“Gürcüstan, Ukrayna və Moldova qurtuldu”
“Gürcüstan, Ukrayna və Moldova qurtuldu”

Əli Əliyev: “Ərdoğanın öz oğlu ilə telefon danışıqlarının ictimailəşməsi istənilən mədəni hakimiyyəti istefa verməyə məcbur edərdi”

Son günlərdə bölgədə baş verən proseslərlə bağlı suallarımızı Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev cavablandırır.

-Əli bəy, 22-ci ildönümünü qeyd etdiyimiz Xocalı faciəsindən hansı ibrət dərslərini ala bilmişik?
-Xocalı faciəsi Azərbaycan xalqının tarixində çox acı bir faciədir və bu hadisəyə erməni xalqının Azərbaycan xalqına yanaşmasının bir modeli kimi baxmaq lazımdır. Biz zaman-zaman ermənilər tərəfindən belə genosidlərə məruz qalmışıq, amma təəssüflər olsun ki, bunları çox tez unutmuşuq. Mənə elə gəlir ki, bu cür vəhşilik törətmiş bir xalqdan bizə heç zaman dost ola bilməz. Bu millət bizə qarşı tam bir düşmənçilik siyasəti aparır və biz də adekvat olaraq onlara qarşı eyni münasibəti sərgiləməyi bacarmalıyıq. Fikrimcə, yeni nəsli məhz bu ruhda da tərbiyə etməliyik. Yəni gənc nəsil dostunu və düşmənini tanımalıdır. Bu həm dövlət qurumlarının, həm ictimai-siyasi təşkilatların, həm də Azərbaycan ailələrinin ümdə vəzifəsidir.
-Başa çatmış Avromaydan hərəkatının böyük qazancları ilə bərabər artıq fəsadları da meydana çıxmağa başlayıb. Bu gün (dünən-red.) Krımdakı rusyönlü icma etiraz aksiyalarına başlayıb. Amma Krım tatarları paralel olaraq Kiyevə dəstək aksiyasına başlayıblar. Rusiyanın bu qayda ilə Ukraynadan revanş götürmək şansı varmı?
-Hesab edirəm ki, Ukrayna hadisələri Rusiyanın son illərdəki məğlubiyyət siyahısında yeni bir sətirdir və Rusiya bu hadisənin, təbii ki, qazancını götürməyə cəhd edəcək. Rusiya Ukrayna uğrunda savaşda əsas güvənini Şərqi Ukrayna üzərində qurmuşdu. Prosesin gedişatı göstərdi ki, Rusiyanın hesabı yanlış imiş. İndi isə Rusiyanın əlində Krım kartı var. Məlumata görə, Krım ərazisinə rus qoşunları yeridilməyə başlayıb. Təbii ki, bu addımın siyasi müşayiəti guya ki, rəsmi Kiyevdən narazılıq edən rusyönlü mitinqçilərin keçirdikləri aksiyadır. Artıq Krımda dövlət binalarının üstünə Rusiyanın bayraqları taxılıb. Bu faktlar isə Krımda çox təhlükəli hadisələrin baş verə biləcəyi ehtimalından xəbər verir. Mənə elə gəlir ki, bu məqamda çox şey beynəlxalq ictimaiyyətin mövqeyindən asılı olacaq. Qərb dövlətləri Gürcüstan-Rusiya müharibəsi zamanı buraxdıqları səhvi təkrar etməməlidir. Demokratik dəyərlərin dəstəkçisi olan dövlətlər Rusiyanın bu iştahının qarşısını almağı bacarmalıdır. Yoxsa Rusiya, ən azı, Krım miqyasında revanş götürməyə cəhd edəcək.
-Ukraynasız Avrasiya İttifaqı və Gömrük Birliyinin perspektivi necə görünür?
-Mən ümumiyyətlə genəldə heç Rusiyanın da perspektivini görmürəm. Bu yaradılan Gömrük Birliyi də, Avrasiya İttifaqı da Rusiyanın imperiyanı qoruyub saxlamaq cəhdlərindən başqa bir şey deyil. Lakin istisna deyil ki, Rusiya imperiya layihələrini gerçəkləşdirməyə davam edəcək. Hətta Ukraynasız belə Vladimir Putinin iştahının azalacağını güman etmirəm. Çünki Rusiya Federasiyasının yeganə qalma şansı bundan asılıdır. Bu, rus nəzəriyyəçisi Duqinin yanaşmasıdır. Onun dediyinə görə, rus xalqı imperiya ambisiyalarından və imperiyadan faktiki olaraq məhrum olarsa, bir millət kimi tarix meydanından çıxacaq. Mənə elə gəlir ki, Ukrayna Rusiyanın caynağından qurtula bildi və bir dövlət və millət kimi dünyanın mədəni hissəsinə qovuşa biləcəklər. Ola bilər ki, qovuşma prosesi müəyyən qədər çətinliklərlə müşayiət edilsin. Ancaq bu günə olan məlumat göstərir ki, Ukrayna öz iqtisadiyyatının inkişafı və de-folta düşməmək üçün Qərb institutlarından 35 milyard avro məbləğində dəstək almaq ərəfəsindədir. Hesab edirəm ki, Ukrayna bir dövlət olaraq qurbanlar bahasına olsa da, Rusiyanın bataqlığından xilas ola bildi. Təbii ki, indiki durumda bizi Azərbaycanın taleyi daha çox narahat etməlidir. Biz arxayınlaşmamalıyıq ki, Rusiya Ukraynanı itirməklə özünün yeni imperiya ambisiyalarından birdəfəlik əl çəkəcək. Əksinə, Rusiya bundan sonra daha aqressiv və daha prinsipial olaraq Rusiya dövlətçiliyini xilas etmək yolunda yeni-yeni dövlətləri prosesə cəlb etməyə təşəbbüs göstərəcək və çalışacaq ki, Azərbaycan da bu dövlətlərin sırasında olsun.
-Molla Nəsrəddin sayağı desək, Rusiya ipdəkini daha çox “döyməyə” can ata bilərmi? Ukrayna Rusiyanın ipindən açılıb qaçdı, amma qalanlar içində biz də varıq...
-Mən hesab edirəm ki, Gürcüstan, Ukrayna və Moldova ipdən qurtuldular. Avropa İttifaqı ilə assosiativ sazişin imzalanması bu dövlətlərin mədəni dünya ilə inteqrasiyasını daha da sürətləndirəcək. Rusiyanın müəllifliyi ilə bu dövlətlərdə yaranmış ərazi problemləri də vaxtı çatanda öz həllini tapacaq. Həmin dövlətlər artıq mədəni inkişaf mərhələsinə qədəm qoydular və bu proses dönməz xarakter daşıyır. Qeyd edim ki, biz həmin dövlətlərlə bərabər eyni təşkilatın – demokratiya və iqtisadi inkişaf naminə 1997-ci ildə yaradılmış GUAM-ın üzvüyük. GUAM-ın yaradılmasında başlıca məqsəd bu dövlətlərin Avropa ilə inteqrasiyasını təmin etmək və Avropa standartlarını Azərbaycana gətirmək idi. Qənaətimə görə, Azərbaycan hökuməti bölgədə gedən siyasi prosesləri düzgün təhlil etməli və düzgün nəticələr çıxartmalıdır. Dünyanın demokratikləşməsi geriyə dönməz prosesdir və Azərbaycan bu prosesdən öz payını mütləq götürəcək. Azərbaycanın hazırda qarşısında iki yol durub: ya Avropanı tam şəkildə qəbul edib sivil dünyaya qovuşmaq, ya da Rusiyanın caynaqlarına keçib bir dövlət kimi məhv olmaq. Avropaya yaxınlaşma bazarı liberallaşdırmağı və vətəndaşlar üçün bərabər iqtisadi imkanlar yaratmağı nəzərdə tutur. Hər bir halda istərdim ki, Azərbaycan dünyanın mədəni hissəsi ilə qovuşmaq seçimini etsin. Buna görə də hakimiyyət hadisələrin önündə getməlidir. Buna görə də ümidvaram ki, 2015-ci ilin parlament seçkiləri sırf dövlətçilk maraqları baxımından gerçəkləşdiriləcək.
-Türkiyədə başlanmış yeni qalmaqal sanki bir daha təsdiqləyir ki, dekabr ayından üzübəri bütün hadisələr sanki bir mərkəzdən, həm də çox ağıllı şəkildə idarə olunur. Bu prosesin Türkiyəyə gətirəcəyi plyuslar çox olacaq, yoxsa minuslar?
-Türkiyədə hazırda gedən proseslərə obyektiv şəkildə yanaşmağa cəhd etmək lazımdır. Türkiyədə son on ildə AKP-nin təkpartiyalı iqtidarı iqtisadi müstəvidə dövlətin inkişafına xeyli töfhələr verib və bu, danılmazdır. Bunu görməzliyə vurmaq, inkar etmək səhv olardı. Türkiyənin daxili imkanlarının artması baxımından bu hakimiyyət faydalı işlər görüb. Lakin uğurlar çoxaldıqca AKP iqtidarı avtoritarizmə meyllənməyə başladı. Türkiyə dövlətinin istnad etdiyi kuralların laxladılması, ordunun zəiflədilməsi, terror təşkilatı olan PKK-nın yarırəsmi səviyyədə qəbul edilməsi təhlükəli tendensiyalar idi və AKP iqtidarı bu yöndə prinsipial səhvlərə yol verdi. Amma qanunlar baxımından danşarıqsa, son günlərdə ortaya çıxan baş nazir Ərdoğanın öz oğlu ilə telefon danışıqlarının ictimailəşməsi istənilən mədəni hakimiyyəti istefa verməyə məcbur edərdi. Hesab edirəm ki, əgər Ərdoğan Türkiyəni və dövlətin gələcəyini düşünürsə, öz siyasi gələcəyinə də obyektiv yanaşırsa, ya həmin telefon söhbətini təkzib edəcək faktlar təqdim etməlidir, ya da baş nazir postu ilə vidalaşmalıdır. Təkzib olmasa, deməli, həqiqətən də oğlu ilə bu cür danışıq olub və onun evində bir milyard dollara yaxın vəsait saxlanılıb. Artıq ictimai rəydə belə bir fikir formalaşır ki, bu fakt düzgündür. İstisna deyil ki, bu proses kənardan idarə olunur. Hər halda, baş nazirin öz ailə üzvləri ilə telefon söhbətinin bu səviyyədə izlənilməsi çox ciddi bir şəbəkənin mövcudluğundan xəbər verir.

Söhbətləşdi:
Fərzuq Seyidbəyli