“Azərbaycan Qafqazın Avropasıdır”
“Azərbaycan Qafqazın Avropasıdır”

“Kainatdakı bütün varlıqlar mənim üçün, o cümlədən doğma xalqım üçün əzizdir”
Rahid Ulusel: “Biz həm Azərbaycan dövləti kimi, həm də türk etnosu kimi tarixən tolerant olmuşuq”

Azərbaycandakı dini-milli tolerantlığın mədəni-dini-fəlsəfi təməlləri ilə bağlı suallarımızı AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, fəlsəfə elmləri doktoru, professor Rahid Ulusel cavablandırır.
-Rahid müəllim, Azərbaycan xalqının dini-milli tolerantlığının mədəni-dini-fəlsəfi qaynaqları araşdırlmamış mövzudur və oxucularımıza bu barədə geniş açıqlama verməyinizi xahiş edirik...
-Əlbəttə, hər bir fenomenin dərin kökləri olur. Təəssüf ki, bir çox məsələləri yalnız onun görüntüsünə əsasən izah etməyə çalışırıq. Sağ olun ki, məsələni bu cür dərindən qoyursunuz. Xalqımızın xarakterində olan bu tolerantlığın köklərinin araşdırılması yaxşı təşəbbüsdür. Məsələyə iki aspektdən yanaşmaq olar. Birincisi, Azərbaycan türkləri böyük türk superetnosunun bir hissəsidir. Türklər bütün Avrasiyada hökmranlıq edərkən planetin ən dramatk regionu olan Qafqazda yaşayıblar. İndi bu bizik. Türk imperiyalarında yüzlərlə xalq yaşayıb. Bu dövlətlərdə etnik zəmində heç bir problem qeydə alınmayıb. Türk dövlətlərinin siyasi idarəçiliyində xalqlara ayrı-seçkilik münasibəti olmayıb. Bu, ümumiyyətlə, türk dünyagörüşünə zidd bir haldır. Çünki onlar böyük dövlət yaratmaq iddiasındaydılar və bunu gerçəkləşdirmək üçün xırda problemlərin yaranmasına təbii şəkildə imkan vermirdilər. Türk dövlətlərinin tarixən yaratdığı böyük siyasi-coğrafi ərazi tolerantlığın əsas şərtlərindən biri olub. İkincisi, Azərbaycanda tarixboyu etnik və dini zənginlik müşahidə olunub. Ölkədəki xalqlar arasında heç bir ziddiyyət baş verməyib. Həm türk dünyasına məxsus tolerantlıq, həm də Azərbaycandakı dözümlülük bir-birinin tərkib hissəsi, bir-birini tamamlayan proseslərdir. Yəni biz həm Azərbaycan dövləti kimi, həm də türk etnosu kimi tarixən tolerant olmuşuq. Bunu bütün dünya da bilir. Türklər artıq X əsrdə İslam dinini qəbul ediblər. İslam dini isə bütün insanların Allah qarşısında bərabər olduğunu elan edən bir inanc idi. Çox maraqlıdır ki, Azərbaycanda İslamın dindən daha çox fəlsəfi tərəfi, fəlsəfi cərəyanları inkişaf edib. Bu cərəyanların başında isə sufilik dururdu. Sufilik isə nəinki insanlar arasında, həm də insanla təbitə arasında da fərq qoymurdu və hər bir yaranışın müqəddəs olduğunu bəyan edirdi. Bu böyük təlim dünyanı vəhdətdə götürürdü. Sufilər üçün insanların irqlərə, dinlərə bölünməsi tamamilə qəbuledilməz bir hal idi. Bu ideyanın əsas daşıyıcılarından biri olan Şeyx İmaməddin Nəsiminin fikrincə, kilsələrə, məscidlərə, məbədlərə gedən ən müxtəlif millətlər eyni ümmətdir və hamısının bir hədəfi var – Həqq olmaq. Dünyaya bu cür böyük ideya vermiş xalq tolerant olmayıb da, necə olmalıymış? Xalqlara bu cür yanaşma İslamın və xüsusən də sufizmin dərin qatlarından – səbir, xalqlar arasında, hətta cəmiyyətin təbəqələri arasında zərrə qədər fərq qoymamaq qənaətindən qaynaqlanır. Amma bunu da bilirik ki, Avropa mədəniyyətində siniflərin ayrı-seçkiliyinə xüsusi fikir verilib. İslamda, xüsusən də sufizmdə insanları təbəqələşdirmək tendensiyası qəbuledilməz hesab edilib.
Və nəhayət, son dövrə yaxınlaşsaq, Azərbaycanın XIX əsrdən sonra Avropa mədəniyyəti ilə təmasa başlaması və Şərqlə Qərb arasında ortaq mövqeyə çıxması inkişafın yeni mərhələsinə start verib. Bu da tolerant dünyagörüşümüzün yeni fazasının meydana çıxmasına təkan verib. Bu da etiraf edilməlidir ki, sovetlərin dönəmində milli dözümlülük siyasətinə ciddi əhəmiyyət verilirdi. Bakı şəhəri müxtəlif xalqların mehribancasına yaşadığı nadir məkana çevrilmişdi. Azərbaycanda etnik dominantlığın pozulması üçün Bakıya ruslar, polyaklar, almanlar, yəhudilər və digər xalqlar köçürülürdü. Bəlkə də, bu köçə qarşı bir müqavimət hissi də olmalıydı ki, ermənilər Azərbaycanda məlum hadisələri törətmək imkanından məhrum olsunlar. Onlar Azərbaycanda o qədər çoxaldılar ki, Azərbaycan türklərini qırmaq iddiasına düşdülər və bunu həyata da keçirtdilər. Ölkəmizin ayrı-ayrı bölgələrində bütöv rus icmaları var idi. Sovet dövründə bu ruslarla yerli əhali arasında heç bir problem meydana çıxmamışdı.
-Sizin “ilk sevgi”niz ədəbiyyata olsa da, Azərbaycan mədəniyyətinin incəliklərini də yaxşı incələyə bilirsiniz. Mirzə Cəlilin məşhur “Kamança” pyesi və ümumən ədəbiyyatımız, musiqimiz, xüsusən də muğamlarımız xalqımızın milli-dini tolerantlığının biçimlənməsində hansı rolu oynaya bilib?
-Qeyd etdiyiniz sənət fenomenləri olduqca böyük əhəmiyyət daşıyır. Türk imperiyalarının böyüklüyü, Azərbaycanda müxtəlif etnosların məskunlaşması, İslamın burada bərqərar olması, muğam sənətinin inkişafı milli mədəniyytimizin və dünyagörüşümüzün formalaşmasında son dərəcə önəmli rol oynayıb. Muğam sənətimizin dərinliklərinə varsaq, onu ilk dəfə hansı millətin yaratdığını müəyyən edə bilməyəcəyik. Əl-Fərabi yazır ki, Hindistan raqaları böyük bir bina idi və bu binanın dağıntılarından toplanmış kərpiclərdən hər bir xalq özünə musiqi yaratdı. Azərbaycanın muğam sənəti tam şəkildə ümumbəşəri bir sənətdir və bunu yaradan xalq hökmən tolerant olmalıdır. Çünki muğamlarımızda bütün bəşəriyyəti düşündürən və məşğul edən mənəvi dəyərlərdən söhbət açılır. Muğamlarımızda Şərqin və Azərbaycanın böyük dünyası qərarlaşıb və bu böyük fəzada bütün xalqlara yer var. Bu gün bizimlə düşmənçilik edən ermənilər muğamlarımızla düşmənçilik edə bilmirlər. Bu da xalqımızın ruhunun böyüklüyündən irəli gəlir. Böyük ruh isə heç zaman ayrı-seçkiliklə məşğul olmayıb. Böyük Mirzə Cəlilin məşhur “Kamança” pyesinə gəlincə isə bu əsərdə tolerantlığın kamil forması öz əksini tapıb. Yəni təkcə Azərbaycana məxsus olmayan muğamı bir şikəst erməni ifa edərək muğamla onun qəlbini fəth edir. Ermənilər tərəfindən, əslində, genosidə məruz qalmış xalqın təmsilçisi, yəni Azərbaycan bəyi muğamı dinləyərkən yumşalıb tolerantlaşır. Muğamı erməninin və yaxud başqasının ifa etməsinə baxmadan onu dayandırır. O məqamda muğamı başqa bir millətin nümayəndəsi də ifa etsəydi, eyni nəticə alınacaqdı. Nəticədə pyes olduqca dramatik sonluqla yekunlaşır: “Ay dığa, dur rədd ol burdan!” Yəni muğam ermənini ölümdən xilas edir. Bu qovma rəhm eləmək mənasındadır. Mirzə Cəlil bu əsərində demək istəyir ki, bütün dünyanı birləşdirən elə bir dəyər var ki, insanları nifaqa, ədavətə səsləyən bütün qara qüvvələr bu böyüklüyün qarşısında öz gücünü itirir və susur. Bu da Azərbaycan xalqının ruhundan qaynaqlanan incəsənətimizin möcüzəsidr. Mənim Azərbaycan mədəniyyətinə hansı səviyyədə bağlı olmağım sənə bəlldir. Və mən sufi babalarımız kimi hesab edirəm ki, nəinki insanlar arasında, hətta insanlarla bitkilər, heyvanlar arasında da fərq qoyulmamalıdır. Kainatdakı bütün varlıqlar mənim üçün, o cümlədən doğma xalqım üçün doğmadır və əzizdir. Dini-milli tolerantlığımız, bax, buradan qaynaqlanır.
-Azərbaycan insanı təbiətlə, bitkilərlə, canlılarla həmişə kəlmələşib, onları əziz hesab edib...
-Bəli, tamamilə düzdür. Ötən yayda Avropanın bir neçə ölkəsində olmuşam. Orada insanlarla təmas zamanı gördüm ki, milli ayrı-seçkiliklər artıq yerüzündən silinməkdədir. Bu baxımdan yanaşarkən demək mümkündür ki, Azərbaycan Qafqazın Avropasıdır. Ayrı-seçkilik tendensiyasını yaşadan xalq ermənilər kimi uçuruma gedəcək. Ermənilər bu gün dünyanın “monomillət” deyilən bir situasiyasını yaşamaqdadırlar. Bu isə, əslində, onların faciəsidir.
-Mənəvi yoxsulluqlarıdır...
-Əlbəttə. Təsəvvür edin ki, onlar Qarabağ iddiasındadırlar. Amma Qarabağ əsil Azərbaycan ruhunun ifadəsidir. Çünki bizim musiqi dahilərimizin əksəriyyəti Qarabağdan dünyaya göz açıb. Elə təkcə bu faktın özü Dağlıq Qarabağın Azərbaycanın ruhunun tam nüvəsində yerləşdiyini bildirir. Məhz buna görə Qarabağsız Azərbaycan, Azərbaycansız da Qarabağ olmayacaq. Bu, sadəcə, Kainatın müqəddəs ahənginin pozulması deməkdir. Qarabağda ermənilər də yaşayır, amma ermənilər Qarabağ mədəniyyəti adında heç nə yarada bilməyiblər. Deməli, Qarabağ onlara yad məkandır və bu yadlıq gec-tez öz təsdiqini tapacaq. Qarabağ Üzeyir Hacıbəyovun, Bülbülün, Molla Pənah Vaqifin, Xan Şuşinskinin, Natəvanın vətənidir. Ermənilərdən hansı məşhurun vətənidir? Heç birinin! Bu fikrə görə məni qınamasınlar, ermənilər heç vaxt ümumbəşəri dəyərə malik sənət nümunəsi, bədii düha verə bilməyiblər. Aram Xaçaturyan Azərbaycan musiqisi zəminində yetişib və bunu onun özü də etiraf edib. Ümumbəşəri iztiraba malik olmalısan ki, böyük tolerantlıq nümayiş etdirəsən. Ona görə də ermənilər dünya ədəbiyyatına Nizami Gəncəvi, Füzuli, və yaxud Hüseyn Cavid kimi qüdrətli simalar bəxş edə bilməyiblər.