"Bu bölgədə kiməsə "sən başqa xalqın
nümayəndəsisən sənə bu olmaz" sözü deyilmir"

Kamilə Əliyeva: "Biz bu siyasətimizlə dünyada ön çərgədə qərarlaşan ölkə kimi seçilmişiksə, deməli biz düzgün yoldayıq"

Azərbaycan müsəlman ölkəsi olsa da, bu torpaqda müxtəlif dinlərə tapınan, sitayiş edən xalqlar yaşayır. Elə bu səbəbdən də Azərbaycanda hər səhər azan səsi ilə yanaşı kilsə zəngi də çalınır. Bizə yad olsa da, başqa xalqların dəyərlərinə hörmətlə yanaşdığımızdan, ölkəmizdə öz milli bayramlarımızla yanaşı, başqa xalqların da bayramları, dini ayinləri qeyd edilir. Bütün bunlar tolerantlıq nümunəsi sayılan ölkəmizdə o qədər sərbəst, azad bir mühitdə cərəyan edir ki,başqa xalqların nümayəndələri öz doğma torpaqlarındakı kimi adət-ənənələrini, dini baxışlarını illərdir ki, maneəsiz şəkildə davam və inkişaf etdirir.
Bu gün dünyanın müxtəlif ölkələrində fərqli dinlər, təriqətlər arasında ixtilaflar müşahidə olunsa da, fəxr edəcək haldır ki, Azərbaycan müxtəlif dinlərə sitayiş edən insanların birgə yaşadığı, barmaqla sayılacaq qədər çox az sayda olan ölkələrdəndir. Ölkəmizdə bütün səmavi və qeyri-səmavi dinlər üçün ibadət evlərinin olması bunun bariz nümunəsidir. Müxtəlif dinlərə mənsub insanların münasibətlərinin qarşılıqlı hörmət əsasında qurulması isə artıq Azərbaycanı bütün dünyaya tolerantlıq nümunəsi kimi tanıdıb. Doğurdan da, bu gün istənilən cəmiyyətdə sabitlik və təhlükəsizliyin mövcudluğunu şərtləndirən əsas amillərdən biri dini dözümlülük, müxtəlif dinə sitayiş edən insanların tolerantlıq şəraitində yaşaya bilməsi ilə birbaşa bağlıdır. Sözügedən amil həm də davamlı inkişafın möhkəm əsasını yaradan ən vacib faktorlardan biri kimi çıxış edir. Dünyanın mövcud siyasi və dini xəritəsinə nəzər yetirməklə qeyd edilənlərin çoxsaylı real nümunəsinə rast gəlmək mümkündür. Artıq sosial bir fenomenə çevrilən dini tolerantlıq günümüzdə həm də multikulturalizmin əsas təzahür elementlərindən birinə çevrilib. Modern tərəqqi yolunda uğurla irəliləyən Azərbaycanı da xarakterizə edən əsas xüsusiyyətlərdən biri yüksək dini tolerantlığın artıq mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olmasıdır. Qloballaşan dünyada milli-mənəvi dəyərləri, mədəni fərqliliyi qoruyub-saxlamaq və gələcək nəsillərə ötürmək çətin olduğu qədər də vacibdir. Multikulturalizm məkanı sayılan Azərbaycan tolerantlığı, dözümlülüyü ilə bərabər, özünəməxsus mədəniyyəti ilə dünya ictimaiyyətinin diqqətini cəlb edir.
Elə etnik xalqların sıx yaşadığı ərazidən,111 saylı Zaqatala - Balakən seçki dairəsindən millət vəkili seçilən Kamilə Əliyeva da bu günə kimi deputat seçildiyi ərazidə dininə, milliyətinə görə burada yaşayan xalqlara heç bir məhdudiyyət qoyulmadığını söyləyir. Millət vəkili "Unikal"a müsahibəsində Azərbaycanda dini tolerantlıq mühitindən, bu siyasətin davam etdirilməsinin məqsdəuyğunluğundan danışıb.
-Kamilə xanım Azərbaycanda tolerantlıqla bağlı mühiti necə qiymətləndirirsiniz?
-Azərbaycan elə bir coğrafi ərazidə yerləşir ki, burada çoxmillətli və müxtəlif dinlərə etiqad edən insanlar birgə yaşayır. Bu ölkənin milli siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilib. Burada tarixin bütün çağlarında fərqli dini baxışı olan insan bir yerdə mehriban yaşayıb. Ölkəmizdə insanlar dinindən və milli mənsubiyyətindən asılı olmayaraq qarşılıqlı hörmət və vahid dövlətin eyni hüquqlu vətəndaşı kimi yaşayırlar. Regionda təkcə siyasi baxımdan deyil, dini və milli mənsubluq baxımından da kifayət qədər həssaslıq var. Buna rəğmən Azərbaycan dini və milli tolerantlıq baxımından bölgə dövlətləri arasında liderlik edir. Ölkəmizin ətrafında və daxilində digər dinlərin daşıyıcısı olan xeyli sayda millətlər yaşayır. Azərbaycanda bütün dinlərə və digər millətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənilib. Buna görə də, beynəlxalq tədbirlərdə də, Azərbaycan tolerant ölkə kimi örnək göstərilib. Azərbaycanda doğurdan da din seçiminə görə insanlara heç bir maneə yaradılmır. Təbii ki, qanunvericilik çərçivəsində fəaliyyət göstərən dini təşkilatlara heç bir təpgi göstərilmir. Hər bir dini qurum öz təbliğatını aparmaqda sərbəstdir. Ölkə başçısı Cənab İlham Əliyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, birinci xanım, Mehriban Əliyeva da Azərbaycanda, Azərbaycandan kənarda da kilsə və sinaqoqların təmir və tikintisinə yaxından köməklik göstərib. Ümumiyyətlə Azərbaycanda tolerantlığa dövlət başçısı səviyyəsində dəstək göstərilir.
-Sizin millət vəkili seçildiyiniz ərazidə müxtəlif xalqlara mənsub insanlar yaşayır. Belə bir mühitdə tolerantlıqda nümunə olmaq çətin deyil ki?
-Mənim seçildiyim ərazidə 25-dən artıq azsaylı xalqın nümayəndələri yaşayır. Özünüz bilirsiniz ki, coğrafi baxımdan Zaqatala-Balakən ərazisi Gürcüstan və digər dövlətlərlə həmsərhəddir. Yəni coğrafi baxımdan da həssasdır. Amma bununla belə, bu məkan demək olar ki, tolerantlığın nümunəsidir. Mən millət vəkili seçildiyim ərazidə deyərdim ki, o xalqlara öz dini ayinlərini keçirmək, dini baxışlarına görə heç bir təzyiq yoxdur. Burada bu qədər qarışıq xalqların, fərqli dini baxışları olan insanların yaşamasına baxmayaraq demək olar ki, əhali mehriban şəraitdə yaşayır. Heç hiss olunmur ki, bu bölgədə başqa xalqların nümayəndələri bir məkanda cəmləşib. Onların hər biri ölkə vətəndaşı kimi hüquqlarından sərbəst istifadə edir. Həmin ərazilərdə onlara məxsus dini obyektlər toxunulmaz olaraq saxlanılır. Yəni biz bu xalqların keçmişini, tarixini əks etdirən heç bir mədəniyyəti məhv etmirik. Şəkidə bu günədək Alban kilsəsi qorunur. Həmin xalqlar özlərinə qarşı yad münasibət hiss etmirlər. Biz onları özümüzdən biri kimi gördüyümüzdən, onlar da bizə qaynayıb qarışıb mehriban və dinc şəraitdə yaşayırlar. Bu bölgədə kiməsə "sən başqa xalqın nümayəndəsisən sənə bu olmaz" sözü deyilmir.
-Azərbaycanda bəzən bu modeli zəiflətməyə cəhdlər də olur
-Azərbaycan tolerant ölkə olsa da, heç kəsə dövlətçiliyə qarşı çıxmağa icazə verilmir. Ölkəmizdə Dini Komitənin fəaliyyətinin böyük əhəmiyyəti var. Bu Komitədə dini cərəyanlarla bağlı analizlər aparılır, araşdırılır ki, nəyə xidmət edirlər. Ümimiyyətlə dövlətçilik əleyhinə yönəlin hər bir cəhdin qarşısı alınmalıdır. Bunu dini amillərlə bağlamağa çalışanlar olsa belə.
-Azərbaycanın tolerantlıqla bağlı siyasətində sizcə hansı dəyişikliklərə ehtiyac var?
-Fikrimcə, bu istiqamət çox doğru seçimdir. Əgər biz bu siyasətimizlə dünyada ön çərgədə qərarlaşan ölkə kimi seçilmişiksə, deməli biz düzgün yoldayıq. Ön sıralarda olmağa çalışmalı, bu siyasətimizi davam etdriməliyik.
-Ölkəmizdə dini etiqad azadlığı istiqamətində qanunvericilikdə hansısa dəyişikliklərə eytiyac varmı?
-Azərbaycan Respublikasında dini azlıqların hüquqlarının qorunması sahəsində də dövlət çox mühüm və ciddi addımlar atıb. Konstitusiyanın 25-ci maddəsinin III bəndinə görə, "İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır". 1992-ci ildə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edilib. Bu qanuna görə, Azərbaycan Respublikasında vətəndaş hüququna malik olan "Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir".
Azərbaycan prezidenti Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli 512 saylı Fərmanı ilə yaradılmış Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsas vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasının dini əqidə azadlığını təmin edən 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasından ibarətdir. 1999-cu ildən etibarən, Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda 16 noyabr tolerantlıq günü elan edilib və hər il bu tarix xüsusi olaraq qeyd edilir. Yəni ölkəmizdə tolerantlıq üçün çox gözəl hüquqi şərait var.