Vyanada İranla "altılıq" ölkələri arasında növbəti nüvə müzakirələri başladı
Vyanada İranla "altılıq" ölkələri arasında növbəti nüvə müzakirələri başladı

Tehranla Vaşinqton arasında indi də "səfir müharibəsi" start götürdü

Vyanada İranla "altılıq" ölkələri arasında mübhaisəli məsələlərin həlli məqsədilə növbəti nüvə müzakirələri başlayıb. İRNA-nın verdiyi məlumata görə, iki gün davam edəcək danışıqlar yekun razılaşmanın qaralamasının hazırlanması mərhələsinə daxil olacaq.
Müzakirələrdə əsasən üç məsələ ətrafında fikir mübadiləsi aparılacaq, ancaq onların nədən ibarət olduğu açıqlanmayıb. Lakin Ərak ağır su nüvə reaktoru, uranın zənginləşdirilməsinin səviyyəsi kimi məsələlər mübahisəli mövzular kimi qalmaqda davam edir. Danışıqlar İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun rəhbərliyi altında öz işinə başlayıb, daha sonra müavinlər səviyyəsində davam etdiriləcək.
Qeyd edək ki, srağagün M.C.Zərif və K.Eşton işgüzar şam yeməyində bir araya gələrək ikigünlük danışıqların əsas mövzularını təyin ediblər. Bundan başqa, İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı Rusiya və Çin nümayəndələri ilə görüşüb.

İranla ABŞ arasında
səfir qalmaqalı

Bu arada ABŞ Senatı aprelin 7-də İranın BMT-dəki daimi nümayəndəliyinin yeni rəhbəri Həmid Abutalıbinin ölkə ərazisinə buraxılmasının qarşısının alınması barədə qanun layihəsi qəbul edib. "Radiofərda"nın verdiyi məlumata görə, sənədin müəllifi Texsas ştatının senatoru Ted Kruzdur. Qanun layihəsinə əsasən, terrorçu kimi qeydə alınmış şəxslərin ABŞ torpağına daxil olması və Nyu-York şəhərində yerləşən BMT-də xidmət göstərməsi qadağan olunmalıdır. Bu layihə ABŞ Nümayəndələr Palatası tərəfindən də təsdiqlənməli və qüvvəyə minməsi üçün ölkə prezidenti tərəfindən imzalanmalıdır.
Ancaq bununla belə, H.Abutalıbi ona qarşı irəli sürülən ittihamları təkzib edərək, həmin hadisənin iştirakçısı olmadığını, sadəcə, tərcüməçi rolunu oynadığını bildirib.
ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf deyib ki, İranın seçimi xeyli problem yaradacaq: "Biz bu məsələni diqqətlə nəzərdən keçiririk və mümkün seçimdən çox narahatıq". O, həmçinin H.Abutalibiyə viza verilib-verilməməsi məsələsinə də aydınlıq gətirib: "BMT-nin ofisi Nyu-Yorkda yerləşdiyindən, ABŞ-ı dövlətlərin nümayəndələrini qəbul etməyə məcbur edir".

Tehranın "cavab atəşi"
gecikmədi

"Həmid Abutalıbi İranı BMT-də təmsil etməyə layiqdir". Bunu isə İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm dünən yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, H.Abutalıbinin Avropa və Avstraliyada səmərəli diplomatik fəaliyyətləri olub: "Biz öz səfirimizi seçmişik. BMT-nin mərkəzi qərargahı ABŞ-da yerləşir. Ona görə də ABŞ-ın müvafiq rəsmiləri ilə viza verilməsi üçün yazışmalar aparmışıq. Biz bu istiqamətdə diplomatik kanallar vasitəsilə işimizi davam etdiririk. Əgər rəsmi cavab ala bilməsək, növbəti addımla bağlı qərarımızı verəcəyik".
Qeyd edək ki, H.Abutalıbi İran prezidentinin sərəncamı ilə bu vəzifəyə təyin edilib və 2007-ci ildən bəri İranın BMT-dəki daimi nümayəndəsi kimi fəaliyyət göstərən Məhəmməd Xəzaini əvəzləyib. H.Abutalıbi Həsən Ruhani hökumətində vitse-prezident vəzifəsində çalışıb. 56 yaşlı diplomat karyerasına 1979-cu il inqilabının ilk illərindən başlayıb və müxtəlif illərdə İranın İtaliya, Belçika və Avstraliyadakı səfiri vəzifələrində çalışıb. Onun İranın ali dini lideri ilə münasibətlərinin yaxşı olduğu, İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncaniyə yaxın bir kadr olduğu bildirilir. Ancaq bu təyinat ABŞ-da ciddi narazılığa səbəb olub. Buna səbəb onun Müsəlman Tələbələr Assosiasiyasının üzvü kimi 1979-cu il noyabrın 4-də ABŞ-ın İrandakı səfirliyinin tutulması və 52 amerikalının 444 gün girovluqda saxlanılmasında iştirakda günahlandırılmasıdır. Ötən gün ABŞ Dövlət Departamenti İranın BMT-dəki daimi nümayəndəliyinə yeni rəhbər təyinatından ciddi narahat olduğunu bildirib.
Murad İbrahimli