Müğənni: "Toylara gedirəm, amma..."

Müğənni: "Toylara gedirəm, amma..."
Müğənni İntiqam Kərimovun Milli.Az-a müsahibəsi
- İntiqam müəllim, neçə ildir ki, səhnədəsiz?
- Artıq 35 ildir ki, mən müğənniyəm. Professional səhnəyə 80-ci ildə çıxmışam. Mən Rusiya səhnəsində oxumuşam illərdir. Daha sonra Azərbaycana gəldim. Konservatoriyada təhsil aldım və burada fəaliyyətimi davam etdim. Hətta Rəşid Behbudov, bizim ölməz sənətkarımız məni öz mahnı teatrına solist kimi dəvət etmişdi.
- Bəs nəyə görə bu qədər fasilə verdiz sənətinizə?
- Mən fasilə verməmişəm. Mən hər zaman oxuyuram, efirdə tez-tez görünməkmi yaddaşlarda saxlayır insanları? Mən maqazin proqramlarına maraqlı deyiləm, çünki mən maşınımdan, evimdən danışmıram. Mən danışanda sənətdən danışıram. Yoxsa hara baxırsan "məsələn, Mamedin maşınına kim daş atdı? Nə bilim nə". İndi müğənnilərin yalnız bu tərəfi maraqlıdır bir çox efir işçilərinə. Mən bir sözlə qalmaqal adamı deyiləm deyə, həmin o populyar efirlərdə də yoxam. Amma belə dəvət aldığım yerə gedirəm də fikirlərimi deyirəm.
- İntiqam müəllim, bəs toy biznesində necə, adınız var?
- Toylara gedirəm, amma çox nadir hallarda. Hər toya da getmirəm. Mən oxuduğum mahnını hər toyda oxuya bilmərəm axı. 25-30 il əvvəl mənim oxuduğum repertuar ilə hər gün toya getmək olardı, amma indi zövqlər dəyişib, bir az bayağılıq baş alıb gedib.
- İntiqam müəllim, sizin rəqibləriniz kimlərdir?
- Rəqib deyə bilmərəm, amma mənimlə eyni zamanda çıxan müğənnilər Nuşabə Ələsgərli, Abbas Səhhət, Sərxan Sərxan, Brilliant Dadaşova yeni başlamışdı, Arzu Rzayev və digərləri. Onların sənətinə hörmətim var, Akif İslamzadə mənim dövrümdə çox sevilən, populyar müğənni idi. Amma deyim ki, mənim sevdiyim tərz tamam ayrıdır.
- Hal-hazırda izləyirsiz də şou-biznesi, nə sizi qane etmir?
- Baxıram bəzən xalq artislləri var ki, heç onlara xalq artisti də deyə bilmirəm. Not bilmirlər, musiqi anlayışları yoxdur, amma adları xalq artistidir.
- Müğənniliklə yanaşı bir çox tamaşalarda da rol almısız?
- Bəli, mən "Koroğlu" da Koroğlunu, "Sevil"də Balaşı, "Arşın mal alan"da həm Əsgəri, həm də Vəli obrazını oynamışam. Bunlar opera tamaşalarıdır. Yəni saydıqca bitməz obrazlarım.
- Tələbələriniz var?
- Bəli, məşhur müğənnilər var ki, Samir Piriyev kimi, Sevda Yahyayeva kimi müğənnilər mənim tələbələrim olub.
- Qazancınız haradandır?
- Toylara az-az getsəm də, tələbələrim var yetərincə, yəni onlara oxumağı öyrədirəm, ömürlük əllərinə sənət verirəm. Yəni Allaha çox şükür heç kəsə möhtac deyiləm.
- İntiqam müəllim, elə bir sizi nədənsə incimiş kimi görürük. Nədir sizi narahat edən?
- Bir şeyi açıqlayım sizə, mənim xətrimə dəyən bu sənət aləmində hər kəsə "müğənni" demələridir. Müəllim kimi, həkim kimi, müğənninin də diplomu olmalıdır, oxuduğunu bilməlidir, nə oxuyur, hansı notlardır. Kimsə gedir səsini yazdırır və onu verir radiolara, efirlərə və olur müğənni. Bunu mən özümə təhqir kimi qəbul edirəm. Danışırlar adam utanır. Nə ədəbiyyatdan xəbəri var, nə tarixdən. Savadsızlıq baş alıb gedir.
- İntiqam müəllim, sizi sevənlər sizdən hansı yenilikləri gözləsin?
- Yeni klip çəkdirmək istəyirəm, yeni mahnılarım var. Müzikl etmək istəyirəm, bir çox həmkarlarımla. Qismət olsa, alınacaq. Sizə də təşəkkür edirəm. Və xanımlarımızı keçmiş 8 Mart bayramı münasibəti ilə təbrik edirəm. Ümumiyyətcə, xalqımızı Novruz bayramı münasibətilə təbrik edirəm.