"Azərsu" sədri su təchizatı və kanalizasiya sektorundakı durumdan danışıb
"Azərsu" sədri su təchizatı və kanalizasiya sektorundakı durumdan danışıb

Əvvəlcə Azərbaycan Respublikası baş nazirinin müavini Abid Şərifov Prezident İlham Əliyevin II Xəzər Beynəlxalq su texnologiyaları sərgisi və konfransının iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub. Təbrik məktubunda qeyd olunub ki, ölkəmizdə müxtəlif sahələr üzrə keçirilən ənənəvi tədbirlər sırasında su təchizatı sistemlərində qazanılan uğurların və dünyada tətbiq olunan innovativ texnologiyaların nümayiş etdirildiyi sərgi və konfransların özünəməxsus yeri var.

Abid Şərifov çıxış edərək son illər Azərbaycanda iqtisadiyyatın dinamik inkişaf etdiyini, yüksək makroiqtisadi göstəricilərin əldə olunduğunu diqqətə çatdırıb. Azərbaycanın bütün şəhər və rayon mərkəzlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulduğunu xatırladan baş nazirin müavini əhalinin dayanıqlı, fasiləsiz və keyfiyyətli su ilə təmin edilməsi üzrə kompleks tədbirlərin davam etdirildiyini bildirib:"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev su ilə əlaqədar problemlərin köklü həllinə nail olunması, ölkənin su təhlükəsizliyinin təmin edilməsi strateji hədəflərini müəyyən etmişdir. Son illər Azərbaycanın bütün şəhər və rayon mərkəzlərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur, kənd və qəsəbələrin su təchizatı problemləri mərhələlərlə həll edilir, əhalinin dayanıqlı, fasiləsiz və keyfiyyətli su ilə təmin edilməsi üzrə kompleks tədbirlər həyata keçirilir. Təəssüf ki, Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı 7 rayon ərazisindəki yaşayış məntəqələri bu layihələrdən kənarda qalıb. Buna səbəb Azərbaycan torpaqlarının 20 faizini təşkil edən həmin ərazilərin Ermənistan tərəfindən işğal olunmasıdır. Azərbaycan hökuməti su ehtiyatlarının və ətraf mühitin qorunması, transsərhəd su obyektlərindən istifadə sahəsində beynəlxalq konvensiyalara əməl edilməsi, su sektoru üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqaməti götürmüşdür".
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirib ki, şirin su ehtiyatları əvəzolunmazlığına və həyati zəruriliyinə görə ən əhəmiyyətli maddi sərvət olmaqla yanaşı, qonşu xalqlar və dövlətlər arasında münasibətlərin formalaşmasında da həlledici amillərdən biridir. "Azərsu" ASC sədri iqtisadiyyatın bütün sahələrində olduğu kimi su təchizatı və kanalizasiya sektorunda da dinamik inkişafın müşahidə olunduğunu diqqətə çatdırmışdır:
"Müasir dünyada elmi nailiyyətlərə, əhatəli tədqiqatlara əsalanmadan layihələrin uğurlu həllinə nail olmaq qeyri-mümkündür. Azərbaycanın şəhərlərinin, kənd və qəsəbələrinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində bu prinsip əsas götürülür. Bu baxımdan, alim və mütəxəssislərimiz dünyanın müxtəlif ölkələrində su sektorundakı elmi nailiyyətlərin, innovativ texnologiyaların, yeni avadanlıqların öyrənilməsi və Azərbaycanda tətbiqi üçün səylə çalışırlar. Eyni zamanda Cəmiyyətimizdə də bu problemlərlə əlaqəli elmi tədqiqatlar aparılmaqda, müasir texnologiyalar üzərində işlənilməkdədir. Əminəm ki, bügünkü konfransda su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi problemləri, içməli su emalında innovativ texnologiyalar, su təchizatı, tullantı və yağış suları şəbəkələrinin səmərəli idarəetmə metodları, SCADA və Coğrafi İnformasiya sistemləri , tullantı suların təmizlənməsi və müxtəlif məqsədlər üçün təkrar istifadəsi, həyata keçirilən layihələr çərçivəsində ətraf mühitin qorunması problemləri əhatəli müzakirə ediləcək, uğurlu həll variantlarının tapılmasında irəliyə doğru mühüm addımlar atılacaqdır".
Dünya Su Şurasının vitse-prezidenti Doğan Altınbilək, Koreya su Forumunun vitse-prezidenti Junq Mu Li, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı akademik Abel Məhərrəmov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova belə tədbirlərin keçirilməsinin beynəlxalq əməkdaşlıq, yeni tərəfdaşların cəlb olunması baxımından əhəmiyyətli olduğunu bildiriblər.
Konfransın plenar iclasından sonra tədbir müxtəlif mövzular üzrə ayrı-ayrı bölmələrdə davam etdirilib.