Anar Məmmədov təhlükəli oyunun içində
Anar Məmmədov təhlükəli oyunun içində

Məmmədovların indiki halı Fərhad Əliyevin həbsdən öncəki halına çox bənzəyir....

Artıq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun media holdinqi yaratması ilə bağlı gəzən söhbətlər rəsmən təsdiqlənib. Xatırladaq ki, buna qədər müxtəlif media quruluşlarında nazir oğlunun nəhəng media projesinə girişməsi haqda məlumatlar dərc olunurdu. Dünən isə nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun sözçüsü Ruslan Məmmədov mediada yazılanlara münasibət bildirərkən bu iddiaları rəsmən təsdiqləyib.

"Gələn həftədən işə
başlayırıq..."

R. Məmmədov Anar Məmmədovun layihəsi olan "Qarant Media Holdinq"in də gələn həftədən işə başlayacağını deyib. O bildirib ki, "National Geographic" jurnalının Azərbaycan dilində çap edilməsi və televiziyada yayılması hüququnu əldə ediblər. Onun sözlərinə görə, onların televizya açmaq fikirləri yoxdur, sadəcə ölkədəki telekanalların birində "Discovery" və "National Geographic" kanallarının formatında veriliş yayımlayacaqlar. O, holdinqə rəhbər təyin edilmədiyini, bəzi saytların da bura daxil olacağını bildirib.
R. Məmmədov layihənin Anar Məmmədovun ideyası olduğunu da bildirib: "Bir neçə ay əvvəl mətbuatda Anar müəllimin Amerikada danışıqlar apararaq "National Geographic"i Azərbaycana dəvət etməyə nail olması haqda xəbərlər getmişdi. Bu jurnal kifayət qədər sanballı bir mətbuat orqanıdır. Uzun danışıqlardan sonra bu hüququ Anar müəllimə veriblər. İndi Anar müəllim bunu öz dostunun, qardaşının və ya başqa strukturun adından eləyə bilər. Bu, texniki məsələdir".
Göründüyü kimi, artıq ölkənin "media bazarı"na yeni holdinq daxil olur. Amma maraqlıdır, mediadan hər zaman kənarda durmağa üstünlük verən, bütün bu illər ərzində bir dəfə də olsun media projesinə girişməyə həvəs belə göstərməyən Ziya Məmmədovun indi oğlunu belə bir projeyə təhrik etməsi nəylə bağlıdır? Ən əsası, bu proje son vaxtlar Məmmədovlara qarşı mətbuatda aparılan hücum kampaniyasına cavab deyil ki? Təbii ki, suallar və müəmmalar kifayət qədərdir, biz bu yazımızda həmin sualların bəzilərinə cavab tapmağa çalışacağıq. İndi isə həmin media projesi ilə bağlı maraqlı bir nüansın aydınlaşdırılmasına cəhd göstərək...
Sabir Rüstəmxanlını
nazir oğlunun projesi ilə
nə birləşdirir?

Əvvəla qeyd edək ki, Anar Məmmədovun rəhbərliyi altında fəaliyyət göstərəcək media holdinqi üçün kifayət qədər böyük maliyyənin ayrıldığı söylənilir. Yayılmış məlumatlara görə, o, bir sıra media layihələrinin müəllifi olan jurnalist Elnur Baimovun rəhbərlik etdiyi saytları və sosial şəbəkələrdəki populyar səhifələri satın alıb. Nazir oğlunun media holdinqinə hazırda "News.az", "Mugamradio.az", "Marka.az", "interpress.az", "Auto FM", həmçinin, reklam saytları - "Turbo.Az", "Boss.Az" və "Bina.Az" saytları daxildir. Nazir oğlunun hədəfində gun.az, eləcə də "Yurd TV"-nin olduğu da redaksiyamıza daxil olan informasiyalar arasındadır. Bu media holdinqin rəhbərliyinə isə Cəmil Rüstəmxanlının (Sabir Rüstəmxanlının oğlu - red.) gətiriləcəyi bildirilir.
Bununla bağlı "Unikal" qəzetini məlumatlandıran mənbənin sözlərinə görə, millət vəkili Sabir Rüstəmxanlı həmin projenin əsas dəstəkçilərindən biridir. Onun oğlunun holdinqin başına gətirilməsində həm bu amil, həm də Rüstəmxanlıların Məmmədovlarla qohumluq əlaqələrinin həlledici rol oynadığı vurğulanır. Belə ki, VHP sədrinin oğlu Cəmil Rüstəmxanlı Ziya Məmmədovun qardaşı qızı ilə evlidir. "İnterpress.Az" saytının Vətəndaş və Həmrəylik Partiyasının Bakı şəhəri, Xətai rayonu, Xaqani Rüstəmov küçəsi, 1210-cu məhəllədə yerləşən baş qərargahının ikinci mərtəbəsinə köçürülməsi də bunu təsdiqləyir. Hazırda ofisin ikinci mərtəbəsində sayt üçün ayrılan otaqlarda təmir işləri aparılır, yaxın günlərdə isə köç reallaşacaq. Anar Məmmədovun "media imperiyasına daxil olan daha bir neçə saytın da VHP qərargahında "lövbər salacağı" bildirilir.
Bütün bunlar öz yerində. Hər halda biz kimisə hansısa projeyə dəstək verdiyinə görə qınamaq fikrindən uzağıq. Amma bu bizim aşağıdakı sual ətrafında düşünməyimizə mane ola bilməz...

Media şəbəkəsi Anar
Məmmədovun
nəyinə lazımdır?

Doğrudan da axı Anar Məmmədov birdən birə niyə belə bir həvəsə düşdü? Axı o hər zaman iş adamı olduğunu və siyasətə qarışmadığını bəyan edib. Elə dünənki açıqlamada da Anar Məmmədovun sözçüsü bu məqama toxunaraq çox maraqlı bir cümlə işlədib: "Anar müəllim hələlik siyasətə qoşulmaq niyyətində deyil…" Burada bütün vurğunun məhz "hələlik" sözünün üstünə düşdüyünü hörmətli oxucularımız da duymamış deyil. Deməli, nazir oğlunun yaxın gələcəkdə siyasətə də qoşulacağı istisna edilməməlidir. Bu zaman isə onun bu qədər xəbər portalını, medianı nə üçün "qanadının altına" yığmasının sirri açıldı…
Eyni zamanda Anar Məmmədovun bunca ciddi bir işə atasının "xeyir-duası" olmadan girişməsi də ağlabatan deyil. Demək, bütün bu işlərin arxasında məhz Ziya Məmmədov şəxsən özü dayanıb. Görünən isə odur ki, artıq hakimiyyət düşərgəsindəki "etimad limiti"nin tükəndiyini və mövqelərinin laxladığını anlayan Məmmədovlar hər ehtimala qarşı bəzi "təhlükəsizlik tədbirləri" görməyə girişiblər. Elə onların media holdinqi yaratması da bu "təhlükəsizlik tədbirləri"nin tərkib hissəsidir. Amma Məmmədovların indiki bütün bu fəaliyyəti nədənsə adamda Fərhad Əliyevin həbsindən az öncə reallaşdırmaq istədiyi gedişləri xatırladır. Hər halda Məmmədovların artıq iddialarla çıxış etməsi və bunu gizlətmək belə istəməmələri nələrdənsə xəbər verir. Məmmədovların öz sonlarını gətirəcək addımları isə onlar üçün "qorxunc röya"ya çevriləcək həmin "nələri"sə yaxınlaşdırmaqdadır.
Orxan Həsənli