"Uduzdum, xalq düşməni oldum"- Toğrul Əsgərov
"Uduzdum, xalq düşməni oldum"- Toğrul Əsgərov

"Mənim burada uduzmağım pulla, maşınla, arxayınlaşmaqla, qudurmaqla-filanla bağlı deyildi"

Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatında London-2012 olimpiadasının qızıl mükafatçısı Toğrul Əsgərovun 1/8 finalda mübarizəni dayandırması ilə bağlı məlumat vermişdik.

Artıq Olimpiya çempionu da ona ünvanlanan ittihamlara cavab verib.
Toğrul Əsgərovun müsahibəsini təqdim edirik:
- Toğrul, bu məğlubiyyətindən sonra yerli mətbuatda sənin haqqında yazılanları oxumusanmı?
- Bəli, oxudum və çox təəssüfləndim. Jurnalistlərdir də, sağ olsunlar, nə lazımdırsa yazıblar. Amma o yazılanlar mənə maraqlı deyil. Mənim yolum hələ qabaqdadır. Amma bir şeyi başa düşmürəm. 2012-ci ildə qızıl oğlan idim. İndi uduzdum, xalq düşməni oldum. Bu necə ola bilər axı?!
- Məğlub oldun. Yəqin ki, bunun ciddi səbəbi var...
- Səbəblər çoxdur. Birincisi, iki ildən artıqdır ki, yarışlarda iştirak eləmirəm. Əsas problem də budur.
- Təbii ki, səbəblər var. Heç kim sənin ora bilərəkdən uduzmaq üçün getdiyini demir. Amma...
- Hamı bilirdi ki, yarışlardan əvvəl mədəmdən müalicə alırdım.
- Xəstəliyinə görə iki il idi ki, məşq etmirdin?
- Demək olar ki, hə. Sonra da babam rəhmətə getdi. Bundan sonra da yarışlardan uzaq qaldım. Məşq edirdim, sadəcə güclü məşqlər edə bilmirdim.
- Bəs bu yarışa getməzdən əvvəl millinin məşqlərində iştirak etmədinmi?
- Millinin iki məşqində iştirak edə bildim. Bu da çox azdır. Bolqarıstanda keçirilən turnirə də qatıla bilmədim. İnşallah, bundan sonra nə qədər yarış varsa, hamısında güləşib açılışmaq lazımdır.
- Belə bir iddia da var ki, məşqçilər heyəti problemlərinə görə səni bu yarışa aparmaq istəməyib. Amma sən təkid etmisən. Uğur qazanacağına inandığın üçün...
- Qardaş, çox şeyi eşit, amma inanma...
- Məşqçilər heyətindən bu məğlubiyyətə görə sənə irad tutanlar oldumu? Onların reaksiyası necə oldu?
- Məşqçilər məni başa düşür. Onlar deyir ki, belə də olmalı idi. Deyirlər dünya çempionatına hazırlaş, gücünü hər kəsə sübut elə. Beş aydan sonra - sentyabrda dünya çempionatı olacaq. Onda hər kəsə sübut edəcəm ki, mən kiməm, necə idmançıyam.
- Bakıya nə zaman qayıdırsan?
- Aprelin 5-də...
- Hələ 22 yaşın var. 20 yaşında olimpiya çempionu olmusan. Hamını maraqlandıran sualı verməliyəm. Oplimpiya çempionu olmaq səni arxayınlaşıdırmayıb ki? Nə zamansa ağlından belə fikirlər keçibmi? Yoxsa bundan daha güclü, yaxşı olmağı hədəfləmisən?
- Məni tanıyanlar bilir ki, mən həyatım boyunca dəyişməmişəm. Bu məğlubiyyət arxayınlaşmaqla bağlı deyildi. Sadəcə uğursuz iki il keçirdim. Çoxlu problemlər içində oldum. Bundan sonra hər şey yaxşı olacaq. Buna söz verirəm.
- Toğrul, sən necə fikirləşirsən, bizim bəzi çempionlarımız böyük uğurlar qazanandan sonra həyatları büsbütün dəyişir. Yaxşı qazanc, pul, şöhrət onları dəyişir. Əhlikef olurlar, məşqdən uzaqlaşırlar. Bəzilərini misal çəkə bilərəm. Bunlara görə səni də qınayırlar...
- Axı niyə çox adam idmançını başa düşmür? İdmançı ömür boyu məşq edir, əziyət çəkir, zədələnir, bədəninin müxtəlif yerləri əzilir, aylarla ac-susuz qalır ki, 10 kiloqram çəki atsın. Sonra da bu əziyyətlərinin qarşılığı olaraq böyük yarışda qələbə qazanır. Uduzanda da hamı deyir qudurdu. Axı sənə qalib gələn də idmançıdır, yoldan ötən deyil. Səncə, idmançı ömür boyu elə əziyyət çəkməlidir? Deputat da çıxıb deyir ki, bu idmançıları pul qudurdub (deputat Siyavuş Novruzov belə bir ifadə işlətmişdi-red). İdmançı çəkdiyi əziyyətin qarşılığını alıb. Nə istəyirsə, eləməyə haqqı yoxdurmu?
- Sənin də dediyin doğrudur. Nəhəng pulları zəhmətinizlə, tərinizlə qazanırsınız. Buna kimsə nəsə deyə bilməz. Amma başqa ölkələrdə çempionların ardıcıl uğurunu görürük. Biz də isə nəsə alınmır deyəsən...
- Niyə alınmır ki? Sadəcə hamı pis tərəfini tapır.
- Bu ardıcıl qələbələri sənin simanda görmək istəyirik. Bir azərbaycanlı kimi buna haqqımız çatır...
- İnşallah, olacaq.
- Olimpiya çempionu olandan sonra yaşadığın həyat tərzi dəyişibmi? Gənc yaşında şöhrətləndin, böyük pullar qazandın, bahalı maşın da hədiyyə etdilər. Çempion olandan sonra həyatında kəskin dəyişiklik oldumu?
- Yox. Əvvəldən necə idimsə, indi də eləyəm. Ətrafımda olan insanlar bunu yaxşı bilir. Ona görə deyirəm ki, mənim burada uduzmağım pulla, maşınla, arxayınlaşmaqla, qudurmaqla-filanla bağlı deyildi. Problemim oldu, yaxşı hazırlaşa bilmədim, uduzdum. İdmanda belə şeylər olur.
- Çempion olandan sonra fikirləşirdinmi ki, əgər bundan sonra uduzsam, deyəcəklər "bu da digərləri kimi çempion oldu qurtardı, idmandan uzaqlaşacaq"? Tatamiyə çıxanda üzərində belə məsuliyyət olur?
- Mən belə şeyləri fikirləşmirəm.
- Amma bu məğlubiyyətdən sonra cəmiyyətin yanaşmasını gördün. Bundan sonra istər-istəməz düşünməli olacaqsan...
- Düzdür, adam qıcıqlanır. Amma mən yenə də öz bildiyimi edirəm.
- Belə çətin gündə sənə ən çox kimlər dəstək oldu?
- Yaxın bildiyim insanlar. Demək olar ki, jurnalistlərdən başqa hər kəs...
- Səhv eləmirəmsə, bir dəfə də belə uğursuzluq yaşamışdın. Olub, belə hadisə..?
- Bəli. Belə hadisə ikinci dəfədir başıma gəlir. 2011-ci ildə də Avropa çempionatında birinci görüşü uduzdum. Amma söz verdim deyə sonra bütün yarışları qazandım. Nəticədə olimpiya çempionu oldum.
- Məşqlərinlə, qələbələrinlə bir daha yanlış düşünənləri haqsız çıxaracağına inanırsanmı?
- Əlbəttə. İçimdə güclü inam var. Əgər bu inam olmasaydı, olimpiya çempionu olmazdım. Mən idman tarixində hər cür nəticə göstərmişəm. Problemlərim oldu və buna görə də məğlub oldum. Səhvlərimi gördüm. Yolum uzundur. Hələ qarşıda neçə Avropa, dünya çempionatları və olimpiadalar var. İnşallah, növbəti olimpiadanı udaram. Yenə hər kəs bunu görər.