Azərbaycan məscidlərində təhlükə ocaqları
Azərbaycan məscidlərində təhlükə ocaqları

Müxtəlif cərəyanların Azərbaycanda formalaşmış dini dağıtmaq, dövlət orqanlarına yerləşmək cəhdləri təhlükəlidir

Bu gün dünyanın müxtəlif ölkələrində fərqli dinlər, təriqətlər arasında ixtilaflar müşahidə olunur. Fəxrlə demək olar ki, Azərbaycan xristianların, islam dininə sitayiş edənlərin, eləcə də yəhudi icmasının maneəsiz, dinc, birgə yaşadığı barmaqla sayılacaq qədər çox az sayda olan ölkələrdəndir. Ölkəmizdə bütün səmavi və qeyri-səmavi dinlər üçün ibadət evlərinin olması bunun bariz nümunəsidir.
Müxtəlif dinlərə mənsub insanların münasibətlərinin qarşılıqlı hörmət əsasında qurulması isə artıq Azərbaycanı bütün dünyaya tolerantlıq nümunəsi kimi tanıdıb. Doğurdan da, bu gün istənilən cəmiyyətdə sabitlik və təhlükəsizliyin mövcudluğunu şərtləndirən əsas amillərdən biri dini dözümlülük, müxtəlif dinə sitayiş edən insanların tolerantlıq şəraitində yaşaya bilməsi ilə birbaşa bağlıdır. Sözügedən amil həm də davamlı inkişafın möhkəm əsasını yaradan ən vacib faktorlardan biri kimi çıxış edir. Dünyanın mövcud siyasi və dini xəritəsinə nəzər yetirməklə qeyd edilənlərin çoxsaylı real nümunəsinə rast gəlmək mümkündür. Artıq sosial bir fenomenə çevrilən dini tolerantlıq günümüzdə həm də multikulturalizmin əsas təzahür elementlərindən birinə çevrilib. Modern tərəqqi yolunda uğurla irəliləyən Azərbaycanı da xarakterizə edən əsas xüsusiyyətlərdən biri yüksək dini tolerantlığın artıq mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olmasıdır. Qloballaşan dünyada milli-mənəvi dəyərləri, mədəni fərqliliyi qoruyub-saxlamaq və gələcək nəsillərə ötürmək çətin olduğu qədər də vacibdir. Multikulturalizm məkanı sayılan Azərbaycan tolerantlığı, dözümlülüyü ilə bərabər, özünəməxsus mədəniyyəti ilə dünya ictimaiyyətinin diqqətini cəlb edir.
Elə Milli Məclisin deputatı, professor Musa Qasımlı ilə söhbətimiz də bu mövzuda oldu.
-Musa müəllim Azərbaycanda dini tolerantlıqla bağlı vəziyyəti necə qiymətləndirirsiniz?
Çoxmillətli Azərbaycanda əsrlərdən bəri müxtəlif dinlərə sitayiş edən insanlar bir ailə üzvü kimi yaşamaqda, dini dözümlülüyü xalqımızın ən əsas mənəvi dəyərlərindən birinə çevirməkdədirlər. Hazırda Azərbaycanda dinindən, dilindən, irqindən və digər bu kimi mühüm göstəricilərdən asılı olmayaraq bütün xalqlar bir ailə kimi dostluq, qardaşlıq, mehribanlıq şəraitində yaşayırlar. Məhz bunun nəticəsidir ki, Azərbaycan dünya miqyasında təkcə dinamik sosial-iqtisadi inkişafa malik ölkə olaraq yox, həm də dini tolerantlıq baxımından xüsusi maraq və əhəmiyyət kəsb edən dövlət kimi qəbul olunur. Artıq beynəlxalq miqyasda da qəbul olunan həqiqətdir ki, Azərbaycan tolerantlıq mühiti baxımından dünyada özünəməxsus bir modelin əsasını yaradıb. Həqiqətən də ölkəmizdə müxtəlif millətlərin mədəni, dini münasibətlərində əsl plüralizm hökm sürür. Məhz bu plüralizm Azərbaycan cəmiyyətini daha sıx birləşdirir, onun möhkəmlənməsini, sarsılmazlılığını təmin edir, ölkəmizdə müxtəlif dini baxışları olan insanlar vahid bir ailə kimi sülh və əmin-amanlıq içində yaşayırlar. Müasir Azərbaycanda hər bir dünyəvi dinin mövcud olması və ona inanan insanların etiqadlarında sərbəst olması, buna hörmətlə yanaşılması beynəlxalq miqyasda da açıq etiraf olunur. Eyni zamanda müxtəlif dinə sitayiş edən insanlar arasında yüksək dialoq mədəniyyətinin yaradılması da ölkəmizdə bu sahədə tolerantlığın real ifadə tərzlərindən biridir. Bir sözlə, dini və milli dözümlülük tolerantlıq baxımından Azərbaycan nümunə olan dövlətdir. Hər şeydən əvvəl dini məsələlərin tənzimlənməsi ilə bağlı konstitusiyamızda müddəalar öz əksini tapıb, müvafiq qanunvericilik bazası var və hüquqi normativ bir baza formalaşdırılıb. Bu gün Azərbaycanda bütün dinlərin fəaliyyəti üçün dövlət təminat verir. Dövlət dindarlar üçün bütün şəraiti yaradıb. Bu gün Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar maneəsiz fəaliyyət göstərir. Bu Azərbaycanın dini tolerantlıq baxımından model bir ölkə olduğunun bariz nümunəsidir. Azərbaycanda dindarların hüquqları dövlət tərəfindən qorunur. Mənəvi inkişaf baxımından qanunlar qəbul edilib. Hesab edirəm ki, Azərbaycanda yürüdülən siyasət bir çox ölkələr üçün nümunədir. Yenə də qeyd edirəm ki, Azərbaycan Respublikasının Konstitusiyası etnik mənsubiyyətindən, irqindən, dinindən, milliyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquqlarının qorunmasına təminat verir. Konstitusiyanın 48-ci maddəsinə əsasən, hər bir şəxs vicdan azadlığına, dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək və ya heç bir dinə eitqad etməmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir. Prezident İlham Əliyev də bu xüsusda bəyan edib ki, heç vaxt heç bir yerdə ayrı-seçkiliyə yol verilməyəcək, verilmir və bunun qarantı Azərbaycan prezidentidir.
-Azərbaycanda son vaxtlar müxtəlif dini cərəyanlar vasitəsilə dini tolerantlığın Azərbaycan modelini zədələməyə cəhdlər olur...
-Mənim bu məsələdə fikrim konkretdir. Azərbaycan dünyəvi ölkədir. Ölkəmizdə din dövlətdən ayrıdır. Dövlətimiz dindarlar üçün bütün normal şərait yaradıb. Hansı ki, son illərdəki kimi ölkəmizdə heç vaxt dindarlar üçün belə bir normal mühit olmayıb. Amma dindar olan şəxs də gedib dini işləri ilə məşğul ola bilər və dövlətin işinə qarışmamalıdır. Müxtəlif cərəyanların Azərbaycanda formalaşmış dini dağıtmaq, dövlət orqanlarına yerləşmək cəhdləri təhlükəlidir. Mənim fikrimcə, bu qanunlarımızla tənzimlənib və ciddi şəkildə gözlənilməlidir. Gözlənilmə ondan ibarətdir ki, əgər bir şəxs dindardırsa və gedib dini təhsil almaq istəyirsə, Bakı İslam Universitetində təhsilini ala və digər yerlərdə dini təhsilini davam etdirə bilər. Dindarlar dövlətin işinə qətiyyən müdaxilə edə bilməz. Eləcə də, bir sistem, şəbəkə yaradıb dövlətin işinə müdaxilə cəhdlərində çabalar göstərə bilməzlər. Əgər edirlərsə, bunun qarşısı mütləq şəkildə alınmalıdır. Bu gün Azərbaycanda İslam dinini müxtəlif təriqələrə parçalamaq, dağıtmaq cəhdləri var. Əgər hər hansı cərəyan, təriqət bu sahədə fəaliyyət göstərirsə, təbii ki, dövlətimiz buna göz yuma bilməz. Amma bütövlükdə Azərbaycanda heç bir cərəyan, heç bir təriqət təqib olunmur, Azərbaycan konstitusiyası ilə həmin şəxslərin hüquqları qorunur. Ona görə də hesab edirəm ki,qanundan kənar atılan addımların qarşısı qanunla alınmalıdır. Nəzərinizə çatdırıram ki, qanundan kənar atılan hər bir addım anarxiyaya aparır. Dövlət isə heç bir zaman anarxiyanın yaranmasına imkan verə bilməz.
-Sizcə bu modelin dağıdılmasına yönəlik tədbirlərin qarşısının alınması istiqamətində hansı işlər görülməlidir?
- Dini işlər üzrə Dövlət Komitəsi ciddi işləməlidir. Bu qurum, dövlətin bu istiqamətdə siyasətini daha dəqiq və incəliklə həyata keçirməlidir. Bundan başqa Qafqaz Müsəlmanları İdarəsi müsəlman dindarlar arasında maarifçilik işini apara bilər. Azərbaycanın Qeyri-Hökumət Təşkilatları da böyük layihələr həyata keçirə bilərlər. Bundan başqa Azərbaycanda telekanallarda və radiolarda din və cəmiyyət, din və dövlət, dini hüquqlarla bağlı proqramlar ola bilər. Mənim fikrimcə, bunun böyük faydası dəyə bilər. Azərbaycan dövlətini zəiflətməyə yönələn hər hansı dini cərəyanın, təriqətin qarşısı alınmalıdır. Düzdür, onlar fəaliyyətlərində sərbəstdirlər. Amma nə zaman ki, onların fəaliyyəti dövlətin zəifləməsinə yönələcək, onların qarşısı qətiyyətlə alınmalıdır.
-Musa müəllim son vaxtlar dini cərəyanlar vasitəsilə gənclərin təsir altına salınması yönündə sanki bir siyasət həyata keçirilir.
- Hesab edirəm ki, Bakı İslam Universiteti gücləndirilməlidir. Azərbaycan gənclərinin xaricdə dini təhsil almasının mən qətiyyən əleyhinəyəm. Hesab edirəm ki, dini təhsil almaq istəyən gənclər Bakı İslam universitetində 4 il təhsil aldıqdan sonra, müəyyən müddətdən sonra xarici ölkələrin din mərkəzlərində təhsil ala bilər. Fikrimcə gənc yaşlarında xaricdə dini təhsil alıb gəlib Azərbaycanda məscidlərdə yerləşməsi təhlükəlidir. Bu məsələlərdə bizim qanunlarımız gözlənilməlidir.
-Azərbaycanda zaman-zaman beynəlxalq dini tədbirlərin keçirilməsinin ölkəmiz üçün hansı müsbət təsirləri ola bilər?
-Ölkəmiz həm də müxtəlif beynəlxalq dini tədbirlərin keçirildiyi əsas məkanlardan biri olaraq da beynəlxalq miqyasda kifayət qədər yaxşı tanınır. Hətta belə demək mümkündürsə, artıq bu qəbildən olan tədbirlərin ölkəmizdə baş tutması ənənəvi xarakter almaqdadır. Bunun nəticəsidir ki, son illər Azərbaycan dinlərarası və sivilizasiyalararası dialoqun mərkəzinə çevrilib. Təqdirəlayiq haldır ki, bütün tarix boyu Azərbaycanda bir dəfədə olsun belə dini və etnik zəmində ədavət, qarşıdurma olmayıb, bütün millətlərin nümayəndələrinə hər zaman eyni münasibət sərgilənib. Çünki bu, bütövlükdə cəmiyyətin, dövlətin özünün inkişafına böyük təkan verir.