Mayakovski Stalinə görə özünü güllə ilə vurubmuş?r
Mayakovski Stalinə görə özünü güllə ilə vurubmuş?

Məşhur rus şairinin ölümü haqqında gizlinlər
(əvvəli 29 mart tarixli "Qələmdan"da)

Aydın məsələdir ki, Stalin bu davranışlara başqa cür dəyər biçirdi. Müxalifətin nəyə hazırlaşdığından onun bixəbər qaldığını düşünmək avamlıq olardı.
Buna qarşı hansı tədbirlər alacağı isə məsələnin digər tərəfiydi. O dövrdə Stalin hələ bizim indi bildiyimiz iqtidarına malik deyildi. Müxalifətin o vaxt necə güclü olduğunu aşkar göstərən faktlardan biri isə RSFSR Xalq Komissarları Sovetinin sədri Aleksey Rıkovun yerinə əslən Sibirdən olan bolşevik, partiyanın nüfuzlu şəxslərindən sayılan Sergey Sırtsovun təyin olunması idi.
Zəif və tərəddüdçü Rıkov və Buxarinlə müqayisədə bu adam əsl lider idi. Keçmiş komsomolçulardan Reznik, Lominadze və tükənməz ideyalar generatoru kimi ad çıxaran Şatskin onu aşkar şəkildə dəstəkləyirdilər. Vəzifəyə təyin olunduğu ilk günlərdən etibarən Sırtsov xalq arasında görünməmiş rəğbət qazanmışdı. Stalin isə öz tərəfindən dövlətçiliklə bağlı bir sıra qərarlar qəbul eləmiş, birinci beşillik planın (1928-ci ildə) 25 faiz artıqlamasıyla yerinə yetirildiyini bildirmişdi. Bu isə onu göstərirdi ki, ölkə düzgün istiqamət götürüb və buna görə də fasiləsiz həftə rejiminə (dörd iş günündən sonra istirahətə) keçidin vaxtı çatıbdır.
Siyasət aləmində Stalin ilə Sırtsov arasında gedən rəqabət həmin ilin payızında yeni müstəvidə, Mayakovski uğrunda mübarizədə özünü göstərməyə başladı. Stalinin çevrəsindəkilər şairi öz tərəflərinə çəkmək məqsədiylə aktiv fəaliyyətə keçdilər. Mayakovskinin RAPP-a hücumlarına o ara göz yumuldu, ona OQPU-da və Politexnik muzeyində keçirilən konsertlərdə, hətta Böyük Teatrda şəxsən Stalinin qatıldığı tədbirdə səhnəyə çıxmaq üçün imkanlar yaradıldı.
Buna cavab kimi, Sırtsovun adamı sayılan Şatskin Stalinin hakimiyyətdə qalma şanslarının sıfıra bərabər olduğunu göstərmək məqsədiylə yüksək vəzifəli müxalifətçilərin (başqa sözlə, çevriliş tərəfdarlarının) adlarını Mayakovskiyə açıqlamağa məcbur oldu.
Ancaq açdığı plakat sərgisinə "rəsmi şəxslərin" gəlmədiyini görən Mayakovski anlayır ki, Stalin onun müxalifətçilərlə əlaqələrindən xəbər tutub. Buna görə də şair REF sıralarını təcili qaydada tərk edərək, RAPP-a üzv yazılır və bununla göstərmək istəyir ki, qəti şəkildə rəsmi hakimiyyəti dəstəkləyir.

Ölümcül meyl

Mayakovskinin müxalifət sıralarını tərk edib, RAPP-a üzv olmasını Stalinin bir qələbə kimi qeyd edib-etməməsi bu gün heç kimə məlum deyildir. Şairin bu cür ora-bura vurnuxması OQPU-nun Gizli şöbəsinin rəisi Yakov Aqranovu narahat etməyə bilməzdi.
Bu adam daxilən Sırtsova rəğbət bəsləsə də, zahirən neytral, tərəfsiz bir mövqe sərgiləyirdi. Sadiq stalinçi sayılan Mayakovskinin müxalifətçilərin - dövlət çevrilişi tərəfdarlarının adlarını bilməsi isə təkcə Aqranovu deyil, Şatskini də qorxuya salırdı.
Buna görə də inqilab nəğməkarının canına qəsd gözlənilən bir şey idi. Bunu kimlərin törətdiyini Stalin o dəqiqə anlayacaqdı. Üstəlik, yeri düşdü-düşmədi, Mayakovskinin tapançaya əl atmağa adətkar olduğunu, kim də bilməsə, Aqranov çox yaxşı bilirdi.
Buna əsas verəcək səbəblər də istənilən qədər idi. Həmin dövrdə şairin psixoloji durumu yetərincə gərgin idi. RAPP üzvləri ona təkcə etinasız yanaşmaqla qalmır, həm də öz yoldaşlarını sataraq, qarşı cinaha keçdiyini imkan düşən kimi onun başına qaxırdılar.
Mayakovski RAPP-ın rəhbəri Vladimir Sutırin ilə görüşməyə nə qədər can atsa da, o, görüşdən daim qaçır. Şairin şəxsi həyatı da yolunda getmirdi. Lilya ilə Osip qəfildən Avropaya getdikləri üçün Mayakovski vətəndə öz qorxu-təlaşlarıyla baş-başa qalmışdı.
Brik ailəsi xaricə gedəndən sonra həmin mənzildə OQPU-nun əməkdaşı Lev Elberq məskunlaşır. Öz gündəliyində bu adamdan bəhs edərkən Lilya onu "Snob" ayaması ilə xatırlayır. L.Elberq deyir ki, şairdən muğayat olmağı ondan şəxsən Lilya xahiş edibmiş. Bundan təlaşa qapılan Mayakovski tez özünü küçəyə atır və orada rastlaşdığı RAPP üzvü Jarkovdan soruşur:
- Tezliklə məni həbs edəcəklər, eləmi? Bəs bu barədə RAPP-da nə danışırlar?
Məhrəm münasibətlərinin qırılması barədə Polonskayanın sözləri şairə vurulan sonuncu zərbə olur və onun iç dünyasına zülmət çökür...
Mayakovskinin dilinin açılmasından qorxanlar da belə uyğun bir məqam gözləyirmişlər.
Aprelin 14-də şair dünyadan köçür. İki gün sonra, aprelin 16-da isə ÜK(b)P ÇKK-nın (Mərkəzi Nəzarət Komissiyasının) və MK-nin plenumu çağırılır. Stalinin tədbirdə "ÜK(b)P-də sağ təmayül barədə" çıxışından sonra müxalifətə qarşı əsl savaş başlanır.
Bundan yeddi ay sonra Sırtsovun dövlət çevrilişi hazırlığı cəhdinin üstü açılır.
Dekabr plenumu ərəfəsində Lominadzeni məcbur edirlər ki, bununla bağlı bir hesabat hazırlasın. Nəticədə bütün müxalifətçilər rəhbər vəzifələrdən çıxarılır və daha aşağı vəzifələrə təyin olunurlar.
1935-ci ildə həbs olunan Lominadze sonradan intihar edir. Sırtsovla Şatskini isə 1937-ci ildə güllələyirlər.

Stalinə məktub

Sonda onu da vurğulayaq ki, ölümündən öncə yazdığı məktubu Mayakovski, heç şübhəsiz, birbaşa Stalinə ünvanlamışdı:
"Yoldaş hökumət, mənim ailə üzvlərim Lilya Brik, anam, bacılarım və Veronika Vitoldovna Polonskayadır. Əgər sən onları babat dolanışıqla təmin edə bilsən - minnətdar olaram".
Bundan məqsəd nə idi? Ömürlük pensiya, yoxsa yaşayış şəraitinin yaxşılaşdırılması? Çətin ki. Hər halda o, demək istəyirmiş ki, cinah dəyişdirməyin cəzasını o, öz həyatını qurban verməklə, çəkib, odur ki, dövlət çevrilişinə cəhddə iştirakına görə yaxınlarına divan tutulmamasını xahiş edir.

"Anam, bacılarım,
yoldaşlar,
məni bağışlayın!"

Adətən deyirlər ki, bu cümləylə Mayakovski dünyadan bu cür köçdüyü üçün bağışlanmasını umur. Mən isə belə düşünmürəm: əslində o, müxalifət tərəfə keçdiyi üçün öz doğmalarını ağır zərbə altda qoyduğunu anlayırmış.
Həmin cümlə ilə o, özünün yol verdiyi səhvi təkrarlamağı heç kəsə məsləhət görmürmüş, çünki bundan "çıxış yolu yoxdur". Gicgaha sıxılan güllədən başqa.
(son)

Aleksandr Andryuxin
Çevirəni: Azad Yaşar