Şahin Mustafayev hökumətdə bir az da gücləndi
Şahin Mustafayev hökumətdə bir az da gücləndi

İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətləri genişləndirildi

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin son prezident seçkilərindən sonra hökumət içində mövqelərinin güclənməsi və təsir imkanlarının artması müşahidə edilməkdədir. Dünən Nazirlər Kabineti İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması ilə əlaqədar bəzi qərarlarına dəyişikliklər edib və bu dəyişikliklərin Mustafayevin səlahiyyət dairəsini xeyli genişləndirdiyini əminliklə söyləmək mümkündür.

Belə ki, İqtisadiyyat və Sənaye Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, dövlət elmi idarə və müəssisələri, qeyri-hökumət təşkilatları ilə birlikdə minimum istehlak səbətinin tərkibini üç ildə bir dəfə yenidən müəyyənləşdirərək təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək.Eyni zamanda, Nazirlik və Dövlət Statistika Komitəsi Azərbaycanda minimum istehlak səbətinin formalaşdırılması və yaşayış minimumunun hesablanması metodikasını hazırlayıb müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdıraraq təsdiq edəcək.
İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində fəaliyyət göstərən idarələr, komissiyalar narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankının informasiya mərkəzlərindən onlara aid məlumatları almaq üçün təsdiq edilmiş xüsusi sorğu tərtib edib ümummilli məlumat bankına müraciət edəcəklər. Narkoloji tibb müəssisələrində könüllü olaraq anonim müalicə kursu keçmiş narkoman şəxslər haqqında məlumatlar ümummilli məlumat bankından yalnız həmin şəxs inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edildikdə hüquq-mühafizə orqanına verilə bilər. Narkoloji xidməti və nəzarəti həyata keçirən, habelə xidməti vəzifələri həyata keçirərkən qulluq mövqeyinə görə narkoloji xəstələr barəsində məlumatları əldə edən digər şəxslər həmin məlumatların yayılmasına yol verməməlidirlər. İqtisadiyyat və Sənaye Nazirliyində ümummilli məlumat bankına informasiya göndərilməsinin vaxtlı-vaxtında yerinə yetirilməsinə nəzarət etmək və oradan məlumat alınmasını təşkil etmək üçün cavabdeh şəxs təyin olunur.
İqtisadiyyat və Sənaye Nazirliyi və Təhsil Nazirliyi hər il ölkənin gələcək iqtisadi, sosial və mədəni inkişaf perspektivlərini nəzərə alaraq sahələr, ixtisaslar, təhsil proqramı və pillələri üzrə kadr ehtiyaclarına olan tələbatı aidiyyəti nazirlik, idarə və təşkilatlarla birlikdə müəyyənləşdirəcək və təsdiq edilməsi üçün Azərbaycan Prezidenti yanında təhsil üzrə komissiyaya təqdim edəcək. Tələbə göndəriləcək xarici təhsil qurumunun dünya üzrə reytinqi, müəyyənləşdirilmiş prioritet ixtisas və təhsil proqramları üzrə tələb edilən təhsilin səviyyəsi, tələbənin təhsili, sosial təminatı və digər xərclər nəzərə alınmaqla, ən optimal variantda xarici təhsil ocaqlarının seçilməsi haqqında təkliflər Təhsil Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən tərtib edilərək Komissiyaya təqdim ediləcək.
Nazirlər Kabinetinin qərarı ilə İqtisadiyyat və Sənaye Nazirliyi üçün xidməti minik avtomobillərinin say həddi də müəyyənləşib. Nazirliyin mərkəzi aparatına 10, ərazi və yerli bölmələrinə 8 minik avtomobili limiti ayrılıb. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin aparatına 5, ərazi və yerli bölmələrinə 8 minik avtomobili limiti müəyyənləşib.
Bəzi ekspertlər iqtisadiyyat və sənaye nazirinin mövqelərinin möhkəmlənməsini təsadüfi saymır. Bir çox müşahidəçilər Mustafayevi baş nazir postuna ən real namizədlərdən biri hesab edir və belə bir ehtimal səsləndirirlər ki, məhz bu səbəbdən onun hökumət içində həlledici fiqurlardan birinə çevrilməsinə şərait yaradılır. Yəni son prezident seçkisinədək hökumətin ən zəif fiqurları sırasında göstərilən Mustafayevin təsir imkanlarının artırılması onun Nazirlər Kabinetinin rəhbərliyinə gətirilməsi üçün hazırlıq rolunu oynaya bilər.Bəzi ekspertlər isə hesab edirlər ki, Şahin Mustafayevin mövqelərinin qüvvətləndirilməsi, onun təsir gücünün artırılması digər müəyyən oliqarx-məmurların hegemonluğunu azaltmaq məqsədi daşıyır. İstisna edilmir ki, iqtisadiyyat və sənaye naziri hökumətin güclü fiqurlarından birinə çevrildikcə, həmin oliqarx-məmurlar üçün də ciddi başağrısına çevriləcək.

Ülviyyə Qasımlı