İranda və digər ölkələrdə onlarla fəal aclıq aksiyasına başladı
İranda və digər ölkələrdə onlarla fəal aclıq aksiyasına başladı

Rəsmi Tehrandan iddialı açıqlama: ""Nüvə müzakirələrinin yekununda müqavilənin imzalanmasına nail olacağıq"

İranda və digər ölkələrdə onlarla azərbaycanlı fəal aclıq aksiyasına başlayıb. "Guneynews"un verdiyi məlumata görə, 27 nəfər hazırda bu ölkənin müxtəlif həbsxanalarında aclıq aksiyası keçirən azərbaycanlı siyasi məhbuslara dəstək məqsədilə bu addımı atıblar.

Kampaniyaya Türkiyə, ABŞ, Kanada, Finlandiya və İsveçdə mühacirətdə yaşayan bir neçə azərbaycanlı fəal da qoşulub. Onların arasında "Amerikanın Səsi" teleradiosunun jurnalisti İnsafəli Hidayət, vəkil Fatimə Səttari və azərbaycanlı siyasi məhbusların yaxınları da var.
Qeyd edək ki, hazırda İranın Tehran, Təbriz və Kərəc şəhərlərinin həbsxanalarında yüzlərlə məhbus aclıq aksiyası keçirir. Onların arasında azərbaycanlı siyasi məhbuslar - Səid Mətinpur, Yürüş Mehrəlibəyli (Ayət), Behnam Şeyxi, Əsədullah Əsədi və İsmayıl Bərzigəri də var. Kampaniya bu il aprelin 17-də Tehranın Evin həbsxanasının 350-ci bəndində məmurlarla məhbuslar arasında baş vermiş toqquşmadan sonra kütləviləşib.
Dünən o da məlum olub ki, İranda qeyri-adi edam səhnəsi icra edilib. Hadisə Təbriz Mərkəzi Həbsxanasında qeydə alınıb.
Qətldə günahlandırılan məhbus ölüm acısını dadması üçün dara çəkilib və üç dəqiqə asılı vəziyyətdə saxlanıldıqdan sonra öldürdüyü şəxsin valideyni tərəfindən bağışlanılıb. Bundan sonra məhbus ambulator müayinədən sonra xəstəxanaya qaldırılıb. Hazırda onun sağlıq durumunun yaxşı olduğu bildirilir.
Məlumatda ötən il 23 nəfərin ölümdən xilas olduğu qeyd edilib. Bundan əlavə, Qoşaçay (Miyandab) şəhərində bir gənc məhbus qurbanının ailəsi tərəfindən əfv edilib.
Qeyd edək ki, bu günlərdə İranda bir ana da öz oğlunun qatilini dar ağacında ikən bağışlayıb.
Bu arada İrandan nüvə problem mövzusunda da xəbərlər gəlməkdədir. Bu xəbərlərin birində qeyd edilir ki, İranla "altılıq" ölkələri arasında ekspertlər səviyyəsində növbəti nüvə müzakirələri ABŞ-da keçiriləcək.
İranın xəbər agentliyi İSNA-nın verdiyi məlumata görə, tərəflər arasında danışıqlar 2013-cü il noyabrın 24-də Cenevrədə əldə olunmuş nüvə razılaşmasına uyğun olaraq Birgə Fəaliyyət Proqramındakı yekun addımlarla bağlı fikir mübadiləsi aparmaq üçün mayın 5-9-da Nyu-Yorkda baş tutacaq.
Danışıqlarda İran nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin beynəlxalq və siyasi məsələlər idarəsinin müdiri Həmid Bəidinejad rəhbərlik edəcək.
Qeyd edək ki, İranla "altılıq" ölkələri arasında növbəti nüvə müzakirələri yekun nüvə razılaşmasının mətninin hazırlanması məqsədilə mayın 13-də Vyanada keçiriləcək. Bu danışıqlar Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin rəhbərliyi altında baş tutacaq.
"İran altılıq ölkələrinin qanuni narahatlıqlarını aradan qaldırmağa hazırdır". Bunu isə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
Onun sözlərinə görə, rəsmi Tehran "altılıq" ölkələri ilə nüvə müzakirələrinə siyasi iradə nümayiş etdirərək qoşulub: "Biz inanırıq ki, qarşı tərəf də belə bir siyasi iradə ilə bizimlə danışıqlar masası arxasına əyləşib. İranın nüvə proqramı dinc məqsədlidir".
M.C.Zərif deyib ki, İranla "altılıq" ölkələri arasında aparılan nüvə müzakirələrində yekun nəticə əldə olunacaq: "Rəsmi Tehranın danışıqlara yanaşması müsbətdir. Biz bu müzakirələrin yekununda müqavilənin imzalanmasına nail olacağıq".
Murad İbrahimli