Həbsdəki kollec direktoru ilə bağlı yeni qanunsuzluqlar ortaya çıxdı
Həbsdəki kollec direktoru ilə bağlı yeni qanunsuzluqlar ortaya çıxdı

Sahib Hüseynov rəhbərlik etdiyi təhsil müəssisəsində 100 min manatı necə “yeyib”?

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən Ağcabədi Pedaqoji Kollecində rüşvətxorluqla bağlı daxil olan məlumat əsasında axtarışa başlanıb. Nəticədə ortaya rüşvət faktları çıxdığından, kollecin direktoru Sahib Hüseynovun yaxınlarının və öz evində əməliyyat axtarış tədbirləri həyata keçirilib və o, saxlanılıb.
Qeyd edək ki, ötən ilin sentyabrın 9-da kollecin direktoru Vaqif Hüseynov infarkt nəticəsində dünyasını dəyişib. Onun yerinə isə öz qardaşı Sahib Hüseynov təyin olunmuşdu.Bu məqamla bağlı maraqlı bir faktı da qeyd edək ki, Ağcabədi Pedaqoji Kollecinə hələ mərhum Vaqif Hüseynov rəhbərlik edərkən indiki direktor Sahib Hüseynov da orada işləyirdi. O zaman qardaşının əleyhinə dövlət qurumlarına və mətbuata çoxsaylı faktlar ötürən Sahib Hüseynov nəhayət öz məqsədinə çatmışdı. Belə ki, infarkt nəticəsində dünyasını dəyişən Vaqif Hüseynovdan sonra onun postuna məhz qardaşı Sahib Hüseynov yiyələnmişdi.Onun kollecə rəhbər gəlməsindən sonra isə təhsil ocağında qanunsuzluqlar geniş vüsət almağa başlamışdı. Qeyd edək ki, bütün bunlar barədə “Unikal” qəzetinin ötən aykı saylarının birində geniş yazı dərc edilmiş, Ağcabədi Pedaqoji Kollecində rüşvətxorluğun baş alıb getməsi barədə konkret faktlara yer verilmişdi.Dünən isə həbs edilən kollec direktoru ilə bağlı yeni bilgilər əldə etmişik. Həmin məlumatlara görə, istintaqın gedişində Sahib Hüseynovun fəaliyyəti ilə bağlı digər korrupsiya faktlarının da üstü açılıb. Məlum olub ki, həbsdə olan Hüseynov, kollecin baş mühasibinin xəbəri olmadan, onun əvəzinə lazımi sənədlərə saxta imza atmaq yolu ilə daha 100 min manat məbləğində vəsaiti mənimsəyibmiş.Bundan başqa, Ağcabədi Pedaqoji Kollecinin keçmiş direktorunun rəhbərlik etdiyi təhsil müəssisəsinə məxsus dövlət nömrə nişanını öz şəxsi avtomobilinin üzərinə keçirdib. Araşdırmalar nəticəsində onun bunu,Baş Dövlət Yol Polis İdarəsinin Ağcabədi rayon şöbəsində çalışan qardaşının köməyi vasitəsi ilə etdiyinə dair şübhələr ortaya çıxdığından bununla bağlı Sahib Hüseynovun qardaşının da sorğu-sual edilməsinə başlanılıb.İstintaqın gedişində sabiq kollec direktorunun fəaliyyətindəki digər mənimsəmə və qanunsuzluq hallarının da ortaya çıxarılacağı istisna edilmir.
Seymur Quliyev