“Azərbaycan xalqının tolerantlığı onun genindədir, qanındadır”

“Azərbaycan xalqının tolerantlığı onun genindədir, qanındadır”
Akif Əli: “Biz heç vaxt vəhşi ermənilər kimi başqa milləti ancaq o millət olduğuna görə qınamamışıq”

Ölkədəki milli tolerantlığın durumu ilə bağlı suallarımızı yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Akif Əli cavablandırır.
-Akif müəllim, Azərbaycandakı milli münasibətlərin və millətlərin unikal rəngarəngliyi bir ziyalı və yazıçı kimi Sizdə hansı təəssüratı doğurur?
-Çox aktual sualdır. Bu məsələ ümumən Azərbaycan məkanı üçün bütün zamanlarda aktual olaraq qalıb. Ona görə ki, Azərbaycanın geocoğrafi yerləşimi bir çox xalqların, millətlərin toplaşdığı və yaxud bu ərazidən keçib getdiyi bir məkandır. Məlumdur ki, zaman-zaman istər yadelli işğalçıların hücumu zamanı, istərsə də sadəcə köç prosesləri zamanı müxtəlif xalqların, etnik azlıqların təmsilçiləri gəlib ölkəmizdən keçmişlər. Onlardan burada qalanlar və yerli türksoylu xalqla qaynayıb qarışanlar da olmuşdur və yaxud da özləri ayrıca bir toplum kimi avtonom halda məskunlaşmışlar. Məlumdur ki, hələ eramızdan əvvəl Azərbaycana indiki bizim yaxın dostlarımız olan dağ yəhudiləri köçüb gəliblər. Onlar hələ o zaman Quba bölgəsində məskən salıblar və artıq neçə min ildir ki, bizimlə birlikdə Azərbaycanın təəssübünü çəkərək sevincimizə sevinmiş, dərdlərimizə kədərlənmişlər. Eynilə Azərbaycana vaxtilə istər İrandan, istər Türkiyədən, istər Orta Asiyadan, istərsə də Rusiyadan köçürülmüş xalqlar və tayfalar buranı özlərinə vətən bilib qruplar halında yaşayıblar. Lap sonuncu dəfə Özbəkistan hadisələrindən sonra ölkəmizə Məhsəti türkləri gəliblər. Hazırda onlar da Azərbaycanda kompakt şəkildə yaşayırlar və yerli əhali ilə çox yaxşı münasibətdədirlər. Cənub zonasındakı talışlar tarixin lap qədim dövrlərindən ölkəmizdə məskunlaşıblar. Və yaxud şimal bölgəmizdəki ləzgilər, avarlar və s., həmçinin kürdlər ta binayi-qədimdən Azərbaycanda yaşayırlar. Bu xalqlar da oğuz türkləri ilə qaynayıb qarışıblar. Böyük millətlərin nümayəndələri də zamanında ölkəmizə təşrif gətiriblər. Almanlar, ukraynalılar, ruslar da bu ölkəyə pənah gətiriblər. Bütün bu xalqlar yerli əhali ilə sırf tolerant şəkildə, bir-birinin mədəniyyətinə, dini hisslərinə, adət və ənənələrinə, milli heysiyyətinə toxunmadan qonşuluq münasibətləri qurub bir dövlət daxilində yanaşı yaşayıblar. Lakin bu mənzərədə, sadəcə, bir istisna var: xəstəhal etnik qrup olan ermənilər vaxtilə, yəni 200 il bundan əvvəl Azərbaycanın Dağlıq Qarabağ hissəsinə köçürülüblər. Yalnız onlar öz xislətlərinə, pis niyyətlərinə uyğun olaraq azərbaycanlılarla zaman-zaman konfliktlərdə olublar və bu gün də bu proses davam etməkdədir. Azərbaycanın yerli əhalisinin digər millətlərlə heç bir problemi olmayıb. Azərbaycan dövlət müstəqilliyi qazanandan sonra dövlətimizin milli siyasəti o istiqamətdə gedir ki, biz ölkə daxilində tolerantlıq ruhunu qoruyuruq və bütün xalqlar “azərbaycanlı” adı altında birləşərək Azərbaycan dövlətçiliyi naminə xidmət göstərirlər. Mən sizə deyim ki, istər yəhudilər, istər talışlar, ləzgilər, kürdlər, istərsə də türklər Azərbaycana həqiqətən də çox sədaqətlə xidmət göstərirlər. Biz heç vaxt bir-birimizə ayrı-seçkilik qoymamışıq. Dövlət səviyyəsində də bu siyasət davam etdirilir.
-Sizcə, ən müxtəlif dil ailələrinə mənsub olan və müxtəlif mədəniyyətləri təmsil edən bu xalqları doğmalaşdıran, bir vəhdət halında yaşadan nədir? Tarixi-coğrafi, mədəni amillər, İslam dini, yoxsa Azərbaycan türklərinin ümumi dünyagörüşü və qonaqpərvərliyi?
-Çox maraqlı bir sual verdiniz. Prinsipcə, sualda elə cavabın müəyyən məqamları əks olunub. Mən hesab edirəm ki, bu vəhdətin əsas səbəbi Azərbaycan türklərinin yüksək mədəni səviyyəsinə bağlıdır. Amma bu məqamda hökmən qeyd etməliyəm ki, ölkəmizdəki talışlar, ləzgilər, kürdlər, yəhudilər, ruslar, avarlar və s. də elə bu səviyyədə yüksək mədəniyyətə və dünyagörüşə malikdirlər ki, bu cür qarşılıq verə bilirlər. Azərbaycan türkləri o dərəcədə yüksək mədəniyyətə malik insanlardır ki, burada dini amilin rolunu görə bilmirəm. Hələ eramızdan əvvəl, yəni İslam dini Azərbaycana gəlməmişdən öncə Azərbaycanda çoxlu sayda etnik qruplar yaşayıb və onların arasında heç bir konflikt qeydə alınmayıb. Bunu təkcə mən demirəm, müxtəlif mədəniyyətlərə məxsus olan tarixi mənbələr deyir. Yerli əhalinin yüksək mədəniyyəti min illər boyu müşahidə olunub. Görünür ki, bu da genetik amillərlə bağlıdır. Azərbaycanlıların təkcə qonaqpərvərliyi deyil, ümumi insanpərvərliyi bu vəhdətin yaranmasında həlledici rol oynayır. Biz heç vaxt milli mənsubiyyətə görə münasibət qurmamışıq və qurmuruq. Dini amilə görə heç vaxt kiməsə münasibət bəsləməmişik və bəsləmirik. Yadınıza salım ki, IX yüzillikdə bizim böyük sərkərdəmiz ulu Babək ərəblərə qarşı mübarizə aparanda, bütün Azərbaycan xalqı bir yerə toplaşanda İslam dini ilə, dini amilə görə mübarizə aparmırdı. Babək 22 il müddətində digər mədəniyyətin Azərbaycan mədəniyyətinə təcavüzünə qarşı mübarizə aparırdı. Azərbaycan torpaqlarının işğalına, Azərbaycanın heysiyyatının tapdalanmasına qarşı mübarizə aparırdı. Mən bu barədə “Azman” adlı roman da yazmışam. Babək düşünürdü ki, Azərbaycanın özünün qədim bir mədəniyyəti var, qədim adət-ənənələri var, bu xalq o qədər qədimdir ki, Tək Allaha bağlı olan öz dini var. Belə bir xalqa nə üçün kənardan din gətirilməlidir? Niyə başqa bir xalq ona mədəniyyət gətirmək iddiasında olmalıdır? Babək, bax, buna qarşı mübarizə aparırdı. Dolayısı ilə Azərbaycan xalqının bu cür tolerantlığı onun genindədir, qanındadır və mədəniyyətindədir. Biz heç vaxt vəhşi ermənilər kimi başqa milləti ancaq o millət olduğuna görə qınamamışıq və yaxud vurmamışıq, ona təcavüz etməmişik. Ermənilər isə Xocalı hadisələrində və yaxud da Dağlıq Qarabağda, 1918-ci ilin mart hadisələrində, 1920-ci ildə bolşeviklərlə birləşib azərbaycanlıların qanını tökəndə yalnız və yalnız milli əlamətə görə hərəkət edir, Azərbaycan türklərinə təcavüz edir və soyqırımına məruz qoyurdular. Yəni Azərbaycan xalqının mədəni səviyyəsi, fitri mədəniyyəti və Tanrıdan gəlmə özəllikləri onun bu cür gözəl bir millət kimi formalaşmağına səbəb olub. Buna görə də mədəni hesab etdiyimiz digər xalqlar və etnik qruplar Azərbaycanda normal şəkildə yaşayıblar və yaxud keçiniblər, bir-birinə qız verib qız almaqla gözəl ailələr qurublar. Hətta bizim məişətlərimiz də bir olub. Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycan türkləri tək olmayıblar. Ölkəmizin bütün etnik qruplarının nümayəndələri bizimlə çiyin-çiyinə erməni işğalçılarına qarşı vuruşublar. Yəni biz bir xalq olaraq bu cür birləşərək böyümüşük.
-Sualımı bir az da dərinləşdirmək istəyirəm. Məlumdur ki, dil – təfəkkürün, musiqi isə ruhun və hisslərin ifadəsidir. Bizim təfəkkürümüzdə və ruhumuzda hansı özəlliklər var ki, bütün xalqlara tolerant şəkildə yanaşa bilirik?
-Mədəniyyət amili bütün bunları ehtiva edir. Çünki, bildiyiniz kimi, mədəniyyət çox geniş bir anlayışdır. Bəzən “mədəniyyət” deyərkən səhv olaraq ancaq incəsənəti, çal-çağırı, diringə və s.-ni başa düşüblər. Bu isə kökündən yanlış qənaətdir. “Mədəniyyət” dedikdə xalqın bütün həyatını əhatə edən fenomenlər başa düşülməlidir. İstər mənəviyyat olsun, istər məişət, istər iqtisadiyyat, istər mətbəx, istər dövlətçilik, istərsə də, gündəlik həyat tərzi. O cümlədən xalqın dili, təfəkkür tərzi və musiqisi də bu sıraya aiddir. Xalqın ruhu onun mədəniyyətinin qaynağıdır. Və yaxud da əksinə, mədəni fenomenlər toplam şəkildə Azərbaycan ruhunu ifadə edir. Yəni azərbaycanlının ruhu həmişə belə olub ki, o, Tanrının yerüzündəki işarələrinə, əlamətlərinə inanıb, həyatın yalnız yerlə məhdudlaşdığını qəbul etməyib. Bu insan kainatı, kosmosu daha geniş hesab edib, ruhun ölməzliyi ideyasına inanıb və onun dili də fiziki anlayışlardan daha çox ruhsal həqiqətləri ehtiva edib. Ona görə ki, bizim təfəkkürümüz daha geniş miqyaslarda fəaliyyətdə olub. Azərbaycanlının təfəkkürü geniş olduğuna görə onun aynası olan dil də çox mütəhərrik, çox gözəl və bütün ifadələri söyləyə biləcək bir ünsiyyət vasitəsidir. Ölkədəki digər etnoslarla qaynayıb qarışmağımızda bu özəlliklərin rolu böyük olub. Azərbaycan dili son dərəcə poetik bir dildir. Buna görə də poeziyamız çox xalqların xoşuna gəlir. Və biz poeziyanı musiqi üstündə təqdim eləyəndə Azərbaycanın ruhu dillənməyə başlayır. Və etiraf etməliyik ki, dünyanın bütün xalqları bu ruha ehtiramla yanaşırlar. Çünki musiqimizdə mənəviyyatımız görünür. Bəzi musiqilər var ki, köntöy şəkildə desək, adamın qulağını deşir. Amma Azərbaycan musiqisi birbaşa dinləyicinin ruhuna nüfuz edərək onu böyük mənada dəyişdirir. Bu bizim xalqımızın təfəkkür tərzindən qaynaqlanır. Dünyadakı bəzi musiqilər incəlikdən bir az uzaqdır, bir az kobud notlarla səslənir. Amma bizim musiqi, görün, nə qədər həzindir. Çünki könüldən gəlir. Dahi Nizami Gəncəvi deyirdi ki, “Dünya könül dünyasıdır, bu dünyanı tanı sən”. Bax, azərbaycanlılar bu cür yaşayıblar və digər xalqlara da könlün gözü ilə baxıblar, dünyanın təkcə maddi nemətlərdən ibarət olmadığını gözəl biliblər. Belə bir xalq tolerant olmaya bilərmi?