Beynimizi necə format edə bilərik?
Beynimizi necə format edə bilərik?
Yaddaşı təmizləmək mümkün deyilsə də, acı xatirələrin təsirini azaltmaq mümkündür

Yaşadığımız travmatik hadisələrdən sonra bir çoxumuz bu xatirələrin yaddaşımızdan necə silinəcəyi haqqında düşünürük. “Silinsin və bir də heç vaxt bu haqda düşünməyim, gözümün önünə gəlməsin” deyirik. Yadımıza düşdükcə daha çox stress yaşayırıq; ruhumuz ağrıyır; özümüzü günahlandırırıq; sosial həyatımızda istər-istəməz məhdudiyyətlər yaşayırıq və s. Yaxşı, bəs bütün bunları yaddaşımızdan bir düyməyə basarmış kimi silmək mümkündürmü?
Beyində əsas üç yaddaş bölgəsi var: ön yaddaş, ana yaddaş və ictimai/sosial yaddaş. Ön yaddaşın beynin hipokampus bölgəsində olduğunu təxmin edilir. Burada bəhs etdiyimiz gicgah bölgələrindəki (temporal və pariatal loblar) ana yaddaşlara və ön tərəfdəki (frontal lob) sosial yaddaşa davamlı hafizə transferi məsələsidir. Ön yaddaş qısamüddətli hafizədən məsuldur. Yaşanılmış ya da öyrənilmiş xatirələr burada 5-10 dəqiqəliyinə saxlanılır, sonra vacibliyinə və ciddiyyətinə görə ya buxarlaşaraq itir, ya da ana yaddaş və sosial yaddaş zonasına ötürülür. Məsələn: bircə dəfə üçün lazım olan telefon nömrəsindən istifadə etdikdən sonra onu heç vaxt xatırlamırıq. Öyrənilmiş vacib məlumatlar və xatirələr ana yaddaş zonasına alınaraq hafizə təbəqələri formasında depolaşdırılır. Ən son əldə edilən məlumatlar ən üstdə qeydə alındığı üçün rahat yada düşür.
Sosial yaddaş, həm də psixoloji dünyamızın mərkəzi olan sol frontal (beynimizin sol ön bölgəsi) bölgədə yerləşir. Yaşadığımız ağrılı, üzüntülü hadisələr ana yaddaşla yanaşı, sosial yaddaşda da qeydə alınır. Bu zonaya adətən xoşbəxt, gözəl xatirələr deyil, acı xatirələr depolanır. Ona görə də yaşadığımız xoşagəlməz hadisələri xoşbəxt anlarımızdan daha yaxşı xatırlayırıq. Çünki xoş xatirələr sadəcə ana yaddaşa köçürülürsə, acı xatirələr həm ana yaddaşa həm də sosial yaddaşımıza depolanır. Sosial yaddaş fərdin cəmiyyətdə davranışlarını, əxlaqi quruluşunu təşkil edir. Məsələn: antisosial, psixopatik şəxslərdə sosial yaddaş pozuqluğu var. Sosial yaddaş davranışlarımızda əsas rol oynayır. Hətta mədə və bağırsaq kimi daxili orqanların da işləmə sistemilə əlaqəlidir. Yaşanılan travmalar bir yandan sosial hafizəyə həkk olunduğu üçün eyni zamanda daxili orqanlarımızın işinə də təsir edir. Məsələn: imtahan əvvəlində tələbədə mədə və bağırsaq funksiyaları pozula bilər, ürək çırpıntıları yaşaya, qan təzyiqində enmə və ya yüksəlmə ola bilər. Bunlar ruhi gərginliyin bədən psixosomatik əksolunmasıdır. Başqa cür desək, psixosomatik xəstəliklər, yaşanılmış travmaların mədə və bağırsaq funksiyaları üzərində uzunmüddətli mənfi təsirlərindən qaynaqlanır.
Sosial yaddaşa həkk olunan xatirələr şüuraltında da özünə yer edir. Fərd yaşadığı travmaları çoxdan şüurundan çıxarmış olsa da, sosial yaddaş zamanla fiziki dillə bunu xatırlaya bilir. Bu səbəblə də sol frontdaki sosial hafizəyə həkk olunmuş xatirələrin, şüurdankənar fiziki reaksiyalarla xatırlanmağı panik ataklara, uzunmüddətli xronik fiziki reaksiyalar isə psixosomatik pozuntulara (mədə xorası, spastik kolon, xronik qəbizlik və ya diareya kimi) səbəb olur.
Araşdırmalar göstərir ki, heç bir üsulla hafizəyə həkk olunan xatirələri bir blok şəklində silmək mümkün deyil. Ancaq bəzən beyin bunu fiziki və psixi sağlamlığı qorumaq üçün avtomatik olaraq edə bilir. Məsələn, yaşanılmış hansısa ağır travmatik bir hadisə sonrası şəxs hadisə anını xatırlaya bilmir.
Yaddaşı təmizləmək mümkün deyilsə də, acı xatirələrin təsirini azaltmaq mümkündür. “Kaş yaşanmasaydı” dediyiniz travmatik hadisələri xatırlamağınız əngəllənməyə bilər, lakin psixoterapiya vasitəsilə onun sizə verdiyi ağrı azaldıla, təsirsizləşdirilə bilər. Bunun üçün psixoloji dəstək almağınız kifayətdir.

Şəbnəm Sadıqova,
klinik psixoloq