlikdir. Çünki bu ölkə planetin özəl məkanlarından biridir. Ona görə də bu torpaqda məskunlaşmış insanlar son dərəcə mötədil insanlardır. Eyni dinin mənsubları başqa bir ölkədə bir-birinə qarşı dözümsüzdür, Azərbaycanda isə həmin insanlar qarşılıqlı mehribanlıq sərgiləyirlər. Amma bunu da hökmən qeyd etməliyik ki, bu durumun formalaşmasında dövlətin də xüsusi rolu var. Düşünürəm ki, bu da Allahın mərhəmətindəndir. Daha dərin tərəfdən isə Allah-Taəlanın bu torpağa mərhəmətidir ki, batini səviyyədə duyuruq ki, üç Allah yoxdur, Allah Təkdir. Deməli, o biri də sənin ibadət etdiyin Allaha ibadət edir. Sadəcə olaraq, dərketmə səviyyəsinə görə ona bu cür din verilib. Bütün bunların hamısı Azərbaycan torpağındakı ilahi enerjinin hesabınadır.
-Bildiyimə görə, səmimi şəkildə ardıcılı olduğunuz Krişnaizmdə dünyanın bir neçə ölkəsi ilə bərabər Azərbaycan ərazisinə xüsusi önəm verilir. Bunun nə ilə bağlı olduğunu oxucularımız üçün bir qədər geniş şəkildə açıqlamağınızı xahiş edirik ...
-Ümumiyyətlə, Azərbaycanın tarixinə nəzər salsaq, Hindistandan gələn veda dini ilə ölkəmizin əlaqəsinin çox sıx olduğunu görərik. Məsələn, elə atəşpərəstliyin özünü götürək. “Avesta”nın yasnaları vedalarla baş-başa gəlir. Hətta deyirlər ki, Riq-vedadakı bir çox mərasimlər atəşpərəstliyin müvafiq ayinləri ilə tam şəkildə üst-üstə düşür. Qədim dövrlərdə Azərbaycanın Hindistanla həm də energetik yaxınlığı olub. Vedalarda deyilir ki, dünyanın dörd energetik mərkəzi var. Yəni bu nöqtələrdə dünya sivilizasiyası dəyişiləcək və qızıl sivilizasiya erası başlayacaq. Bu dörd nöqtədən biri Güney Amerika, biri Altay, o biri Hindistanda Dehli şəhərindən şərqə tərəf, axırıncısı isə Güney Qafqazdır. Güney Qafqazı Nuh peyğəmbərin gəmisinin çıxdığı ərazi kimi xüsusi vurğulayırlar. Yəni dünyanın daha yüksək ruhsal atmosferə keçid nöqtələrindən biri də Azərbaycandır. Ona görə də Güney Qafqaz vedalarda xüsusi önəm verilən dörd əsas nöqtədən biridir. Və vedalarda deyildiyinə görə, bütün dinlərin qızıl əsr enerjisi məhz Qafqazda oyanacaq. Ona görə də fikir versəniz, son zamanlarda həm iqtisadi cəhətdən, həm də mənəvi baxımdan bu yerlərə bütün dünyanın, xüsusilə də Krişna şüurunun böyük marağı var. Bu daha çox ruhsal maraqdır, maddi maraq deyil. Energetik maraqdır. Fikir versəniz, bu gün planetdə ateizm sıxışdırılır. Artıq hamı inanmağa başlayır ki, bütün yaradılışın bir İlahi başlanğıcı var. Sadəcə, bu həqiqətin dərk edilməsinin müxtəlif mərhələləri var. Krişna şüurunun böyük maraq göstərdiyi insanların ruhsal şüura keçidi üçün Azərbaycanda böyük şanslar var. Yəni bu, taleyin verdiyi bir bəxşişdir. Qədim dövrlərdən bəri Hindistandan və dünyanın digər guşələrindən Azərbaycana bu qədər zəvvarların gəlməsi və Abşeron yarımadasında müqəddəs Atəşgahın mövcudluğu da bununla bağlıdır. Təbii ki, od müqəddəsdir, lakin Atəşgahda bu gün Krişna şüuru ilə bağlı simvolların şəkillərini görəndə bilirik ki, bu, çox qədim bir bağlılıqdır.
-Krişna şüuru cəmiyyətinin Bakıda fəaliyyətə başlaması cəmiyyətimiz, müxtəlif dini cərəyanların təmsilçiləri və hökumət strukturları tərəfindən necə qarşılandı?
-Krişna şüuru cəmiyyətinin Bakıda fəaliyyətə başlaması sovet dönəminə - yenidənqurmanın vüsət aldığı 1985-1986-cı illərə təsadüf edir. O zaman biz hələlik dövlət qeydiyyatından keçməsək də, fəaliyyətimiz normal şəkildə genişlənirdi. Amerikadan, İngiltərədən gələn təmsilçilərimiz bizə çox yardım oldular. İlk əvvəllər, təbii ki, çətinliklərimiz var idi. Amma o zaman Rusiyadakı cığırdaşlarımıza təzyiqlər daha çox olurdu. Hətta orada 60-a qədər krişnaçı həbs edildi. Onlardan bir neçəsi həbsxanada acından öldü. Çünki biz ət yeməklərini yemirik. Rusiya həbsxanalarında isə yeməklər, əsasən, ətdən hazırlanır. Amma Azərbaycanda fəaliyyətə başlayarkən biz dövlət tərəfindən bu cür təzyiqlərə məruz qalmamışıq. Biz 80-ci illərin ikinci yarısından sonra Bakıda təbliğata və müqəddəs ayinlərə başladıq. Təbii ki, dövlət strukturları bizim kim olmağımızla maraqlanmağa başladı, amma bu maraq Rusiyadakı kimi repressiya tədbirlərinə qədər gedib çıxmadı. Cəmiyyət tərəfindən bizə yanaşma birmənalı deyildi. Çünki 70 il ateizim tərbiyəsi almış insanlarda dini-ruhsal maariflənmə aşağı səviyyədə idi. Xüsusən də radikallaşmağa başlayan və İslam dinini yaxşı bilməyən bəzi cərəyanlar tərəfindən hədə-qorxular eşidirdik. Amma ümumən cəmiyyət bizə normal şəkildə yanaşırdı. Hətta o dövrdə də Azərbaycan cəmiyyətində dini tolerantlıq müşahidə edilirdi. Bakıda və Azərbaycanda Krişna şüurunun yayılmasının başlıca səbəbi cəmiyyətin bizə bu cür baxışı oldu. Artıq 1989-cu ildə bizi bir qurum kimi dövlət qeydiyyatından keçirtdilər. Biz Azərbaycanda dövlət qeydiyyatından keçmiş ilk dini icma idik. Xüsusilə qeyd etməliyəm ki, dövlət ölkədəki dini qurumların, icmaların işinə həmişə ciddi şəkildə nizam verir. 2002-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılandan sonra dövlət strukturları ilə münasibətlərimiz daha da asanlaşdı. Hamı gördü ki, biz də cəmiyyəti ortaq məxrəcə aparan yolla gedirik.