Zəfər Quliyev: “Müxalifət düşərgəsindəki birliklərin tez-tez dağılması cəmiyyətdə müxalifətə inamsızlığı gücləndirir”
Zəfər Quliyev: “Müxalifət düşərgəsindəki birliklərin tez-tez dağılması cəmiyyətdə müxalifətə inamsızlığı gücləndirir”

“Müxalifətdəki birliklərin qısamüddətli olması, yeniləri ilə əvəzlənməsinə ölkədə gedən siyasi proseslərin dinamikası da təsir edir. Adətən seçkidən sonra müxalifət düşərgəsində qısamüddətli böhran yaşanır. Bu da reallıqdır. Eyni zamanda daha optimal birliklərin axtarış prosesi gedir”. Bunu ya açıqlamasında “El” Hərəkatı sədrinin müavini Zəfər Quliyev deyib.
Onun sözlərinə görə, əslində yaranan birlikləri cəmiyyətə necə təqdim etməkdən də çox şey asılıdır: “Hesab edirəm ki, müxalifət düşərgəsindəki birliklərin tez-tez dağılması, yeniləri ilə əvəz olunması cəmiyyətdə şübhələrə səbəb olur və müxalifətə inamsızlığı gücləndirir”.
Z.Quliyev bildirib ki, Azərbaycan müxalifəti yeni birliklər yaratmaqdansa, fəaliyyətini gücləndirməlidir: “İllərdir eyni adamlar, eyni siyasi təşkilatlar heç nəyi dəyişmədən sadəcə eyni birlikdə təmsil olunurlar, lakin ortada bir şey yoxdur. Söhbət təşkilatların adından, sayından getmir. Cəmiyyət real, güclü bir fəaliyyət gözləyir. Ona görə də güclü bir fəaliyyət olmayan yerdə təşkilatların, birliklərin dəyişməsi, ya dəyişməməsi əsas məsələ deyil. İndiki mərhələdə də hesab edirəm ki, cəmiyyət müxalifətə inanmaq üçün onu fəal görmək istəyir. Hazırda müxalifətin qeyri-fəal olmasının bir çox obyektiv və subyektiv səbəbləri də var. Çünki çox vaxt seçkidən sonra müxalifət özünə gələnə qədər passiv, böhranlı vəziyyətdə olur. Ola bilsin ki, indi də bu vəziyyəti yaşayırıq”.
Z.Quliyevin fikrincə, hazırda ölkə qarşısında xarici təhlükələr var və buna görə də müxalifət və iqtidar birgə mövqedən çıxış etməlidir: “Ukrayna və keçmiş SSRİ məkanında gedən dövlətçiliyə qarşı təhlükəli prosesləri nəzərə alaraq, belə bir vəziyyətdə bütün Azərbaycan ictimaiyyəti, həm iqtidar, həm də müxalifət ilk növbədə real təhlükələrə qarşı birgə mövqedən çıxış etməlidirlər”.
Mehdi Əli