"Cəmiyyətdəki ənənəvi dini sistemin  rəqabət şəraitinə dözə bilməsi lazımdır"
"Cəmiyyətdəki ənənəvi dini sistemin
rəqabət şəraitinə dözə bilməsi lazımdır"


Kamil Səlimov: "Cinayət faktlarının dini tolerantlığa dəxli yoxdur"

Ölkədəki dini tolerantlığın durumu və radikal dini təmayüllərlə bağlı suallarımızı Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Kamil Səlimov cavablandırır.
-Kamil müəllim, ölkədəki milli-dini tolerantlığın pozitiv durumundan rahatsız olan qüvvələr müşahidə edilməkdədir...
-Ümumilikdə götürəndə ölkədəki dini-milli tolerantlığın bu günki səviyyəsi normal təəssürat bağışlayır. Və həm də daxili müşahidəçilər üçün yox. Necə deyərlər, bu müstəvidə hər kəs, hər bir dini icma öz işi ilə məşğuldur və dövlətin onlar üçün yaratdığı şəraitdən də narazı deyillər. Lakin ekstremist ruhlu dini icmalar barədə dövlət strukturları konkret tədbirlər görməyə başlayıb. Bu tədbirlər hələlik, əsasən, təşkilati yöndədir ki, dini ekstremizm meyllərinin qarşısı alınsın. Digər tərəfdən isə, son zamanlar Azərbaycanda dini ekstremizm motivlərində törədilmiş bir neçə cinayət faktları qeydə alınıb. Bu cinayətləri törətmiş şəxslər, təbii ki, cinayət məsuliyyətinə cəlb ediliblər və onların dini motivlərin arxasında gizlənməklə, dindən sui-istifadə qaydasında törətdikləri cinayətlər məhkəmə tərəfindən ekstremizm halları kimi dəyərləndirilib. Yəni bu kimi faktların faktiki olaraq dini tolerantlığa dəxli yoxdur. Çünki dünya praktikası bu formada inkişaf edib.
-Maraqlıdır ki, Azərbaycanda bu kimi faktlar son bir-iki ildə qeydə alınmağa başlanıb. Amma radikal dini təriqətlərin beş-on il öncə bu cür aktivləşməsini, hətta nümayişkaranə bəyanatlarla, açıqlamalarla çıxış etmələrini müşahidə etmirdik. Sizcə, bu radikallığın açıq şəkildə meydana çıxması ölkədə və ümumən Yaxın və Orta Şərqdə gedən siyasi proseslərlə bağlılığı ola bilərmi?
-Bu bağlılıq var. Bu bağlılıq həm də müxtəlif motivlərlə, çeşidli maraqlarla əlaqəlidir. Birinci motiv ölkədəki sosial-iqtisadi reallıqlarla bağlıdır. İstənilən cəmiyyətdə dini zəmində cinayətlər baş verirsə, bunların hamısının kökündə sosial motivlər, sosial problemlər durur. Bunu Kamil Səlimov demir. Bunu sosiologiya, iqtisadiyyat və kriminologiya elmləri deyir. Ona görə də deməyin ki, bu proseslərin yetişəcəyini görənlər yox idi. Xeyr! Bizdə bunu müşahidə edən mütəxəssislər var idi və vaxtında öz proqnozlarnın vermişdilər. Amma bu tendensiyaların qarşısını almaq üçün illər öncə profilaktik tədbirlər görülmədi. Mən demirəm ki, bütün məsələlərin səlahiyyəti bunların əlindədir. Amma təşəbbüskar tərəf kimi ortalığa konkret proqramlar qoymalı idilər ki, bu yöndə nələr etməliyik. Çünki dövlətin müəyyən strukturları bilavasitə bu məsələ ilə məşğul olmalıdır.
-Amma bunu da etiraf edək ki, biz bu gün İslam dininin birləşdirici gücündən Türkiyədə olduğu qədər optimal şəkildə istifadə edə bilmirik. Səbəb nədir, dini maariflənmənin aşağı səviyyədə olması, yoxsa...?
-Mən deməzdim ki, bu gün Azərbaycan cəmiyyətinin mükəmməl şəkildə konsolidasiya olunmasında İslam dininin potensialından kifayət qədər istifadə edilmir. Burada başqa bir məqam var. Bir var ənənəvi dini istiqamət, bir də var ölkəyə gətirilmiş dini tendensiyalar. Azərbaycan əhalisinin səksən faizi şiə təriqətinə mənsubdur, iyirimi faizi isə sünnidir. Amma bu gün ölkədə fəaliyyətə başlamış digər dini təriqətləri də müşahidə edirik. Bunlar ölkənin mədəni-dini ənənələri baxımından qeyri-ənənəvi cərəyanlardır. Problem bundadır ki, cəmiyyətdəki ənənəvi dini sistemin rəqabət şəraitinə dözə bilməsi lazımdır. Ənənəvi sistem yeni üsullar işləyib hazırlamalı, dini auditoriya və cəmiyyətlə təmasın yeni formalarını axtarıb tapmalıdır. Din nədir? İnsanın qəlbində yer tutub gerçək işıqlı qüvvəyə çevrilə biləcək ruhsal enerjidir. Mən hesab edirəm ki, ənənəvi dini təşkilatlar Azərbaycanda bu istiqamətdə lazımi səviyyədə iş aparmayıb. Bu iş vaxtında effektli şəkildə aparılsaydı, artıq bu gün bu problemləri müzakirəyə çıxartmazdıq. Bundan başqa, mən Sizinlə tam razıyam ki, proseslərin gedişində siyasi faktorlar da rol oynayır. Hazırda Şimali Qafqazda baş verən gərgin proseslər və qeyri-ənənəvi dini təriqətlərin orada ciddi şəkildə kök atması bizim Rusiya ilə sərhəd bölgələrimizə də neqativ şəkildə təsir etməyə başlayıb. Ölkədəki dini radikallar Şimali Qafqazdakı terrorçularla sıx əlaqədədirlər. Onlar hətta Azərbaycanda bir neçə terror aksiyası gerçəkləşdirməyə də cəhd ediblər. Digər tərəfdən ölkənin cənub bölgələrində İranın təsiri ilə müəyyən problemlər meydana çıxa bilər. Məni düzgün başa düşün, istəmirəm ki, fikrimi konkret faktlarla dəqiqləşdirim. Yəni Azərbaycanda dini ekstremizmin çiçəklənməsində bir sıra dövlətlərin də ciddi maraqları mövcuddur. Təbii ki, xüsusi təşkilatlar, orqanlar bu prosesi müşahidə etməli , proqnozlar hazırlamalı və proqnozlaşdırmadan sonra isə tövsiyə xarakterli proqramlar təqdim etməlidir. Bax, mənə elə gəlir ki, bu məqamda bizdə koordinasiya sistemi lazımi şəkildə işləmir.
-Qeyd etdiniz ki, ənənəvi dini sistem yeni üsullarla çıxış etməlidir. Siz bir ekspert kimi bu yöndə hansı təkliflərlə çıxış edə bilərdiniz? İşə yeni yanaşma tərzi nələri ehtiva etməlidir?
-Bilirsiniz, necədir? Bu problemin həllinə kompleks şəkildə yanaşılmalıdır. Birinci növbədə dini ekstremizmin kökünü qazıyacaq sosial-iqtisadi proqramlar həyata keçirilməlidir. İkincisi, cavanlar üçün yeni təlim-tərbiyə üsulları hazırlanıb gerçəkləşdirilməlidir. Üçüncüsü, dini ekstremizmin yayılmaması üçün ölkənin təhsil sistemində müəyyən dəyişikliklər edilməlidir. Lakin bir daha təkrar edirəm ki, bu tədbirlərin içində sosial-iqtisadi proqramlar prioritet səviyyədə durmalıdır. Bu isə birgünlük iş deyil. Bunun üçün müəyyən bir zaman və düşünülmüş siyasi və iqtisadi tədbirlər həyata keçirilməlidir.
-Etiraf edək ki, bu gün Azərbaycan iki neqativ tendensiya ilə üz-üzə durmalı olub: Qərb strateqlərinin irəli sürdüyü sivilizasiyaların toqquşmasının (bunu Dağlıq Qarabağ münaqişəsinə Qərbin münasibətində müşahidə edirik) və İslam dini adından çıxış edən ekstremist təriqətlərin. Sizcə, bu iki tendensiya vahid mərkəzdən qaynaqlanır?
-Mən Qərb nəzəriyyəçilərinin ortalığa atdığı "sivilizasiyaların toqquşması" konsepsiyası ilə razılaşmıram. Bu konsepsiya, sadəcə, provokasiyadır, fitnəkar yanaşmadır. Sadəcə, ölkəmizin dini-milli reallığı çox rəngarəngdir. Hazırda bizim bölgədə münaqişə ocağı var. Bu yandan şiə dövləti olan İranla qonşuyuq, digər tərəfdən isə xristian-pravoslav Gürcüstanla. Bu dövlətlərin hansı bizimlə daha yaxşı münasibətdədir? Nə təhər olur ki, özünü İslam respublikası adlandıran və vətəndaşlarının səksən faizi şiə olan İran ərazilərimizi işğal etmiş Ermənistana lazımi şəkildə dəstək verir, bu yandan isə xristian Gürcüstanı bizimlə dostluq münasibətindədir? Ona görə də dünyada və yaxud bölgədə xristian-İslam qarşıdurmasından danışmaq düzgün deyil. Mən hesab edirəm ki, biz ölkədə dini tolerantlığın daha yüksək səviyyəyə qaldırılması baxımından çevik bir siyasət aparmalıyıq. Ölkədə müsəlman da var, xristian da, katolik də, pravoslav da, iudaist də. Bu müstəvidə çevikliyimiz də ondan ibarət olmalıdır ki, son dərəcə operativ tərzdə davranmalıyıq. Biz kiçik bir dövlətik. Hansısa problemi həll etmək üçün nəyisə gözləməyimiz düzgün deyil. Hesab edirəm ki, dövlət strukturlarına cavanları daha çox cəlb etməliyik.
-Sizcə, İslam məkanında vahid dini liderin seçilməsi və vahid dini təşkilatın yaradılması pozitiv dəyişikliklərə səbəb ola bilərmi?
-Yox, zənnimcə, bu yöndə köklü dəyişikliklərə ehtiyac yoxdur. Çünki bizdə ənənəvi dini sistem qurulub. Şeyx Allahşükür Paşazadənin başçılıq etdiyi qurum normal işləyir. Dağıstanda, Çeçenistanda, İnquşetiyada onun böyük nüfuzu var. Onun adı gələndə hamı ayağa durur. Şimali Qafqazda şeyximizin sözü Rusiyanın prezidentinin sözündən kəsərlidir. Mən indiyə qədər bunu bilmirdim, Şimali Qafqazda dini bir tədbirdə iştirak edərkən bunun şahidi oldum. Mən orada gördüm ki, Şimali Qafqaz şeyxin əlindədir. Onlar şeyximizə hörmətlə yanaşırlar. Ona görə də ənənəvi nə varsa, onu bir qədər çevikləşdirməliyik.