Xocalı qırğınından 22 il keçdi
Xocalı qırğınından 22 il keçdi

Bu gün İndoneziyanın 130 min məscidində “Qazi Qarabağ azanı” səsləndirildi

Bu gün insanlığın tarixindəki ən böyük facilərdən birinin – Xocalı qırğınının 22-ci ildönümüdür. Erməni-rus hərbi birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalının dinc əhalisinə qarşı törətdiyi qanlı cinayət bu gün də qanları dondurur.

Artıq dünyanın, demək olar ki, əksər ölkələrində bu qanlı faciə ilə bağlı mərasimlər başlanıb.
Ən maraqlı mərasimlərdən biri İndoneziyada oldu. Bu ölkənin 130 min məscidində “Qazi Qarabağ azanı” səsləndirildi.Azərbaycanın İndoneziyadakı səfirliyindən verilən məlumata görə, bunu səfir Tamerlan Qarayevlə birgə keçirdiyi Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar mətbuat konfransında 80 milyon üzvü olan, dünyanın ən böyük qeyri-hökumət təşkilatı “Nahdlatul Ulama” müsəlman dini qurumunun sədri professor Aqil Sirac bəyan edib.
Onun sözlərinə görə, Qarabağı işğal edən və Xocalı soyqırımını törədən ermənilər həmin məscidlərin imamlarının xütbələrində lənətlənəcək.
Qardaş Türkiyədə də anım tədbirləri və rəyləri səslənməkdədir. Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar yaydığı bəyanatda bildirib ki, Xocalı soyqırımı insanlıq tarixinə vurulan böyük bir ləkədir.
C.Çiçək qeyd edib ki, XX əsrin ən böyük qətliamlarından biri Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağda törədilib: “Azərbaycan torpaqlarının 20 faizini işğal altında tutan Ermənistan yüz minlərlə Azərbaycan türkünü dədə-baba torpaqlarından uzaqda yaşamaq məcburiyyəti ilə üz-üzə qoyub. Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslər beynəlxalq ədalət mühakiməsi qarşısına çıxarılmalı və onlardan hesab sorulmalıdır. Qafqazda daimi sülh və sabitliyin təmin edilməsi üçün Ermənistan Azərbaycan torpaqlarının işğalına son verməlidir. 22 il öncə Xocalıda baş verən qətliamı bir daha qınayır, soyqırıma məruz qalan azərbaycanlı qardaşlarıma Allahdan rəhmət diləyirəm”.
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu bəyanatında bildirib ki, CHP tarixin bu üzüntülü və acılı səhifəsini unutmayacaq və unutdurmayacaq.
O, soyqırımı faktını pisləyərək, Azərbaycan və onun xalqına dəstək etdiyini vurğulayıb: “22 il öncə bu gün Azərbaycanda insanlığa sığmayan bir hadisə yaşandı. Xocalı qətliamı bizim yaddaşlarımızda yaşamağa davam edir. Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı bölmələri şəhərə daxil olaraq, 83-ü uşaq, 106-sı qadın olmaqla 613 insanı öldürdülər, 487 nəfəri yaraladılar və 275 nəfəri girov götürdülər. CHP olaraq biz bu hadisəni unutmayacağıq və unutdurmayacağıq, azərbaycanlıların haqlı mübarizəsinə dəstək verəcəyik. CHP bu cür hadisələrin təkrarlanmaması və regionda sülh və əmin-amanlığın bərqərar olunması üçün əlindən gələni etməyə davam edəcək. Soyqırımı zamanı həlak olanlara Allahdan rəhmət diləyir, Azərbaycan xalqına sevgi və salamlarımızı çatdırırıq”, - deyə K.Kılıçdaroğlu bəyanatında bildirib.
Britaniyalı parlamentarlar da Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycanın Londondakı səfirliyinə məktub göndəriblər. Səfirlikdən verilən məlumata görə, Böyük Britaniya-Azərbaycan Parlament Qrupunun üzvü olan parlamentin Nümayəndələr Palatasının üzvləri Bob Blekmen, Stiven Hepbörn və Lordlar Palatasının üzvləri Lord Kilkluni, Lord Flayt tərəfindən ünvanlanmış məktublarda deyilir:
“Bu il Xocalı faciəsinin 22-ci ildönümü tamam olur. Biz Ermənistan silahlı qüvvələrinin Xocalını işğalı zamanı qətlə yetirilmiş 613 günahsız mülki şəxsin xatirəsini böyük kədər hissi ilə yad edirik. Azərbaycan xalqının Xocalı faciəsinin ildönümünü qeyd etdiyi bu günlərdə biz faciə zamanı qətlə yetirilmiş günahsız insanları xatırlayırıq. Biz dəfələrlə Azərbaycanda olmuşuq və öz doğma yurdlarından qovulmuş məcburi köçkünlərin ağır, məşəqqətli həyatını öz gözlərimizlə görmüşük. ATƏT-in Minsk Qrupu tərəfindən aparılan sülh danışıqlarında ciddi irəliləyişin olmaması bizi narahat edir. Biz Azərbaycan torpaqlarının işğalına son qoyulması ilə bağlı sizin çağırışlarınıza qoşulur və münaqişənin ədalətli və sülh yolu ilə həllini istəyirik. Bu kədərli gündə sizinlə bir yerdəyik. Biz münaqişənin tezliklə sülh yolu ilə həllinə və öz yurd-yuvalarından qovulmuş məcburi köçkünlərin öz evlərinə geri qayıdacaqlarına ümid edirik”.
Azərbaycanın Təbrizdəki baş konsulluğunda da Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Konsulluqdan verilən məlumatına görə, mərasimdə İranın Şərqi Azərbaycan valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müşaviri və vilayətin digər rəsmiləri, İran Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, Türkiyənin Təbrizdəki baş konsulu və baş konsulluğunun əməkdaşları, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Mərasimdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, baş vermiş faciənin mahiyyəti və acı nəticələri haqqında mərasim iştirakçılarına məlumat verilib.
Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə çıxışında Xocalı soyqırımının əvvəlcədən düşünülmüş şəkildə, azərbaycanlıların milli-etnik əlamətlərinə görə kütləvi sürətdə məhv edilməsi məqsədilə həyata keçirildiyini bildirib: “Xocalı soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyət əleyhinə cinayətdir. Tarix boyu erməni ekstremist qüvvələri “Böyük Ermənistan” yaratmaq planı ilə Azərbaycan, İran və Türkiyə ərazilərində yerli əhaliyə qarşı bir çox qırğınlar törədib, Azərbaycanın qədim tarixi torpaqlarında təsis edilmiş Ermənistan dövləti daim Azərbaycana və digər qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürüb”.
Ə.Əlizadə ermənilərin dünya ictimaiyyətinin diqqətini yayındırmaq, özlərinin törətdiyi cinayətləri ört-basdır etmək üçün “erməni soyqırımı” və digər yalan iddialarla çıxış etdiyini, Xocalı soyqırımını törədənlərin cəzalandırılmasının bu cür cinayətlərin təkrar həyata keçirilməsinin qarşısının alınmasında vacib rol oynayacağını, faciədən 22 il ötməsinə baxmayaraq, əksər dünya dövlətlərinin məsələyə hələ də ikili standartlarla yanaşdığını qeyd edib. Baş konsul qeyd edib ki, Xocalı faciəsi ilk olaraq Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən soyqırımı kimi öz siyasi-hüquqi qiymətini alıb.
Şərqi Azərbaycan valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müşaviri Seyid Yusif Bəşiri də Xocalıda baş verənlərin bir insanlıq faciəsi olduğunu bildirib, İslam dininə görə hətta bir günahsız insanın qətlə yetirilməsinin bəşəriyyətin məhvinin günahına bərabər tutulduğunu qeyd edib. O, İranın da minlərlə şəhidinin olduğunu qeyd edərək, İran xalqının dünyada törədilən qırğınların, o cümlədən Xocalı qətliamının acısını dərindən hiss etdiyini diqqətə çatdırıb.
Mərasimdə İranda fəaliyyət göstərən azərbaycanlı iş adamı, Qarabağ müharibəsi veteranı Vahid Şərafətdinov da çıxış edərək, Qarabağ müharibəsində özünün şahidi olduğu hadisələrdən danışıb, Xocalı qırğınının müharibənin təsadüfi nəticəsi deyil, məqsədli şəkildə törədilmiş soyqırım olduğunu bildirib.
Çıxışlardan sonra erməni təcavüzü və Xocalı soyqırımının dəhşətlərindən bəhs edən film nümayiş etdirilib və soyqırım qurbanlarının xatirəsinə ehsan verilib. Xocalı faciəsinə dair jurnal və bukletlər, fars dilinə tərcümə olunan digər əyani materiallar mərasim iştirakçılarına paylanılıb.
Fevralın 24-də Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Fransadakı nümayəndəliyi Parisdə XVIII əsrə aid tarixi abidə sayılan “Eglise Saint-Roch” kilsəsində Xocalı anım konserti təşkil edib. Konsertə xarici diplomatlar, Azərbaycanın dostları və musiqi sevərlərdən ibarət 260 qonaq qatılıb. Konsert proqramında Azərbaycan və Avropa klassik musiqisinin zəngin nümunələri yer alıb. Bu əsərlər 1992-ci il, fevralın 26-da Xocalıda baş vermiş qırğın zamanı 613 nəfər dinc sakinin xatirəsini ithaf olunub. Konsertdən əvvəl AAC-nin Fransadakı nümayəndəliyinin rəhbəri Eliza Piter tədbir iştirakçıları qarşısında çıxış edərək bildirib ki, Xocalı qətliamı gənc, müstəqil Azərbaycanın tarixində ən kədərli səhifədir: “Biz həlak olmuş insanların xatirəsini heç zaman unuda bilmərik”.
Sonra Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanlı skripkaçı Sabina Rakçeyeva, suriyalı klarnet ustası Kinan Azmeh və “Solstiş Strinq” kvartetinin müşayiəti ilə “Xocalı 613” adlı möhtəşəm əsərin simli kvartet üçün uyğunlaşdırılmış versiyası ifa olunub. Qeyd edək ki, AAC-nin sifarişi ilə fransız bəstəkarı Pyer Tilloyun bəstələdiyi əsərin premyerası ötən il olmuş və müvafiq olaraq “Victoires de la Musique Classique”nüfuzlu mükafatına layiq görülüb.
Konsert zamanı çıxış edən fransız bəstəkar Pyer Tilloy deyib: “Mən Azərbaycanın daimi ziyarətçilərindənəm və mənim qəlbimdə Azərbaycanın öz yeri var. Mən bu iki xalqın arasında barışığın olacağına inanıram və həlak olmuş insanların xatirəsini yad etmək üçün “Xocalı 613” adlı musiqi əsərini orkestr üçün bəstələmişəm. Bu əsərlə mən istədim ki, həmin dəhşətli gecədə həm cismani, həm də ruhu ilə əziyyət çəkmiş, hər şeyini, hətta ümidlərini belə itirmiş o qadın və kişilərin xatirəsini hərtərəfli yad edək. Biz bunu heç zaman unutmamalıyıq”.
Anım konserti Böyük Britaniyada yaşayan azərbaycanlı skripkaçı Nəzrin Rəşidova və onun qadınlardan ibarət “FeMusa” ansamblının çıxışı ilə davam edib. Proqramda müasir azərbaycanlı bəstəkar Aqşin Əlizadənin “Muğam” adlı 4-cü simfoniyasından götürülmüş 3-cü hissənin Fransa premyerası səsləndirilib. 30 il bundan əvvəl bəstələnmiş bu əsərdə muğam ifaçılarının səsini, o cümlədən insan səsinə sözsüz keçid elementlərinin müasir kompozisiyası əks olunur.
Bu tədbir zamanı Fransa polisi yerli erməni diasporunun radikal üzvlərinin təhdidi altında işləməli olub ki, bu fakt da tədbirin daha da təmtəraqlı olmasından xəbər verir. Paris kilsəsində fransız jandarmasının mühafizəsi altında Pier Tilloyun “Xocalı 613” əsəri ifa olunarkən xüsusilə kəskin idi. AAC-nin direktoru Lionel Zetter öz çıxışında bildirdi: “Biz bu əzəmətli tədbirin problemsiz baş tutmasını təmin etdikləri üçün Fransa hökumətinə və yerli polisə çox minnətdarıq. Onlar planlaşdırdıqları kimi kilsəni mühasirəyə almaq əvəzinə öz vərəqələrini yaxınlıqdakı metro stansiyalarında paylamağa məcbur qaldılar. Növbəti ilin fevralında Xocalı anım mərasimini yenidən Parisdə keçirəcəyik”.
Qeyd edək ki, AAC-nin yaradıcısı və rəhbəri Tale Heydərovdur.
Fuad Əliyev