Əliağa Məmmədli:
Əliağa Məmmədli: "Milli siyasətin konsepsiyasının hazırlanması çox vacib məsələdir"

Azərbaycanda əhalinin son siyahıya alınmasına görə ölkə əhalisinin 8,4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir. Ölkəmizdə yaşayan etnik xalqlar, onlara münasibət zaman-zaman müzakirə mövzusu olsa da, Azərbaycanda etnik xalqların nümayəndələrinin uzun illər, hətta əsrlər boyu yaşaması ölkəmizdə tolerantlığın bariz nümunəsi hesab edilir.Bunu aparılan araşdırmalar da təsdiqləyir.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya institutunun şöbə müdiri, Antropologiya üzrə elmlər doktoru, Əliağa Məmmədli "Unikal"a müsahibəsində Azərbaycanın polietnik bölgələrində aparılan araşdırmaların nəticələrindən danışıb:
-Aparılan araşdırmalar nə göstərdi? Azərbaycanda yaşayan etnik xalqlarla bağlı sabitliyin pozulması gözləniləndirmi?
-Tədqiqata başlamazdan əvvəl belə bir fərziyyə irəli sürülmüşdü ki, bu regionlarda etnoslar arası münasibətlərin sabitliyinə təhlükələr mövcud deyil. Bu ilk növbədə tədqiqat obyekti olan rayonlarda etnik azlıqların parakəndə yerləşməsi ilə, saylarının azlığı ilə və nəhayət bu etnoslarla azərbaycanlılar arasında geniş iqtisadi, mədəni, ailə-məişət əlaqələrinin olmasından irəli gəlir.Sorğunun ilkin nəticələri onu deməyə əsas verir ki, bu fərziyyələr öz təstiqini tapır.Sosial-iqtisadi xarakterli problemlər Azərbaycanın bütün regionları kimi, tədqiq olunan rayonlarda da mövcuddur.Bununla yanaşı sorğunun nəticələri bu problemlərin etnik sima alması haqqında heç bir xəbər vermir.Soruşulanların əksəriyyəti çox yaxşı dərk edir ki, bu problemlər keçid dövrü üçün səciyyəvidir və heç bir halda etnik diskriminasiyanın nəticəsi deyil.Sorğu vərəqində mühüm yer tutan etnik identiklik haqqında suallara, sorğunun ilkin nəticələrinə görə, maraqlı cavablar alındı.Belə ki, etnik qrupların nümayəndələrinin böyuk bir hissəsində müəyyən dərəcədə ikili etnik identiklik müşahidə olunur.Bu əsasən tatlara və müəyyən dərəcədə ləzgilərə aiddir.Öz etnosuna identifikasiya ilə yanaşı bu respondentlər özlərini Azərbaycan etnosunun tərkib hissəsi kimi də dərk edirlər.Udinlər arasında yuxarıda göstərilən səbəblərdən öz etnosu ilə identiklik daha dayaqlıdır.Qeyd olunmalıdır ki, respondentlərin cavabları onuda təsdiq edir ki, bu etnoslar etnik mədəniyyətlərinin əsas elementlərini qoruyub saxlayıb.Xüsusilə bu dil davranışında özünü biruzə verir.Sorğunun nəticələri belə bir qənaətə gəlməyə əsas verir ki, ingiloylarla azərbaycanlıların çox əsrlik qonşuluğu müəyyən dərəcədə məişətin, adət-ənənələrin eyniləşməsinə səbəb olub.Qeyd etmək lazımdır ki, hələ XIX əsrin tədqiqatçıları bu iki xalqın və həmçin bölgənin başqa xalqlarında hətta o zamanda identiklik müşahidə olunurdu.
-Bu sabitliyi Azərbaycanda yaşayan bütün etnoslara aid etmək olarmı?
-Azərbaycanda yaşayan ingiloyların etnoqrafik baxımdan tədqiqi elmi əhəmiyyət daşıması ilə yanaşı, siyasi cəhətdəndə mühümdür. Azərbaycan-Gürcüstan münasibətlərində bu amil müəyyən rol oynayır.Hal-hazırda bu münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir və bu səbəbdən Azərbaycanda yaşayan ingiloyların (gürcülərin) və Gürcüstanda yaşayan azərbaycanlıların problemləri operativ halda həll olunur və etnoslararası kontaktların sabitliyinə təsir etmir.Amma nəzərə almaq lazımdır ki, Azərbaycanda "ingiloy amilinin" potensial təhlükələri qalmaqdadır.Bunların arasında bu amildən irəli gələrək Gürcüstan tərəfindən Azərbaycana ərazi iddialarının irəli sürülməsi, ingiloylar arasında gürcü təbliğatının güclənməsi və bundan irəli gələn ingiloylar arasında antiazərbaycan, separat meyllərin əmələ gəlməsi.
-Bir vaxtlar Lənkaran-Astara zonası etnik gərginlik üçün münbit şərait olan ərazi sayılırdı. Sizin araşdırmalarınız nə göstərir?
- Lənkaran-Astara zonasında yaşayan talışların bir hissəsi talış identikliyini saxlayaraq son siyahıalmalarda özlərini rəsmi olaraq Azərbaycanlı kimi qeyd edirlər. Qeyd etmək lazımdır ki, keçən əsrin 30-cu illərindən başlayaraq talışlar öz etnik xüsusiyyətlərini saxlayaraq Sovet dövlətinin keçirdiyi siyahıalmalarda qeyd olunmurdular.Lakin bu yalnız dövlət siyasəti ilə bağlı deyildi.Talışların müəyyən hissəsi Azərbaycan etnosuna inteqrasiya olunurdular. Yalnız 1989-cu il siyahıalmasından başlayaraq talışları yenidən qeyd etməyə başladılar. Araşdırmalar göstərir ki son illərdə talışlar arasında özünüdərk prosesləri dinamik xarakter almışdır.Lakin bu Lənkaran-Astara zonasında hansısa bir etnik gərginlik üçün şərait yaratmır.Oxşar proseslər Quba-Xaçmaz zonasında da cərəyan edir.Bu zonada yaşayan etnik qruplar arasında fərqli proseslər müşaiət olunur.Belə ki, tarixi birgəyaşama tatlar və Azərbaycanlılar arasında təsərrüfatda, mədəniyyətda və məişətdə çoxlu sayda oxşar cəhətlərin əmələ gəlməsinə şərait yaradıb.Bu proseslərdə mühüm rolu Azərbaycan dili oynayıb.Bu dil hələ XIX-cu əsrdən başlayaraq tatların ikinci ana dilinə çevrilib. Azərbaycan dilinin geniş yayılması tat dilinin istifadə çərçivələrini xeyli məhdudlaşdırıb. Təbii ki, belə olan halda tatların əksər hissəsində etnik identiklikdə gözə çarpan dəyişikliklər baş verib.
-Ümumiyyətlə Azərbaycanda yaşayan etnik xalqların sosial-mədəni inkişafında hansı dəyişikliklər müşahidə olunur?
-Təqiqatlar zamanı bu bölgələrdə yaşayan etnik azlıqların sosial-mədəni inkişafıda araşdırma mövzusu olub. Son illərdə bu sahədə dövlət tərəfindən həyata keçirilən müəyyən işlər etnik azlıqların öz xüsusiyyətlərini saxlayıb və inkişaf etdirmək üçün kifayət qədər əlverişli mühit yaradıb.Tədqiqat obyekti olan zonalarda etnik azlıqların dilində qəzetlər nəşr edilir.İbtidai siniflərdə ləzgi, talış, avar, udin dillərində dərs deyilir.Fəaliyyətdə olan udin milli-mədəni mərkəzi udin dilində dərsliklərin hazırlanmasında, dünya və Azərbaycan klassik ədəbiyyatının udin dilinə tərcüməsində böyük əmək sərf edir.Bununla yanaşı 2003-cü ildə udinlərin yaşadığı Nic kəndində bərpa işlərindən sonra Alban-udin xristian icmasının kilsəsi açılıb.Sorğunun ilkin nəticələrinə görə bu fakt yerli camaat tərəfindən çox müsbət hal kimi dəyərləndirilir.Bununla yanaşı qeyd etmək lazımdır ki etnik azlıqların yaşadığı yerlərdə yerli ənənəvi mədəniyyətlərin qorunub və inkişaf etdirməsinə lüzum var.Etnodil prosesləri sahəsində aparılan araşdırmalar göstərir ki, son illərdə Azərbaycan dilinin sosial funksiyalarının xeyli genişlənməsi ölkədə etnodil situasiyasını dəyişib.Belə ki, son illərdə rus dilindən istifadənin dairəsi xeyli daralıb. Bu proses müəyyən dərəcədə Azərbaycanın rusdilli əhalisi ücün bir sıra problemlər yaradır. Lakin bu tendensiyalara baxmayaraq, rus dili həm azərbaycanlılar, həm də Azərbaycanın digər etnosları arasında kommunikasiya vasitəsi kimi qalmaqdadır.Bundan əlavə bu proseslər milli şüurun inkişafına müsbət təsir göstərib.
- Azərbaycan elə bir coğrafi ərazidə yerləşir ki, burada əhalinin çoxmillətli tərkibi milli təhlükəsizliklə bağlı dövləti hər an ayıq-sayıq olmağa vadar edir.Siz necə düşünürsünüz?
-Azərbaycanın geosiyasi vəziyyəti və onun əhalisinin çoxmillətli tərkibi milli siyasət və milli təhlükəsizliyin nisbətinin müəyənləşdirilməsində vacib amillərdir. İri və regional dövlətlərin ölkəmizə yönəlik iqtisadi və siyasi maraqlarının olması və onların etnisiyasi sabitsizliyi təhrik etmələri, ondan istifadə emələri mümkünlüyü ehtimal olunan müdaxilələri zərərsizləşdirmək üçün müəyyən tədbirlərin görülməsini nəzərdə tutur.Bu baxımdan hər üç bölgədə xarici amilin etnik və dini vəziyyətdəki yeri və roluna araşdırmalar zamanı diqqət yetirilib.
Araşdırmaların nəticələri göstərir ki, son zamanlar dünyanın bir çox ölkələrində cərəyan edən etnik dircəliş prosesi Azərbaycanda yaşayan etnik qruplarda da özünü göstərir.Bundan isə öz məqsədləri üçün istifadə etmək istəyən və Azərbaycanda milli zəmində münaqişə yaratmaq niyyəti olan bəzi xarici qüvvələr mövcuddur.Araşdırmalar təsdiq edir ki, etnik azlıqların Azərbaycanlılarla etnomədəni inteqrasiyası elə bir mərhələdədir ki, belə niyyətlərin həyata keçməsi qeyri-mümkündür.Buna baxmayaraq, milli siyasətin konsepsiyasının hazırlanması çox vacib məsələdir.Müasir sosial-siyasi proseslərin intensivliyi Azərbaycanda etnik strukturun, və etnik vəziyyətin dinamikliyini şərtləndirir. Bu təkcə etnik toplumlarda say dəyişiklikləri kimi obyektiv proseslərlə deyil, miqrasiya hərəkətliliyi və real etnik identifikasiyanın bərpası gedişiylə bağlı subyektiv amillərlə də müəyyənləşir. Dövlət müstəqilliyinin əldə olunması, yerli etnik mədəniyyətlərin dirçəlişi, o cümlədən, demokratikləşmə və ayrı-ayrı fərdlərin və bütöv xalqların özünüifadə sərbəstliyini əldə etmələri göstərilən proseslərin cərəyan etdiyi şəraitlərdir.Tarixi xüsusiyyətlər Qafqazda və Mərkəzi Asiyada dövlət, inzibati və etnik sərhədlərin mürəkkəb çarpazlaşması burada dövlətlərin dinc yanaşı yaşaması üçün təhlükələri şərtləndirir. Bu baxımdan qonşu ərazilərdə məskunlaşmış qohum etnik qurupların timsalında xarici amilin ölkədaxili etnik qarşılıqlı münasibətlərə əhəmiyyətli təsri var. Ayrı-ayrı dövlətlərdə yaşayan qohum etnik qruplar arasındakı sərbəst əlaqələr, xarici təsir amili kimi, ölkədəki etnoslar arası münasibətlərin xarakterinə təsir edə bilər. Azərbaycanda məskünlaşmış etnosun başqa ölkədəki əsas massivi öz soydaşlarının siyasi, sosial, iqtisadi və mədəni hüquqlarını qorumaq səylərində onlara həm mənəvi, həmdəki maddi dayaq ola bilirlər. Xüsusilə belə bir təsir dövlətin etnik azlıqların problemlərinə biganə yanaşması nəticəsində güclənir.Belə olan halda sərhədlərin ayrı-ayrı tərəflərində məskunlaşan qohum etnik qruplar arasındakı informasiya mübadiləsi kanalları mənfi məlumatların translyasiyası üçün istifadə oluna bilər.Bu isə, öz növbəsində yanlış stereotiplərin və təhrif olunmuş obrazların yaranmasına, və nəticə etibarilə ölkə əhalisinin etnik çoxluqundan tədric olunmağa gətirib çıxarır.Məhz buna görə sərbəst əlaqələr etnik azlıqların sosial və mədəni inkişafı üçün geniş imkanlarla şərtlənməli, həmçinin əhalinin əsas sosial və iqtisadi qruplarının maraqlarının balansıda nəzərə alınmalıdır.Beləliklə, Azərbaycan cəmiyyətində daxili sabitliyin bərqarar olması və demokratikləşmə vəzifələri Ümumazərbaycan vətəndaş ideoloqemalarının güclənməsini tələb edir.Bu Azərbaycanda etnoslararası ünsiyyətin tarixi təcrübəsinin qorunmasına və ölkənin stabil, demokratik inkişafına yardım edə bilər.Etnik amillərə həddindən artıq aksent edəndə isə, etnik mədəniyyətin dirçəlişinə və inkişafına yönəlmiş səylər milli maraqlara çox vaxt zidd olan siyasi məqsədlər üçün istifadə olunur.