Valideynlərin diqqətinə: körpələrə vurulan peyvəndlər autizm yaradır?
Valideynlərin diqqətinə: körpələrə vurulan peyvəndlər autizm yaradır?
Müasir tibb autizmin peyvəndlərdən yaranmasını inkar edir

"Bir dəfə ağlayırdım, övladım yaxınlaşdı, gözlərimin yaşını sildi və boynuma sarıldı. O zaman hiss etdim ki, o, məni anlayır, hətta qayğıma qalır". Bu sözləri bir təlim zamanı autizm sindromlu övladı olan ana dedi.
Bunu deyərkən çox qəhərlənmişdi. Titrək səsindən bunu asanlıqla hiss etmək mümkün idi. Üstəlik qeyd edəndə ki, tənha anadır, işləyir və övladına özü baxır, bu qəhrəman qadına heyran qaldım.
Deməli, bu qadın bacarıb. Övladına sevgi, qayğı göstərməyi, onun yanında olduğunu, onu atmadığını, ona qüsurlu olmadığını göstərməyi...
Normal, tipik bir uşağı böyüdərkən min bir əziyyət çəkirik, ona həyat qaydalarını öyrədənə qədər müxtəlif şikayətlər edirik, yemək yeməyəndə əsəbləşirik, bir az boğazı ağrıdımı, hələ hərarəti qalxdımı, elə bil, dünya başımıza uçur.
Bir də autizmli uşaqları və onların valideynlərini düşünək. O valideynlər ki, normal uşaq sahibi olacaqlarını düşünürlər və birdən taleyin amansız sürprizi ilə qarşılaşırlar. İndi təsəvvür edin, o valideynlər autizmli uşağın qayğısına qalmalı, ona nəvaziş göstərməli, onunla səbirlə oyun oynamalı, hər şeyi ona başa salmalı, nələr, nələr etməlidirlər. Bu o qədər də asan bir iş deyil. Vacib bir məsələ: övladında autizm aşkarlanan bütün valideynlər eyni cür reaksiya verirlərmi?
Autizm haqqında uzun uzadı nəsə yazmaq fikrim yoxdur. İnternetdə kiçik bir axtarış etməklə çox geniş və eyni zamanda mübahisəli olan bu mövzuda özünüz kifayət qədər məlumat əldə edəcəksiniz. Amma onu deyim ki, autizm doğuşdan başlayan, həyatın ilk üç ilində ortaya çıxan inkişaf pozuntusudur. Onun beynin quruluşuna, yaxud funksiyasına təsir edən bəzi sinir sistemi problemlərindən qaynaqlandığı ehtimal olunur.
Bəli, ehtimal olunur, çünki bəzi mütəxəssilər bunu əqli gerilik, bəziləri nevrotik pozuntu kimi qəbul edirlər. Beləliklə, uşaqlara səhv diaqnoz qoyularaq yanlış dərmanlar qəbul etdirilir.
Autizm xəstəlik deyil. Bu, bir sindromdur. Yoluxucu deyil. Anadangəlmədir. Düzdür, sonradan bu sindrom diaqnozu qoyulan uşaqlar da olur. Amma sonradan bu cür diaqnoz qoyulan uşaqların valideynləri ən çox peyvəndlərdən sonra baş verdiyini desələr də, müasir tibb autizmin peyvəndlərdən yaranmasını inkar edir.
Bu yaxınlarda bir dostumuzdan eşitdim ki, autizm sindromu olan uşaq cəmiyyətdən təcrid olunub, hətta valideynlər onun bu vəziyyətindən utanır. Belə hal bizim cəmiyyət üçün birincidirmi? Əlbəttə ki, xeyr.
Bir haşiyə çıxaraq deyim ki, tək autizmli uşaqlar bu cür reaksiyayla qarşılaşmır. Əlil arabasında gəzən, ya da köməkçi vasitələrdən istifadə edən fiziki məhdudiyyətli insanlara ətrafımızda, avtobusda, məktəbdə, yolda, parkda, kinoda reaksiya necədir? Onlara normal insanlar kimi baxın, avtobusa minərkən qolundan dartıb kömək etməyə çalışmayın, onların kömək istəklərini gözləyin.
Dayanacaqda əlil arabasında birini gördüyünüzdə mütləq ona pul verməli deyilsiniz. O, dilənçi olmaya da bilər, bu cür uşaqlar, elə böyüklər də - istər autizmli olsun, istər fiziki məhdudiyyətli kinoya da gedə bilərlər, gəzməyə də çıxa bilərlər, toya da gedə bilərlər. Toyda da bu cür adamları görəndə ağlaşma qurmayın. Bu, ancaq və ancaq onlara damğa vurmaqdır.
Bir də onlar haqqında heç vaxt "fiziki qüsur"lu ifadəsini işlətməyin. Çünki onlar qüsurlu deyillər, sadəcə fiziki məhdudiyyətləri var.
Qayıdaq autizm məslələsinə. 2007-ci ildən BMT-nin qərarı ilə 2 aprel Beynəlxalq Autizm Maarifləndirmə Günü kimi qeyd olunur. Bununla əlaqədar bütün dünyada aprel ayı autizm sindromu haqqında maarifləndirməyə həsr olunur. Bizdə də bir sıra maarifləndirici tədbirlər, təlimlər keçirilir. Bu cür təlimlərdə iştirak edib maariflənmək lazımdır. Sabah nə baş verəcəyi, yaxınımızın, hətta öz övladımızın belə bir sindromla doğulub-doğulmayacağı məlum deyil. Buna görə də bu haqda bilgili olmaq vacibdir.
Siz də bu ay öz öhdənizə düşən maarifləndirmə işində iştirak edin. Heç olmasa, ilin bir ayı bu insanlar cəmiyyətdən təcrid olunmadıqlarını görsünlər.
Elnarə Ağaoğlu