17 Oktyabr 2019
16 Oktyabr 2019
Bütün zamanların ən unudulmaz ədəbi söhbəti
Bütün zamanların ən unudulmaz ədəbi söhbəti REPORTAJ 23:28 2014-04-26

Bütün zamanların ən unudulmaz ədəbi söhbəti

Dünya nəsrinin iki dahisi - Markeslə Lyosa dərdləşir

2010-cu ilin ədəbiyyat üzrə Nobel mükafatına Peru yazıçısı Mario Varqas Lyosa layiq görüldü. "Qələmdan" bu buraxılışından etibarən sizə Mario Varqas Lyosanın ispandilli digər yazıçı Qabriel Qarsia Markeslə dialoqunu oxucuların diqqətinə çatdırır.

Qabriel Qarsia Markes Nobel mükafatını 1982-ci ildə alıb. Bu dialoqu aparanda nə Lyosa, nə də Markes Nobelə layiq görülmüşdü. Ancaq onların hər ikisi artıq o zaman məşhur idi. Latın Amerikası romanının problemlərinən bəhs edən dialoq 1968-ci ildə ayrıca kitabça şəklində dərc edilib.
Lyosa: Hərdən adamlardan belə sual eşidirsən ki, axı bu yazıçılar nəyə lazımdır? Mühəndisin, memarın, həkimin nəyə lazım olduğunu hamı bilir, amma məsələ yazıçıya çatanda müəyyən şübhələr yaranır. Elə adamlar var ki, yazıçının nəyəsə yaraması fikrini qəbul edirlər, amma məhz nəyə - bax, burasını anlaya bilmirlər. Düzü, bu elə hərdən mənim özümü də şübhəyə salır. Ona görə də soruşmaq istədiyim ilk şey budur: de görüm, sən özün bir yazıçı kimi nəyə lazımsan?
Markes: Məndə belə bir təsəvvür yaranıb, belə bir qənaət formalaşıb ki, yazıçılıqqdan savayı əlimdən ayrı bir iş gəlməməsi səbəbindən, başqa heç bir işə yaramadığımı anlayandan sonra mən yazıçı oldum. Atamın bir apteki vardı və çox istəyirdi ki, mən əczaçı olum, vaxtı çatanda onu əvəz eləyim. Özüm isə vəkil olmaq arzusundaydım, çünki baxdığım kinoların hamısında vəkillər həmişə qalib gəlir, ən çətin işi də udurdular. Amma oxuduğum universitetdə xeyli çətinliklərdən keçəndən sonra başa düşdüm ki, məndən vəkil çıxmayacaq. Hekayə yazmağa başlayanda bu barədə adi təsəvvürüm də yox idi. Əvvəlcə yazmaq o səbəbdən xoşuma gəlirdi ki, yazdıqlarımı çap eləyirdilər və mən də dostlarımın məni daha çox sevməsi üçün yazırdım. Amma sonra yazıçılıq sənəti haqqında düşünəndə, başqa yazıçıların yaradıcılığını saf-çürük edəndə anladım ki, ədəbiyyatın, xüsusən də romanın öz funksiyası var. Bir məsələ tam aydındır: yazıçılıq qaçılması mümkün olmayan bir sənətdir və kimdə belə bir bacarıq varsa o, hökmən yazmalıdır, çünki yalnız bu yolla mübtəla olduğu baş ağrısından xilas ola bilər.
Lyosa: Sənə şəxsi xarakterli bir sual verəcəm. Bayaq sən tənhalıqdan danışanda mən fikirləşdim ki, bu sənin bütün kitablarının daimi mövzusu, ana xəttidir. Hətta onlardan biri "Yüz ilin tənhalığı" adlanır. Və bu təbiidir, çünki sənin bütün kitabların adamlarla dolu olsa da, bu kitabların ən məhrəm materialı məhz tənhalıqdır. Bir şeyə də fikir vermişəm ki, müsahibələrinin əksəriyyətində sən uşaq vaxtlarında sənə müxtəlif əhvalatlar, hadisələr danışan bir qohumunun adını çəkirsən; hətta bir dəfə demişdin ki, o adamın ölümü sənin həyatının sonuncu vacib hadisəsi olub. Bilmək istərdim ki, həmin şəxsin danışdığı əhvalatlar sənin kitablarının araya-ərsəyə gəlməsində nə kimi rol oynayıb? Ümumiyyətlə, o adam kimdir?
Markes: Uzaqdan başlayacam. Mən elə adam tanımıram ki, özünü bu və ya digər dərəcədə yalqız hiss etməsin. Məni maraqlandıran tənhalıq anlayışı bax, budur. Bu fikrin necə görünəcəyi, necə səslənəcəyi məni müəyyən qədər narahat eləsə də, yenə belə düşünür və belə hesab edirəm ki, insan büsbütün yalqız, təpədən dırnağa tənhadır.
Lyosa: Yəni sən belə hesab edirsən ki, tənhalıq insana xas olan bir xüsusiyyətdir?
Markes: Mən belə hesab edirəm ki, tənhalıq insan təbiətinin vacib bir hissəsidir.
Lyosa: Ancaq mən Parisdə dərc olunmuş iri bir məqalədə oxudum ki, guya sənin "Yüz ilin tənhalığı" və ondan qabaqkı əsərlərinin əsas qayəsini təşkil edən tənhalıq sırf Amerika adamına xas olan cəhətdir; yəni belə yazıblar ki, sən öz əsərlərində məhz Amerikada yaşayan adamın yalqızlığını, bu insanlar arasında qarşılıqlı anlaşmanın, ünsiyyətin olmadığını göstərmisən. Bu barədə nə deyərdin?
Markes: Bilmirəm. Bunların hamısı məndən kənarda baş verib. Məsələn, Kolumbiyada bir tənqidçi mənim kitablarımın geniş təhlilini aparıb axırda belə bir nəticə çıxartmışdı ki, mənim təsvir etdiyim qadınlar - əsl sədaqət və etibar mücəssəməsi, ailənin, nəslin qoruyucularıdır, halbuki kişilər hər cür avantüra ilə məşğuldurlar: onlar savaşlara yollanır, kəşfiyyata gedir, təzə kəndlər salırlar ki, hamısı da axırda iflasla sonuclanır; kişilər yalnız qadınların hesabına, necə deyərlər, ocağın başında oturub əski adət-ənənənlərin keşiyini çəkən, qədim dəyərlərin toxunulmazlığını qoruyan qadınların sayəsində müharibələr apara, yeni kəndlər sala, bu tərzdə, bu böyüklükdə Amerikanın məskunlaşmasını həyata keçirə biliblər, yəni bütün bunların hamısı məhz qadınlara görədir.
Bu fikirləri oxuyanda mən öz əvvəlki kitablarıma təzədən nəzər saldım və baxdım ki, tənqidçi tamamilə haqlıdır. Amma həmin tənqidçinin mənə ziyanı dəydi, çünki bu vaxt "Yüz ilin tənhalığı"nı yazırdım və onun dedikləri əsərdə baş verənlərlə üst-üstə düşürdü. Romanda yüz yetmiş il ömür sürən Ursula xüsusi yer tuturdu və mən onun obrazını artıq özümçün tam düşünüb müəyyənləşdirmişdim. Çaşıb qaldım ki, görəsən, mən bu obrazı təbii yaradıram, yoxsa o tənqidçinin fikirlərinə uyğunlaşdırmağa çalışıram? İndi də qorxuram ki, eyni şey tənhalıqla baş versin. Əgər mən tənhalığın nə olduğunu tam açıqlaya bilsəm, bu tamamilə rasional bir şey olacaq və daha məni maraqlandırmayacaq. İndi isə sən özündən xəbərsiz mənə ideya verib canıma qorxu saldın. İndiyəcən mən belə hesab edirdim ki, tənhalıq insan təbiətinin ümumi xüsusiyyətidir, amma indi orasını da beynimdən keçirirəm ki, bəlkə bu, Latın Amerikası insanının təcrid olunmasının nəticəsidir.
Lyosa: Bir halda ki, bu sənin üçün "təhlükəli" mövzudur, onda gəl tənhalıq məsələsini qatlayıb qoyaq bir qırağa. Amma özünü borclu bildiyin o qohumun məni yaman maraqlandırır.

(ardı çərşənbəgünki
"Qələmdan"da)
Çevirəni:
Mahir N. Qarayev