Novruzun gəlişi bahalaşma yaratdı
Novruzun gəlişi bahalaşma yaratdı

Bazarlarda qiymətlər süni şəkildə şişirdilir

Novruz bayramının gəlişi ilə əlaqədar ölkənin əksər ticarət mərkəzlərində qiymət artımı davam edir. Baş verən bahalaşma demək olar ki, bütün istehlak məhsullarında müşahidə olunmaqdadır. Tikinti materiallarından tutmuş ərzaq və kənd təsərrüfatı məhsullarına qədər əksər növ mallar ikiqat-üçqat bahasına satılmaqdadır.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2014-cü ilin fevral ayında ərzaq məhsullarının qiymətləri 0,8 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla eyni səviyyədə qalmış, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,4 faiz bahalaşmışdır.
Məlumat üçün qeyd edək ki, ay ərzində ən çox bahalaşma mal və toyuq əti, yumurta, kartof kimi məhsullarda qeydə alınıb. İndi bazararda kartofun bir kiloqramı 1 manat, 1 manat 20 qəpiyə təklif olunur.
Özü də baş verən bahalaşma həm yerli, həm də idxal məhsullarda müşahidə olunur. Məlumat üçün qeyd edək ki, hazırda bazarları Pakistan və Türkiyədən gətirilmiş kartoflar zəbt edib. Gədəbəy kartofu isə saxlama kameralarından çıxarıldığından demək olar ki, bu növ məhsul tamamilə keyfiyyətini itirib. Buna baxmayaraq, Gədəbəy kartofu da 1 manata satılır.
Novruz bayramı ilə əlaqədar olaraq balıq və kolbasa məmulatlarının, kərə yağının, zeytun və günəbaxan yağlarının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, göyərtinin, kələmin, kökün, soğanın, sarımsağın, şəkərin, duzun qiymətlərində isə bahalaşma müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, ay ərzində satılmış kənd təsərrüfatı məhsullarından çoxillik bitkilərin istehsalçı qiymətlərinin 4,7 faiz ucuzlaşmasına, birillik bitkilərin istehsalçı qiymətlərinin 0,1 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin isə 0,8 faiz bahalaşmasına baxmayaraq ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb. Birillik bitkilərdən kartofun 0,3, kələmin 1,1, baş sarımsağın 0,6, göy soğanın 1,9 faiz istehsalçı qiymətləri 1,9 bahalaşıb. Çoxillik bitkilərdən isə almanın və limonun istehsalçı qiymətləri müvafiq olaraq 29,1 və 3,4 faiz ucuzlaşmış, heyvanın istehsalçı qiymətləri 1,3 faiz, şabalıdın 0,3 faiz, fındığın istehsalçı qiymətləri isə 4,6 faiz bahalaşıb. Maraqlıdır ki, qiymət artımı təkcə ərzaq və kənd təsərrüfatı məhsullarında deyil, eləcə də sənaye və tikinti məhsullarında da qeydə alınıb.
Ekspertlərin qənaətinə görə, hazırda qeydə alınan qiymət artımı heç bir iqtisadı bazisə söykənmir. Yəni bazarlardakı bahalaşma süni amillərlə bağlıdır. O amillər ki, onların hamısı nəzarət orqanlarına bəllidir, lakin onun qarşısını almaqda acizlik nümayiş etdirilər.
Məlumat üçün qeyd edək ki, Azərbaycanın coğrafi mövqeyi və iqlim qurşağı imkan verir ki, ilin bütün fəsillərində bostan və bağ məhsullari əhalinin tələbatından artıq istehsal edilsin. Bu il də həm rəsmi qurumlar, həm də fermerlər bəyan ediblər ki, ölkə məhsul qıtlığı ilə üzləşməyəcək, kifayət qədər məhsil tədarük edilib. Üstəlik xarici ölkələrdən də kifayət qədər məhsul idxalı həyata keçirilir ki, bu da dolayısı ilə qiymətlərin aşağı düşməsinə təsir edən amillərdən hesab olunur. Ancaq qiymət artımı məhsul istehsalının dəfələrlə artdığı şəraitdə baş verir. Belə halda, bazarlarda qiymətlərin günü-gündın artmasına səbəb olan amillər hansılardır?
Bazarlardakı real vəziyyətə nəzər salsaq bəlli olar ki, qiymətlər əvvəlki illərlə müqayisədə xeyli dərəcədə artıb. Yəni ilin elə fəsli, elə bayram ayları olmur ki, qiymət artımı baş verməsin.
Ekspertlərin fikrincə, bazarlarda qiymət artımı ən çox süni amillərlə bağlıdır. Həmin amillərdən ən təhlükəsi və dərin kök salanı inhisarçılıq və nəzarət sisteminin olmamasıdır.
İqtisadçı ekspert Samir Əliyev bildirib ki, hələ ötən ildən bəlli idi ki, 2014-cü ildə qiymət artımı müşahidə olunacaq. Bu onunla bağlı idi ki, ilin sonunda enerji daşıyıcılarının qiymətndə bahalaşma baş vermişdi. Məhz benzinin qiymətinin qaldırılması təkcə nəqliyyat daşınmalarına deyil, eyni zamanda məhsulların da qiymətinə təsir etməli idi: “Qiymət artımına təsir edən digər amillər büdcə və investisiya xərcləri ilə bağlıdır ki, böyük həcmli vəsaitlər müxtəlif layihələrin icrasına yönəldilir. Bu layihələr də öz növbəsində qiymət artımını şərtləndirir. Həmçinin paytaxtda söküntü işlərinin aparılması da qiymətlərə təsirsiz ötüşmür”.
Onun sözlərinə görə, qiymət artımı infilyasiyanın həcminə də təsir edir. Belə ki, infilyasiyanın həcmi 5-6 faiz civarında olması gözlənilsə də reallıqda bu göstərici daha artıqdır: “Hazırda işıq və qazın qiymətinin artması ilə bağlı məlumatın cəmiyyətə ötürülməsi təbii ki, iqtisadiyyata təsir göstərir. Bunun nəticəsi olaraq onların qiyməti artmasa da belə, bu xəbər nəticəsində qiymətlərin qalxması müşahidə olunur”. Ekspertin sözlərinə görə, qiymət artımının qarşısını almaq üçün kifayət qədər iqtisadi rıçaqlar mövcuddur: “Əslində qiymət artımına nəzarət etməyə ehtiyac yoxdur. Sadəcə bu prosesi iqtisadi yollarla tənzimləmək lazımdır. Hökumət iqtisadi rıçaqlardan istifadə etməklə qiymət artımının qarşısını almalıdır. Bunun üçün ilk növbədə inhisarçılıq aradan qaldırılmalı, idxal məhsullarda rəqabət mühiti yaradılmalı və ölkə daxilindəki inhisarçılığa son qoyulmalıdır. Eyni zamanda, sahibkarlıq mühiti üçün əlverişli imkan yaradılmalı, ucuz kreditlərin verilməsi təmin edilməlidir. Xüsusən, qeyri-rəsmi ödənişlər aradan qaldırılmalıdır ki, qiymətlərin stabil saxlanması təmin edilsin. Rəqabət mühitinin yaradılması, fermerlərə bazarda öz məhsullarının satması üçün imkanın verilməsi tipli iqtisadi tədbirlər var ki, hökumət binlardan istifadə edərək qiymət azalmasını təmin edə bilər. Əks halda, qiymət üzərində nəzarət mexanizminin tətbiqi düzgün sayıla bilməz. Çünki bazar iqtisadiyyatı şəraitidir, bazarda qiymətlər tələb və təklif əsasında formalaşır. Məlumdir ki, işıq və qazın qiyməti dövlət tərəfində tənzimlənir, amma digər sahələr yalnız iqtisadi yolla nizama salınmalıdır”.
Alim