“Tolerantlıq tarixi köklərimizdən gəlir”
“Tolerantlıq tarixi köklərimizdən gəlir”

Azərbaycan dini və milli tolerantlıq baxımından bölgə dövlətləri arasında lider sayılır. Bu gün dünyanın müxtəlif ölkələrində fərqli dinlər, təriqətlər arasında ixtilaflar müşahidə olunsa da, fəxr edəcək haldır ki, Azərbaycan müxtəlif dinlərə sitayiş edən insanların birgə yaşadığı, barmaqla sayılacaq qədər çox az sayda olan ölkələrdəndir. Millət vəkili Yevda Abramovun ölkəmizdə dini tolerantlıqla bağlı Unikala müsahibəsini təqdim edirik.
-Yevda müəllim siz Azərbaycanda etnik xalqın nümayəndəsi olmaqla yanaşı, Milli Məclisdə təmsil olunursunuz. Sizin Azərbaycanda dini tolerantlığın vəziyyəti ilə bağlı fikirləriniz daha maraqlıdır. Siz bu vəziyyəti Azərbaycanda necə qiymətləndirirsiniz?
-Mən hər zaman demişəm ki, Azərbaycan dünyada insanların dini etiqad azadlığına ən həssaslıqla yanaşan bir dövlətdir. Bunun səbəbləri var. Birinci səbəbi Azərbaycan xalqının tarixi kökündə qonağa, başqa millətlərə qarşı olan psixologiyasında axtarmaq lazımdır. Azərbaycan xalqı tarixən ona pənah gətirən xalqlara qarşı bir dözümlülük göstərib. Bunun nümunələri bu gün də tarixi və sənət əsərlərində qalmaqdadır. Azərbaycan yaxşı nə varsa onu qonaq üçün saxlayıb. Hətta evini belə tikəndə qonaq evi ayırması buna bariz nümunədir. Yəni, bunu, qonaqpərvərliyi, başqa xalqlara qarşı bu münasibəti bu xalqın mental xüsusiyyətində axtarmaq lazımdır. İkincisi Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, tarixən diqqət mərkəzində olub. Qədim, orta əsr dövrlərindən Azərbaycan karvan yollarının kəsişdiyi yerlər olduğundn yadellilər burada qalıb, elə həmin vaxtdan bizim qonağa, başqa xalqlara olan münasibətimiz bizi dünyaya tanıdıb və sevdirib. Müasir dövrdə də bu ənənənə davam edib. Müstəqillik qazandıqdan sonra bu idelogiyanı işimizdə daha da qabartdıq. Ali qanunverici orqanda qəbul olunmuş bütün qanunlar insanın hüquq azadlığının, din etiqad azadlığının qorunması, vicdan azadlığının qorunub saxlanılması, hər bir Azərbaycanda yaşayan insanın milliyyətindən dini mənsubiyyətindən asılı olmayaraq qanun qarşısında, konstitusiya hüququnun bərabər olması bizi vadar etdi ki, biz insanların inam və inanclarına hörmətlə yanaşaq. Və bunu dövlət səviyyəsində qurduq. Bu ulu öndərin bizə qoyduğu mirası, dəsti xətdir. Və uğurla bu siyasət davam etdirilir. Bu gün hər üç konsepsiyaya mənsub insanlar digər ölkələrlə müqayisədə heç bir çətinliklə üzləşmədən öz dini etiqadlarını sərbəst olaraq həyata keçirirlər. Mənim mənsub olduğum millətlə bağlı deyə bilərəm ki, Azərbaycan elə bir yaşayış məkanıdır ki, heç bir antisemitizm hadisələri baş verməyib. İndiyədək yəhudilərlə yerli xalq arasında bir dəfə belə ziddiyyət olmayıb. Bu zəmində heç bir hadisə qeydə alınmayıb. Şeyxülislamın rəhbərliyi altında hər üç dinin nümayəndələri hər üç dinin daşıyıcıları qardaşlıq münasibətlərində dövlət-din siyasətini hıyata keçirirlər. Bu gün dövlət dinin işinə qarışmır, dini ayinlərin həyata keçirilməsinə müdaxilə etmir. Dinin də borcudur ki, dövlətin daxili və xarici siyasətini qorusun, müdaxilə etməsin. Qanunda da belədir. Ona görə də bütün dünyada Azərbaycan bu sahədə böyük təcrübəyə malik dövlət kimi tanınır, hər konvensiyanın daşıyıcıları öz konfranslarını, disput və simpoziumlarını Azərbaycanda keçirirlər. Bakı tolerantlıq məkanı olaraq bu tədbirlərdə ev sahibi kimi seçilir. Əvvəldən də Bakı İslam mədəniyyətinin mərkəzi olub. Bu konfranslarda islam dininin daşıyıcıları və digər konsepsiyaların və təriqətlərin mənsubları qatılırlar.
-Amma bizim tolerant ölkə kimi nümunə göstərilməyimiz xarici ölkələrin bəzilərində qıcıq yaradır...
-Bu təcrübə İslam ölkəsində, əhalisinin mütləq əksəriyyəti şiə mənsubiyyətində olan bir ölkədə hər bir dinin azad sərbəst fəaliyyəti bir sıra ölkələrdə təbii ki, qıcıq yaradır. Hətta deyərdim ki, bu onları Azərbaycanın təcrübəsindən istifadə etməyə, öz ölkələrində bu siyasəti dəyişməyə məcbur edir. Bundan qorxanları da var, inanmayanları da var,anti təbliğat edərək öz yerli xalqlarına çatdırmaq istəyənlər də var. Amma çox şükür ki, Azərbaycana gələn, ölkəmizi izləyən insanlar media vasitəsilə internet vasitəsilə Azərbaycanda tolerantlıqla bağlı nümunəvi dövlət olduğunu göstərə və gözləri ilə görə bilərlər. Biz də hər bir gələn qonağımızı dini ibadətgahlarımıza aparırıq, yerli xalqla bizim heç bir müdaxiləmiz olmadan söhbətlər aparır və bunun canlı şahidi olurlar. Bu faktı görür, dini bayramlarımızın keçirilməsinin şahidi olaraq deyilənlərin doğru olmasının şahidi olurlar.
- Azərbaycanda etnik xalqları qızışdırmaq dövlətçilik əleyhinə cəhdlər zaman-zaman olub və imkan olduqca buna cəhdlər davam etdirilir. Sizcə bu cəhdlər Azərbaycanda tolerantlıq modelini,xalqların münasibətini dəyişə bilərmi?
-Bəzi qüvvələrin Azərbaycana müəyyən vasitələrlə təsir etmək imkanları var. Biri alınmadıqda başqa variantlardan istifadə edirlər.Əvvəllər sərhəd boyu rayonlarda yerli məmurlarla vətəndaşların münasibətlərini qabartmaqla hakimiyyətə qarşı yerli xalqları oyatmaq vasitəsindən istifadəyə cəhdlər olurdu.İşsizlik, aztəminatlılıq, bu problemləri qabartmaqla anarxiya yaratmaq cəhdləri olub.Bu da alınmadıqda, ayrı-ayrı etnik təbəqələrin dövlətə narazılıqlarını qabardırdılar.Muxtariyyət, öz dilində qəzet, məktəblərdə tədrisi qabartmaqla milliyyətlərin hissiyatını oyatmağa çalışırdılar.Hər zaman anti-azərbaycan qüvvələri bu həssas məsələlərdən yararlanaraq Azərbaycanda etnik xalqlar arasında nifaq salmağa, çalışıblar.İsrail səfirliyi qarşısında iki kəndin camaatını toplamaqla iki dövlət arasında nifaq yaratmaq istəyiblər. Azərbaycan bütün bunlara hazırdır. Azərbaycan oturuşmuş dövlətdir, Azərbaycanın bütün hüquq mühafizə orqanları yerindədir və bu cəhdlərdən vaxtında xəbər tutaraq qarşısını alır. Din məsələsində ehtiyatlı olmaq lazımdır. Din özü bir silah növüdür. Bu insanın mənəviyyatına xidmət edir. Ona görə də bu məsləyə media da həssas yanaşmalıdır.Kiməsə adi gələn məsələ ölkədə dini ayrı seçkiliyi təbliğ edən vasitəyə çevrilə bilər.Hansısa bir təriqətin adını vermək də düzgün deyil.Hansısa saqqalı uzun, şalvarı qısa olan insanlar haqqında danışanda sələfi, vəhhabi adlandırmaq düzgün deyil.
-Bayaq qeyd etdik ki, həm də Azərbaycanda etnik xalqı təmsil edirsiz. Bir yəhudi xalqının nümayəndəsi kimi özünüzə qarşı münasibəti qısa olaraq xarakterizə edərdiz.
-Bu gün Azərbaycanda yəhudilərə qarşı böyük dözümlülük var. Yəhudiləri Azərbaycanda pambığın içində saxlayırlar, eləcə də digər millətləri. Bizi dini tolerantlıq məsələsində Ermənistanla kim müqayisə edirsə, dünyanın ən axmaq adamı, siyasətçisidir. Azərbaycanda müxtəlif xalqların nümayəndələri dinc, qardaşlıq münasibətlərində mehriban yaşayır. Ermənistanda isə ermənilərdən başqa heç kim yaşamır.Bizi bəzən tolerantlıq məsələsində müqayisəyə gəlinməz xalqlarla, dövlətlərlə müqayisə edirlər və onlardan aşağı səviyyəyə qoyurlar. Bu gün Azərbaycanda müxtəlif dinlərə dövlət səviyyəsində qayğı göstərilir. Ermənistanda sinaqoqun qapısına qıfıl vurulub, bizdə isə cənab Prezidentin diqqəti və qayğısı ilə müasir sinaqoq tikilib istifadəyə verilib. Di gəl ki, bizi aparıb Afrikanın ən geridə qalmış dövləti ilə eyni səviyyədə qoyurlar. Halbuki bizdə cənab Prezident qeyd etdiyim kimi, sökülüb dağılan sinaqoqun əvəzinə bütün atributlarını qorumaqla müasir sinaqoq tikdirib istifadəyə verib. Bu gün Qubada dini məktəb, sinaqoq muzeyi var. Mən dünyada olan sinaqoqları gəzmişəm. Bizdəki kimi müxtəlif xalqların ibadət evlərinə belə qayğı yoxdur. Cənab Prezidentin qayğısı nəticəsində dövlət bütün ibadətgahlara maliyyə yardımı göstərildi. Milli azlıqların cəmiyyətin həyatında, eləcə də ölkə səviyyəsində keçirilən birgə tədbirlərdə fəal iştirakı Azərbaycanda mövcud olan qarşılıqlı hörmətin əyani göstəricisidir. Müxtəlif milli azlıqların nümayəndələri Azərbaycanın dövlət qurumlarında geniş təmsil olunurlar. Milli azlıqların sıx yaşadıqları ərazilərdə yerli əhalinin nümayəndələri yerli hakimiyyət orqanlarında rəhbər vəzifələri tutur. Milli azlıqlara mənsub şəxslər parlament və dövlət qurumlarında təmsil olunur. Ölkəmiz dözümlülükdə hətta Avropaya da nümunə ola bilər. Ümumiyyətlə, Azərbaycanda doğulub burada böyüyən bir insan kimi burada təkcə yəhudilərə deyil, xristianlara qarşı da mənfi münasibət görməmişəm. Gözümü açıb Qubada, Bakıda kilsə görmüşəm. Dünyada yəhudilərin kompakt yaşadığı iki yer var, biri Yerusəlim, biri də Quba. Üçüncü belə bir yer yoxdur. Qubada avropalılara, hətta Avropa Şurasının prezidentinə 150 metr məsafədə məscid, kilsə və sinaqoqun yanaşı yerləşdiyini göstərəndə heyrətləniblər. İstər dini, istərsə də milli zəmində Azərbaycan bütün dünya üçün açıq bir dövlətdir. Bu yaxınlarda Bakıda dövlət ehtiyacı üçün sinaqoq sökülməli oldu. Bu məsələ ortaya çıxanda prezident İlham Əliyev göstəriş verdi ki, yeni sinaqoq tikilənə qədər o sökülməsin. Hansı ölkədə belə tolerantlıq var? Moskvada ravvin sinaqoqdan çıxanda arxadan bıçaqla vurub öldürdülər. Azərbaycanda isə ravvin daim prezidentin tədbirlərindədir. Bakıda cəmi bir neçə ailə katolik vardı, onlar üçün katolik kilsəsi tikildi. Amma elə ölkələr var ki, orada yüz minlərlə katolik var, amma onlara kilsə tikilmir. Bu detallar Azərbaycanın nümunə olacaq bir model olduğuna sübutdur.