Dünyanın qaraçı dərdi
Dünyanın qaraçı dərdi
Qızılı sevən, siyasətdən qaçan, vətəni olmayan adamlar...

Aprelin 8-i Beynəlxalq Qaraçı Günü sayılır. 1971-ci ilin həmin bu günündə qaraçı tarixində görünməmiş hadisə baş verib: onlardan bir qrupu Londonda bir araya gəlib, Beynəlxalq Qaraçı Gününü elan ediblər. Bu, qaraçıların siyasətə baş vurduğu ilk və deyəsən, son hadisədir. Yəni onlar siyasəti heç sevməzlər, ondan ilandan qaçan kimi qaçarlar.
...Bununla belə dünya siyasəti onları rahat buraxmaq istəmir. Müxtəlif vaxtlarda, nüfuzlu beynəlxalq qurumlar, o cümlədən Avropa İttifaqı qaraçıların inkişafı, yaşadıqları ölkələrin həyatına, mədəniyyətinə inteqrasiyası ilə bağlı ciddi tədbirlər, hətta sammitlər keçiriblər.
Çifayda ki, bu siyasətə qarışmayan xalq qəbul olunan proqramlardan zərrə qədər də bəhrələnmək istəməyib.
Qaraçı problemi ilə bağlı sivil dünyanı narahat edən ən ciddi məsələ onların qanuni yollarla pul qazanmaması, əsasən dilənməsidir. O cümlədən onlar arasında fırıldaqçılıq və cibgirliklə məşğul olanların çox olması narahatlıq doğuran amillərdəndir.
Müxtəlif ölkələrdə qaraçıları bu adətlərdən çəkindirmək məqsədilə onların rifahlarının yüksəldilməsinə yönəlik proqramlar həyata keçirilib. İndiyədək bu cəhdlərin heç biri nəticə verməyib. İnkişaf etmiş ölkələrdə yaşayan qaraçılar təbii olaraq ehtiyac nə olduğunu bilməsələr də, bəzi milli xüsusiyyətləri ilə yaşadıqları cəmiyyətdə kəskin seçilirlər.
...Onların arasından tanınmış aktyorlar, müğənnilər, rəqqaslar, tarixçilər, hərbçilər, hətta filosoflar da çıxıb. Dahi Çarli Çaplinin də qaraçı köklü olması təsdiqini tapıb. Müxtəlif dövrlərin böyük yazıçıları, mütəfəkkirləri qaraçılara maraqla yanaşıb, öz əsərlərində onların müsbət obrazlarını yaradıb, eyni zamanda qaraçı həyatının çətinliyindən bəhs ediblər.
...Hitler isə onlara nifrət edib, onları lazımsız xalqlardan sayıb. 1935-45-ci illərdə faşistlər qaraçılara qarşı soyqırım həyata keçiriblər.
...Müasir dünya da qaraçıları rahat həzm edə bilmir. Bunun isə ciddi səbəbi var: onlar dəyişmək istəmirlər. Tayfa mentalitetindən bir addım belə olsun irəli getmək istəmir, keçmiş adət-ənənələrini olduğu kimi saxlayır, kənara çıxanları icma üzvlüyündən çıxarırlar, onları dəyişmək cəhdlərini isə süngü ilə qarşılayırlar. Başqa sözlə desək, onlar özləri də yaşadıqları cəmiyyətlərə qaynayıb-qarışmaq istəmirlər və ya buna cəhd eləmirlər.
Görünür, kənar millətdən evlənmədikləri üçün qaraçılar bəzi genetik xüsusiyyətlərini qoruyub saxlayıblar ki, bu xüsussiyyətlər yaşadıqları cəmiyyətlərdə onların birmənalı qarşılanmamsına rəvac verir. Bunlar hansılardır?
...Onlar qızılı çox, özü də lap çox sevirlər. Təkcə yatırım kimi yox, həm də göstəri üçün. Varlılar görünə bilən hər yerlərinə qızıl taxırlar. Hətta qabaq dişlərini sağlam ola-ola yondurub, qızıllatmaq dəbi olub qaraçılarda. Kasıbları isə həvəslərini gümüş və dəmir bər-bəzəklə öldürürlər.
...Varlı qaraçılar evlərini mümkün qədər çoxmərtəbəli tikdirirlər. Bu evlərdə o qədər boş otaqlar olur ki, bəzən sayını belə unudurlar. Yəni illərlə qapısını açmadıqları otaqları ola bilər.
...Onlar evlərinə yun yorğan-döşək, gəbə-kilimi imkan olduqca cox yığırlar. Bəzilərinin evlərində mitil tavana qədər çin-çin yığılır.
...Toylarında da, yaslarında da süfrəyə bütün naz-nemətlərdən düzürlər. Qəbirlərini çox dəbdəbəli etdirirlər. Bəzilərinin qəbirləri hətta yaşayış üçün lazım olan hər cür avadanlıqla təmin olunur. Əvvəllər bu, mərhumun sağlığında istifadə etdiyi əşyaların özü ilə basdırılması adətindən irəli gəlib. Sonradan isə var-dövlət nümayişinə çevrilib.
...Qaraçı toyu nə az, nə çox - düz üç gün çəkir. Qız qaçırmaq adətini qaraçılar bu günədək saxlayıblar. Gəlinə verilən cehiz çox böyük əhəmiyyət kəsb edir və qız evinin nüfuz göstəricisi kimi qəbul edilir. Cehiz elə toydaca nümayiş etdirilir.
...Qaraçılar, ümumiyyətlə, var-dövləti təkcə yığmağı yox, nümayiş etdirməyi də çox sevirlər. Hətta evlərində, adi günlərdə belə bayram libasında gəzir, boyun-boğazlarına qır-qızıl taxırlar...
...Onların dünyaca məşhur milyonçuları var - İon Çobae, Florian Çobae, Artur Çerar, Nəçməddin Nəsir və başqaları... Amma hətta dünyanın ən sivil ölkələrində belə onların sərvətlərinin mayasında bütün bəşəri və dini qanunların haram saydığı zəhmətsiz gəlir-dilənçilik durur...
Qızılgül Abdinova