Azərbaycanlı ailənin harayı: "Səsimizi eşidən olacaq?"
Azərbaycanlı ailənin harayı: "Səsimizi eşidən olacaq?"

Təxminən 1 ay öncə çox kasıb, durumu acınacaqlı olan bir ailə ilə rastlaşdım. Həmin an vaxt qıtlığı olduğu üçün yaxından söhbət etmək, vəziyyətləri ilə tanış olmaq mümkün olmadı. Bir müddət keçdikdən sonra o ailəyə baş çəkdik.
Maştağa qəsəbəsi, Lərik bağları massivi, Nizami küçəsində yaşayan Cavadova Çimnaz və Ağayev Fitadgilə getdik. Qəsəbəyə yolumuz rahat düşməyinə düşdü, ancaq az qala, özümüz də ünvana çathaçatda Fitad babagilin küçəsindəki gölə düşəcəkdik. Sözün əsl mənasında göl idi. Kanalizasiya sularının yaratdığı göl. Şəkildən də gördüyünüz kimi, "körpünü" də (gölün üstündəki daşları) keçmək çox çətindir. Birtəhər keçib mənzil başına çata bildik.
Bizi görən kimi "xoş gəlmisiz" deyib, qapıda qarşıladı Çimnaz nənə. Çoxdandır evinə qonaq gəlmədiyi ailə üzvlərinin üzündəki sevincdən görünürdü. Bir otaqdan ibarət, yarımçıq tikilən bu evdə nə mətbəx var, nə hamam, nə tualet, nə döşəmə, nə də evin damı, hətta istiliyi belə yoxdur bu evin. Qapısından, pəncərəsindən soyuq dolan evdə yaşayır bu ailə. Bəli, "ev". Deməyə dilinin dönmədiyi "ev".
İçəri keçdik. Çimnaz nənə bizə yer göstərib əyləşdirdikdən sonra söhbətə başladı:
- Əslən Lerikdənəm. Yoldaşım - Ağayev Fitad, mən və daha 9 nəfər bu balaca daxmada qalırıq. Artıq 10 ilə yaxındır ki, əzab çəkirik. Ailəmiz yalnız mənim aldığım 130 manat pensiya ilə dolanırdı. Sonra borc aldıq, kredit götürdük - yenə problemi həll edə bilmədik. Üstəlik də yoldaşıma pensiya düzəldə bilmədik. Sosial yardım almaq üçün isə həm Bakıda, həm də Lerikdə müvafiq orqanlara baş vurduq, amma məsələmizə baxılmır.
Gözləri dolur. Balaca qızcığaz nənəsini belə görüb yanına əyləşir və qucaqlayır. Çimnaz nənə onu göstərib danışır:
- Nəvəm Zeynəbdir. 8 yaşı var. O tərəfdə oturan isə Aytacdır, 16 yaşı var. Qızlar arzulasalar da, utandıqlarından məktəbə gedə bimirlər. Onlar 2 il Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müalicə alsalar da, bunun heç bir nəticəsi olmayıb. Hər ikisinin belində şişlər yaranıb. Zeynəbin kürək hissəsində isə tüklər get-gedə əmələ gəlir.
Ağlayır... Özünü toplayıb göz yaşlarını qoluna silib davam edir:
- Qızların müalicəsi üçün əlaqədar dövlət qurumlarına məktubla müraciət etdik. Cavab gecikmədi. Bakı Şəhər Baş Səhiyyə İdarəsi cavabda qızların ilkin müayinələrə cəlb olunması və ehtiyac olarsa, xəstəliyə uyğun tibb müəssisəsinə göndərilməsi haqqında göstəriş verdi. Mən nəvələrimi götürüb Travmatologiya və Ortopediya İnstitutuna getdim. Bu dəfə həkimlər müalicədən boyun qaçırıb: "Aparın, idmanla məşğul olsunlar, düzələcək, bizlik daha heç nə qalmayıb", - dedilər. Bu körpələrin taleyi necə olacaq? Hə, necə olacaq?
Yenə göz yaşlarına hakim ola bilmir Çimnaz nənə. Otağa göz gəzdirdikdən sonra köks ötürüb sözünə davam edir (yataqda şirin yuxuda olan körpələri göstərir):
- Baxın, o yatan 2 nəvəmin də böyüyəndə xəstəlik tapmasından qorxuram. Bura sanki bataqlıqdır. Hər cür xəstəlik tapar insan nəmişlikdən.
Bizə çay gətirdikdən sonra yenə dərd kələfini çözələyir:
- İşə götürsələr, vallah, gedib işləyərdim, bu körpələrə baxardım. Yoldaşım xəstədir deyə evdə yalnız oğlum işləyir. Ona da iş demək olarsa... Fəhləçilik edir o da, az-az. Evdə elə gün olur ki, yeməyə heç nə olmur. Amma uşağa başa salmaq olmur. "Acmışam", "onu al", "bunu al", "ora apar" deyirlər hey. Düz də edirlər. Bu onların haqqıdır, amma nə edim ki, zəhərə qalmış pul məni əlacsız qoyur. Üzümü imkanlı şəxslərə və aidiyyatı qurumlara tutub onlardan kömək istəyirəm. İnanıram ki, səsimə səs verənlər olacaq və bizi əlimizdən tutub bu batağlığın içindən çıxardacaq Allah bəndəsi tapılacaq. Siz də çox sağ olun, mənim balalarım, dərdimə şərik çıxdız.
Beləliklə, Çimnaz nənənin və onun ailəsinin yaşadığı anların qiyabi də olsa, şahidi olduq. Çirkab gölün üstündə, quş yuvasına bənzər ev qurmuş ailənin ümidi yaz gəlincə göyərməyib: bu gölün dibi sanki dərəyə bağlanıb, qurumazmı heç? Kimsə qapısını döyüb, "harayınıza gəldim, yetişdim" deməzmi?
Sizcə, deyərmi?
Niyaməddin Şirinov