Surqut
Surqut "razborka"larını udan
polkovnikin müğənniyə uduzmağı
Füzuli Musayev məhkəməyə verildi, müğənni Ayandan karate üzrə dünya çempionuna sarsıdıcı zərbə...

Məlum olduğu kimi, Karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayevlə müğənni Ayan Babakişiyeva arasındakı gərginlik və qalmaqal yüksələn xətt üzrə inkişaf edir. Məlumat üçün bildirək ki, Füzuli Musayev Ayan Babakişiyeva ilə 7 il bərabər yaşadıqdan sonra onunla ayrılmaq qərarı verib. Elə tərəflər arasında yaşanan gərginlik də məhz bundan sonra baş qaldırıb.
Füzuli Musayev bununla bağlı mətbuata verdiyi son açıqlamada "Ayan həyatımın ən böyük səhvidir" açıqlamasını verdikdən sonra isə qarşı tərəfin cavab zərbəsi özünü çox gözlətmədi. Dünən rəsmi şəkildə yayılan informasiyada bildirilirdi ki, Ayan Babakişiyeva Füzuli Musayevi məhkəməyə verib. Buna səbəb isə Ayanın dünyaya gətirdiyi uşaqla bağlı "atalığın müəyyən olunması"dır. Qeyd edək ki, cütlüyün bir müddət öncə Selena adlı qızı dünyaya gəlib. Məhkəmənin iddiayla bağlı hansı qərara gələcəyi, artıq cəmiyyətin böyük marağına səbəb olmuş qalmaqaldan kimin qalib ayrılacağı məhkəmə yekunlaşdıqdan sonra bəlli olacaq.Hələlik isə görünən odur ki, müğənni Ayan ağıllı düşünülmüş gedişləri ilə karate üzrə dünya çempionu Füzuli Musayevi olduqca çətin situasiya ilə üz-üzə qoyub. İndi məhkəmə əgər Selenanın atasının məhz Füzuli Musayev olduğunu təsdiqləyəcəksə bu zaman idmançının hansı vəziyyətdə qalacağını təsəvvür etmək o qədər də çətin deyil.
Amma məhkəmə prosesinin nəticəsindən asılı olmayaraq bir şey qətidir ki, nüfuzlu bir şəxs olan Füzuli Musayevin adının bu kimi qalmaqallarda hallanmasının özü onun məğlubiyyətidir. Həm də unutmaq olmaz ki, Füzuli Musayevin adı şou-bizneslə bağlı bir sıra qalmaqallarda hallanıb ki, bu da yol verilməzdir. Onun bir sıra şou-biznes nümayəndəsinə sponsorluq etməsi haqda da məlumatlar var. Bu halda sual olunur: Fövqəladə Hallar Nazirliyində adicə klub rəisi vəzifəsini daşıyan bir şəxsdə bu qədər pul hardandır ki, o şou-biznes nümayəndələrinə də sponsorluq edə bilsin?
Bununla bağlı "Unikal" qəzetini məlumatlandıran mənbənin sözlərinə görə, Füzuli Musayev məmurdan daha çox biznesmen kimi tanınır və onun paytaxtda saysız-hesabsız obyektləri var. Mənbə bildirir ki, onun şəhərin mərkəzində "Torqovı" adlanan ərazidə, "Azadlıq" prospektində bir neçə mağazalar şəbəkəsi, həmçinin oteli və restoranı fəaliyyət göstərir. "Fəvvarələr meydanı" kimi tanınan ərazidəki məşhur "Nərgiz" Ticarət Mərkəzinin üstündəki restoranı isə Füzuli Musayevin şəxsən özünün işlətdiyi bildirilir. Digər obyektləri isə icarəyə verib.
Bununla yanaşı Füzuli Musayevin qazanc mənbələrindən biri də kriminal aləmlə əlaqələrdən yaranır. Belə ki, onun Rusiya Federasiyasının Surqut şəhərində fəaliyyət göstərən reket dəstələri ilə əlaqələrinin olduğu, zaman-zaman müəyyən "razborkalarda" iştirak etdiyi də söylənilir. Mənbəmiz iddia edir ki, hər ay Surqutdakı "razborka"lardan kifayət qədər pullar qazanan Füzuli Musayev məhz həmin vəsait hesabına şou biznes nümayəndələrinə sponsorluq edir. Onun bir neçə il əvvələ qədər hakimiyyət dairələri yanında yüksək olan etimadının itirilməsində məhz bu faktorun böyük rol oynadığını söyləyən mənbəmiz son proseslərdən sonra onun tamamilə "vurula" biləcəyi ehtimalını da istisna etmir.
Hər halda dünyaca məşhur bir idmançının şou-biznes nümayəndəsi ilə rüsvayçı məhkəmə çəkişməsi Füzuli Musayev üçün yaxşı nəticələr verməyəcək.
Orxan Həsənli