"Azərbaycanda bir müğənninin fanatlarının sayı, müxalifət partiyalarının üzvlərindən çoxdur"

Əli Əliyev: "Bu gün ölkədə bir güclü qüvvə var, o da YAP-ın timsalında iqtidardır, digərləri proseslərə həlledici dərəcədə təsir edə bilmirlər"

Son günlər ölkədə və dünyada baş verən proseslər nəticəsində Azərbaycanda ictimai-siyasi fəallıq artıb. Bu fəallıq hələlik media, virtual məkanda özünü göstərməkdədir. Amma görünən odur ki, qarşıdakı dövrdə ictimai-siyasi baxımından aktiv bir dönəm olacaq. "Unikal"a müsahibə verən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də belə düşünür.

- Əli bəy, son günlər ölkədə baş verən prosesləri izləyirsiniz, mövcud ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?
- Ölkədəki ictimai-siyasi vəziyyət zahirən sabit görünsə də, bir o qədər də gərgindir. Bu, xüsusən də ətrafımızda baş verən hadisələrlə əlaqəlidir. Hesab edirəm ki, Ukrayna-Rusiya münasibətləri mütləq Azərbaycanın siyasi həyatına təsir edəcək. Ancaq onun müdaxiləsinin nə dərəcədə dərin, nə dərəcədə səthi olacağını müəyyənləşdirmək bir qədər çətindir. Hazırda bütün dunyanın Rusiya ilə Ukrayna məsələsi üzərində qarşıdurması yaşanır. Bu qarşıdurmanın keçmiş SSRİ məkanı olan dövlətlərin hər birinə təsiri olacaq, o cümlədən də Azərbaycana.
- Bəs, ölkədaxili proseslər barədə nə deyə bilərsiniz?
- Ölkəiçi proseslərə nəzərən ictimai-siyasi vəziyyəti dəyərləndirəndə onu demək olar ki, hakimiyyət seçkilərin üstündən altı ay keçməsinə baxmayaraq, siyasətində korrektələr etmək niyyətində deyil. Əksinə, bu dövr ərzində bir sıra maraqlı hadisələr olub. Bu hadisələr hazırkı şəraiti şərtləndirir. Belə ki, Ceyhun Osmanlı olayı, son günlər məmur övladları ilə bağlı qalmaqallar, bir qədər əvvəl hakimiyyətin müşavilərində korrupsiya ilə bağlı ölkə başçısının etdiyi xəbərdarlıqlar iqtidarın daxilindəki ovqatın göstəricisidir. Eyni zamanda, bir ictimai fəallıq da müşahidə edilməkdədir. Bu altı ay ərzində bir sıra addımlar atılıb ki, bu aktivliyin zəiflədilməsinə yönəldilib.
- Bir müddət öncə, Pənah Hüseyn Rusiya Təhlükəsinə qarşı birləşərək müqavimət hərəkatının yaradılmasını təklif eləmişdi. Sizcə, buna ehtiyac varmı?
- Hesab edirəm ki, bu, gecikmiş olsa da, yaxşı təklifdir. Pənah bəyin belə bir təklif verməyə mənəvi haqqı var, çünki o, Milli Şura layihəsində iştirak etmədi. Mən hesab edirəm ki, Milli Şura Rüstəm İbrahimbəyovdan imtina etməlidir, çünki o, məhz Kremlin namizədi olaraq, Azərbaycana sıranırdı. Müqavimət hərəkatına gəlincə, bunu dəstəkləyirəm, hesab edirəm ki, Rusiyadan imtina etməyin vaxtı çoxdan çatıb.
- Bu ilin payızında ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Bu seçkilərdən gözləntiniz nədən ibarətdir?
- Düşünürəm ki, kənar müdaxilələr olmasa, fors-major hər hansı bir proses baş verməsə, bələdiyyə seçkiləri ölkədə siyasi fəallığı bir qədər artıracaq. Ancaq mənə elə gəlir ki, qarşıdan gələn 2015-ci il parlament seçkiləri həlledici şəkildə ölkənin ictimai-siyasi mənzərəsini dəyişmək gücündə olacaq. Ona görə də həm bələdiyyə, həm də ondan sonra gələn parlament seçkilərinə ciddi hazırlaşmaq lazımdır.
- Rəhbərlik etdiyiniz Vətəndaş İnkişaf Partiyası bu seçkilərdə hansısa qüvvələrlə əməkdaşlıq etmək niyyətindədirmi?
- Biz Siyasi Şuranın son iclasında bu məsələləri müzakirə eləmişik. Xüsusən də bələdiyyə seçkiləri yaxınlaşdığından məsələni ətraflı dəyərləndirdik. Belə qərara gəldik ki, bələdiyyə seçkiləri ilə bağlı rayon təşkilatlarını və digər strukturlarımıza hazırlıq üçün müvafiq tapşırıqlar verilsin. Yerli təşkilatlardan gələn reaksiyalardan sonra Məclisin iclasını keçirərək müvafiq qərar qəbul etməyi planlaşdırdıq. Üstəgəl, partiyanın daxilində bir komissiya yaradıldı ki, əməkdaşlıq edəcəyimiz siyasi qüvvələrin müəyyənləşməsi istiqamətində müzakirələr aparıldı. Qeyd edim ki, əməkdaşlıq edəcəyimiz siyasi qüvvələrin siyahısı o qədər də geniş deyil. Hazırda həmin komissiya əməkdaşlıq edəcəyimiz qüvvələrin çevrəsini müəyyənləşdirmək və mümkün olanlarla müttəfiqliyin rəsmiləşdirilməsini həyata keçirək. Ondan sonra həm bələdiyyə, həm parlament seçkiləri zəminində əməkdaşlıq formatını dəqiqləşdirək.
- Milli Şura və kənarda olan müxalifət partiyaları ilə, daha dəqiq desək, Müsavat, ALP, AXCP ilə əməkdaşlıq mümkündürmü?
- Hesab edirəm ki, Azərbaycan müxalifəti təşkilatlanmağı bacarmalıdır. Bu gün çox maraqlı bir hadisə baş verib. Fələstində uzun müddət qarşıdurmada olan, hətta bəzi hallarda proseslərə hərb müstəvisində münasibət ifadə edən iki qruplaşma ittifaq yaradıblar. Bax, bu ittifaq Azərbaycan müxalifətinə siqnal olmalıdır. Açığını deyim ki, İsrailin baş naziri səviyyəsində bu iki qüvvənin yaxınlaşmasına reaksiya verib və narahat olub. Mənə elə gəlir ki, Azərbaycan müxalifətinin konkret məsələlər ətrafında, heç olmasa, bələdiyyə və parlament seçkiləri ətrafında toparlanması məqsədəuyğundur. Əgər mümkün olarsa, müxalifət düşərgəsi 125 deputatlığa namizədlərini vahid siyahıda müəyyənləşdirə bilərsə, daha yaxşı olar. Ancaq mən bu istiqamətdə hər hansı bir ittifaqın yaranmasının perspektivini zəif görürəm. İnanmıram ki, bu cür dərin böhran səviyyəsində olan münasibətlərdə konsalidasiya mümkün olsun. İstisna da etmirəm, ola bilər ki, hansısa beynəlxalq hadisələr buna təkan vermiş olsun. Açığını deyim ki, bəzi istisnalar olmaqla, müxalifət düşərgəsində heç bir partiya ilə ciddi münaqişəmiz, qarşıdurmamız, barışmayacaq qədər münasibətlər sistemimiz mövcud deyil.
- Bu günlərdə Müsavat Partiyasının təşkilatçılığı ilə bir toplantı keçirildi, amma müxalifət partiyası olaraq, VİP, yaxud sədr kimi Siz dəvət olunmadınız. Belə bir münasibətlər fonunda hər hansı bir əməkdaşlıq necə olacaq?
- Burada məsələ bir qədər başqa cürdür. Həmin o krizis masasında ümumi siyasi partiyalar toplanmayıb. Müsavat Partiyasının təşkil elədiyi həmin toplantıda dəvət olunanlar yalnız ekspertlər, bir də "El" Hərəkatının təmsilçisidir ki, o da bir fərddir, ətrafında güc yoxdur. Müsavat Partiyası Milli Şuradan ayrıldıqdan sonra öz ətrafında güc mərkəzi formalaşdırmaq istəyir. Ancaq həmin toplantı Rusiya-Azərbaycan münasibətlərində ortaya çıxa biləcək fəsadların müzakirəsinə həsr olunub və onu politoloji masa kimi qiymətləndirmək lazımdır. Düzdür, ora siyasilərdən də dəvət olunanlar var. Əslində, bizim ora dəvət olunmamağımızın kökü də var.
- Nədir ki, o kök?
- O kök ondan ibarətdir ki, biz 2013-cü ilin fevral ayından Rusiya ilə bağlı mövqeyimizdə sabit qalırıq. Ancaq o masanın təşəbbüskarı da, ora cəlb olunmuş "El" Hərəkatının təmsilçisi də həmin Milli Şura layihəsi çərçivəsində Rusiyanın Azərbaycanla bağlı planının icraçıları olublar. Bizim ora dəvət olunmağımız təbii ki, onlara diskamfort yaradardı. Mənə elə gəlir ki, o toplantıya dəvət olunmamağımızın da səbəbi onunla bağlıdır. Amm bütün bunlara baxmayaraq, bu məsələdən kənarda Müsavat Partiyası ilə hər hansı bir münasibətin olmasını istisna etmirəm.
- Belə bir mövqe sərgilənir ki, Azərbaycanda müxalifət deyəndə Milli Şura, digər tərəfdə isə Müsavat onun yandaşları nəzərdə tutulur...
- Bu yanaşma əslində, yanlış yanaşmadır. Çünki bir müddət əvvəl özəl söhbətlərin birində mənə bildirilən zaman demişdim ki, bu gün özünü güclü hesab edən partiyalarla özündən zəif gördüyü partiyalar arasında elə bir ciddi fərq yoxdur. Bu siyasilərin çevrəsində olan söhbət idi və həmin masanın ətrafında liderlər də var idi. Azərbaycanda tanınmış bir müğənninin fanatlarının sayı, müxalifət partiyalarının üzvlərindən çoxdur.
- Konkret hansı partiyaları nəzərdə tutursunuz, ad çəkə bilərsinizmi?
- Yox. Orda bir neçə partiyanın nümayəndəsi var idi. Mən bildirmişdim ki, Azərbaycanda rayon polis idarəsinin rəisi öz imkanları ilə istənilən siyasi partiyadan güclüdür. Ona görə də müxalifət daxilində kim güclüdür, kim zəifdir, müstəvisində müzakirə aparmaq yanlışdır. Bu gün Azərbaycanda bir güclü qüvvə var, o da YAP-ın timsalında iqtidardır, digərləri proseslərə həlledici dərəcədə təsir edə bilmirlər. Hakimiyyət istəyəndə onları seçkiyə buraxır, istəyəndə prosesdən kənarda saxlayır, kiməsə qərargah verir, kiməsə vermir və s. Bu gün Azərbaycan siyasi həyatında manipulyasiya imkanları yalnız iqtidar partiyasına məxsusdur. Azərbaycanda klassik güc mahiyyəti təşkil edən başqa siyasi təşkilat mövcud deyil.
- Belə bir mühitin formalaşmasında müxalifət liderlərinin məsuliyyəti nə qədərdir?
- Təbii ki, onların da belə bir şəraitin yaranmasında öz rolları olub. Ancaq bu, həmçinin hakimiyyətin yürütdüyü siyasətin nəticələridir. İqtisadiyyatda, biznesdə payı olmayan siyasi təşkilat özünün gücündən danışa bilməz. Bu gün Azərbaycanda sərbəst iqtisadiyyat olmadığından müxalifətin orta təbəqəyə məxsus nümayəndəsi yox səviyyəsindədir. Varsa da, gizlidir, zəifdir və azsaylıdır. Ukraynada baş verən hadisələrin yekunu üzrə bölgələrə təyin olunan qubernatorlar, vilayət rəhbərlərinin hamısı oliqarxlardır. Üstəgəl, Kliçkonun Udar hərəkatından namizəd irəli sürülən Paraşenko milyarderdir. Azərbaycanda müxalifət məhz bu iş adamları seqmentindən məhrum olduğuna görə, partiyalar olduqca zəifdirlər. Ona görə də Azərbaycan müxalifəti yalandan özünü güclü elan etməkdənsə, hansısa virtual rəqabətdə müxalifətin iqtidarı olmaq mübarizəsinə son qoymalıdır və real işlərlə məşğul olmalıdır ki, gücə çevrilə bilsin. Mənə elə gəlir ki, müxalifət psixoloji cəhətdən səhv olan "mən digərindən güclüyəm" tezisindən imtina edərək, bir araya gəlmək haqqında düşünməlidir. Bu gücü əldə etməyənə qədər Azərbaycan müxalifəti heç vaxt hakimiyyətə gəlmək şansı əldə edə bilməyəcək.

Z.MƏMMƏDLİ