"Azərbaycan xalqı müxalifət sarıdan yarımayıb"
"Azərbaycan xalqı müxalifət sarıdan yarımayıb"

Zahid Oruc: "Son 20 ildə hakim komandada xeyli dəyişikliklər olsa da, müxalifətin vitrinində heç kim dəyişməyib"

2013-cü il prezident seçkilərindən sonra səsçoğluğu ilə qalib gələn prezident İlham Əliyev hökuməti formalaşdırarkən bir sıra dəyişikliklərə imza atdı. Belə ki, bir sıra yüksək rütbəli məmurların vəzifədən kənarlaşdırılmasından sonra ölkədə geniş miqyaslı islahatlara start verildi. Ancaq müxalifət ənənəvi olaraq, əks mövqedə dayanır və hakimiyyətdə aparılan islahatları düzgün qiymətləndirmir. Bu və ya digər məsələlərlə bağlı "Unikal"a müsahibə verən millət vəkili Zahid Oruc isə opponentlərinə daha arqumentli cavablar verib.

- Əvvəla deyim ki, ölkə başçısı seçki ərəfəsində, kampaniya dövründə, həm də ona qədərki illərdə formalaşmış dəqiq baxışlar, məxfi və açıq informasiyalar əsasında çox mühüm addımlar atdı. Düşünürəm ki, bütün bunlar cəmiyyətin gözləntiləri ilə də üzvi surətdə əlaqələndirilmişdi. Belə demək mümkündürsə, ictimai rəy institutu özünü ciddi şəkildə göstərməkdə idi. Bu, ilk növbədə hökumətin gücünün artması, cəmiyyətdə etibarının möhkəmlənməsi, həmçinin, görəcəyi işlərin daha fərqli insanlarla reallaşdırmağa yol açdı. Başqa tərəfdən, hətta yenidən səlahiyyət əldə edən və öz vəzifəsinə təkrarən təyin olunan insanlar belə, indiki dövrün çağırışları və tələbləri əsasında işləməli olduqlarını daha da dərindən qəbul etdilər. Çünki iki mühüm nazirliyin rəhbərinin istefaya göndərilməsi sıradan bir məsələ deyildi. Hətta bir çoxlarında belə bir baxışlar formalaşmışdı ki, guya onlar toxunulmaz kasta nümayəndələridilər və əbədi olaraq, o kresloları tutublar. Belə bir miflərin yaranmasında elə onların çevrəsində yer alan media nümayəndələri rol oynayırdılar. Cəmiyyət də bir sıra hallarda bu vəziyyətlə barışmalı olurdu. Düşünülürdü ki, bunlar üzərində elə bir xarici təsir, bir əl var ki, dövlətin rəhbərliyi də onlar barədə qərar verə bilmir. Halbuki cənab prezidentin iradəsi qarşısında kimsənin dayana bilməyəcəyi növbəti dəfə təsdiqləndi. Açığını deyim ki, İlham Əliyevin siyasi xarakterini bilənlər, onun birinci prezidentlik dönəminin ilk aylarında da oxşar hadisələrin şahidi idilər.
-Necə düşünürsünüz, bu siyasət davamlı xarakter alacaqmı?
- Əminəm ki, istənilən bir dövlət başçısı öz komandasını işlək, çevik, qərarları yerinə yetirməyi bacaran, şəffaf və s. insanlardan görmək istəyir. Ancaq onu da qəbul eləməliyik ki, idarəetmə sistemi müxtəlif maraqların, potensialların, mənafe uğrunda mübarizələrin və başqa faktorların məcmusudur. Mən, həmişə onu obrazlı ifadə edirəm ki, idarəetmə sanki bir matriça tənliklərin həll olunmasıdır. Burada bir məchul yoxdur ki, onu sadəliklə açasan. Yəni, burada qərar vermək, onun növbəti problemlərə yol açmamasını təmin etmək elə də asan məsələ deyil. Təbii ki, dünya dəyişdikcə komanda da, planlarda da, tutduğun yolda da dəyişikliklər etməlisən.
- Ancaq müxalifət nümayəndələri iddia edir ki, məmurların yerdəyişməsi kadr islahatı deyil, sadəcə olaraq, hakimiyyət gözdən pərdə asmaq üçün bu cür dəyişikliklər edir. Bu iddialar barədə nə deyə bilərsiniz?
- Müxalif qüvvələrin gözlərindən indiyə qədər nə qədər pərdə asılıb, onu deyə bilmərəm, ancaq seçkidən sonra həyata keçirilən islahatlar qətiyyən pərdə deyil. Baş verənlər həqiqətən də cəmiyyətin mənafelərinə xidmət edən dəyişikliklərdir. Zənn edirəm ki, bu dövr ərzində Zakir Həsənov və Səlim Müslümov bu mühüm görəvi almağa haqq etdiklərini doğrultmaqdadırlar. Bu iki şəxslə bağlı təyinatın nə qədər yerində olduğu onların vəzifəyə təyin olunmasından sonra gördükləri işlər də sübut edir.
- Ancaq yenə də həm ordu sistemində, həm sosial müdafiə sahəsində problemlər var…
- Əlbəttə, bu gün də əsgər ölümləri də var, özünə qıyan zabitimiz də mövcuddur. Lakin mən sual etmək istəyirəm. Həqiqətən də biz elə bir illuziyaya qapılmışıq ki, problemlərin həlli yalnız bir insandan asılıdır. Burada həm də orta məktəblərdən başlayan təlim-tərbiyyə sistemimiz, gələcək dövrdə insanlarımızı orduya buraxan tənzimləyici cihazımız, lap sonrakı dövrdə ordu münasibətlərini tam hüquqi əlaqələrə tabe etdirməyimiz və s. önəmli faktordur. Bunun hamısını nəzərə alanda düşünməliyik ki, bu yolda atılan addımlar millətin maraqlarına xidmət edir. Həmçinin də, ünvanlı sosial yardımların verilməsindəki bəzi cinayətkar əməllər, kütləvi mənimsəmələr, ilin yarısını özünə, yarısını vətəndaşa xidmət edəcəyini bəyan edən, bunu dəmir qayda kimi formalaşdıran mexanizmlər sındırılıb. Hamı da etiraf edər ki, cəmiyyətdə olan mənfi ab-hava, o sahə ilə bağlı yaşanan neqativ düşüncə sistemi tədricən öz yerini xoş münasibətlərə verməkdədir. Ona görə də düşünürəm ki, seçkidən sonra hökumətin tərkibində aparılan dəyişikliklər elə islahat idi. Bu, həm də iş ahəngini, funksional səlahiyyətlərin daha da dəqiqləşməsini, mühüm vəzifələrin yerinə yetirilməsini özündə ehtiva edir. Bu səbəbdən də müxalifətin bu istiqamətdə səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur.
- Belə çıxır ki, müxalifət sadəcə, öz mövcudluğunu sübut eləmək, əks mövqe qoymaq üçün belə bir mövqe sərgiləyir?
- İş ondadır ki, son 20 ildə hakim komandada xeyli dəyişikliklər olsa da, müxalifətin vitirinində heç kim dəyişməyib. Hakimiyyəti nədəsə suçlayanların özləri çox ciddi yeniləşmələrə nail olublarmı? Bu adamlar cəmiyyət üçün nə qədər açıqdırlar? Kadr rotasiyalarını intensivliyini necə həyata keçirirlər? Beynəlxalq əlaqələr, xarici münasibətlər sistemində bizim müxalifətin rolu nədən ibarətdir? Ölkəiçi işlərdə hansısa problemlərin həllində hakimiyyətə əks platforma təşkil edənlər necə iştirak edirlər? Bütün bu sualların hamısının bir cavabı var. Azərbaycan xalqı müxalifətdən yarımayıb. Bu da çox təəssüf doğurur. Çünki bu, bütün hallarda siyasi sistemin özünün bitkinliyinə təsir göstərir. Hakimiyyətin öz siyasətini məhz müxalifətin münasibəti əsasında formalaşdırması bir dünya qaydasıdır. Obrazlı söyləsək, müxalifət güclü olmayan da hakimiyyət də öz formasını bu və ya digər formada itirir. Çox arzulayırıq ki, platformalarla, idealarla, real düşüncələri ilə hakimiyyətin siyasətinə alternativ qüvvələr meydanda olsun. Fərdlər səviyyəsində bəlkədə düşüncələri, ideaları ayrı olan və qeyd etdiyimiz əks cinahın içində özünü göstərənlər var. Amma onlar toparlanmış qüvvə halında deyillər.
Türkiyədən bir misal gətirmək istəyirəm. Bu günlərdə sayın Kılıçdaroğlunun parlament fraksiyasının toplantısına qatılan zaman bir vətəndaşın yumruq zərbələrinə tuş gəldiyinin şahidi olduq. Ərdoğan bu məsələyə çevik və insani reaksiyasını sərgilədi. Baxmayaraq ki, 30 martda gələn yolda hər kəs onların biri digərinə qənim kəsildiyini iddia edərdi. Sual edirəm, 2013-cü ilin seçkilərindən sonra bizim müxalif kəsimin davranışında nə dəyişib? Əksinə, Müsavat Partiyasının bələdiyyə seçkilərində iştirakla bağlı qərarından sonra onun üzərinə yeriməyə başladılar. Hətta onları şiddətli şəkildə hakimiyyətlə işbirliyində ittiham edirlər. Halbuki bu gün bir-birini harasa işləməkdə ittiham edənlərin özləri də hər cür, açıq və gizli iqtidar dəvətinə hazırdılar, öz xidmətlərini ortalığa qoymaq üçün müxtəlif vasitələrə əl atırlar. Bu da onların hansı xislətə sahib olduqlarını göstərir.
- Zahid müəllim, Müsavat Partiyası bu günlərdə belə bir bəyanat verdi ki, hakimiyyət siyasi məhbusları azad etməsə, bütün dünyanı Azərbaycanda keçirilməsi nəzərdə tutulan Olimpia Oyunlarını boykot etməyə çağıracaq. Bu çağırışı necə qiymətləndirirsiniz?
- Azərbaycan müxalifətinin bu gün anti-milli addımları birinci dəfə deyil. Onlar anlamırlar ki, bu tipli tədbirlər bütövlükdə millətin hamısına aiddir. Onu ayrıca bir qüvvə keçirərək siyasi faydasını götürmür. Bütün bunlar çox yanlış təqdimatlardır. Kimsə bunu başqa cür qiymətləndirirsə, deməli, idman fəlsəfəsini dərindən anlamır.
İkinci bir tərəfdən,əgər bu ölkənin beynəlxalq miqyasda təqdimatı baş verirsə, bu müstəvidə onunla bağlı hansısa münasibətlər formalaşırsa, Azərbaycan həm də bu fonda özünün xarici əlaqələrini möhkəmləndirirsə, yenə də onun xeyri və faydası təkcə hakimiyyətin ola bilməz. Əgər Azərbaycan turizm məkanı kimi kəşf edilirsə, insanların nəzər diqqətini cəlb edirsə, bundan hansısa iş adamları, bəlli sektorda çalışanlar xeyir götürəcək. Ona görə də müxalifət məsələləri, SSRİ-nin olimpiadası, sonra Çin ətrafındakı qalmaqal və idmanı həddən artıq siyasiləşdirərək ölkənin əleyhinə çevrilməsi hadisəsinə döndərməsinlər. Soçi olimpiadası keçmişin hadisəsi deyil. Orada yaşananlar göstərdi ki, Putini linc etməyə hazırlaşan, onun siyasi sistemi üzərində bu tədbirləri qılınclama vasitəsinə çevirənlər sonra daha böyüyünü öz talelərində qazandılar.
İndi Azərbaycan nə elməlidir? Dünya əməkdaşlıq istəyir, transformasiya tələb edir, təkcə hüquq, siyasi deyil, yeni zamanda, xəlqi yaxınlaşmanın arzusunda olduğunu bildirir və beləcə qapılarını açıq qoyur. Ölkəni diktatura rejiminə bərabər götürənlər onun şahidi olsunlar ki, belə olan təqdirdə görünən və görünməyən divarlar hörülür, xarici əlaqələr kəsilir, vətəndaşların hərəkətliliyi belə tabu altında qalır.
- Yəni, Müsavat Partiyasının bu mövqeyi milli və dövlət maraqlarımızla üst-üstə düşmür?
- Təbii ki. İndi Azbaycanın bu dövr ərzində böyük idman hərəkatında ünvan olması, mədəni-humanitar tədbirlərin mərkəzinə çevrilməsi və dünya üçün açıqlığı kimisəni niyə qorxutmalıdır? Yenə də "Eurovision" öncəsində olduğu kimi, Avropanın ağır vuran media orqanlarının Azərbaycanın üstünə hücuma keçməsinə çalışırlar. Ondan sonrakı dövrdə də hər hansı bir problemin günahını hakimiyyətdə axtarırlar. Ona görə də hesab edirəm ki, 2015 milli hadisədir, onun Müsavata, AXCP-yə, o cümlədən hakimiyyətə, eyni dərəcədə aidiyyatı var. Yetər ki, bu milləti istəyəsən. Əgər bu gün Müsavat millətin marağına xidmət etməyən bir mövqe tutursa, bunun adı bəllidir və buna xalq özü qiymət verəcək.

Z.MƏMMƏDLİ