“Siz evdən çıxanda qapının ağzına bəd bir itin bağlandığını görürsünüzsə...”
“Siz evdən çıxanda qapının ağzına bəd bir itin bağlandığını görürsünüzsə...”

Mais Güləliyev: “İqtisadi sanksiyaların Rusiyanı zəiflədəcəyini düşünmək sadəlövhlükdür”

Son zamanlar dünyada baş verən proseslər , o cümlədən Ukraynada və Türkiyədə yaranan gərginliklər bütövlükdə region dövlətlərinə təsirini göstərir.Həmçinin bu proseslər Azərbaycana da öz təsirini göstərir. Bununla bağlı Yaşıllar partiyasının sədri Mais Güləliyevin “Unikal”a müsahibəsini təqdim edirik.

-Mais müəllim, Rusiya Krımda tam şəkildə möhkəmlənib və Krım müstəqilliyini elan edib. Rusiyanın Dövlət Duması isə Krımın Rusiyaya birləşdirilməsi barədə qanun qəbul etməyə hazırlaşır. Avropa Birliyi və Birləşmiş Ştatlar isə bəyanatlar verir və Rusiyaya qarşı ilkin sanksiyalar tətbiq etməyə başlayıb. Sizcə, bundan sonra hadisələr hansı yöndə inkişaf edəcək?
-Ukraynada hadisələr hələ təzəcə başlayarkən digərlərindən fərqli olaraq və çoxluğun özünü görməməzliyə vurmasına və KİV-in mənim fikirlərimə qısqanclıqla yanaşmasına baxmayaraq, o zaman proqnozumu vermişdim ki, Krım Rusiyanın tərkibinə keçəcək və yaxud, ən azı, dövlət müstəqilliyini elan edib Ukraynadan kənarda olacaq. Ukraynanın qalan hissəsi isə ən yaxşı halda bütöv halda və yaxud Şərqi Ukrayna istisna olmaqla Avropa Birliyinə və NATO-ya yaxınlaşacaq. Hadisələr bu istiqamətdə də gedir. Lakin həm Avropa, həm də Rusiya qarşılıqlı razılığa gələ bilər ki, Ukrayna Avropa Birliyinə, NATO-ya daxil olmasın. Bu halda, Krıma böyük status verilmək şərtilə Ukraynanın bütövlüyü saxlana bilər. Bu iki ssenaridən biri mümkündür. Yəni Vəfa Quluzadənin dediyi kimi, Rusiyanın on günə dağılacağını düşünmək sadəlövhlükdür. İqtisadi sanksiyaların Rusiyanı zəiflədəcəyini və nəticədə onun Krımdan əl çəkəcəyini düşünmək cəfəngiyyatdır. Çünki Rusiya çox böyük ölkədir. Onun daxili imkanları o qədər genişdir ki, özünü təmin edən iqtisadi struktur yarada və inkişaf edə bilər. Mən bir iqtisadçı kimi deyirəm ki, Rusiyanın gələcəyi bununla bağlıdır: oliqarxların ölkənin sərvətlərini satmasından xilas olub özünü təmin edəcək iqtisadi model seçməlidir. Rusiya ABŞ dollarından imtina edib rublun qızıl standartını yaratmalı və nə qədər mümkündürsə, öz banklarını Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının əsarətindən qurtarmalıdır. Ukrayna isə bütün hallarda əvvəlki ssenari ilə gedə bilməyəcək. Avropa Ukraynanı bütöv halda götürə bilməyəcək.
-Yəni Rusiyanın ekspansiv siyasətinə haqq qazandırmalıyıq?
-Qətiyyən! Mən həm bir tədqiqatçı, həm də bir siyasətçi kimi istənilən bir ölkənin başqa bir ölkəyə təcavüzünü qəti pisləyirəm. O cümlədən Rusiyanın Krıma, Birləşmiş Ştatların İraqa və Əfqanıstana və İsrailin Fələstinə təcavüzünü qəti şəkildə pisləyirəm. Lakin siz evdən çıxanda qapının ağzına bəd bir itin bağlandığını görürsünüzsə, nə etməlisiniz? Yolunu dəyişməlisən və yaxud itə qarşı nəsə bir addım atmalısan. Ya da iti yallamalısan ki, səni qapmasın. Başqa bir yol yoxdur. Yəni Ukrayna hadisələrində geosiyasi durum mütləq nəzərə alınmalıydı. Ukrayna nə istəyirdi və bu hadisələr niyə başlandı? Ukrayna hakimiyyəti dekabr ayında Vilnüs sammitində assosiativ sazişi imzalamadı. Səbəbi də parlamentdə bu cür izah edildi ki, bu addımı atmaq üçün, ən azı, 25 milyard dollara ehtiyac var. Əgər Avropa Birliyi bu məbləği Ukraynaya verə bilərsə və ölkənin bank sistemi, iqtisadiyyatı qaydaya düşərsə, o zaman Avropa ilə əməkdaşlıq etmək olar. Ukrayna hökuməti bunu da irəli sürürdü ki, Avropa sənayesi Ukrayna sənayesini və daxili bazarını məhv etməməlidir. Çünki qeyri-bərabər səviyyədə güləşməyə başlayanda zəif çəkili tərəfin qol-qabırğası da sınacaq. Yəni ölkələr arasında normal rəqabəti təmin etmək üçün, heç olmasa, müəyyən səviyyəyə qalxmaq vacibdir. Əks halda sərhədlər açılarkən o biri ölkələrin məhsulları zəif ölkənin daxili məhsullarını məhv edəcək və Ukraynanın dövlətçiliyindən ancaq bayraq və himn qalacaqdı, qalan hər şeyi Avropanın bankları idarə edəcəkdi. Ukraynanın keçmiş baş naziri parlamentdə, az qala, yalvarırdı ki, “Başqa yolumuz yoxdur, onlardan bu vəsaiti alaq və iqtisadiyyatımızı dirildib sonra Avropa Birliyi ilə yaxınlaşaq”. Bəs bu dərəcədə tələsiklik nəyə lazım idi? Müxalifət ayağa qalxıb tələb etdi ki, yox, təcili şəkildə AB-yə daxil olmaq lazımdır. Maydana cəmi 5-10 min nəfər adam çıxmışdı. Lap olsun əlli min. Əlli min nəfər Ukrayna cəmiyyətinin 0,1%-ni təşkil edir. Yəni bu 0,1% Avropanın maliyyəsi və diqtəsilə ölkədə hakimiyyəti dəyişdirdi. Fevralın 21-də müxalifətlə iqtidar razılığa gəlmişdi ki, dekabr ayında ölkədə prezident seçkiləri keçirilsin. Beləliklə, hakimiyyət dəyişikliyi legitim qaydada həyata keçirlməliydi. Bunda pis nə var idi? Müxalifət niyə bu razlaşmanı pozdu? Çünki yenə də Avropanın diqtəsi öz işini gördü. Bu həmin Avropadır ki, istənilən bir ölkədə bu cür çevrilişləri legitim hesab etmir. Ukraynadakı hakimiyyət dəyişikliyi açıq-aşkar qeyri-legitimdir. Heç bir politoloq, hüquqşünas bunun əksini sübut edə bilməz. Adını qoyublar xalqın itaətsizliyi. Olsun xalqın itaətsizliyi. Amma bundan sonra deyildi ki, seçkilərə gedirik.
-Yanukoviçin yenidən hakimiyyətə qayıtmaq şansı varmı?
-Yoxdur. Bununla belə, may ayına təyin olunmuş prezident seçkiləri elə keçirilməlidir ki, hər iki tərəfi razı salsın. Dünyada heç kim Ukraynadakı çevrilişin qeyri-legitimliyini vurğulamır. Hamı deyir ki, Rusiya Ukraynaya təcavüz eləyib. Yəni Rusiyanın Krımı zəbt etməsi Ukrayna müxalifətinin hakimiyyəti qeyri-legitim yolla zəbt etməsini arxa plana keçirtdi. Bu o deməkdir ki, bütün inqilablardan sonra həmişə müharibə başlayır. Çünki inqilab başlayanda xalqa vədlər verilir. Bu vədləri isə həyata keçirtmək çox çətin olur. Belə olanda neyləmək lazımdır? İnqilabı törədənlər əlavə problemlər yaradırlar ki, yerinə yetirilməyən vədlər unudulsun. Tarix yaranandan bu günə qədər bu metodu həmişə işə salıblar. Ona görə də bu məqamda bir qanunauyğunluq var. Gürcüstanın keçmiş prezidenti Saakaşvilinin 2008-ci ildə Cənubi Osetiyaya qoşun yeritməsinə nə ehtiyac var idi? Məgər o bilmirdi ki, Gürcüstan ordusu Rusiyanın qarşısında heç nədir? Bəs bunu bilə-bilə niyə o addımı atırdı? Buradakı səbəbləri axtarmaq lazımdır. Deməli. Bu adam ya psixi cəhətdən qeyri-normal idi, ya da bilərəkdən bunu etmişdi. Başqa bir izahat yoxdur. Yəni bilmirdi ki, Cənubi Osetiyadakı və Şimali Qafqazdakı rus ordusunun gücü nə qədərdir? Əksinə, Saakaşvili
Rusiyanı təxribata çəkdi ki, ruslar Tiflisə qədər gəlsinlər və o da dünyaya səs salsın ki, “Görürsünüz, biz təcavüzə məruz qalırıq, bizə kömək edin”. Digər tərəfdən də ruslara imkan yaratdı ki, Gürcüstanda möhkəmlənsinlər. Yəni Saakaşvili ikibaşlı oyun oynayırdı. Müqayisə edək: Rusiya 2008-ə qədər Cənubi Osetiyada möhkəm idi, yoxsa indi möhkəmdir? Və yaxud Rusiya Krımda beş ay əvvəl daha möhkəm idi, yoxsa indi? Əlbəttə, indi daha möhkəmdir. Praktik olaraq, həm Cənubi Osetiya, həm də Krım indi Rusiyanın diqtəsi ilə oturub durur. Yaxşı, elədirsə, Ukraynada çevriliş edənlər Rusiyanın əlinə işləyirlər? Bəlkə, Ukrayna müxalifəti NATO-ya və Avropa Birliyinə daxil olmaq bəhanəsilə bu addımı atırdı ki, Rusiyanı təxribata çəksin?
Göründüyü kimi, bu gün Ukraynada baş verənlərin müəmmalı tərəfləri çoxdur. Ukrayna müxalifəti NATO-ya daxil olmağı qarşıya məqsəd qoyub. NATO nədir? NATO təhsilə, maarifə, mədəniyyətə ayrılmalı olan pulları udan bir hərbi qurumdur. Samersinin nəzəriyyəsi ilə desək, nə qədər tank, top istehsal edilirsə, bir o qədər az yağ, qənd, çörək istehsal edilir. Yəni silah istehsalının artması ilə gündəlik istehlak mallarının proporsional şəkildə azalması baş verir. Belə olan halda NATO Ukraynanın nəyinə lazımdır? Məgər dekabr ayına qədər Rusiyadan Ukraynaya qarşı hərbi təhdid var idi? Yox idi. Belədirsə, Rusiyanı niyə provokasiyaya çəkirdilər? Rusiya da fikirləşir ki, NATO niyə gəlib mənim sərhədimin yanında durmalıdır? Gəlin bir məqama toxunaq. Təsəvvür eləyin ki, Rusiya gedib Meksikada hərbi baza tikir. ABŞ buna necə reaksiya verər? Gördüyünüz kimi bu sadəcə olaraq provokasiyadı.
-Mayis müəllim, Türkiyədə maraqlı olaylar baş verir. Məsələn, Ergenekon əməliyyatında həbs olunanlar azadlığa buraxıldı.Bunu necə izahlamaq olar?
-Türkiyə böyük bir dövlətdir və orda qanunlar işləyir. Bu baxımdan hesab edirəm ki, bu məhkəmə qərarı ilə olan məsələdir. Bundan başqa Fətulla Gülən tərəfdarları ilə Ərdoğan arasında baş verənlərdə bu prosesə təsir edib. Bunu da qeyd edim ki, bəzən bildirirlər ki, Ərdoğan zəifləyib. Əslində isə Ərdoğanın kifayət qədər gücü var və bu həbsdən azad olunanlarda Ərdoğanın imicinə dəstək verəcəklər. Buna görə hesab edirəm ki, Türkiyədə məsələlər get-gedə aydınlaşacaq. Çünki Türkiyədə dərin dövlət laxlamaqdadır və bunun nəticəsində də mövcud hakimiyyət öz gücünü bərpa edəcək.
Söhbətləşdi:
Hüseyn İsgəndərov