Əli Həsənovdan çağırış
Əli Həsənovdan çağırış

Dini maarifləndirmə birinci vəzifə olmalıdır

Əksər hallarda belə fikirlər səsləndirilir ki, nədən Azərbaycanda dini və milli tolerantlığa, millətlərarası münasibətlərin inkişafına bu qədər diqqət ayrılır? Əslində ilk görnüşdən suala haqq qazandırmaq olar. Amma dünyada baş verən prosesləri təhlil edəndə, zaman-zaman Azərbaycanın hansısa qüvvələr tərəfindən hədəfə alındığı, yad təriqətləri süni şəkildə ixrac etmələrini görəndə sualın cavabının başqa olduğunu görürük. Aydın şəkildə görünür ki, yad dini təriqətləri Azərbaycana ixrac edən qüvvələr bir tərəfdən bu təriqətlər vasitəsi ilə ölkədə süni gərginlik yaratmağa çalışır, bir tərəfdən isə Azərbaycanı dünyaya radikal islam beşiyi kimi təqdim etməyə çalışırlar. Başqa cür desək süni informasiya savaşı yaradırlar. Hətta məsələnin bu şəkildə olmasını Prezident Admnistrasiyasının şöbə müdiri Əli Həsənovda təsdiqləyib:-“ Dünyada Antiazərbaycan təbliğatının qidalandığı üçüncü mənbə son illərdə bəzi ölkələrdə vüsət almış islamofobiya meyilləri hesab oluna bilər. Bu hal müasir dünyanın hazırda müşahidə olunan ən mənfi reallıqlarından biridir və Azərbaycan da bir islam ölkəsi kimi bu reallıqdan ciddi əziyyət çəkir. Dünyada islamofobiya meyilləri gücləndikcə müsəlman ölkələrinə münasibət də mənfi istiqamətə dəyişir. Hazırda ayrı-ayrı ölkələrdə islamofobiya xəstəliyinə yoluxmuş siyasətçilərin sayı günü-gündən artır və onlar müsəlman ölkələrinə qarşı ciddi bir qüvvəyə çevrilir. Həmin qüvvələr öz müsbət inkişaf tendensiyaları ilə seçilən, müasirliyi, müstəqil siyasəti və s. ilə fərqlənən Azərbaycan kimi müsəlman ölkələrinə qarşı təsirli kampaniya aparırlar. Azərbaycana qarşı informasiya müharibəsi aparan dördüncü qrupa isə sadəcə olaraq Azərbaycanın müstəqil siyasətini qəbul etməyən insanlar, təşkilatlar və ölkələr daxildir. Bu qrupun təmsilçiləri elə hesab edir ki, Azərbaycan kimi kiçik ölkələr müstəqil siyasət yürütməməli, kiminsə “qanadının altına” keçməlidir. Prezident İlham Əliyev bununla bağlı qeyd etmişdir ki, Azərbaycanın müstəqil siyasətini qəbul etməyən həmin qüvvələr çalışırlar ki, fərqli-fərqli imkanlardan, informasiya texnologiyalarından və s. istifadə edib ölkəmizə qarşı təxribat etsinlər, dünya ictimaiyyətinə müxtəlif yalan, böhtan xarakterli məlumatlar ötürsünlər. Əlbəttə, Azərbaycanın müstəqil siyasəti, hər bir beynəlxalq məsələ ilə bağlı ortaya qoyduğu qəti mövqe dünya birliyndə bizim etimadımızı artırır. BMT Təhlükəsizlik Şurasına seçilməsi Azərbaycanın xarici siyasətinin böyük təntənəsi və zəfəridir. Dünyanın 155 ölkəsinin dəstəyini qazanmaq, bizim müstəqil siyasətimizə, müstəqil dövlətimizə böyük inam və etimadın gəstəricisidir. Azərbaycan öz müstəqil yolu ilə gedir”.Buna görə də bu gün Azərbaycan həm ölkəxaricində,həm də ölkədaxilində uzlaşdırılmış siyasət aparmalıdır. Bildiyiniz kimi prezident İlham Əliyev hələ iki il öncə açıq şəkildə bəyan etdi ki, Azərbaycan diplomatiyası müdafiə diplomatiyasından imtina edərək hucum diplomatiyasına keçməlidir. Bu belə də oldu. Nəticə isə göz qabağındadır. Ən aparıcı dövlətlər belə Azərbaycanın xarici siyasəti ilə hesablaşırlar. Elə Ukrayna məsələsi BMT-də müzakirə olunanda hamının diqqəti Azərbaycana yönəlmişdi və Azərbaycan hər hansı basqıya baxmadan konkret və ədalətli qərarını verdi. Bu qətiyyət demək olar ki, bütün sahələrdə özünü göstərir. Buna görə də ölkəxaricində olduğu kimi ölkədaxilində də eyni hucum siyasətindən istifadə etmək vacibdir və bu reallaşdırılmaqdadır. Prezident İlham Əliyevin dini və milli məsələləri xüsusi diqqətdə saxlamaq üçün prezident yanında müşavirlik yaratmasıda məhz bununla bağlıdır və məlumunuz olduğu kimi bu posta Kamal Abdulla təyin olunub. Kamal Abdullanın isə fəaliyyəti artıq hiss olunmaqdadır. Müşavirin dediyinə görə prosesləri təhlil etmək, əməli tədbirlər həyata keçirtmək üçün artıq üç komissiya yaradılıb və real işlərə start verilib. Müşavirin özü isə artıq bir neçə dəfə rayonlara səfər edib, ölkədə fəaliyyət göstərən dini icmalarla görüş keçirib. Həmçinin müşavir mövcud durumu da təhlil edib. “Əvvəllər azsaylı xalqlar deyirdik. İndi, ümumiyyətlə, biz azsaylı xalqlar ifadəsini öz leksikonumuzdan çıxartmalıyıq. Xalq olur, azsaylı xalq olmur ki. Biz hamımız bir-birimizin yanındayıq və hamımızı birləşdirən Azərbaycan var”.Bunu Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə yeni dövlət müşaviri Kamal Abdulla Azərbaycandakı milli azlıqların milli-mədəni təşkilatlarının rəhbərləri ilə keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, Azərbaycan, azərbaycançılıq naminə olan işlərdən kənarda nə baş verəcəksə, dövlətin o hərəkatı, yad nəfəsi susdurmağa gücü var: “Dövlət parçalanma, separatçılığın olmasına imkan verməyəcək. Bu məsələlər bizə yad olan məsələdir, nə bizim xalqımıza, nə də həmin xalqların Azərbaycan naminə şəhid gedən övladlarının uyğun gələn məsələ deyil. Dağlıq Qarabağ münaqişəsi başlayanda cəbhəyə öncə talışlar, ləzgilər, tatlar, ruslar getdi. Burada əyləşən hər bir millətin nümayəndəsi getdi. Budur azərbaycançılıq”.
K.Abdulla qeyd edib ki, icmalarla bu məqamları qorumaq üçün bir çox işlər görəcək, müxtəlif layihələr icra ediləcək. Onun sözlərinə görə, bu layihələr xalqların mədəniyyətinin çiçəklənməsi, Azərbaycan ölkəsində təmsil olunan dillərin çiçəklənməsi, müxtəlif tarixi mədəniyyətin öyrənilməsi, ənənələrin davam etdirilməsi istiqamətində olacaq: “Bu istiqamətdə icmaların irəli sürəcəyi layihələri gözləyəcəyəm. Biz artıq çox intensiv şəkildə başlayaraq işimizi görməliyik. Azərbaycan dövlətçiliyi naminə hamımız əl-ələ verib çalışmalıyıq. Öz fəaliyyətimizlə həm öz icmalarımızın nümayəndələrini, həm də bütövlükdə Azərbaycanı və dostlarını sevindirməliyik. Azərbaycanı sevməyənlərin dəyirmanına su tökənlərlə bizim yolumuz bir deyil və olmayacaq. Onların məkrli niyyətləri, hiylələri və üstü bəzədilmiş ibarələri ilə heç kimi yanlışlığa, aldatmağa cəhd etməyə ehtiyac yoxdur. Onlarla bizim işimiz olmayacaq. Onlara sözünü dövlət deyəcək”.
Dövlət müşaviri icma rəhbərlərinin həm bir-biri ilə, həm də dövlət qurumları ilə sıx əməkdaşlıq edəcəyinə ümid etdiyini bildirib: “Müxtəlif səbəblərdən real fəaliyyətdən kənarda qalan gəncləri də bu işlərə cəlb edə bilərik. Ona görə ki, gənclər müxtəlif yollara, dövlətçiliyimizə yad olan yollara gedə bilirlər. Ona görə də gəncliyimizi bu yollardan qorumalıyıq”. Müşavirin çıxışından da gördüyünüz kimi bu problemləri aradan qaldırmağın ən vacib yollarından biri də maarifləndirməni ciddi şəkildə qurmaqdır. İlahiyyatçı alim Elşad Miri də “Unikal”a açıqlamasında bildirmişdi ki, tək hüquq-mühafizə orqanlarının, QHT-lərin imkanları hesabına bu problemləri həll etmək olmaz .Bunun üçün ilk növbədə maarifləndirmə işlərinə ehtiyac var və özüdə bu orta məktəb həddindən başlamalıdır. Maraqlıdır , bəs orta məktəblərdə uşaqların bu isiqamətdə dünyagörüşlərini formalaşdıracaq imkanlar varmı? Təhsil nazirinin müavini Ceyhun Bayramov deyir ki, Azərbaycanda din ayrıca fənn kimi məktəblərdə tədris olunmur.Onun sözlərinə görə, müəyyən fənlərdə, məsələn, “Həyat bilgisi” dərsliyində dini bilgilər uşaqların yaş qruplarına uyğun olaraq tədris olunur: “Uşaqlara dünya dinləri barədə də əlavə məlumatlar verilir. Uşaqları tolerantlıq, bütün dinlərə hörmət ruhunda tərbiyə etmək üçün dərsliklərdə bütün məlumatlar var. Bundan sonra da biz bunları nəzarətdə saxlayacağıq”.Amma ekspertlər hesab edir ki, dərs vəsaitlərində bu məsələlər lazımi səviyyədə deyil. Nəyə görə?
1. Dini bilgilər çox sətidir
2. Dini bilgilərdə bir mifologiya detalları var
3. Dinin fəlsəfəsi yox, yaranma tarixi əks olunub ki, buda heç bir effekt vermir
4. Dini bilgilər dərsliklərdə maarifləndirmə funksiyasını yox, məlumatlandırma funksiyasını daşıyır
Məhz bu səbəbdən də hesab edilir ki, dərs vəsaitləri daha da müasir formaya salınmalıdır. Həmçinin əsas diqqət ali məktəblərə ayrılmalıdır. Çünki ali məktəblərdə faktiki bu məsələlər undulub. Halbu ki, 1-ci və 2-ci kurs tələbələrinə fəlsəfə dərslikləri keçilir ki, burda ən azından bir dərs semestri dini mövzulara həsr oluna bilər. Bununla paralel olaraq qeyri-ənənəvi dinlər və təriqətlərdə diqqət mərkəzinə gətirilməli və açıq dərslər təşkil etməklə gəncləri maarifləndirmək olar. Çünki bu günün əsas problemi İslamı tanımaq deyil, əsas problem qeyri-ənənəvi təriqətlərin əsas niyyətini anlamamaqdır.
Beləliklə çıxaracağımız nəticə budur ki, görülən işlər heç də bir kompaniya xarakteri daşımır və buna görə də gündəlik yaşam tərzimizdə hər bir detal nəzərə alınmalıdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə əsasında. Səhifəni hazırladı Eldəniz Elgün