Hakimiyyət cevrlişi Putinin Gömrük İttifaqı alt-üst etdi
Hakimiyyət cevrlişi Putinin Gömrük İttifaqı alt-üst etdi
Yanukoviç ölkədən qaçdı, haqqında isə cinayət işi qaldırıldı

Ukraynada iki aya qədər davam edən etirazlar səmərəsini verdi. Belə ki, Ukrayna müxalifəti Yanukoviç hakimiyyətini devirdi və prezident qaçmaq zorunda qaldı. Hazırda hakimiyyət keçici komandaya həvalə olunub və may ayına qədər seçkilər keçiriləcək. Bununla da hesab etmək olar ki, Ukrayna öz yolunu müəyyənləşdirdi. Bütün yollar artıq Avropaya istiqamətlənib. Əksər ekspertlər hesab edir ki, Ukraynada müxalifətin qələbəsi əslində Rusiyanın imperiya siyasətinin tam çöküşü oldu.
Hələ bir il öncə tanınmış ekspert, ABŞ prezidentinin keçmiş müşaviri Bzejinski bəyan etmişdi ki, Rusiyanın çöküşü üçün Ukraynanın qərbə inteqrasiyasını təmin etmək lazımdır. Çünki Ukraynasız Rusiya iflasa məhkumdur. Bu gün isə Bzejinskinin dediyi Rusiya Ukraynasız qaldı. Maraqlıdır, Ukraynasız Rusiya projelərinin bəs taleyi necə olacaq? Hazırda Putin üçün ən önəmli məsələ Avrasiya İttifaqı ilə Gömrük Birliyinin yaradılması idi. Bununla da Putin hansısa formada SSRİ-nin bərpasına cəhd edirdi. Demək olar ki, bu istiqamətdə ciddi işlər görülmüşdü və son məqsəd Ukrayna və Azərbaycanın bu ittifaqa cəlbi idi. Ukrayna prezidenti Yanukoviç demək olar ki, ittifaqa qoşulmağa hazır idi və bu səbəbdən Rusiya bütün gücünü səfərbər edərək Azərbaycana təzyiq etməklə son məqsədinə nail olmağa çalışırdı. Ukrayna prezidentindən fərqli olaraq Azərbaycan prezidenti bəyan etmişdi ki, heç bir halda Azərbaycan bu ittifaqa daxil olmayacaq. Elə buna görə də Rusiya Ukrayna ilə məsələləri tamamlayıb, Azərbaycanı açıq şəkildə hədəfə almağı düşünürdü. Çünki yeni ittifaq Ukraynasız və Azərbaycansız lazımi effekti verməyəcəkdi. İndi isə vəziyyət dəyişdi və ekspertlər hesab edir ki, bu Azərbaycanın maraqlarına cavab verir. Çünki Ukraynadan sonra Avropa və ABŞ bütün diqqətini Azərbaycana yönəldəcək və nəticədə Rusiya regiondan sıxışdırılacaq. “Unikal”a açıqlama verən ekspert Mübariz Əhmədoğluda hesab edir ki, Ukraynadakı dəyişikliklər bölgədə ki, siyasi proseslərə bir başa təsir edəcək:-“Öncəliklə bunu deyim ki, Ukraynadakı proseslər hələ sona çatmayıb. Rusiya qış olimpiadasına görə müəyyən addımlar ata bilmirdi. İndi isə olimpiada sona çatdı və dünya gözləyir ki, Rusiya ilk olaraq hansı addımı atacaq. Baş verənlərdən belə anlaşılır ki, ABŞ-la Rusiya bu prosesdə sadəcə şahmat oynayırdılar. ABŞ Suriyanı Rusiyaya peşkəş elədi və qarşılığında ümid edir ki, Rusiyada Ukraynadan əlini tamamı ilə üzəcək. Amma hələ ki, proseslər davam edir. Bunu da deyim ki, Ukraynasız Rusiyanın yaradacağı ittifaq qısa müddətli olacaq və tənəzzülə uğrayacaq. Həmçinin Ukraynada baş verənlər təsdiqləyir ki, zaman –zaman Rusiya MDB məkanında da nüfuzunu itirəcək və bu ölkələrə təzyiq rıçaqları əlindən çıxacaq. Hətta Rusiyanın özündə ciddi parçalanmalarda ola bilər. Buna görə də Rusiya sona qədər təsir imkanlarını saxlamağa çalışacaq”. Bunu da qeyd edək ki, ekspertlər hesab edir ki, Ukraynanın Avropaya üz tutması, yaxın gələcəkdə Belorusiya probleminə də təsir edəcək və Rusiya bu ölkədə ki, imkanlarını da itirəcək. Millət vəkili Asim Mollazadə də “Unikal”a vediyi açıqlamada Ukraynada baş verənləri demokratiyaya doğru bir addım hesab elədi:-“Bunu xüsusi olaraq qeyd etmək istəyirəm ki, Ukraynada baş verənlər bu xalqın seçimi idi. Seçim isə Avropaya oldu. Biz Azərbaycan olaraq Ukraynanın bu seçiminə hörmətlə yanaşırıq və Ukraynanın müstəqilliyi, demokratikliyi bizlər üçün çox lazımdır. Bunu da qeyd edim ki, Azərbaycanda daxil olmaqla GUAM ölkələri Gömrük İttifaqı və ya hansısa diktatura ab-havalı birliklərə maraq göstərmirlər və bu proses indidə davam edəcək. Digər tərəfdən Azərbaycan və Ukrayna tamam başqa müstəvidə ticari əlaqələr qurduğu üçün Gömrük İttifaqına ehtiyac yoxdur. İndinin özündə bu birliyə daxil olan Qazağıstan və Belorusiya kimi ölkələrdə bundan heç bir xeyir əldə edə bilmirlər. Buna görə də bizim üçün bu ittifaqın heç bir dəyəri yoxdur”. Beləliklə Ukraynada baş verənlər Vladimir Putinin bütün planlarını alt-üst etdi və bununla da Gömrük İttifaqının sonu qoyuldu.
Toğrul Əliyev