Türkiyədə seçkini AKP-nin udması  Azərbaycan üçün böyük imkanlar açacaq
Türkiyədə seçkini AKP-nin udması
Azərbaycan üçün böyük imkanlar açacaq

Zahid Oruc: “Bu Azərbaycana da iqtisadi, siyasi əlaqələrini genişləndirmək, Türkiyə üzərindən qərblə transmilli layihələrini gerçəkləşdirmək
qardaş ölkənin gücündən faydalanmaq imkanı yaratmış olacaq”

Türkiyədə dünən keçirilən bələdiyyə seçkilərində üstünlük əldə edən hakim Ədalət və İnkişaf Partiyası (AKP) 21 böyük şəhər, 32 yerli bələdiyyə üzrə seçkilərdə qalib gələrək ümumilikdə 45 faizlə önə çıxdı. Cümhuriyyət Xalq Partiyası (CHP) dünənki seçkilərdə 5 böyük şəhər və 7 yerli bələdiyyədə qalib olub. Milliyət Xalq Partiyası (MHP) bu dəfə 2 böyük şəhər, 6 yerli bələdiyyədə qələbə əldə edib. Barış və Demokrat Partiyası (BDP) gözlənildiyi kimi Diyarbakır və Van kimi 2 böyük şəhərə və 6 yerli bələdiyyəyə sahib çıxıb. Türkiyədə hakim partiyanın seçkilərdə qalibiyyəti hələ də qeyd olunmaqdadır. Türkiyədə seçki prosesi digər ölkələrdə də maraqla izlənildi. Eləcə də Azərbaycanda. Azərbaycanda AKP-nin seçkilərdə qalibiyyət sevincini yaşamaq üçün gecə saaatlarında AKP lideri Rəcəb Tayyib Ərdoğanın nitqini canlı izləyənlər də az olmadı. Elə millət vəkili Zahid Oruc “Unikal”a verdiyi müsahibəsində də Türkiyədəki seçki prosesi, bu seçkilərin regiona təsiri barədə danışdı.

-Zahid bəy, yəqin ki, Türkiyədəki dünənki seçki prosesini siz də izlədiniz.
-Təbii ki, Türkiyədəki seçkiləri mən də maraqla izləyirdim. Çünki bu Türkiyə siyasətçilərinin dediyi kimi, “yeral”seçkilərdən, bələdiyyə seçkilərindən daha çox bu ölkənin gələcəyini müəyyənləşdirəcək milli kampaniyaya çevrildi. Onun referenduma daşınması, ümumən bu dövr ərzində yürüdülən siyasətə xalq rəğbətinin müəyyənləşməsi, ən sonucda bir suala cavab verməli idi. Türkiyənin hazırki dönəmində xarici dairələrin çalışdığı və hər hansı bir şəkildə bu ölkənin içərisinə təsir mexanizmləri qalacaq yoxsa gedəcək? İllər ərzində Türkiyəni içdən zəiflədən sistemlər tam məhv olacaq, yoxsa hər hansı formada yaşamaq imkanı əldə edəcək? Ərdoğanın onlara qarşı başlatdığı kampaniyaya xalq öz iradəsini müsbət ifadə edəcək, yoxsa yox? Mən çox şadam ki, Ərdoğan qalib gəldi. Və öz təhlil yazılarımda da bunu istədiyimi, simpatiyamı açıq ifadə etmişdim.
-Bu seçkini AKP-nin qazanması çətin oldu. Hətta Türkiyədə buna ümidin çox az olduğu barədə proqnozlar verilmişdi. Bu seçki Türkiyəyə nə vəd edir?
- Gerçəkdən də çox çətin bir iş idi. Xarizmatik bir lider kimi bundan əvvəl 4 cəbhədə savaş aparan və qlobal bir siyasi mübarizəyə qatılan şəxsiyyətin ən sonucda, seçkidən qısa bir müddət öncə bu mübarizənin içərisində olması çoxlarında belə bir təsəvvür yaratmışdı ki, çox böyük səs itgiləri olacaq.Bütün proqnozlar özünü doğrultmadı və nə yaxşı ki, AKP-nin simvolu olan işıqları daimi yanacaq. Natonun vaxtı ilə ölkənin içində silahlı qüvvələrlə qurub saxladığı sistemi konstitutsyon islahatlarla aradan qaldırıldı. Çox sərt milliyətçi tövr tərk edənləri ortadan götürən, ən sonda Gülən camaatına qarşı beynəlxalq miqyasda mübarizə aparan bir liderin bu günki qalibiyyəti bu ölkənin gücünü artıracaq. Unutmayaq ki, müsəlman dünyası üçün Türkiyə bir modeldir.Misirdə inqilab baş verəndə müsəlman qardaşları hansı ölkənin modelini əsas model kimi götürürdülər. Təbii ki, Türkiyəni əsas götürürdülər. Çünki bu ölkənin cazibədarlığı vardı. Məhz ona görə də müsəlman qardaşlarını məhv elədilər. Bu gün general Sisi minlərlə insana edam hökmü kəsir. Sual yaranır, niyə qərb səsini qaldırmır? Amma Gəzi parkında bir insanın ölümünün üstündən uzun müddət keçdikdən sonra bir simvola çevirərək Türkiyəni zəiflədən təbliğatda istifadə edirlər. Bu o demək idi ki, Ərdoğan əleyhinə qurulmuş bir beynəlxalq cepe vardı. Bunlar arxada qaldı. İndi Türkiyənin bundan sonrakı dönəmdə qalib partiya tövrünü göstərərək, Ərdoğanın üzərinə düşən iş prosesləri irəliyə yenidən daşımaqdır. Mən inanıram ki, Ərdoğan bunun öhdəsindən layiqincə gələcək. Güclənmiş bir şəkildə bu seçkilərdən qalib çıxması münasibətilə bu ölkəni, liderlərini, xalqını təbrik edirəm.
-Hakim partiyanın seçkini udması Azərbaycan üçün hansı imkanlar aça bilər?
-Azərbaycan Türkiyənin bu hüzura qovuşmasından şaddır. Bu ölkənin gücü, onun regional imkanları, həm də, bizim, ölkəmizin, xeyirimizə işləyəcək. İlk növbədə nəzərə alamaq lazımdır ki, AKP hökuməti ilə Azərbaycan hökuməti arasında dərin siyasi, iqtisadi hərbi iş birlikləri var. Bu illər ərzində bizim münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinədək yüksəlib. Artıq iki ölkənin müxtəlif sahələrdə, hərbi əlaqələri az qala ordu halına gəlməkdədir. Bunun üçün ilkin addımlar atılıb. Qaraheybətdə, Naxçıvanda Türkiyənin müxtəlif şəhərində aparılan hərbi təlimlər buna bir nümunədir. Türkiyə artıq bu regionda aktiv bir siyasi oyunçu halına gəlib. Və bölgə dövlətləri də onunla hesablaşırlar. Həmin ölkənin daxili çaxnaşmaları, ciddi qovqada qalması da bizim ziyanımıza işləyirdi. Düşünürəm ki, hazırki dönəmdə xalqın Ərdoğana bir daha etibar göstərməsi, onun növbəti seçkini qazanması sübuta yetirdi ki, seçilən xətt doğru olub. İllərlə bu ölkəni zəiflədən hərbi çevrilişlər, ya başqa xarakterli daxli problemlər mövcud olub. İnanıram ki, bunu arxada qoymaq imkanları daha da artacaq. Bütün müsəlman ölkələrində daxili qovğalar, müharibələr, hər gün özünü göstərən itgilər var. Türkiyə hər gün baş verən mitinqlərə, gözyaşardıcı qazlara baxmadan demokratik mühit yaradıb. Türkiyə xalqı yetkinlik nümunəsini sərgilədi və qalib gəldi. Bu Azərbaycana da istisadi, siyasi əlaqələrini genişləndirmək, Türkiyə üzərindən qərblə transmilli layihələrini gerçəkləşdirmək ,qardaş ölkənin gücündən faydalanmaq imkanı yaratmış olacaq.
-Qarabağ məsələsinə təsiri baxımından hansı əlverişli şərait yarana bilər?
-Bu seçkinin Qarabağ məsələsinə də təsiri olacaq. İllər ərzində Türkiyə Qarabağla bağlı məsələlərdə ATƏT-in Minsk qrupundan kənarda bu məsələyə fəal qoşulması, xarici siyasətində Dağlıq Qarabağ problemini önə çıxartması dəfələrlə danışıqlarda bunun sorğusunu etməsi, Azərbaycanla bağlanmış müttəfiqlik sazişində ərazi bütövlüyümüzlə bağlı təhlükə olacağı halda hərbi cəhətdən Türkiyənin bizi müdafiə etməsini vurğulaması dediklərimizə sübutdur. Rusiya da İran da beynəlxalq güclər də bunu nəzərə alırlar. Nəzərə almaq lazımdır ki, Azərbaycan Türkiyə ilə Qarabağ məsələsində vahid cəbhədədir bunun bizim xeyirimizə işləməsindən, Ermənistanda narahatdır. Bu seçimlərin Qarabağ münasibətlərinə də müsbət təsiri var.
-Zahid bəy bu seçki region ölkələri üçün, eləcə də bizim üçün də bələdiyyə seçkiləri bir nümunə ola bilərmi?
-Çox arzulayıram ki, Azərbaycanda da gələcəkdə bələdiyyə seçkilərində belə fəallıq nümayiş olunsun. Amma nəzərə alaq ki, Azərbaycanda bələdiyyə sisteminin qurulması uzaq keçmişə təsadüf eləmir. Yeni formalaşır. Türkiyədə bələdiyyə seçkilərinin partiyalı şəkildə mübarizəsi gedir. Həmçinin Türkiyədə bələdiyyə sisteminin qurulmasının böyük tarixi var. Türkiyədə bələdiyyə seçkilərində udanların gələcək parlamentdə də prezidentliyi qazanacağı da gözlənilir. Azərbaycanın Türkiyə bələdiyyə sistemindən çox şey öyrənməsinə ehtiyacı var. Hələdə bələdiyyələrə geniş səlahiyyətin verilməməsi, onun mülkiyyətinin tanınmaması, cəmiyyətlə iş birliyində çətinliklərimiz var. Seçkinin hansı platformada getməsi deyil, səlahiyyətləri, yerli idarəetmənin formalaşması, mərkəzləşmiş idarəçilikdə çıxıb xalqın özünün birbaşa proseslərə təsiri baxımından Türkiyə təcrübəsindən nümunə götürməliyik.
-Türkiyədə baş tutan bu seçkidən sonra uduzan tərəflər,müxalif partiyalar bizdəki kimi çılğın hərəkətləri ilə yadda qalmadılar.
-Türkiyədə seçkilərin təhlilləri aparılacaq. Amma nəzərə alın, Türkiyəni zəiflədərək hamının məğlub olmasını istəyən xarici dairələr nəyin şahidi oldular? Başı bağlı bir xanım bələdiyyə başçısı seçildi, Türkiyə Komminist partiyasının rəhbəri bələdiyyə rəhbəri oldu. Kifayət qədər geniş siyasi ideoloji rəngdən ibarət palitrada seçkilər yekunlaşdı. Xalq özünün demokratiyaya bağlılığını sübut etdi. Hamıya göründü ki, hansısa ölkələrdəki diktatura sistemlərindən fərqli olaraq insanlar meydanlarda savaşarlar,mitinqlərdə üz-üzə gələrlər, bəzən polislə belə toqquşarlar, amma sandıq üzərindən göstərilən iradəni də tanıyarlar. MHP-çilərin CHP-çilərin “xalqın iradəsini təftiş etməyəcəyik” deyə söylədikləri məni şad elədi. Azərbaycanda da siyasi mədəniyyətin belə yüksək olmasını hər birimiz arzu edirik.
-Bizdə də partiyaların seçkidən sonra bu cür mövqe sərgiləməsi mümkün ola bilərmi?
-Azərbaycanda müxalifət adi gözlə görünən nəticələri tanımaq istəmir. Bu çox dəhşətli haldır. Problemləri demək, korrupsiya faktlarını söyləməklə bərabər uğuru da tanımaq vacibdir. Hansısa uğuru tanımaq bunu söyləmək onları öz müxalif durumundan çıxardacaqdımı? Əsla xeyir.Türkiyə müxalifətinin dilindən səslənəndə ki, onlar milli maraqlarda hakimiyyət əleyhinə olmayacaqlar, hətta seçki kimi bir provakasiyalarda onlar siyasi soyuqqanlılıqlarını qoruyurlarsa, yaxşı nəticədir. Türkiyəni hüzura qovuşması hər birimizi sevindirir və bir daha buna görə də təbrik edirəm.
Mələk Eyvazlı