Kremlin Ukraynaya müharibə təzyiqi
Kremlin Ukraynaya müharibə təzyiqi

Rusiya açıq fəaliyyətə başladı

Ukraynada Yanukoviç hakimiyyətdən getsədə gərginlik hələ də davam etməkdədir. Bu dəfə həyacanlı xəbərlər Ukraynanın şərq bölgəsindən gəlir. Belə ki, Ukraynanın tərkibində olan Krım Muxtar Respublikasının Sevastopol şəhərində Rusiya meylli qüvvələr aksiya keçirib.
Rusiyanın Hərbi Dəniz Qüvvələrinin donanmasının olduğu yerdə Ukrayna müxalifəti əleyhinə etiraz edənlərin sayı 20 minə çatıb. Məlumatlara görə bazar günü gerçəkləşən mitinqlərdə etirazçılar Ukraynada baş verənləri faşizm adlandırıb və “Putin bizim lider”, “Rusiya bizi geri al!”, “Krımda faşizmə keçidə imkan verməyəcəyik” kimi şüarlar səsləndiriblər. Bəzi iddialara görə isə aksiya iştirakçıları sözügedən bölgədə yerləşən bələdiyyə binasındakı Ukrayna bayrağını endirərək cırıb. Rusiya mənbələrində yer alan bilgilərə görə Ukraynanın Qaradəniz, sahili, Odessa və Kerç şəhərlərində də oxşar etirazlar keçirilib.Bunu da qeyd edək ki, bu bölgədə yaşayan ruslar çoxluq təşkil edir və artıq belə fikirlər səslənir ki, bu bölgə öz müstəqilliyini elan edəcək. Həmçinin hazırda belə bir fikir də formalaşmaqdadır ki, Rusiya istənilən an Ukraynanın bu bölgəsinə hərbi qoşun hissələri yeridə bilər. Bunu da qeyd edək ki, beş il öncə Rusiya parlamenti belə bir qanun qəbul etdi ki, dünyanın harasında olmasından aslı olmayaraq, toplum şəkilində yaşayan ruslara qarşı təzyiqlər olarsa Rusiya onları müdafiə etmək üçün hərbi yollardan istifadə edəcək. İndi isə belə bir vəziyyət yaranıb və Rusiya hər an belə bir addım ata bilər. Amma bəzi ekspertlər hesab edir ki, Rusiya indi belə addım atmağa risk etməz. Həmçinin Rusiyanın özünündə qərbdən aslılığı var və istənilən an Avropa Rusiyanı cəzalandıra bilər. Amma buda faktdır ki, Rusiya təslim olmaq niyyətində deyil. Buna görə də yaxın vaxtlarda Ukraynanın federallaşması kimi problemlə üz-üzə qalacağı gözlənilir. İndilikdə isə Ukrayna tam iqtisadi iflas halındadır və Rusiya Ukraynaya ayırdığı maliyyəni dayandırıb. Hazırda Ukrayna büdcəsində hətta pul belə yoxdur ki, əmək haqları versinlər. Hesab edilir ki, Rusiya bu kartdan istifadə edəcək və Ukrayna ilə iqtisadi əlaqələri kəsməklə Ukraynanı tam olaraq özündən aslı duruma salacaq. Düzdür, hazırda Avropa Birliyi Ukraynaya yardım ayırmaq haqqında düşünür. Amma bu uzun bir proses ola bilər və bu zaman kəsiyində Ukrayna tamamı ilə sıradan çıxa bilər. İndi isə qayıdağın Rusiyanın Ukraynaya qoşun birləşmələri çıxartması ehtimalına. “Unikal”a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, Rusiyanın belə bir addım atması fəlakət olar:-“Prinsipcə bu mümkündür. Amma çox ağılsız addım olar və Ukrayna daxilində ki, bu gərginlik Rusiyanın içinə doğru irəliləyə bilər. Çünki Rusiyada da kifayət qədər ukraynalı yaşayır və hər an onlarda adekvat addım ata bilər. İnanmıram ki, Rusiya bu ağılsızlığa getsin. Bundan başqa bildirilir ki, Rusiya Ukraynanı iqtisadi blokadaya sala bilər. Amma bu fikirlədə razı deyiləm. Çünki əslində bunu Ukrayna Rusiyaya qarşı edə bilər. Çünki Rusiyanın enerji xətləri məhz Ukraynadan keçir və Ukrayna bundan yararlana bilər”. Sərdar Cəlaloğlunun sözlərinə görə artıq Avropa Birliyi Ukraynaya 20 milyard dollarlıq kredit ayırıb və bu Ukraynanın tam ayağa qalxmasına kömək olacaq. Bunu da qeyd edək ki, son iki gün ərzində Rusiyada da bəzi siyasilər Ukraynaya hərbi müdaxiləni vacib sayırlar. Amma rəsmi şəkildə bu çağırışlara reaksiya verən yoxdur. Amma ABŞ-da artıq bu çağırışlarla bağlı narahatçılıq yaranıb və Ağ Ev bəyan edib ki, bu yolverilməzdir:-“Ukraynanın parçalanması nə Rusiyanın, nə Avropa Birliyinin nə də ABŞ-in maraqlarına cavab vermir.Buna görə də məsələlərə həssas yanaşmaq vacibdir”. Bu arada artıq belə bir təhlükəli xəbərdə yayılmaqdadır ki, Rusiya xüsusi xidmət orqanları Ukraynada əhalinin itaətsizlik göstərməsi, şəhərlərdə soyğunçuluğun artması üçün fəaliyyətə keçib. Belə təxribatlar nəticəsində əhali ilə müxalifət arasındakı körpüləri bir dəfəlik yandırmağa çalışırlar. Buna görə də
ekspertlər hesab edir ki, Ukraynada yaxın günlərdə hökümət tam formalaşmasa proseslərə nəzarət tamamilə itəcək.
Toğrul Əliyev