Sənaye ili Azərbaycana nə vəd edir?
Sənaye ili Azərbaycana nə vəd edir?

Ekspert: “Xeyli müddətdir qanunverici orqana təqdim edilən
“Rəqabət Məcəlləsi”nin qəbulunun sürətləndirilməsi vacibdir”

Prezident İlham Əliyev srağagün “2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı tədbirlər planının” təsdiq edilməsi barədə sərəncam imzalayıb. Paketdə fəaliyyətlər sənaye potensialının gücləndirilməsi, sənayeləşmə ilə bağlı təşkilati tədbirlər, sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi, normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi və təbliğat və təşviqat işləri istiqamətləri üzrə sistemləşdirilib.

İqtisadçı-ekspert Vüqar Bayramov tədbirlər planı barədə öz fikirlərini bölüşüb. O, bildirib ki, ölkə başçısı tərəfindən 2014-cü ilin sənaye ili elan edilməsinə uyğun olaraq bu il sənayeləşmə ilə bağlı üçün konkret tədbirlərin hazırlanması və həyata keçirilməsi qaçılmaz idi: sənaye ilindəki hədəflərə nail olmaq ölçülə bilən fəaliyyətlərin həyata keçirilməsini tələb edir.
Tədbirlər planının detallarına varmadan öncə qeyd etmək lazımdır ki, sənaye ilində konkret fəaliyyətləri həyata keçirilməsi eyni zamanda iqtisadiyyatın şaxələndirilməsi baxımdan da əhəmiyyətlidir. Rəsmi proqnozlara əsasən, bu il qeyri-neft sektorunun ÜDM-də payı 62.0, büdcə gəlirlərində isə 35.0 faizə çatdırılacaq. Qeyri-neft sektorunun makro-iqtisadi göstəricilərdə payı baxımdan 2014-cü il kifayət qədər spesifik əhəmiyyətə malikdr. İqtisadiyyatın şaxələnməsi üçün isə təbii ki, xüsusən də qeyri-neft sektorunda sənayenin dəstəklənməsi qaçılmazdır.
Tədbirlər planının təsviri göstərir ki, məqsəd yalnız qeyri-neft sektorunda deyil eyni zamanda enerji sferasında sənayenin inkişafına nail olmaqdır. 2010-cu ildən başlayaraq neft hasılatının azaldığını və son illər Ümumi Daxili Məhsuldakı artımım daha çox qeyri-neft sektorunun üzərinə düşdüyünü nəzərə aldıqda enerji sferasında sənayeləşmənin inkişaf etdirilməsinin və emaledici sektorun genişləndirilməsinin dəstəklənməsinin əhəmiyyətini izah etmək çətin olmaz. Məhz tədbirlər planında müasir neft-qaz emalı və neft-kimya kompleksinin yaradılmasına dair təkiflərin də yer alması məhz bununla bağlıdır.
Qeyd edək ki, sənaye potensialının gücləndirilməsi istiqaməti üzrə sənaye müəssisələrin yenidən qurulması, yeni email müəssisələrinin yaradılması ilə yanaşı konkret bölgələrdə sənaye parklarının yaradılması nəzərdə tutulub. Təşkilati tədbirlər Rəqabətqabiliyyətli sənaye müəssisələrinin yaradılması, innovativ təkliflərinin sənaye sektorunda təşviqi, informasiya və elektron bazasının formalaşması və işçi qruplarının formalaşdırılmasını əhatə edir. Sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi üzrə nəzərdə tutulan fəaliyyətlər daha çox mövcud kadr potensialından istifadə edilməklə innovasiya və ideyaların tətbiqini təşviq edəcək. Normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi istiqaməti isə qanunvericilik bazasının möhkəmləndirilməsi və eləcə də innovasiya haqqında qanun layihəsinin hazırlanıb, qəbul edilməsini nəzərdə tutur. Nəhayət, təbliğat və təşviqat işlər bu sahədə birgə konfransların, müsabiqələrin keçirilməsi və ümumilikdə innovative fəaliyyətin təbliğini özündə əks etdirir.
Sərəncamda diqqəti çəkən əsas məqam müxtəlif sənaye fəaliyyətlərinin əks etdirilməsi ilə yanaşı eyni zamanda elektron hökumətinin elementlərindən faydalanmaqla sənaye müəssisələri və məhsullarına dair elektron kataloqun yaradılması o cümlədən elmi və məlmat xarakterli təbliğat işlərinin aparılması təqdirə layiqdir.
Bütün bunlar ilə bərabər sözügedən tədbirlər planı daxilində aşağıdakı istiqamətlərə xüsusi diqqətinin ayrılmasına ehtiyac var:
- Xeyli müddət öncə qanunverici orqana təqdim edilən “Rəqabət Məcəlləsi”nin qəbulunun sürətləndirilməsi və təsdiq edilməsi vacibdir. Sənaye sektoruna investisiyaların cəlb edilməsi üçün rəqabətin hüquqi müdafiəsi olduqca əhəmiyyətlidir. Qeyd edək ki, tədbirlər paketində rəqabətqabiliyyətli sənaye müəssisələrinin yaradılması təklif edilən əsas fəaliyyət kimi nəzərdə tutulub. Bu baxımdan, istər rəqabətqabiliyyətli müəssisələrin yaradılması, istərsə də sənaye məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədi ilə beynəlxalq standartlar əsasında milli standartların hazırlanması üçün hüquqi bazanın təkmilləşdirilməsinə ehtiyac var;
- Sənaye parkının yaradılması ilə bağlı fəaliyyətlərin coğrafi bölgüsünün genişləndirilməsi və bu baxımdan ixtisaslı kadr potensialına ehtiyac nəzərə alınmaqla iri şəhərlər ilə yaxınlığın əsas götürülməsi məqsədəuyğundur;
- Xüsusi iqtisadi zonaların yaradılması prosesini başa çatdırmalı və tədbirlər planı çərçivəsində xüsusən də regionlara güzəştli şərtlər ilə xarici investisiyaların cəlb edilməsinə çalışılmalıdır;
- Təsdiq edilmiş tədbirlər planında nəzərdə tutulan fəaliyyətlərə uyğun olaraq “2015-2020-ci illər üzrə sənayenin inkişafı üzrə” dövlət proqramı ekspert icmasının iştirakı təmin olunmaqla makro-iqtisadi model nəticələr, müqayisəli təhlili və nəticələri ölçülən bilən bençmarklar nəzərə alınmaqla hazırlanmalıdır;
- Elmi-tədqiqat işlərinin aparılmasına yalnız elmi müəssisələrin deyil, eyni zamanda beyin mərkəzlərinin cəlb edilməsi həyata keçirilməlidir. Müəssisələr üçün investisiya və strateji planlar və digər sənədlər dövlət qurumları tərəfindən deyil, onların sifarişi əsasında bu sahədə ixtisaslaşmış institutlar xüsusən də konsaltinq şirkətləri tərəfindən hazırlanmalıdır;
- Ixrac olunan yerli sənaye məhsullarının istehsalına xüsusi vergi güzəştləri və ixrac kompensasiyaları təqdim edilməli və sənayedə differensial vergi sistemi tətbiq olunmaqla sadələşdirilmiş vergi dövriyyəsinə yenidən baxılmalıdır.
Bütövlükdə, sözügedən sənəd ölkədə sənayeləşmənin genişləndirilməsi üçün ilkin əsas baza sənəd hesab edilə bilər. Bu baxımdan, dövlət qurumlarının sözügedən öhdəliklər üzrə sənaye ilində nəzərdə tutulan tədbirlərin icrasını ciddi və məsuliyyətlə həyata keçirməsi olduqca vacibdir.
Sənan Mirzə