Oqtay Şirəliyevin nazirliyi hara baxır?

Oqtay Şirəliyevin nazirliyi hara baxır?

Azərbaycanda doğum evlərini bir dəfə görən qadın ikinci dəfə ana olmaq istəmir
Ana olmaq müqəddəs hisdir. Uzun illər bunun həsrəti ilə yaşayan qadınlarımız doğum vaxtı çatanda övlad dünyaya gətirəcəyinə sevinmək əvəzinə doğuş pulunu necə verəcəyi üçün dərd çəkməyə başlayır. Dövlət xəstəxanalarında normal doğuşun ən azı 500-600 manata başa gəldiyini düşünsək, özəl xəstəxanalardakı qiyməti təsəvvür etmək çətin olmayacaq.

Yox, əgər siz övladınızı qeysəriyyə əməliyyatı ilə dünyaya gətirəcəksinizsə, qiymətlər bir az da artacaq. Lakin respublikamızdakı doğum evlərindəki vəziyyəti bir dəfə görən qadın ikinci dəfə ana olmaq üçün çox düşünməli olur.
modern.az yazır ki, hazırda 2 uşaqdan çox övlad dünyaya gətirmək istəməyənlər üçün əsas səbəblərdən bir də məhz doğuşun çox baha başa gəlməsidir. Qadın doğuş zamanı həkimin pulundan başqa hər gün növbə dəyişən tibb bacılarını da görməlidir. Əks təqdirdə , övladını uşaqların saxlanıldığı otaqda narahatlıqdan daim ağladığını görəcək. Yox, əgər hər gün 3 dəfə növbə dəyişən tibb bacılarını razı salsa, onlar ilk növbədə uşağın bezini dəyişəcək, onu rahatlayacaq. Uşaq ağladığı zaman xəstə palatasına qədər gəlib ananı uşağın ağladığına dair xəbərdar edəcək. Bir sözlə, pulun varsa, heç nədən korluq çəkməyəcəksən.
Özəl xəstəxanalarda isə vəziyyət fərqlidir. Qapıdan girəndə pulunu ödəyirsən və xəstəxananı tərk edənə qədər sizdən heç kim pul tələb etmir. Əslində, bu daha sərfəlidir. Amma özəl xəstəxanalara 1500-2000 manatı ödəməyə hamının imkanı varmı?!
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, 2013-cü il ərzində 72 həkim cəzalanıb, töhmət alıb və digər tədbirlər görülüb: “Onların 9 nəfəri işdən çıxarılıb, 1 nəfərə qarşı cinayət işi açılıb. Bunlara səbəb kimi həkim səhvləri göstərilib. Bunlar doğuşa yardım komissiyasının ötən ilin sonlarında açıqladığı rəqəmlərdir”.
Ekspert Adil Qeybullanın sözlərinə görə isə “Tibbi sığorta haqqında” qanun layihəsi 10 ildən çoxdur imzalanıb, amma hələ də qüvvəyə minməyib: “Hazırda bu məsələ ilə bağlı müzakirələr gedir. Düşünürəm ki, tezliklə məsələ həllini tapacaq. Belə olacağı təqdirdə tibb sığortası doğuş və təxirə salınmaz yardıma şamil olunacaq. Əhalinin, vətəndaşın üzərinə düşəcək müəyyən xidmətlər, var onlara ehtiyac olmayacaq. Bu həm də həkim məsuliyyətini artıracaq. Bizdə konkret xəstəliklərin aparılması ilə bağlı klinik protokollar tərtib olunmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının, dünyanın aparıcı klinikalarının Qərb təbabətinin standartları çərçivəsində həyata keçirdiyi kliniki protokollar var. Hamilə qadının aparılması qaydası, hamilə olan andan hansı məsələlər tədqiq olunmalıdır, hansı situasiyalarda taktika necə olmalıdır, doğuş necə keçirilməlidir və s. Bu gün hansısa bir ağırlaşmaya görə sorunlu olan şəxsləri ittiham etmək üçün əlimizdə bir sənəd yoxdur. Sovet təbabəti dağılıb. Ölkədə qərb təbabəti tətbiq edilir. Lakin onların indiyə qədər protokolları tətbiq olunmur. Biz vakkum şəraitində fəaliyyət göstəririk. Hesab edirəm ki, dövlət klinikalarında “təchizat pulsuzdur və vətəndaşlar hər cür şəraitlə təchiz olunur” kimi deklorativ bəyənatlardan konkret işə keçməliyik. Bu da sığorta təbabətinin tətbiqindən keçir. Belə olan halda xeyli məsələlər öz həllini tapacaq. Düzdür, peşəkarlıqla bağlı problemlərimiz də çoxdur, amma sadaladıqlarım heç də peşəkarlıq problemindən geridə qalmır”.
“Unikal” olaraq burada bir məqam üzərində xüsusi dayanmağa ehtiyac görürük. Oqtay Şirəliyevin rəhbəri olduğu Səhiyyə Nazirliyinin “Tibbi sığorta haqqında” qanun layihəsinin 10 ildən çoxdur imzalanmasına rəğmən hələ də qüvvəyə minməməsini nə ilə izah etdiyi maraq doğurur.
Digər tərəfdən, Şirəliyevin nazirliyinin bu qədər ölüm faktlarına rəğmən cəmi bir nəfəri işdən çıxarması heç bir məntiqlə izah edilə bilməz.
Eyni zamanda Səhiyyə Nazirliyi yalnız cəzalandırma ilə kifayətlənməməlidir. Reallıq Oqtay Şirəliyevin məsul olduğu sahədə köklü dəyişikliklərin zamanı gəldiyinin, hətta bu dəyişikliklərin xeyli gecikdiyini söyləməyə əsas verir.

Ülviyyə Qasımlı