“Unikal”ın məktubuna cavab niyə gecikir?
“Unikal”ın məktubuna cavab niyə gecikir?
“Sobez” müdirini nazirlikdə himayə edən var

Prezident İlham Əliyevin mətbuata hər zaman diqqətlə yanaşması, media rəhbərlərinin isə İlham Əliyevi “jurnalistlərin dostu” elan etməsi faktdır. Amma deyəsən mətbuata diqqət prezidentdən fərqli olaraq əksər məmuru maraqlandırmır. Bu belə olmasaydı hər gün onlarla mətbu orqanların müxtəlif nazirliklərə göndərdikləri məktublar cavabsız qalmazdı.
Cavabsız qalan məktublardan biri də “Unikal” qəzeti olaraq Rabitə və Yüksək Texnologiyalar Naziriliyinə göndərdiyimiz məktubdur. Xatırladaq ki, bu günlərdə qəzetimizdə “Keçmiş “Sobez” müdiri Telekommunikasiya Qovşağına necə rəhbər oldu?” başlıqlı yazı dərc olunmuşdu. Yazıda “Unikal” qəzetinin apardığı kiçik araşdırma dərc edilmişdi. Araşdırma zamanı ortaya çıxan faktlar sübut etdi ki, Əbülfəz Orucov rəhbərlik etdiyi sahədə təsadüfi şəxsdir. Belə ki, o sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun dövründə Gəncə “Sobez”-nə rəhbərlik edib. Maraqlıdır, görəsən rabitə işiylə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan bir şəxsin Gəncə Telekommunikasiya Qovşağına rəhbər gətirilməsi nə dərəcədə düzgündür? Ümumiyyətlə belə bir şəxs rəhbərlik etdiyi sahədə hansısa müsbət dəyişikliklərə və uğurlara imza ata bilərmi? Bu və digər sualların cavabını tapmaq məqsədilə əməkdaşımız Gəncə Telekommunikasiya Qovşağının rəisi Əbülfəz müəllimlə əlaqə saxladı. O, əməkdaşımızın suallarına maraqlı və çox qısa cavab verməklə kifayətlənib: “Məni bu vəzifəyə rəhbərlik təyin edib. Təyinatı mən vermirəm ki, sizin də sualınızı mən cavablandırım”.Məhz bunu nəzərə alaraq nazir Əli Abbasovun adına məktub göndərdik. Amma hələ də cavab alınmayıb. Görünür Gəncədə ciddi himayədarı olan Əbülfəz Orucovun nazirlikdə də gözə görünməyən himayədarları var. Bəlkədə elə o himayədarlar yazılan məktubu nazirə çatdırmayıblar? Bəlkədə həmin himayədarlar Əbülfəz Orucovun ali təhsilinin, rabitəyə heç bir aidiyyatının olmamasını da nazirdən gizlədiblər? Hər halda bu suallara cavab tapacağıq.
İlkin Rzazadə