Millətlərarası münasibətlərin inkişafı ilə tolerantlıq arasındakı düz mütənasiblik
Millətlərarası münasibətlərin inkişafı ilə tolerantlıq arasındakı düz mütənasiblik

Taliyyət Əliyev: "Ermənistanla müharibə vəziyyətində olmağımıza, ermənilərin azərbaycanlıların başına min bir müsibət
gətirdiklərinə baxmayaraq, 30 minə yaxın erməninin hal-hazırda Azərbaycanda yaşaması buna əyani sübutdur"

Azərbaycanın tolerant bir ölkə olması artıq heç kimdə şübhə doğurmur. Bəzi qüvvələr zaman-zaman bu birgəyaşayış prinsiplərini zədələmək istəsələr də, ona müvəffəq ola bilməyiblər. Müxtəlif dini təriqətlərə mənsub olan Azərbaycan vətəndaşları əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayıblar, bu ənənə bu gün də davam etməkdədir. Bu mühitin davam etməsində Azərbaycan hakimiyyətinin də rolu böyükdür.
Tarixə nəzər saldıqda hakimiyyət və iqtidar məqsədilə din fərqli görüş sahiblərinin əlində alətə çevrilə bilmişdi. Bu kontekstdə Ümummilli Lider Heydər Əliyevin ifadələri sekulyarizm və din-dövlət münasibətləri baxımından çox əhəmiyyətlidir: "Dinə, dinin mənəvi-əxlaqi dəyərlərinin təbliğinə, bu dəyərlərin yardımıyla insanlara vətənsevərlik və dözüm duyğularının aşılanmasına dövlətin də ehtiyacı var. Biz milli-mənəvi dəyərlərimizi dini dəyərlərdən ayrı düşünmürük. Ancaq dövlət-din münasibətləri şəffaf, başa düşülən olmalıdır. Azərbaycan dövlətinin qanunları Azərbaycan xalqının və dövlətinin maraqlarına uyğun olmalıdır. Dindən siyasi proseslərdə istifadə olunma cəhdlərinə qarşı ciddi mübarizə edilməlidir. Din siyasi və ideoloji mübarizələrdən kənarda qalmalıdır. Din hər bir insanın fərdi-mənəvi ehtiyacını ödəyən bir dəyərlər sistemi kimi qəbul olunmalıdır".
Prezident İlham Əliyev, Ümummilli Liderin yuxarıda qeyd olunan fikirlərini əsas götürərək cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanmasının, multikulturalizmin dəstəklənməsinin və təşviq edilməsinin müasir mərhələdə həyata keçirilən dövlət siyasətinin başlıca məqsədlərindən biri olduğunu özünün müxtəlif çıxışlarında ifadə etmişdir. Bu mənada, Prezident İlham Əliyev hazırda ölkədə tolerantlığın və dini etiqad azadlığının təminatçısıdır. Onun böyük tarixə malik dini məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl, operativ tədbirlər həyata keçirməsi dövlətimizin məqsədyönlü siyasətinin tərkib hissəsidir.
Mövzuyla bağlı fikirlərini bizimlə bölüşən ADP sədrinin müavini, hüquqşünas Taliyyət Əliyev öncə Azərbaycanda tolerantlığın səviyyəsi, bu dəyərlərin cəmiyyətdəki təzahürləri barədə danışıb. Onun sözlərinə görə, Azərbaycanda tolerantlıq – dözümlülük nümayiş etdirmək məsələsinə fərqli baxışlar mövcuddur: "Bir baxış ondan ibarətdir ki, mənsub olduğun din, millət, siyasi qrup və s. baxımından yanlış saydığın hərəkətə icazə verirsən və ya onun qarşısını almırsan. Bir də var, sən bu hərəkətlərin qarşısını almaq istəyirsən, amma gücün çatmır. Bu, tolerantlıq deyil. Əsl tolerantlıq odur ki, qeyd etdiyim səbəblərdən dolayı sevmədiyin hərəkətlərin qarşısını almağa gücün olduğu halda, bu gücdən istifadə etməkdən imtina edirsən. Bu baxımdan Azərbaycanda mövcud olan tolerantlıq məsələsinə birmənalı münasibət bildirmək çətindir. Məsələn, Azərbaycandakı dini tolerantlığı götürək. Uzun illərdir ölkəmizdə müxtəlif dinlərin, millətlərin, dini təriqətlərin nümayəndələri dinc yanaşı yaşayır və bir-birlərinin adət-ənənələrinə hörmətlə yanaşırlar. Bu baxımdan, ölkəmizdə olan dini tolerantlığı qənaətbəxş kimi dəyərləndirmək olar. Amma qeyd etdiyim nüanslar, o cümlədən son zamanlar radikal dini cərəyanların peyda olması baxımından mükəmməl tolerantlıq kimi dəyərləndirmək çətindir. Siyasi müstəvidə tolerantlıqda isə problemlərimiz daha çoxdur. Bu da bir tərəfdən ölkəmizin tarixi inkişaf istiqamətləri, geopolitik mövqeyi, milli psixoloji xüsusiyyətlərindən, digər tərəfdən cəmiyyətimizdə siyasi mədəniyyət səviyyəsinin lazımi səviyyədə olmamasından qaynaqlanır".
Qeyd edək ki, Azərbaycan bu günə qədər millətlər, dinlər, mədəniyyətlər arası münasibətlərin nizamlanması və daha da inkişaf etdirilməsi ilə bağlı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Ötən il Bakıda III Beynəlxalq Humanitar Forum keçirilib. Bu, artıq gözəl ənənədir və dünya ictimaiyyətinin diqqətini çəkir. Tanınmış siyasətçilər, elm xadimləri, 10-dan çox Nobel mükafatı laureatı bu tədbirdə iştirak ediblər. Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tolerantlıq, humanitar əməkdaşlıq prinsiplərinin daha da genişləndirilməsini məqsəd kimi qarşıya qoyub. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan dünya gündəliyində dözümlülük, tolerantlıq, humanitar əməkdaşlıq məsələləri ətrafında öz böyük rolunu ortaya qoyub. Bakı və Azərbaycan artıq dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük mərkəzlərindən birinə çevrilib. Artıq beynəlxalq ictimaiyyət də bunu qəbul edir, dəstəkləyir. Azərbaycanda İkinci Mədəniyyətlərarası Dialoq Forumu keçirilib.
Bundan əlavə, Dini tolerantlıq üzrə birinci Beynəlxalq Bakı Forumunun Azərbaycanda keçirilməsi də xüsusi vurğulanmalıdır. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və bir sıra beynəlxalq qurumların birgə təşkilatçılığı ilə keçirilmişdi. Prezident o zaman Dini tolerantlıq üzrə birinci Beynəlxalq Bakı Forumunun iştirakçılarına müraciət edərək Azərbaycanın tolerantlığın dövlət siyasətinə çevrildiyini bir daha təsdiq etmişdi. İlham Əliyev müraciətində "Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi" mövzusunda I Beynəlxalq Bakı Forumunun iştirakçılarını salamlayıb və sözügedən tədbirin görkəmli ictimai xadimləri, alimləri, siyasətçiləri, beynəlxalq təşkilatların nümayəndələrini və din sahəsində fəaliyyət göstərən müxtəlif din mərkəzlərinin təmsilçilərini bir yerə toplamasından məmnun olduğunu ifadə edib. Müraciətdə o da qeyd olunur ki, hal-hazırkı demokratik dünyada – dini tolerantlığın dünyanın vacib amillərindən birinə çevrildiyi bir vaxtda Azərbaycandakı tolerantlıq artıq Azərbaycan cəmiyyətinin normalarına çevrilib. Prezidentin müraciətində həmçinin çoxdinli və çoxmillətli Azərbaycanın beynəlxalq ictimaiyyətlə uğurlu inteqrasiya əlaqələri və mədəniyyətlərarası və dinlərarası dialoqa çox böyük əhəmiyyət verməsi də xüsusilə vurğulanır. Ölkə başçısının fikrincə, Azərbaycan dövlətinin din siyasəti dövlətlə dinin münasibətlərinin uğurlu siyasətində özünü bariz şəkildə əks etdirməkdədir, ictimai-siyasi sabitlik, eləcə də xalqımızın multikulturalizm ənənələri siyasətimizin əsas tərkib hissəsini təşkil edir.
Göründüyü kimi, prezident də Azərbaycandakı tolerantlığın qorunub saxlanmasını, daha da inkişaf etdirərək ənənyə çevrildiyini bir daha vurğulayır. Məhz, bu səbəbədən Azərbaycanda bu sahədə problemlərin gündəmə gəlməsi istisna edilir.
Müsahibimiz Taliyyət Əliyev də Azərbaycan xalqının başqa millətlərə münasibətini, birgəyaşayış prinsiplərə hörmətlə yanaşdığını vurğulayıb. Onun sözlərinə görə, məhz bu xüsusiyyətlər Azərbaycan xalqının humanist, tolerant xarakterə sahib olduğunu göstərir: "Əlbəttə, bəzi xalqlarla müqayisədə Azərbaycan xalqını humanist saymaq olar. Ermənistanla müharibə vəziyyətində olmağımıza, ermənilərin azərbaycanlıların başına min bir müsibət gətirdiklərinə baxmayaraq, 30 minə yaxın erməninin hal-hazırda Azərbaycanda yaşaması buna əyani sübutdur. Amma ermənistanda isə 1 nəfər də olsun, azərbaycanlı yoxdur. Ermənistan faktiki monoetnik dövlətə çevrilib. Bu da onların nə qədər şovinist və humanist prinsiplərdən uzaq bir millət olduğunu göstərir".
T.Əliyev Azərbaycanda etnik zəminda qarşıdurmaların yaradılması istiqamətində müəyyən cəhdlərin olduğunu, amma sonda bu cür təxribatların qarşısının alındığını nəzərə çatdırıb: "Zaman-zaman etnik qruplardan Azərbaycanda separatçılıq hərəkətlərində Azərbaycanı müstəqil dövlət kimi görmək istəməyən qüvvələr istifadə edib və bu gün də buna cəhdlər var. Amma bütün bunlar sünidir. Bu gün ölkəmizdə azsaylı millətlərin nümayəndələri ilə çoxluğun nümayəndələri arasında heç bir ayrı-seçkilik yoxdur. Azərbaycanın bütün vətəndaşları kimi onlar da eyni hüquqlara malikdir. Bəzi hallarda mən deyərdim ki, onların hüquqlarına daha həssas yanaşılır, nəinki çoxluğun. Bu isə ölkədəki tolerantlığın hansı səviyyədə olduğuna əyani sübutdur".
Həmsöhbətimiz Azərbaycanda tolerantlıq dəyərlərinin təbliği ilə bağlı da fikirlərini bildirib. Onun sözlərinə görə, medianın bu istiqamətdəki fəaliyyəti qənaətbəxş sayıla bilməz. "Açığı, Azərbaycan mediasının bu istiqamətdəki fəaliyyəti, təbliğat materiallarının həcmi məni qane etmir. Bu günkü Azərbaycan mətbuatı daha çox sensasiya dalınca qaçır. Cəmiyyətimiz və dövlətimiz üçün xüsusi əhəmiyyət kəsb edən bu tipli fundamental məsələlərə az toxunulur. Elə bunun səbəbidir ki, ölkədə cəmiyyətin maarifçilik, o cümlədən siyasi maarifçilik səviyyəsi aşağı vəziyyətdədir. İstər dini, istər siyasi müstəvi olsun, cəmiyyətin düzgün maarifləndirilməsi işi həyata keçirilməlidir. O cəmiyyətlər inkişaf edir və ya düşdükləri böhranlı vəziyyətlərdən tez və ağrısız xilas ola bilirlər ki, həmin cəmiyyətlərin siyasi mədəniyyət və maarifçilik səviyyəsi yüksək olur", – deyə müsahibimiz fikrini tamamlayıb.