Sarkisyan hakimiyyətini gözləyən müdhiş təhlükə
Sarkisyan hakimiyyətini gözləyən müdhiş təhlükə

Ermənistan iqtidarını üsyan, hakimiyyətdəki ailəni isə qəzəblənmiş kütlənin linç cəzası gözləyir

"Mənə heç nə olmaz: olan yanımdakılara olar" - sadəlövh və özünə həddən ziyadə güvənən insanlar belə deyər, sonra da bəlanın qarşısında əyilərlər.

"Ölüm məndən yan keçəcək", - təşəxxüslü və yelbeyin adamlar belə deyər, sonra da ölümün əsla yan keçmədiyini anlamağa macal tapmazlar.
Hakimiyyət də insanlar təkidir, gerçəkdən bəzən həddən ziyadə uzaqlaşır. Sabahını yaxşı düşünə bilməyən adam hakimiyyətdə olanda isə onun gerçəkliyi anlama hissi korşalır. Belə hakimiyyətin yalnış addımlarının qarşısını özü vaxtında ala bilməzsə, iqtidar məhv olur.
Ukraynanın hakimiyyət dairələri də sadəlövh, ağılsız və özünə inamla davrandı. Amma Kiyevdə iqtidar artıq yoxdur. Baş verənlərdə nə Rusiya, nə Qərb, nə də şəhərin mərkəzindəki meydanda toqquşmuş qəzəbli xalqla "Berkut" günahkar deyirlər.
Günahkar hakimiyyətdə olarkən hissləri və beyni korlaşaraq millətin gələcəyini, dövlətin indisini məhv edənlərdir. Təbii, hadisələrin belə məcrada inkişafını nə Ukraynanın artıq sabiq prezidenti Viktor Yanukoviç, nə də iqtidardakı Regionlar Partiyası istəməzdi. Amma onların nə istədikləri və ya nə istəyəcəkləri kimsəni maraqlandırmır.
Hər şey çox əvvəl, Ukrayna iqtidarının reallıqdan kənarlaşması, uzaqlaşması, yaşananları anlamaması və anlamaq istəməməsi ilə başlanmışdı.
Ukraynadakı olaylar Ermənistanda da təkrarlana bilər, çünki iqtidardakı Serj Sarkisyan komandası reallıqdan kənar düşüb. Tamahın bağladığı gözlər ətrafı görmür. Yerevan iqtidarın xalqın nifrət hissinin artdığını bilir, etiraz aksiyalarının qarşısını almaq üçün ənənəvi qaydalardan istifadə edir və bilmir ki, insanların qəzəbini sürəkli olaraq yay təki sıxmaq olmaz: o, günlərin birində mütləq açılasıdır.
Ədalətin yerli-dibli olmadığı, insanların öz hüquqlarından yararlana bilmədikləri, qanunların işləmədiyi bir ölkədə korrupsiya ilə rüşvətxorluq son həddə çatdığından hakimiyyətdəki Serj Sarkisyan və onun ailəsi insanları talamaqla varidatlarını artırır.
İqtidarın nəzarətindəki kütləvi informasiya vasitələri istisnasız olaraq hər gün bu ailənin fərdlərinin müxtəlif tədbirlərə qatılmasından gen-bol yazır, xəbər verir, göstərirlər. Ermənistanda çoxsaylı problemlər təxirəsalınmaz həllini tələb etdiyi bir zamanda Serj Sarkisyanın xanımı başçılıq etdiyi təşkilatın "təşəbbüsü" ilə sərgilər keçirir, jurnallar çap edir, "inkişaf etməkdə olan ölkənin sosial-iqtisadi tərəqqisinin müxtəlif aspektlərindən bəhs edən" tədbirlərə milyonlarla pul xərcləyir.
Hakimiyyətdəki ailənin fərdləri "adi" adlandırılan vətəndaşlara ölkədə hər şeyin yaxşı olduğunu göstərməyə çalışır.
Və eyni zamanda real həyatlarını gizlətmək istəyirlər.
O həyat isə Ermənistanın talan edilməsi hesabına yığılan milyonların xarici ölkələrdə, xüsusilə də ABŞ, Fransa, Britaniya, Rusiya və İtaliyada xərclənməsidir.
Villalar, malikalənələr, apartamentlər alınıb, şirkətlər qurulub.
Fars körfəzi ölkələrində S.Sarkisyanın ailəsinin istisnasız olaraq bütün fərdlərinin adına şirkətlər, malikanələr, hesablar və s. var.
Avropanın ən bahalı kurortlarında, ən lüks məkanlarında daşınmaz əmlaklara yiyələnən sözügedən ailənin mənsubları ən bahalı butiklərdə alış-veriş edir, "dolçe vita" yaşamlarını davam etdirirlər.
S.Sarkisyanın qızı Ermənistanda çoxsaylı xeyriyyə, yaradıcılıq və ilaxır fondlarla təşkilatların rəhbəri olmaqla yanaşı, Paris, Milan və Londondakı moda həftələrinin daimi təqibçisi, bahalı bütiklərin müştərisi, ən üst səviyyədəki lüks kateqoriyasına daxil edilən mallarla məhsulların "şopoqolik" alıcısıdır.
Ailənin yaxın qohumlarından tutmuş, uzaq qohumların tanışlarınadək onlarla, yüzlərlə erməni situasiyadan yararlanır.
Onlar tamahlarının qurbanları, hərisliklərinin kor etdiyi məxluqlardır və təbii ki, Ermənistanda orta statistik insanın necə yaşadığı, ayda nə qədər pul əldə etdiyini əsla düşünmürlər.
Belə davam edərsə, Ermənistan iqtidarını üsyan, hakimiyyətdəki ailəni isə qəzəblənmiş kütlənin linç cəzası gözləyir.
Serj Sarkisyan bunu bilir və mümkün təhlükələrdən sığortalanmağa çalışır.
"Yerkrapa" Könüllülər İttifaqının qurultayında o, ölkə vətəndaşlarını sanki döyüşə çağırırdı. Lakin onun çağırışı xaricdən gələn hər hansı təhlükə ilə bağlı deyildi: Ermənistan prezidenti daxildəki situasiyadan təşvişə düşdüyünü gizlədə bilmirdi. "Qarşımızda köhnə, yaxşı tanıdığımız rəqib - ümidsizlik və pərişanlıq, öz qüvvəmizdən bədgümanlıq, cəmiyyətin başqa üzvlərinə inam çatışmazlığı, dumanda görə bilməmək və qarşıdakıları sezməmək, yorğunluq və iradəsizlik var. Ötən onilliklərdə də bütün bunlar bizim düşmənlərimiz idi, gələcəkdə də yolumuzda bizi gözləyir. Onları biz və gəncliyimiz dəf etməliyik", - Sarkisyan çox patetik şəkildə söyləyib.
Başqa sözlə desək, daxili siyasət problemlərinin həllində S.Sarkisyan yeni qüvvə qismində gördüyü "Yerkrapa" ilə yanaşı, radikallaşmağa başlamış gəncliyə bel bağlamaq niyyətini açıqlayıb. "Yerkrapa"nın qurultayı ilə eyni vaxtda sabiq prezident Robert Köçəryanın "xaç atası" olduğu "Çiçəklənən Ermənistan" Partiyasının (ÇEP) də plenumunun keçirildiyini nəzərə alsaq, maraqlı situasiyanın formalaşdığını görərik.
Milyarder və oliqarx Qagik Sarukyanın sədrlik etdiyi partiyanın toplantısında gündəmdəki məsələ dövlət başçısının tənqidi və ona inamsızlıq göstərilməsi olmasa da, Sarkisyan işini ehtiyatlı tutaraq onun mövqelərini zəiflətməyə çalışanlara qarşı hələlik "kiçik əks-hücum"a keçməyə qərarlıdır.
Nədən ki, Q.Sarukyanın partiyasının plenumunda cəmiyyəti "ÇEP ətrafında birləşməyə" çağırışlar səslənmişdi.
Ermənistan prezidentinin özünün "mehriban düşmən"inə qarşı inzibati və güc resrurslarından savayı arqumenti yoxdur. İqtisadi siyasəti absurd səviyyəsinə çatdıran, ölkədə çoxsaylı problemlər yaradan iqtidar öz daxilindəki parçalanmaları və düşərgələrə bölünmələri də dayandıra bilməyib.
Hakimiyyətdə olduğu 6 il ərzində S.Sarkisyan heç bir siyasi və ya iqtisadi problemi həll edə bilməyib. Onun yeganə "nailiyyət"i "parçala və hökm sür" prinsipi ilə idarəetmə sistemi ilə hakimiyyətdə maraqlar toqquşmaları, parçalanmalar və münaqişələr yaratmasıdır.
Belə proseslər onun iqtidarını dağılmaqdan qorusa da, əsla gücləndirmir. Hakimiyyətin qorunması və ya varisə verilməsi baxımından isə belə toqquşmalar qeyri-effektiv olmaqla yanaşı, zaman keçdikcə çox təhlükəli məqama çevrilə bilər.
Məhz bu səbəbdən Serj Sarkisyan indi dayaq növtələri arayır, daxili problemləri həll etmək üçün azacıq effektivliyə malik rıçaqlar arayır, hakimiyyətini içdən parçalanmalardan qorumağa çalışır.
Fəqət, onun məqsədləri indiyədək sürəkli puç olduğundan bundan sonra da hansısa maneəni real şəkildə aradan qaldıracağı inandırıcı təsir bağışlamır.

Elçin Alıoğlu