Onlar uşaqlarınızı təhlükəyə sürükləyir!
Onlar uşaqlarınızı təhlükəyə sürükləyir!

Ekspert: "Dəhşətli, vahiməli kadrlar uşaqlarda psixoloji gərginliklər yaradır"

Televiziya azyaşlılara müəyyən məlumatlar, faydalı informasiyalar ötürməklə yanaşı, zərərli təsirlərini də göstəriməkdədi. Həm fiziki, həm də psixoloji baxımdan televiziya azyaşlıları şikəst edir, onlara müəyyən zərərli vərdişlər aşılayır.

Təbii ki, bu gün hər hansı seriala baxıb pərəstiş etdiyi aktyor kimi davranan uşağın sabah məhz obrazını təlqin etdiyi mənfi qəhrəman kimi həyatda öz obrazını canlandırmayacağına da heç kəs vəd verə bilməz. Təəssüflər olsun ki, bir çox hallarda uşaqların televiziya önündə əyləşərək nə izləməsi valideynlər üçün bir o qədər də əhəmiyyət kəsb etmir. Ana mətbəxdə öz işi ilə məşğul olur, qaz üstündə xörək bişirir, ya da ki telefonda kiminləsə danışır. Azyaşlı isə həmişəki kimi, pultu əlində bir alətə çevirərək istədiyi kadrı izləyir.
Bəs, görəsən, televiziyanın faydalı tərəfləri ilə yanaşı, azyaşlılar üçün hansı fəsadları var? Valideyn övladının televiziyada nə izlədiyini necə nəzarətdə saxlamalıdır?
Psixoloq Narınc Rüstəmova qeyd edir ki, bu gün televiziya nəinki böyükləri, eləcə də azyalıları təsir dairəsinə salır, asılılıq yaradır. O deyir ki, psixoloji problemlərlə yanaşı, televiziya azyaşlılarda psixoloji fəsadlar da yaradır: "Göz zəifliyi ilə yanaşı, uzun müddət televiziya önündə əyləşmək uşaqlarda onurğa əyriliyi probleminə də səbəb olur. Əksər hallarda azyaşlılar televiziya önündə dirsəklənmiş vəziyyətdə oturduqları üçün müəyyən zaman keçdikdən sonra onlarda onurğa əyriliyi yaranır. Televiziyanın müəyyən faydalı tərəfləri olduğu kimi zərərləri də az deyil. Əks tərəfdən övladına ötürülə biləcək zərərin qarşısını almaq üçün ilk növbədə, valideyn diqqətli olmalıdır. Ola bilər ki, efirdə yayımlanan kadrlar uşağın yaşına uyğun deyil. Bu zaman dəhşətli, vahiməli kadrlar onda müəyyən psixoloji gərginliklər, problemlər yarada bilər".
Televizorun uşaqlar üçün dayə rolunu oynadığını deyən psixoloq bildirir ki, valideynlər övladları üçün bəlli rejim yaratmalı, onları günün müəyyən vaxtlarında gəzintiyə çıxartmalı, əyləndirməlidir. O deyir ki, bəlli rejim olduqda uşaq bir az da artıq televiziya önündə əyləşmək üçün təkid etməyəcək: "Bu gün televizor uşaqlar üçün dayə rolunu oynayır desək, yanılmarıq. Valideyn çalışmalıdır ki, övladı uzun müddət ekran önündə əyləşməsin. Yaş dövrünə görə uşaqların televiziya önündə əyləşmə müddətləri də müxtəlifdir. Məsələn, 6 yaşınadək olan uşaqlar 40 dəqiqəyədək ekran önündə əyləşə bilər. Amma təəssüflər olsun ki, bu gün normaya məhəl qoyulmur. Uşaqlar saatlarla ekran önündə əyləşir. Bir baxımdan valideyni də başa düşmək olar. O işlərini görə bilmək, övladının sakit oturması, tör-töküntü yaratmaması üçün müəyyən mənada buna göz yummalı olur. Uşaqlar bizim gələcəyimizdi. Buna görə çalışmalıyıq ki, hər şeyi öz rahatlığımıza görə müəyyənləşdirməyək. Günümüzün müəyyən hissəsini onlara sərf etməliyik. Hər gün bəlli zamanlarda övladımızı gəzintiyə çıxardıb, birgə xoş dəqiqələr keçirdə bilərik. Hər bir işin öhdəsindən gələ bilmək üçün bəlli rejimimiz olmalıdı. Hansı ki, uşaq biləcək ki, yalnız günün müəyyən saatlarında televiziya önündə əyləşə bilər, digər saatlarda o ya dərsləri ilə məşğul olmalı, ya gəzintiyə çıxmalı, ya da istirahət etməlidir. Uşağın bəlli bir rejimi olduqda o televizor önündə daha çox oturmaq üçün təkid etməyəcək, artıq anlayacaq ki, bu gün yarım saat ekran önündə əyləşə bilər".
N.Rüstəmova deyir ki, televiziya uşaq üçün həm də ən yaxşı cəza üsuludu. O deyir ki, uşaq dərslərini yerinə yetirmədikdə, pis davranış nümayiş etdirdikdə valideyn müəyyən müddət onu televiziya önündən uzaqlaşdırmaqla cəza verə bilər: "Uşaqların televiziyaya marağı valideynlər üçün bir alət də ola bilər. Hansı ki, sabah o dərslərindən arzuolunan nəticəni əldə etmədikdə, özünü pis apardıqda valideyn onu müəyyən müddəlik ekran önündən uzaqlaşdıra bilər. Bu, ən yaxşı cəza üsuludur. Təəssüflər olsun ki, bu gün bir çox ailələrdə fiziki cəzadan istifadə edilir".
Uzun müddət ekran önündə əyləşən uşaqlarda birtərəfli ünsiyyətin üstünlük təşkil etdiyini deyən psixoloq bunun səbəbini izah edir. O deyir ki, televiziyaya baxan uşaq hər hansı məlumatı alır, amma fikirlərini kiminləsə bölüşə bilmir. Əlbəttə ki, belə bir şərait valideyn tərəfindən yaradılmalıdır: "Bu cür uşaqlarda birtərəfli ünsiyyət üstünlük təşkil edir. Valideynləri onlara daha çox vaxt ayıra bilmədiyi üçün onlar ekran önündə vaxt keçirməyə çalışırlar. Müəyyən cizgi filminə baxdıqdan sonra valideyn övladını sorğu-sual etməli, ondan nə öyrəndiyini, "Kalyu"nun hara getdiyini, nə işlə məşğul olduğunu soruşmalıdır. Əks halda uşaqda birtərəfli ünsiyyət olacaq. Çünki televizora baxan uşaq ondan informasiya alır. Lakin aldığı məlumatları kiməsə ötürə bilmədiyi üçün bu ünsiyyət birtərəfli olur. Düşünürəm ki, azərbaycanlı uşaqlar digər ölkələrin azyaşlıları ilə müqayisədə daha yüskək intellektual səviyyəyə malikdilər. Sadəcə olaraq, ünsiyyət qura bilmə bacarığının olmaması onların bu üstünlüklərini kölgədə qoyur. Baxırsan ki, uşaq gördüyü hər şeyi başa düşür, lakin bunu izah edə bilmir".
Psixoloq cizgi filmlərinin də faydalı və zərərli tərəfllərindən danışır. Onun sözlərinə görə cizgi filmləri uşaqlara ilkin məlumatlar verir: "Cizgi filmləri uşaqlara ilkin məlumatlar verib, onlarda ətraf aləmə maraq oyadır. Lakin hər cizgi filmə uşağın baxması məsləhətli deyil. Valideyn çalışmalıdır ki, övladı ona hər hansı faydalı məlumat verən cizgi filmi izləsin. Psixoloq qeyd edir ki, "Nu poqodi", "Tom və Cerri" kimi cizgi filmləri uşaqlara heç bir məna aşılamır. Əksinə onları təhlükəyə sürükləyir: "Cizgi filmləri uşağa az da olsa, nəsə öyrədir. Məsələn, "Kalyu"ya baxan uşaq itdən qorxmamağı öyrənir. Uşaqlar üçün belə filmlər daha yaxşıdı, nəinki qorxulu kadrlar. "Nu Poqodi", "Tom və Cerri" kimi cizgi filmlərinin elə də güclü sujet xətti, məzmunu yoxdu. Hər seriyada qəhrəmanların qaçhaqaçda olduğunu izləyirik. Belə cizgi filmlərində yayımlanan bəzi kadrlar uşaqlar üçün təhlükəlidir. Məsələn, pişik özünü yandırır, amma ona heç nə olmur. Sabah uşaq da pişiyin etdiyini təkrarlayarkən təhlükə, hətta faciə də yarada bilər. Bu tip cizgi filmlər uşaqlara özünü qorumamağı öyrədir. Uşaq elə düşünür ki, o da belə etsə, heç nə olmayacaq.
Cizgi filmlərindəki bəzi kadrlar uşaqları intihara da sürükləyə bilər. Türkiyədə dəhşətli bir olay baş vermişdi, 5 yaşında olan uşaq cizgi filmdəki kadrı izləyərək pəncərədən özünü atmışdı. Yalnız 6 yaşdan sonra uşaqlar bu tip kadrların gerçəkləri əks etdirmədiyini, yalnız fantastika olduğunu dərk edir. Valideyn "Tom və Cerri"də qan yoxdu deyə uşaq baxa bilər deyib məsuliyyətsiz yanaşmamalıdır. Uşaqlar dünyanı tamamilə fərqli tərzdə anlayırlar. "Tom və Cerri" çəkilməzdən öncə elə düşünülürdü ki, uşaqlar Cerriyə rəğbət bəsləyəcəklər. Amma əksinə oldu. Uşaqlar daha çox Tomu sevdilər, ona yazıqları gəldi. Valideyn çalışmalıdır ki, "Tom və Cerri" kimi cizgi filmlərdən övladı uzaq olsun. "Maşa və Ayı" kimi cizgi filmləri isə uşaqlara hər dəfə bir şey öyrədir. Hər dəfə yeni, maraqlı bir ideya olduqda uşaq üçün daha maraqlı olur. Valideyn cizgi filmi seçərkən övladının yaşını nəzərə almalıdı".
Uşaqların qavrama tərzinin yaş fərqinə görə dəyişdiyini deyən N.Rüstəmova uzun müddət ekran önündə əyləşdikdə yaddaş zəifliyinin yaranacağı barədə xəbərdar edir: "3 yaşadək olan uşaqlar üçün dəqiqə yarım, 2 dəqiqə, 3-6 yaş arası uşaqlar üçün isə 9-10 dəqiqəlik olan cizgi filmlərə baxmaq daha məsləhətlidi. Kadrlar tez-tez, qısa müddət ərzində dəyişilməli, sujetləri tez-tez bitməlidi. Çünki erkən yaşlarda uşağın diqqət dairəsi dar, yadda saxlamaq qabiliyyəti isə bir o qədər də güclü olmur. Uzun müddət ekran önündə olduqda isə uşağın yaddaşı zəifləyir".
Psixoloq deyir ki, maraqlı cizgi filmləri uşaqlarda diqqətin cəmlənməsinə də yardımçı olur: "Cizgi filmi uşaq üçün maraqlı olursa, o, sonadək həmin filmi izləmək istəyir. Bu zaman uşaqlarda konsentrasiya da inkişaf edir. Konsentrasiya diqqətin cəmlənməsidi. Bu, uşaqlar üçün çox faydalıdı. Çünki bugünkü uşaqların 90 faizində diqqət pozuntusu problemi var".
Məhin Məhərrəmli