Cəmiyyətə aqressiya aşılayan təriqətlər
Cəmiyyətə aqressiya aşılayan təriqətlər

Dini tolerantlığa zərbə vuran güclər neytrallaşdırılır

Son illər ölkəyə xarici ölkələrdən gələn qeyri-ənənəvi dini təriqətlər bir tərəfdən dini tolerantlığa təhlükə yaradır, digər tərəfdən isə cəmiyyətdə bir aqressiya yaradır. Elə bu günlərdə yayılan xəbərdə buna bir işarədir. Belə ki, xəbər yayıldı ki, ötən gün Salyanda yerli əhalinin bir qrupu vəhhabi məscidinə hücum edərək oranı dağıdıb. İddia olunurdu ki, qəzəblənmiş dəstə, eyni zamanda vəhhabi icmasının əsas simalarından olan iş adamının dükanını da dağıdıblar.
Dükanın adı "Haris" olub. Salyanın şiə əhalisi hesab edir ki, vəhhabi iş adamı İmamın övladlarının qətlə yetirilməsində adı hallanan bir adamın adını dükana verməklə həmin iş adamı şiələrin heysiyyatı ilə oynayıb.Qeyd olunur ki, hadisədə fəallıq göstərməkdə şübhəli bilinən şəxslər Polis İdarəsinə çağırılır. Şəhərin Mirqulam adlı axundu hal-hazırda polis İdarəsində dindirilir. Dünənki hadisələrdə vəhhabi təriqətindən olan Mansur adlı şəxs ölümcül döyülüb. Ağır xəsarət alan daha bir şəxs isə vəhhabi təriqətindən olan Rafael adlı şəxsin oğludur. Salyanda vəhhabi camaatının imamı Möhsün adlı şəxsdir Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov açıqlamasında qeyd edib ki, bu gün bəzi xəbər portallarında guya Salyanda vəhhabilərə qarşı kütləvi etirazların baş verməsi barədə olan xəbərlər əslində baş verən hadisənin əsl mahiyyətini əks etdirmir: "Təəssüfləndirici haldır ki, bununla bağlı məlumat əldə edən mətbuat nümayəndələri ən azından bu xəbəri əlaqədar orqanlarla və ya şəxslərlə dəqiqləşdirməli olduğu halda, tez-tələsik, bir az da şişirdilmiş formada öz saytlarına yerləşdirib. Odur ki, xəbərdə göstərilən əsassız iddiaları təkzib edərək bildirirəm ki, Salyanda guya məscidə hücum olması və oranın dağıdılması barədə deyilənlər kökündən yanlışdır və uydurmadır".
E. Zahidov, həmçinin Salyanda baş verən hadisənin əsl mahiyyətini açıqlayıb: "Həqiqət ondan ibarətdir ki, dünən axşam Salyan rayon sakini Fərid Pənahov Daxili İşlər Nazirliyinin "102-zəng" xidmətinə, atası Mahir Pənahov isə Rayon Polis Şöbəsinə müraciət edərək bir qrup şəxsin onlara məxsus mağazanın adı yazılan lövhəsini daşla sındırdıqlarını bildiriblər. Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində xırda xuliqanlıq hərəkətləri törədərək mağaza sahibinə maddi ziyan vuran 6-7 nəfərdən ibarət qrupun üzvlərinin şəxsiyyətləri müəyyən olunub, onlar Rayon Polis Şöbəsinə dəvət edilərək izahatları alınıb. Hazırda faktla bağlı Rayon Polis Şöbəsində təhqiqat aparılır". Əslində bu xəbərin nə qədər doğru olub-olmamasını sübutlamaq niyyətimiz yoxdur. Məqsədimiz odur ki, öncələr qeyri-ənənəvi təriqətlərə cəmiyyətdə bir maraq var idisə, hazırda bu maraq aqressiya ilə əvəzlənir. Psixoloq Fərqanə Mehmanqızı "Unikal"a açıqlamasında bunun bir sıra səbəblərini açıqladı:-"İlk növbədə qeyd edim ki, Azərbaycan xalqı daima tolerantlığın hökm sürdüyü bir mühitdə yaşayıblar və sərt, kəsici addımlardan uzaq durublar. Amma ölkəyə gətirilən yeni qeyri-ənənəvi təriqətlərdə bir aqressiya var və bu aqressiya insanların mənəvi rahatlığını pozur. Buna görə də axır vaxtlar bu tip təriqətlərə yanaşma birmənalı deyil. Digər tərəfdən haqqında söhbət etdiyimiz təriqətlərin özündə də bir aqressiya var, cəmiyyətə inamsızlıq var ki, buda nəticə etibarı ilə əks təsirə çevrilir. Yəni bu təriqətlər cəmiyyətə nifrətlə yanaşdıqları kimi, cəmiyyətdə artıq onları həzm etmir. Bunu da qeyd edək ki, bu tip təriqətlər adətən qapalı fəaliyyətə üstünlük verirlər və onlardan olmayanı sadəcə olaraq kafir kimi qəbul edərək hətta onların mövcudluğunu belə inkar edirlər. Bu isə sözsüz ki, ortada bir uçurum yaradır. Başqa bir məqam isə budur ki, fəaliyyətdə olan qeyri-ənənəvi dini təriqətlər harda daha çox inkişaf ediblərsə həmin ölkələrdə iğtişaşlar yaradıblar, terrorçuluğa meyl göstəriblər. Elə götürək Suriyanı. Cihad adı altında Suriyanı demək olar ki, viran hala salıblar. Kənardan bunu izləyən insanlarda isə istər-istəməz onlara qarşı bir ikrah hissi yaranır ki, nəticədə də anormal mühit formalaşır". Maraqlıdır, bəs bu aqressiya cəmiyyətdə hansısa problemlər yarada bilərmi? "Unikal"a açıqlama verən politoloq Qabil Hüseynli hesab edir ki, məsələyə iki aspektdən yanaşmaq lazımdır:-"Əgər söhbət dini dözümsüzlükdən gedirsə belə aqressiyanın olması yol verilməzdir. Çünki bu tolerantlığa zərbə sayılmalıdır. Amma burada vəziyyət fərqlidir. Belə ki, adı çəkilən qeyri-ənənəvi təriqətlər əslində İslama bir zərbə vururlar. Hər şeyi rədd edən bu qruplaşmalar əslində terror qruplaşmaları kimi qəbul olunur və buna görə onlarla razılaşmamaq təbiidir. Çünki burada söhbət dövlətçiliyimizə yarana biləcək təhlükədən gedir. Bu gün dövlət səviyyəsində belə bu tip qruplaşmalara qarşı mübarizə aparılır və bu mübarizə haqlı mübarizədir. Buna görə də cəmiyyətin bu qüvvələrə isti münasibət göstərməməsi təbiidir. Bunu da qeyd edim ki, belə təriqətlərin əksəriyyəti xaricdən maliyyələşirlər və onların maraqlarını həyata keçirirlər. Onların böyük əksəriyyətinin arxasında hansısa ölkələrin xüsusi xidmət orqanları dayanır. Bütün bunları nəzərə alaraq cəmiyyətin onlara kəskin reaksiya verməsini normal qəbul etmək lazımdır". Bunu da qeyd edək ki, bir neçə il öncə vəhhabilərlə yanaşı xristian təmayüllü qruplaşmalarda kifayət qədər aktivləşmişdilər və əsasən bölgələrdə missionerlik fəaliyyəti ilə məşğul idilər.Ciddi maliyyə qaynaqlarına sahiblənən bu təriqətlərdə dövlətçilik maraqlarına ziddi addımlar atmağa həvəsli idilər. Hətta iddia edirdilər ki, Dağlıq Qarabağda
savaşmaq günahdır. Çünki ermənilərdə xristiandırlar və xristian olan hər kəs qardaşdır və qardaşa güllə atmaq olmaz. Buda aydın olmuşdu ki, əslində adı çəkilən təriqətlər Ermənistanla sıx əlaqəlidirlər və Gürcüstan vasitəsilə ciddi biznes şəbəkəsi də yaratmışdılar. Bu isə açıq şəkildə sübutlayırdı ki, bu misioner təşkilatları əslində Ermənistanın xüsusi xidmət orqanları ilə sıx əlaqəli olublar. Nəhayət "Dini etiqad azadlığı" haqqında qanun təkmilləşdiriləndən sonra onların fəaliyyəti yasaqlandı. Ekspertlər hesab edir ki, hazırda bu qanunun daha da sərtləşməsinə ehtiyac var. Çünki müəyyən dini təriqətlər şəraitdən istifadə edərək fəaliyyətlərini genişləndirirlər. Bundan başqa ekspertlər hesab edir ki, bu tip təriqətlərin maliyyələşməsi məsələsi də gündəmə gətirilməlidir. Məsələn, götürək vəhhabi təriqətindən olan şəxslərin maliyyələşməsi mexanizmini. Bildirilir ki, əsasən bölgələrdə fermer təsərrüfatları yaratmağa həvəsli olan vəhhabilər Bakıdan təriqət liderlərindən lazımi qədər pul götürür və biznes şəbəkəsi yaradırlar. Bununla da bir tərəfdən götürdükləri pulları hissə-hissə qaytarır, digər tərəfdən isə əldə olunan gəlirlə yeni set yaradılır. Nəticədə qısa zaman ərzində bir ailə şəkilində qruplaşma yarada bilirlər. Buda söylənilir ki, onların biznes şəbəkəsində çalışmaq üçün mütləq təriqət qaydalarını qəbul etməlisən. Ekspertlər hesab edir ki, buna görə onların maliyyə qaynaqları ciddi şəkildə araşdırılmalıdır. Bu arada maraqlı başqa bir məqam ortaya çıxıb . "Suriyada iki azərbaycanlı qadın döyüşür. Üçüncüsünün də olduğu deyilir, amma bu dəqiqləşməyib".
Bu barədə konfliktoloq Arif Yunus açıqlamasında Suriyaya azərbaycanlı kişilərlə yanaşı, qadınların da getməsi xəbərinə münasibət bildirərkən deyib.A. Yunus qeyd edib ki, başqa torpaqlarda din uğrunda döyüşə azərbaycanlı qadınların da getməsi faktı hələ 2009-cu ildən var. Onun sözlərinə görə, Suriya ilə yanaşı, bu gün Əfqanıstanda olan azərbaycanlı qadınlar da var: "Suriyada iki azərbaycanlı qadının olduğu dəqiqdirsə, Əfqanıstanda onların sayı 3-dür. Bu dəqiq informasiyadır. Gedən qadınlar da əsasən Azərbaycanın Şimal bölgəsindən olan cavan qızlardır.Təxminən 25-30 yaşlarında olanlardır. Bu qadınlar da əsasən sələfi təriqətinə mənsubdurlar və Suriyaya gedən kişilər kimi 100 faiz Türkiyə yolu ilə gedirlər. Əvvəlcə Türkiyəyə gedir, ordan da asanlıqla Suriyaya keçə bilirlər".Ekspert qeyd edib ki, bu qadınların əksəriyyəti ərlərinin arxasınca gediblər və orda da qalıblar."Orda ərsiz qadın yoxdur. Bəzən Əsədə tərəfdarları və şiələrə yaxın saytlar Suriyaya gedən qadınların cinsi istismar üçün getdiklərini yazırlar, amma bu belə deyil. Sələfilərə yaxın saytlar da şiələr haqqında siğə etdiklərinə görə, müxtəlif informasiyalar yazırlar.Amma bir var informasiya müharibəsi, bir də var reallıq. Reallıq odur ki, bu qadınlar da kişilər kimi əqidələrinə görə bu yolu tutublar.
Söhbət ondan getmir ki, onlar düz yol tutublar, ya yox. Bu yol yanlış da olsa onlar bunu edirlər və inanırlar ki, Allah yolunda vuruşur, öldükdə də cənnətə gedəcəklər.
Güman ki, ora gedənlərin 90 faizi sağ qayıtmayacaq və özləri də bunu yaxşı bilirlər, buna rəğmən də bu yolu tuturlar"-deyə A. Yunus qeyd edib.