Putin Krımı Rusiyaya birləşdirə biləcəkmi?
Putin Krımı Rusiyaya birləşdirə biləcəkmi?

Ara yenidən qarışdı: Krım parlamenti müstəqillik haqqında Bəyannamə qəbul etdi

Krım Ali Soveti muxtar respublikanın və Sevastopol şəhərinin müstəqilliyi haqqında Bəyannamə qəbul edib. "lenta.ru" xəbər portalının yaydığı məlumata görə, Bəyannamənin lehinə Ali Sovetin 100 deputatından 78-i səs verib.

Sənəd yarımadanın Rusiyanın tərkibinə daxil olmasının və 16 mart referendumunun hüquq əsaslarını yaradır. Əgər Rusiyaya birləşmə referendumda əhali tərəfindən dəstəklənərsə, Krım müstəqil və suveren dövlət elan olunacaq. Daha sonra "müstəqil Krım Respublikası" adından Rusiya dövlətinə müraciət ediləcək ki, Krım federasiya subyekti kimi bu ölkənin tərkibinə daxil edilsin.
Bəyannamədə BMT Nizamnaməsi və digər beynəlxalq sənədlərdə əksini tapmış millətlərin öz müqəddəratını təyinetmə hüququna və BMT-nin himayəsindəki beynəlxalq məhkəmənin Kosovonun müstəqilliyi haqqında 22 iyul 2010 tarixli qərarına istinad olunur. Həmin məhkəmənin qərarına görə, dövlətin bir hissəsinin öz müstəqilliyini elan etməsi beynəlxalq hüquqa zidd deyil.

Putin istəyinə çatacaqmı?

Beləliklə, Rusiya Krımın işğal edilməsi istiqamətində sonuncu addımını atdı və hər şey plan üzrə gedərsə, martın 16-da Ukraynanın tərkib hissəsi olan Krım Muxtar Respublikası Rusiya Federasiyasının tərkibinə qatılacaq. Məlum olduğu kimi, Krımın qondarma parlamenti yarımadanın Rusiyaya birləşdirilməsi məsələsi ilə bağlı martın 16-da referendumun keçirilməsi barədə qərar qəbul edib.
Referendum olmamış isə qondarma parlament Rusiya rəhbərliyinə təklif edib ki, Krımı öz ərazisinə qatsın. Dərhal Rusiya rəhbərliyi bu təklifə reaksiya verib və prezident Putinin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Kreml Krımın anneksiyası üçün özünəməxsus hüquqi baza da hazırlayıb. Dumada təmsil olunan "Ədalətli Rusiya" partiyasının sədri Sergey Mironov hələ fevralın 28-də Krımla bağlı xüsusi qanun layihəsi hazırladığını və parlamentə təqdim etdiyini bildirib. Həmin layihədə qeyd olunur ki, "Xarici dövlətdə effektiv və suveren dövlət hakimiyyətinin olmaması ilə əlaqədar həmin ölkə ilə beynəlxalq müqavilə bağlana bilmirsə yeni ərazilərin birləşdirilməsi haqqında qərar referendum yolu ilə qəbul oluna bilər". İTAR-TASS agentliyinin məlumatına əsasən "Rusiya Federasiyasının tərkibinə sadələşmiş qaydada qatılma barədə" adlanan qanun bu həftə Dumada qəbul oluna bilər.
Qanun layihəsi öz-özlüyündə məntiqsiz olmaqla yanaşı məntiqsiz əsaslar da ortaya çıxarır. Xarici dövlətdə hakimiyyətin effektsiz və suveren olmasını kim və necə müəyyən edə bilər? Belə çıxır ki, Moskva hansısa dövlətin hakimiyyətini effektsiz hesab edib bu ölkənin hər-hansı hissəsini öz ərazisinə qata bilər?
Məsələn bu formulun Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya problemlərində tətbiq olunması mümkündür? Belə çıxır ki, Rusiya istədiyi vaxt Azərbaycan, yaxud Gürcüstanın hakimiyyətini qeyri-effektiv hesab edə və qondarma separatçı rejimin keçirdiyi referendumun nəticəsinə əsaslanıb həmin əraziləri özününküləşdirə bilər?
Maraqlıdır ki, Rusiyada qanun qüvvəyə minməmiş artıq Krım parlamenti xəbərdardır ki, sən demə Rusiyaya referendum yolu ilə qatılmaq olar. Moskva ənənəvi olaraq qanunsuz hərəkətlərinə qanuni don geyindirməyə çalışır. Qanun layihəsinin hakimiyyətin nəzarətində olan müxalifət partiyasının rəhbəri tərəfindən irəli sürülməsi də, hadisələrə demokratik don geyindirmək üçündür.
Ümumiyyətlə Putin Krımı da don geyindirməklə öz nəzarətinə faktiki aldı. Güya özünümüdafiə qrupları, əslində isə xüsusi təlim keçmiş rus əsgərləri fevralın 27-də Krımda Parlament binasını işğal etdilər və guya parlamentin 100 üzvündən 53-nün lehinə səs verməsi nəticəsində Sergey Aksyonov adlı deputat birdən-birə Krım Nazirlər Sovetinin sədri seçildi.
Məlumat üçün bildirək ki, 1972-ci il təvəllüdlü Sergey Aksyonov "Rus birliyi" hərəkatının rəhbəridir və 2010-cu ildə deputat seçilib. Seçkilərdə onun partiyası cəmi 4 faiz səs toplayıb. 2010-cu ildən əvvəl Aksyonov heç bir dövlət vəzifəsində çalışmayıb və heç bir seçkili orqanda təmsil olunmayıb. Hələ 2009-cu ildə, Krım Nazirlər Soveti sədrinin müavini Mixail Baharev bildirmişdi ki, Sergey Aksyonov 1990-cı illərdə Krımda fəaliyyət göstərən "Seylem" cinayət qruplaşmasının üzvü olub və qruplaşmada "Qoblin" ləqəbi ilə tanınıb. Bəzi məlumatlara görə, qruplaşma Krım erməniləri və yəhudiləri tərəfindən yaradılıb və bir çox cinayətlərin törədilməsində adı keçir. Belə bir şəxsin birdən-birə parlamentdə nüfuz sahib olması və baş nazir seçilməsi təbii ki, cəfəngiyyatdır.
Aksyonov hakimiyyətə keçər-keçməz muxtar respublika ərazisindəki hüquq mühafizə orqanlarının özünə tabe olması haqqında qanun qəbul etdi. Dövlət orqanları və baş nazirin mühafizəsi naməlum hərbçilər tərəfindən həyata keçirilirdi. Məhz buna görə, yeni hakimiyyətə qarşı olan çıxışlar dərhal yatırılırdı. BMT-nın Krıma ezam olunmuş nümayəndəsi Robert Serri də həmin naməlum hərbçilər tərəfindən müxtar respublikanı tərk etməyə məcur edildi.
Krımda bütün özəl telekanallar bağlanıb, yalnız dövlət və Rusiya telekanallarına baxmaq mümkündür. Ukraynanın Krım sahilində dayanan iki hərbi gəmisi Rusiya hərbi gəmiləri tərəfindən müasirəyə alınıb. Aksyonovun müavini Ruslan Temirqaliyev artıq Krımın Rusiyanın ərazisi olduğunu açıq şəkildə bəyan edir: "Krımın Rusiya Federasiyasının ərazisi olması ilə əlaqədar, Krım ərazisində yeganə qanuni hərbi qüvvələr Rusiyanın hərbi qüvvələridir. Digər ölkələrin hərbi qüvvələri işğalçı hesab olunacaq". Belə çıxır ki, Ukrayna ordusu Krıma daxil olarsa işğalçı kimi qəbul olunacaq.
Görünən odur ki, Rusiya tələsir və qısa zamanda Krımın anneksiyasını başa çatdırmaq istəyir. Putin əlavə problemlərin çıxacağından ehtiyatlanır və ehtiyatlanmaqda haqlıdır.
Birincisi, Krımın Rusiyaya daxil olmasını yarımada sakinlərinin əksər hissəsi istəmir və istənilən an daxili narazılıq baş qaldıra bilər. Təxminən 2,4 milyon Krım əhalisinin 1,4 milyonu rusdur. Burada 600 min ukrayın və 250 minə yaxın Krım tatarı yaşayır. Geridə qalanlar isə, polyak, bolqar, alman, yəhudi, qaraçı, erməni, yunan, belorus və moldavan kimi millətlərin nümayəndələridir. Artıq tatarların lideri Rıfat Çubarov öz tərəfdarları və ümumilikdə Krım əhalisini referendumu boykot etməyə çağırıb. Tatarların qarşı çıxması kifayət qədər ciddi siqnaldır. Digər azlıqların Rusiya əleyhinə mövqe tutması tamamilə realdır.
İkincisi beynəlxalq reaksiya təhlükəli nəticələr verə bilər. ABŞ hərbi gəmilərinin Qara dənizə daxil olması, yaxud Kiyevə amerikan əsgərlərinin göndərilməsi barədə müxtəlif məlumatlar yayılır. Vaşinqtonunun bəyanatları artıq kifayət qədər sərt ton alıb. ABŞ dövlət katibi Con Kerri Rusiya qoşunlarının Krıma yeridilməsini hərbi aqressiya aktı kimi qiymətləndirib və Vladimir Putin qoşunlarını geri çəkməyəcəyi halda Amerikanın daha radikal addımları atacağını bildirib. Avropa Birliyi və ABŞ Rusiyanı sanksiyalarla hədələyir. Hər bir halda, Putinin Krımı işğal etmə planı uğurla başa çatsa da, Rusiya uduzacaq. Qərbin sanksiyaları Rusiyanın iqtisadiyyatına ölümcül zərbələr endirəcək. Moskvanın beynəlxalq imici bərpa olunmaz şəkildə ləkələnəcək.

Yanukoviç də hücumda: "ABŞ-ın quldurlara
pul ayırmağa
haqqı yoxdur"

"ABŞ qanunvericiliyi çevriliş nəticəsində prezidenti vəzifəsindən uzaqlaşdırılan istənilən ölkəyə maliyyə yardımın ayrılmasını qadağan edir". Bunu dünən Rostov-na-Donu şəhərində jurnalistlərə Viktor Yanukoviç deyib.
O qeyd edib ki, ABŞ-ın Ukraynaya 1 mlrd. dollarlıq yardım planı ilə bağlı ABŞ Konqresi, Senatı və Ali Məhkəməsinə müraciət edəcək. "ABŞ-ın quldurlara pul ayırmağa haqqı yoxdur", - deyə o vurğulayıb.
Beynəlxalq ictimaiyyəti antikonstitusion çevrilişləri dəstəkləməməyə çağıran V.Yanukoviç qeyd edib ki, Ukraynanın yeni hakimiyyəti ölkədə vətəndaş müharibəsinin başlanmasına çalışır. Onun sözlərinə görə, Ukrayna ordusunun zabitləri və əsgərləri yaranmış durumu anlayırlar və "cinayət xarakterli" əmrləri yerinə yetirməyəcəklər. "Mən bu qara qüvvələrin Qərbdəki himayədarlarından soruşmaq istəyirəm: siz kor olmusunuz? Yaddaşınızı itirmisiniz? Faşizmin nə olduğunu unutmusunuz?", - deyə V.Yanukoviç vurğulayıb.
Yanukoviç israrla bəyan edib ki, o, Ukraynanın prezidenti və ali baş komandanıdır. Devrilən prezident ölümü haqda yayılan məlumatları təkzib edib: "Mən sağ-salamatam. Lakin özümü yaxşı hiss etdiyimi deyə bilmərəm, çünki Ukraynada baş verənləri həyəcanla izləyirəm. ABŞ və bəzi ölkələr deyir ki, mən prezident kimi legitim deyiləm və ölkədən qaçmışam. Heç bir yerə qaçmamışam".
Yanukoviç qeyd edib ki, mütləq Kiyevə qayıdacaq. Onun sözlərinə görə, Ukraynada mayın sonuna planlaşdırılan prezident seçkiləri qeyri-qanunidir.
Sabiq prezident Ukraynanın yeni hakimiyyətini quldur rejimi adlandırıb və beynəlxalq ictimaiyyəti onları tanımamağa çağırıb. V.Yanukoviç həmçinin ABŞ Konqresinə və Senatına müraciət edəcəyini deyib. O, Obama administrasiyasının Ukrayna ilə bağlı siyasətinə qiymət verilməsini istəyəcək.
V.Yanukoviç həmçinin bildirib ki, Ukraynada faşistlər artıq prezidentliyə iddia edirlər: "Kievdə və digər regionlarda vəziyyət gərgin olaraq qalır. Şəhərlərdə qara maskalılar əllərində silahla gəzirlər. Mən onların arxasında duran qara qüvvələrdən, Qərb ölkələrindən soruşmaq istəyirəm: siz faşizmi unutmuzunuz? Mənə təminatla bağlı söz verən Qərb ölkələrinin nazirlərindən heç olmasa Ukrayna xalqına təminat verilməsini istəyirəm".

Ukrayna Dövlət
Sərhəd Xidməti: Tatarlar Krımı tərk edir

Krımı tərk edən insanların, xüsusən Krım tatarlarının sayının artdığı qeydə alınıb. "İnterfaks Ukraina" agentliyinin verdiyi xəbərə görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti açıqlama yayıb.
Xidmətin Krımdan Ukraynanın materik hissəsinə gedən yollarda qurduğu postlardan alınan məlumatlara əsasən təkcə son 1 sutka ərzində 265 nəfər Krımı tərk edib. "Onların böyük əksəriyyəti Krım-tatar xalqının nümayəndələridir", - deyə Ukrayna Dövlət Sərhəd Xidmətinin açıqlamasında bildirilir.
Xatırladaq ki, martın 16-da Krım Ali Soveti muxtar respublikanın Rusiyaya birləşməsi barədə referendum keçirmək barədə qərar qəbul edib. Tatarlar isə bunun qəti əleyhinədir.
Krım tatarları 1944-cü ildə sovet hökumətinin qərarı ilə öz dədə-baba torpaqlarından zorla köçürülüblər. Bu proses zamanı və sonrakı illərdə onların təxminən yarısı həlak olub.

Rusiyanın savaş
hazırlığı davam edir

Ən son məlumata görə, azırda Rusiya Ukraynanın cənub-şərq sərhədlərində və Krımda 220 min nəfər hərbçi cəmləşdirib. Bunu Ukrayna müdafiə nazirinin səlahiyyətlərini icra edən İqor Tenyux Ali Radada çıxışında deyib. "Ukraynanın şərq sərhədləri ətrafında və Krımda hərbi təlimlər keçirən Rusiya Federasiyasının Silahlı Qüvvələrinin ümumi sayı 220 min nəfərdən ibarətdir", - deyə o, söyləyib. İ. Tenyux bu qüvvələrin sərəncamında 1800 tank, 400-dən çox helikopter, 150 təyyarə və 60-ə yaxın hərbi gəmi olduğunu açıqlayıb.
Ukraynanın baş naziri Arseni Yasenyuk isə çıxışında bildirib ki, Ali Rada Budapeşt Memorandumu əsasında Ukraynanın təhlükəsizliyinə təminat verən dövlətlərə (ABŞ, Böyük Britaniya) müraciət edərək onları Ukraynanı Rusiya təcavüzündən qorumağa çağırmalıdır: "Hökumət olaraq parlamentə müraciət edirik ki, Budapeşt Memorandumunun iştirakçılarına ünvanlanan və onları bizə verdikləri qarantiyaları yerinə yetirməyə çağıran bəyanata səs versinlər".
A. Yasenyuk qeyd edib ki, Budapeşt sənədi əsasında öz nüvə statusundan imtina edən Ukrayna hazırda müdafiəsizdir və dişinə qədər silahlanmış nüvə dövləti ilə üz-üzə qalıb: "Əgər siz öz qarantiyanızı yerinə yetirməyəcəksinizsə, onda izah edin görək İranı və ya Şimali Koreyanı nüvə silahından imtina etməyə necə razı salacaqsınız?.."
Baş nazirin sözlərinə görə, söhbət təminatçı (qarantor) ölkələrə müraciət edərək onları öz qoşunlarını Ukraynadan geri çəkməyə (Rusiya) və Ukraynanı müdafiə etməyə (ABŞ, Britaniya) çağırmaqdan gedir.
Ali Radanın sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov isə məsələni konkretləşdirərək təminatçı (qarantor) ölkələrə hərbi-texniki kömək üçün müraciət edəcəklərinin vurğulayıb: "Təhlükəsizliyimizə təminat vermiş dövlətlər öz öhdəliklərini yerinə yetirməlidir. Biz Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirmişik. Biz təlimlər keçirmişik və ordunun hansı vəziyyətdə olduğunu dəqiq görürük. Hazırda ordunu bərpa etməyə başlayırıq".
Qeyd edək ki, Ukraynanın nüvə silahının yayılmaması ilə bağlı Müqaviləyə qoşulması ilə əlaqədar 1994-cü il dekabrın 5-də Budapeştdə Ukrayna, Rusiya, ABŞ və Böyük Britaniya arasında imzalanan Memoranduma əsasən nüvə dövləti statusundan imtinanın əvəzində Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə rəsmi təminat verilib.

Kənan Rzaquliyev