Çin Sibirin işğalına hazırlaşır
Çin Sibirin işğalına hazırlaşır
Putin başa düşür ki, məsələdə rus tankları yox, amerikan diplomatiyası mühüm rola malikdir

Rusiya prezidenti Vladimir Putin Çinlə məsləhətləşmədən, beynəlxalq əlaqələr qaydalarını heçə sayaraq Ukraynaya hərbi müdaxilə etməklə ən böyük strateji səhvini etdi. Moskvanın bu addımı Rusiyanın Çinlə əlaqələrini qırdı. Çinin bundan sonra Qərbin sanksiyaları qarşısında Rusiyanı müdafiə edəcəyi inandırıcı deyil.

Hətta Putin Krımın Rusiyaya ilhaq edilməsi vaxtı dəstək üçün Çinə minnətdarlıq etdi. Sergey Lavrov da Krım məsələsində Moskvanın mövqeyinin Pekinlə uyğun gəldiyini bildirdi. Lakin ciddi təhlillər bəyanatların həqiqət olmadığını deyir. Çin Suriya məsələsində olduğu kimi Krımın gələcək müqəddaratına dair BMT TŞ-ın səsverməsində yenə də Rusiyanı dəstəkləməyərək bitərəf mövqedə dayandı. Hətta Çin Xarici İşlər Nazirliyi bəyanat yayaraq Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi. Əlbəttə ki, Si Tsinpinin Haaqada Barak Obama ilə görüşündə hansı mövzuların müzakirə edildiyi barədə məlumatlar olmasa da Kremlin planlarından uzaq məsələlərin müzakirə edildiyini düşünmək olar.
Haaqa görüşündən dərhal sonra ABŞ prezidentinin müşaviri Ben Rods danışıqlardan razı qaldıqlarını bəyan etdi. Rods bundan sonra Rusiyanın dəstək ala biləcəyi ölkənin qalmadığını da diqqətə çatdırdı. Müşavirin iddiaları təsdiq tapsa, bu heç də Rusiya üçün yaxşı olmayacaq. Artıq Rusiyanın ABŞ-ın iqtisadi sanksiyalarından yaxa qurtaracağı inandırıcı görünmür. Kremlin Çinlə "Avrasiya bloku" yaratmaq cəhdləri də boşa çıxdı. Çin fürsət tapan kimi Rusiyaya zərbə vurmaq istəyirdi. Ukrayna məsələsi göydəndüşmə oldu.
Son bir neçə ildə Pekin Rusiyanın Orta Asiyadaki neft-qaz yataqları üzərindəki monopoliyasını zəiflətməyə çalışır. "Qazprom" uzun illərdir ki, türkmən qazını tamamilə mənimsəyib. Lakin Çin Türkmənistan qazını özü istiqamətinə axıtmağı bacardı. 2013-cü ildə Prezident Si Tisnpin 26 trilliyonluq "Qalxınış" yatağının 1800 km-lik boru xəttinin açılışında iştirak edərək, layihənin Pekin üçün nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirdi. Çində uzun illər diplomat kimi çalışmış Con Valdenə görə, Pekin heç vaxt ruslara Şərqi Sibirin işğalını bağışlamayacaq. Rəsmi Pekin Şərqi Sibiri işğal edilmiş Çin ərazisi kimi tanıyır. Planda həmin ərazilərin geri qaytarılması məsələsi var. Valden bildirir ki, Çinin Rusiyaya olan nifrətinin mərkəzində Şərqi Sibir faktoru xüsusi yer tutur. Regionda baş verənlər də Moskvanın əleyhinədir. Son 20 ildə Şərqi Sibir əhalisi 8 milyondan 6 mln nəfərə enib. Vladivostok-İrkutsk şossesinin ətrafındakı kənd və qəsəbələrin hamısı tərk edilib.
Digər tərəfdən xroniki alkoqolizm müqabilində 1.4%-lik artım Rusiya əhalisinin sayını azaldır. BMT-nin hesabatına görə, 2050-ci ildə Rusiya əhalisinin sayı 30 milyon azalaraq, 110 mln olacaq. Bununla Rusiya ərazisi Moskvayadək geriləyə bilər. Pekin müəyyən gedişlərlə əsl niyyətini Rusiyadan gizlətməyə çalışır. Planların həyata keçirilməsi üçün Çin hakimiyyətinin ABŞ-ı seçəcəyi istisna deyil. Rusiya artıq beynəlxalq arenada təklənib. "Qaz dəyənəyi" də Kremlin köməyinə çatmayacaq.

Rusiya "Hollandiya
xəstəliyi"-nə yoluxur

Avropa da enerji təhlükəsizliyini qarantiyaya almaq üçün Rusiya qazından imtina etməyə hazırlaşır. Avropa İttifaqının 90 gün ərzində "Qazprom"-dan imtina etmək üçün hazırlaqlara start verdiyi bildirilir. Aİ-nin əsas məqsədi rus qazının idxalını 50%-dək endirməkdir. Bu ilin ilk kvartalında Rusiyadan çıxan xarici sərmayənin miqdarı 70 milyard dollar olmalıdır. Rusiya Mərkəzi Bankının cəhdlərinə baxmayaraq, rublun dəyərini qoruya bilməyəcəyini bildirir. Bu isə iqtisadi və maliyyə böhranını tamamilə dərinləşdirəcək. Ən böyük problem isə son 1 il ərzində rus şirkətlərinin Qərbin maliyyə təşkilatlarına 155 milyard dollar kredit borcunun ödəməli olmasıdır. Lakin Rusiya böhrana görə, borclarını ödəyə bilmir. Putin başa düşür ki, məsələdə rus tankları yox, amerikan diplomatiyası mühüm rola malikdir. Amerikan siyasətinin istənilən rus şirkəti üçün verəcəyi mənfi qərar Kreml üçün yaxşı olmayacaq. Rus şirkətlərinin Avropa bazarından çıxarılması ilə ciddi maliyyə böhranı ilə üzləşən Kreml Rusiyanın milli təhlükəsizliyini də təhlükə altına atacaq. Əslində Putinin Krım avantürası üçün seçdiyi vaxt əlverişli deyildi. Hal-hazırda Avropanın balansında külli miqdarda qaz ehtiyatı var. Neftin qiymətinin də düşməsi gözlənilir. İraq və Liviya neft hasilatını artırmağa çalışır. Beynəlxalq Energetika Agentliyinin məlumatına görə, mart ayında dünyada günlük neft hasilatı 600 min barrel artıb. Rusiyanın dövlət büdcəsinin stabil saxlanılması üçün 1 barrel neftin qiyməti 110 dollar olmalıdır. Lakin qiymətlərin yaxın günlərdə 80-85 dollaradək düşəcəyi deyilir. Bu isə Rusiyanın "Hollandiya xəstəliyi"-nə yoluxmasını labüd edəcək. Çünki Rusiya Krımı işğal edərkən Çin və ABŞ-la hesablaşmadı.

Çen Quopinin təhlükəli teleqramı

Pekin artıq həsiri Rusiyanın ayaqları altından öz tərəfinə çəkməyə başlayıb. Kreml Orta Asiyanın digər ölkələri, həmçinin Çin şirkətlərinin Qazaxıstandakı fəallıqları Rusiyaya yönəlik təhlükəni qloballaşdırır. Çinin Qazaxıstandaki səfiri Çen Quopin Pekinə göndərdiyi teleqramda bildirir ki, ölkəsinin Orta Asiyada Rusiya ilə üzləşəcəyi labüddür. Lakin Quopin Çinin bu mübarizədə geri çəkilməyəcəyini deyir. Səfir qeyd edir ki, Çinin regionda həyata keçirəcəyi enerji layihəsi Rusiyanın Orta Asiyadakı monopoliyasını darmadağın edəcək. Ç.Quopin ABŞ-ın da bölgədə böyük nüfuza sahib olduğunu diqqətə çatdırıb. ABŞ və NATO-nun Şanxay Əməkdaşlıq Təşkilatının toplantılarında müşahidəçi qismində iştirakı da Rusiyanın əleyhinədir.
Mehdi Səlimov