Çempionlar Liqasında sürpriz
Çempionlar Liqasında sürpriz

"Mançester Yunayted" Yunanıstan təmsilçisinə “diz çökdü”, ingilislər ayağa qalxdı!

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk görüşləri davam edir. Dünən gecə daha iki qarşılaşma keçirilib.
Günün ilk start fiti Rusiyada səslənib. “Zenit” doğma azarkeşləri qarşısında Dortmund “Borussiya”sını qəbul edib. Sankt-Peterburq klubunu ötən mövsümün finalçısı qarşısında çətin oyun gözləyirdi və belə də oldu. Rusiyalılar meydandan 2:4 hesabı ilə məğlub ayrılıb.
Növbəti matç isə Yunanıstanda keçirilib. İngiltərə nəhəngi “Mançester Yunayted” səfərdə “Olimpiakos”un qonağı olub. Əfsanəvi baş məşqçiləri Aleks Ferqussonun gedişindən sonra daxili çempionatda işləri heç də uğurlu alınmayan “qırmızı şeytanlar” ÇL-də də bəxtləri gətirməyib. Devid Moyesin komandası ilk görüşdə rəqibinə 2:0 hesabı ilə boyun əyib.

Devid Moyes: Biz heç
nə haqq etmədik

"Mançester Yunayted”in baş məşqçisi Devid Moyes “Olimpiakos”la oyun barədə açıqlamalar verib. Yerli KİV-ə danışan təcrübəli çalışdırıcı məğlubiyyəti dəyərləndirib: "Bu, Avropadakı ən pis çıxışımız idi. Biz heç nə haqq etmədik. Oyunçulara çətin idi. Çox təəccübləndim. Çıxışımızın yaxşılaşdığını görə bilmirəm. Məsuliyyəti öz üzərimə götürürəm. Biz yaxşı oynamalıyıq”.

"Mançester Yunayted”i məğlub etmək
çox dəyərlidir”

“Olimpiakos”un baş məşqçisi Xose Miqel isə "Mançester Yunayted” üzərindəki qalibiyyəti belə dəyərləndirib: “Olimpiakos” “Mançester Yunayted” kimi nəhəng klublarla mübarizə apara biləcək gücə sahibdir. Belə böyük komandanı məğlub etmək çox qiymətlidir. Futbolçularımla fəxr edirəm. Bu qalibiyyət klubumuzun tarixində önəmli məqamdır. Amma hesab edirəm ki, 2:0 hesablı qalibiyyət növbəti mərhələyə adlamaq üçün kifayət deyil. İndi bizi “Mançester Yunayted”lə İngiltərədə çətin oyun gözləyir. Orada bizə böyük müqavimət göstərəcəklər”.

Van Persi komanda
yoldaşlarını tənqid etdi

"Mançester Yunayted"in hücumçusu Robin van Persi də Çempionlar Liqasının 1/8 finalında "Olimpiakos"la oyundan (0:2) sonra açıqlama verib.
Hollandiyalı hücumçu komanda yoldaşlarını tənqid edib.
O bildirib ki, komanda yoldaşları özünün oynadığı mövqeni doldururdular: "Komanda yoldaşlarım oynamaq istədiyim mövqeləri işğal edirdilər. Bu isə mənə çətinlik yaradırdı. Mən də onların etdiklərinə uyğun hərəkət etmək məcburiyyətində qalırdım. Bu, çox pis oldu".

"Olimpiakos"la
cavab matçını
səbirsizliklə gözləyirəm"

"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Maykl Kərik isə cavab matçını səbirsizliklə gözlədiklərini bildirib: "Yunanıstana qələbə üçün getmişdik. Ancaq bunu bacarmadıq. İlk yarıda oyuna nəzarət edirdik. Dominqez heç nədən qapımıza qol vurdu. İkinci hissəyə yaxşı başlamdıq və növbəti topu buraxdıq. Artıq cavab matçını səbirsizliklə gözləyirik. Çempionlar Liqasında 3 qol vurmaq çətindir, ancaq biz bunu daha öncə etmişik. Yenidən bunu bacaracağımıza inanıram".
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 19-da keçiriləcək.

İngilislər ayağa qalxdılar: Moyes qovulur,
Ferqyusson qayıdır

Dünən günün ikinci yarısında gələn məlumata görə, əfsanəvi Ser Aleks Ferqyussonun gedişindən sonar “Mançester Yunayted”də baş məşqçi postuna yiyələnən Devid Moyesin istefasına sayılı günlər, saatlar qalıb.
Artıq Mançester klubunun rəhbərliyi, azarkeşlər həyəcan təbili çalmaqdadı. Sabiq “Everton”lu mütəxəssisin istər ölkədaxili yarışlar, istərsə də Çempionlar Liqasında uğursuzluğu artıq əsəbləri tarıma çəkib. Klub fanatları da hazırkı gedişatdan xeyli narazıdılar.
Çempionlar Liqasının 1/8 final mərhələsində ilk görüşü səfərdə “Olimpiakos”a uduzan (2:0) “qırmızı şeytanlar”ın fanat ordusu matç başa çatan kimi ayağa qalxıb. Klub rəhbərliyinə etiraz edən azarkeşlər sosial şəbəkələr vasitəsilə Moyesin qovulmasını tələb ediblər.
Artıq “mankunianlar”ın rəhbərliyi də 51 yaşlı çalışdırıcı ilə yolları ayırmağa hazırlaşır. Məlumata görə, hazırda istənilən məşqçini gətirmək çətin olduğu üçün mövsümün sonuna qədər komandaya yenidən Aleks Ferqyusson rəhbərlik edəcək. Dövrələrarası fasilədə səviyyəli və təcrübəli bir məşqçi axtarışına çıxacaq klub eyni zamanda Qarri Nevill və Rayan Giqqzin də namizədliklərini gözdən keçirəcək.
Çempionlar Liqası, ilk oyunlar, 25 fevral (çərşənbə axşamı):
"Zenit" (Rusiya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:4
Qollar: Şatov, 58, Hulk, 69-pen - Mxitaryan, 4, Roys, 6, Levandovski, 61, 71
"Olimpiakos" (Yunanıstan) - "Mançester Yunayted" (İngiltərə) - 2:0
Qol: Dominqes, 38, Kempbel, 55
İlkin Həsənoğlu