Rusiyalı ekspert: “Moskva Azərbaycanın Ukrayna ilə bağlı tutduğu mövqeyə normal yanaşır”
Rusiyalı ekspert: “Moskva Azərbaycanın Ukrayna ilə bağlı tutduğu mövqeyə normal yanaşır”

Vladimir Yevseyev: “Kreml Azərbaycanın BMT Baş Assambleyasında keçirilən
səsvermədə hansı səbəbdən Rusiyanın əleyhinə səs verdiyini yaxşı başa düşür”

“Kreml Azərbaycanın BMT-nin Baş Assambleyasında Ukrayna ilə bağlı qətnamənin lehinə səsverməsini başa düşür və buna normal yanaşır. Azərbaycanın Ukrayna ilə bağlı tutduğu mövqe rəsmi Moskva tərəfindən anlaşılandır". Bunu Rusiya İctimai Siyasi Tədqiqatlar Mərkəzinin direktoru, hərbi-siyasi ekspert Vladimir Yevseyev deyib.

Ekspert güman edir ki, Azərbaycan tərəfi Ermənistanın Rusiyanın Krımla bağlı siyasətinə oxşar siyasət yeridəcəyini hesab edir: “Azərbaycanın bu gün Dağlıq Qarabağ kimi çox ağır problemi var. Rəsmi Bakı Ermənistanın Dağlıq Qarabağı, Rusiyanın Krımda etdiyi kimi, öz ərazisinə birləşdirmək yolunu seçəcəyini düşünür. Fikrimcə, bu amil Azərbaycanın BMT Baş Assambleyasında keçirilən səsvermədə Rusiyanın əleyhinə qərar verməsinə təsir edib. Hesab edirəm ki, rəsmi Bakının bu addımı Rusiya-Azərbaycan münasibətlərinə təsir göstərməyəcək. Çünki Kreml Azərbaycanın bu addımı hansı səbəbdən atdığını yaxşı başa düşür. Rəsmi Moskva yaxşı anlayır ki, BMT Baş Assambleyasında Ukrayna ilə bağlı tutduğu mövqeyə görə Azərbaycanla ikitərəfli strateji münasibətləri pozmağa dəyməz".
Hərbi ekspert Rusiya ilə Azərbaycanın başqa səbəbdən münasibətlərinin korlana biləciyini söyləyib: "İki ölkə arasında münasibətlərə təsir edə biləcək digər faktorlar var. Bunlardan əsası ABŞ-ın Əfqanıstandan çıxarılacaq qoşunlarının Azərbaycan ərazisində dislokasiya oluna biləcəyinin mümkünlüyüdür. Bildiyiniz kimi, Əfqanıstandan çıxarılacaq ABŞ qoşunları və hərbi texnikasının böyük hissəsi Qazaxıstan, Türkmənistan və Azərbaycandan keçirilərək daşınacaq. Rusiyanı narahat edən məqam həmin kontingent və hərbi texnikanın Azərbaycanda yerləşdirilməsi təhlükəsinin olmasıdır. Rusiya yaxşı başa düşür ki, ABŞ qoşunlarının bir ərazidə yerləşməsi qısamüddətli ola bilməz. Özbəkistan vaxtilə bundan əziyyət çəkib. Ona görə də, Moskva istəyir ki, Əfqanıstandan çıxarılan ABŞ hərbi texnikası və məhdud sayda qoşunları qısa zamanda nəzərdə tutulan ölkələrdən daşınaraq aparılsın. Əks təqdirdə, bu, iki ölkə arasında münasibətlərə ciddi təsir göstərə bilər”.
Vladimir Yevseyev Krım ətrafında baş verənlərdən sonra Rusiya-Ukrayna münasibətlərinin necə inkişaf edəcəyini də şərh edib. Ekspertin fikrincə, Rusiya-ABŞ-AB-Ukrayna formatında danışıqların başlanması böhranın həllinə müsbət təsir edə bilər: “Rusiya-Ukrayna ikitərəfli danışıqları olsaydı, o zaman hər şey dalana dirənərdi. İndi isə Ukrayna dördlük formatında kifayət qədər Qərbdən asılı olmadan danışıqlara qoşulacaq. ABŞ və Rusiyanın ayrılıqda Ukrayna böhranının həlli üçün təkliflər paketi var. Bu dördlük formatında həmin təkliflərin müzakirəsi üçün əlverişli şərait yaranacaq. Problemi həlli yolu ən azından ölü nöqtədən tərpənəcək”.
Ekspertin Krım probleminin artıq arxa plana keçdiyini də söyləyib: “Rusiya artıq Krımı öz ərazisinə qatıb. Düzdür, rəsmi Moskvanın Krımla bağlı problemləri hələ də qalır və çox güman ki, bundan sonra davam edəcək. Ancaq, bu problemlər ciddi deyil, Rusiya bu problemlərin öhdəsindən gələcək. Hal-hazırda məsələ Krım deyil. Ən əsas məsələ Ukraynanın vahid dövlət kimi qorunub saxlanmasıdır. Hazırda Ukrayna üçün ən böyük təhlükə budur”.