Azərbaycan azsaylı xalqlara folklor nümunələrini  qoruyub yaşatmağa yaratdığı şəraitə görə nümunədir
Azərbaycan azsaylı xalqlara folklor nümunələrini
qoruyub yaşatmağa yaratdığı şəraitə görə nümunədir

Məşhur yazıçı Konstantin Uşinski deyib:
"Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan ölüb-itməz, amma dilini alsan
fövt olar və ondan bir nişan qalmaz".

Dilini, mədəniyyətini qoruyub saxlamaq azsaylı xalqların qarşısında duran əsas məqsəd, vəzifə olsa da, yerləşdikləri ərazidə öz milli kimliklərini qoruyub saxlamaq tarixən etnik millətlərə heç də asan başa gəlməyib. Azərbaycan təcrübəsində isə vəziyyət əksinədir. Azərbaycan barmaqla göstərilən ölkələrdəndir ki, burada məskən salıb yaşayan azsaylı xalqların dillərinin,adət-ənənələrinin, mədəniyyətinin qorunub saxlanılmasında onlara yaradılan şəraitə görə nümunə çəkilir. Azərbaycanda yaşayan xalqlara öz mədəniyyət nümunələrini nəinki qorumaqda, hətta tanıdıb inkişaf etdirməkdə də dövlət səviyyəsində şərait yaradılır.
Buna misal kimi talış millətinin folklor nümunələrini yaşadan "Lənkəranlı nənələr", eləcə də "Avar rəqs qrupu" və sair azsaylı xalqların mədəniyyətinə aid olan bu cür nümunələrin telekanallarda təbliğini göstərmək olar. "Unikal"ın apardığı araşdırma zamanı hətta Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Azsaylı Xalqların Folkloru Bölməsinin də yaradıldığı məlum olub. Bölmənin müdiri Ləman Süleymanova "Unikal"ın əməkdaşı ilə söhbətində azsaylı xalqlar bölməsinin 2012-ci ildə yaradıldığını, əsas məqsədin azsaylı xalqların folklorunun toplanması, sistemləşdirilməsi və tədqiqlərin aparılmasından ibarət olduğunu söyləyib. Həmsöhbətimiz deyir ki, aparılan araşdırmalar zamanı Azərbaycanda yaşayan azsaylı xalqların folklor nümunələri toplanılıb: "Bizim tədqiqatlarımız göstərdi ki, Azərbaycanda yaşayan azsaylı xalqların folklor nümunələrini yaşatmasında heç bir problem yoxdur. Onlar öz gələcək nəsillərinə də bunu sərbəst ötürür. Çünki, onların öz mədəni nümunələrini qoruyub saxlamaqda, yaşatmaqda ölkəmizdə heç bir qadağa yoxdur. Müasir Azərbaycan polietnik dövlətdir və respublikanın rəhbərliyinin yürütdüyü siyasətin əsas məqsədlərindən biri dövlətin polietnik kütləsinin – ölkənin mədəni genofondunun özəyinin qorunub saxlanılmasından ibarətdir ki, bu da özündə etnik mədəniyyətin dil, xalq incəsənəti, maddi mədəniyyəti, adət və ənənələrinini, mənəviyyatını və ənənəvi tərbiyə sistemini cəmləşdirir. Azərbaycanda özünəməxsus "etnik intibah" Azərbaycan Respublikasının Prezidenti Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilə aid sərəncamından sonra başlayıb. Sərəncamın məzmununda etnik azlıqların təhsil, mətbuat, mərkəzi televiziya və radio ilə xüsusi verilişlərin təşkili, həmfikirlik və ədalətlilik, tolerantlıq və həqiqilik, bərabərlik və əməkdaşlıq hüquqları təsbit edilir. Bu sərəncamın uğurla həyata keçirilməsi ona gətirib çıxarıb ki, yeni Azərbaycanın vətəndaşlarının bugünkü şüurunda üç komponentin vəhdəti kök salıb: bunlar öz etnosuna mənsubluq haqqından (istər azərbaycanlı, istər tatar, istər talış, istərsə də rus olsun), öz milli ənənələrinə və öz xalqının tarixinə hörmət və məhəbbət hissindən, milli dilin və milli mədəniyyətin öyrənilməsi meyllərindən ibarətdir. Dünyada elə bir xalq yoxdur ki, etnik mədəniyyətin qorunması və inkişaf etdirilməsi problemi ilə qarşılaşmasın. Amma Azərbaycanda fərqli mənzərədir. Bizdə azsaylı xalqlara tarixən belə bir məhdudiyyət qoyulmayıb. Əsas vəzifə - biliklərin zənginləşdirilməsi, millətin və onun mədəniyyətinin qorunmasından, əvvəlki nəsillər tərəfindən qorunub saxlanılan biliklərin gələcək nəsillərə ötürülməsindən ibarətdir. Azərbaycanda yaşayan xalqların rəngarəng musiqi folkloru - əsrlərin dərinliyindən gələn zəngin mənəvi xəzinədir. Əsası dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulmuş Azərbaycan musiqi folklorşünaslığı elmi əsl xalq musiqi nümunələrinin öyrənilməsi işində zəngin təcrübə əldə edib. Lakin respublikada milli azlıqların xalq musiqisinin toplanılması, öyrənilməsi və geniş təbliği üzrə fəal və məqsədyönlü iş yalnız son illərdə başlanılıb. Azsaylı xalqların etnik tərkibi Azərbaycanda yaşayan hər bir xalq öz etnik xüsusiyyətini saxlamaqla bərabər, digər xalqların və etnik qrupların həyat tərzində, məişətində, adət və ənənəsində, mədəniyyətindəki bir çox mütərəqqi amilləri əxz edərək, onları qarşılıqlı surətdə inkişaf etdirib. Ümumi birgə yaşayış qaydalarına əməl olunan zamanlarda bu xalqlar bir-birinə daha da yaxınlaşıb ,lakin öz dillərini, etnoqrafik xüsusiyyətlərini qoruyub saxlayıblar. Telekanallarda, milli azlıqların etnik- mədəni həyatı, etnoqrafiyası barədə müntəzəm materiallar hazırlanır. Milli azlıqların sıx
yaşadığı 5 bölgədə isə yerli teleradio kanalları fəaliyyət göstərir. Respublikamızda azsaylı xalqların və milli azlıqların qorunması, maddi və mənəvi mədəniyyətlərin öyrənilməsi məqsədi ilə onlarla mədəniyyət mərkəzi yaradılıb. Bunlardan biri də "Talış Mədəniyyət Mərkəzi"dir. Onun fəaliyyəti nəticəsində Lənkəran -Astara bölgəsinin müxtəlif yaşayış məskənlərində, mədəniyyət evlərində milli rəqs və mahnı kollektivləri yaradılıb. Yerli əhali ilə sıx qaynayıb –qarışan avarlar, əsasən Balakənin Qabaqçöl qəsəbəsində, Katex, Gərəkli, Mahamalar kəndlərində yaşayır və islam dininə etiqad edirlər. Avar Mədəniyyət Mərkəzi 2007 -ci ildə yaradılsa da, 2008-ci ildən fəaliyyət göstərir. Cəmiyyətin əsas məqsədi Azərbaycanda yaşayan avarların mədəniyyətinin, adət-ənənələrinin, folkloru və dininin özünəməxsusluğunun qorunub saxlanmasına xidmət edir. Bu mərkəzin nəzdində Qafqaz rəqsləri öyrədilən "Qafqaz" və qızlardan ibarət "Alazan" rəqs ansablları var. Milli irsin qorunub saxlanması, eləcə də əhaliyə göstərilən mədəni xidmət işində Balakən rayonunda yaşayan hər bir millətin adət-ənənələri təbliğ olunur. Azərbaycan xalqının bütün tarixi ərzində bir dəfə də olsun dini və etnik ədavət, sayından asılı olmayaraq, etnik azlıqlarla münasibətdə ayrı-seçkilik faktları qeydə alınmayıb. İlk növbədə ona görə ki, Azərbaycan dövləti onların hər birinə eyni dərəcədə qayğı göstərir. Azsaylı xalqların adət-ənənəsini, mətbəxini, folklorunu əhatə edən filmlər və verilişlər ingilis dilinə tərcümə olunaraq Avropa tamaşaçılarına təqdim edilir. Azərbaycan hökuməti milli azlıqların hüquqlarının qorunması üzrə ardıcıl siyasəti davam etdirir. Milli azlıqlar öz milli mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə edirlər. Hazırda Azərbaycanda onlarla milli mədəniyyət mərkəzi fəaliyyət göstərir".
Azərbaycan ensiklopediyası qrupunun rəhbəri Əli Şamil isə deyir ki, bir dillər muzeyi olan Qafqaz çoxsaylı xalqların və etnik qrupların yaşadığı bir bölgədir. Burada yaşayan xalqlar həm də dünyanın üç böyük dininə və onun təriqətlərinə inanmaqla yanaşı qədim dinlərin yaranmasından öncəki inanclarını da qoruyub saxlaya biliblər. Ə. Şamilin sözlərinə görə, respublika ərazisində yaşayan azsaylı xalq və etnik qruplar özlərini azərbaycanlı hesab etməklə yanaşı, talış, tat, avar, ləzgi, saxur, ingiloy, kürd və s. olduqlarını deyə və yaza bilir: "Qafqazı dillərin muzeyinə bənzətmək olar. Dünya xəritəsində çox kiçik olan bu bölgədə yaşayan çoxlu xalqlar və etnik quruplar müxtəlif dillərdə danışırlar. Onlar qonşu xalqlar və etnik quruplarla ünsiyyət qurmaq üçün tarixin müxtəlif dövürlərində fərqli-fərqli dillərdən istifadə ediblər. 19-20-ci yüzillərdə bölgədəki xalqların və etnik qrupların dillərinin öyrənilməsinə diqqət artsa da onların dini inancları gərəyincə öyrənilməyib.Unutmamalıyıq ki, xalqlar və etnik qruplar yox olsalar da, onların mədəniyyətinin izləri yaşayır. Bu gün Azərbaycanda yaşayan azsaylı xalqlar da, yaşayır, onlar öz mədəniyyət nümunələrini də yaşada bilirlər. Bayramlarını məhdudiyyətsiz şəkildə qeyd edirlər, ayinləri icra edirlər. Öz dillərində mahnı oxuyur, rəqs edir, bunu gələcək nəsillərinə ötürürlər. Onlara öz folklor nümunələrini yaşadaraq təbliğ etməkdə heç bir maneə yoxdur. Bu isə Azərbaycanın tolerant bir ölkə kimi nümunə göstərilməsinə həmişə əsas verir və verəcəkdə".