Azərbaycanda icra başçılarının on milyonlarla manatlıq yeyintisi
Azərbaycanda icra başçılarının on milyonlarla manatlıq yeyintisi

Hesablama Palatasının hesabatında bir çox rayon və şəhərlərdəki müdhiş korrupsiya faktları yer alır

Hesablama Palatası dövlət büdcəsinin investisiya xərclərinin auditi zamanı böyük korrupsiya halları aşkarlayıb. Palatanın hesabatında Bakı və Sumqayıt da daxil olmaqla, bir çox rayon və şəhərlərdə büdcə vəsaitlərinin necə "yeyildiyinə" dair müdhiş faktlarla qarşılaşmaq olar.

İndi Hesablama Palatasının hesabatından bununla bağlı bəzi maraqlı məqamları təqdim edirik.
Hesabatdan məlum olur ki, Bakı Şəhər İcra Hakimiyyətinin icra etdiyi iki layihədə müəyyən olunan yeyinti 90 min manata yaxındır. Bu rəqəm yeyintinin büdcəyə bərpa olunan hissəsidir. Hesablama Palatasının yoxlama apardığı layihələr isə "Bakı şəhərində binaların təmiri, bərpası, işıqlandırılması, şəhərin abadlaşdırılması" və "Bakı şəhərinin qəsəbə və kəndlərində yolların asfalt örtüyünün təmiri və işıqlandırılması"dır.
Məlum olub ki, Bakı meriyası tərəfindən bəzi obyektlərin layihə-smeta sənədləri dövlət ekspertizasından keçirilməyib. Halbuki, büdcədən ekspertizanın aparılması üçün vəsait ayrılıb. Təəssüf ki, hesabatda konkret olaraq hansı obyektlərdən bəhs edildiyi qeyd edilməyib. Yalnız o qeyd edilir ki, tender keçirilmədən podratçı şirkətlərlə birbaşa müqavilə əsasında işlər həyata keçirilib. İnvestisiya vəsaiti bölgüdə göstərilmiş sifarişçi təşkilatlar və obyektlər üzrə istifadə edilməyib.
Dövlət büdcəsinin investisiya xərclərindən, ehtiyat fondlarından Sumqayıt Şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitin təftişi zamanı da külli miqdarda korrupsiya halı müəyyən edilib. İcra başçısı Eldar Əzizovun aparatının "ayağında" nə az, nə çox 2 milyon manatlıq mənimsəmə faktı olsa da, cəzasız qalıb. Dövlətin əsaslı vəsait qoyuluşu üzrə bir sıra hallarda tender keçirilmədən layihələrin icrası müqavilə yolu ilə şirkətlərə həvalə edilib. Bank təminatı olmadan beş podratçıya pul ödənilmiş, üç halda isə tikinti-quraşdırma işləri başa çatdırılmadan nəzərdə tutulan məbləğ şirkətə tam ödənilib və işi tam yerinə yetirməyən şirkətdə debitor borc yaranıb.
Dövlət büdcəsinin Ehtiyat Fondundan Sumqayıta ayrılan vəsaitlərin aqibəti də acınacaqlı olub. Belə ki, audit zamanı məlum olub ki, pul ayrılsa da layihə-smeta hazırlanmadan bir necə obyektin tikintisi həyata keçirilib. Bir müddətdən sonra isə obyektin layihə-smeta dəyərinin hazırlanması adı ilə Fondun vəsaitindən müəyyən məbləğdə pul silinib. Yəni Sumqayıt rəhbərliyi bir neçə obyekin layihə-smetasının hazırlanması adı ilə iki dəfə pul silməyi bacarıb. Təəssüf ki, burada da hansı obyektlərdən söhbət getdiyi açıqlanmır. Bir obyektin əsaslı təmir üçün ayrılan vəsaiti başqa istiqamətə yönəldilərək "pripiska" edilməsi halı aşkarlanıb.
Bununla yanaşı, şəhərin Mənzil İstismar İdarəsi (MTİİ) tərəfindən "Lift Servis" Birliyinin və Sumqayıt şəhər Profilaktik Dezinfeksiya şöbəsinin hesabına vəsait ödənilsə də heç bir iş görülməyib. MTİİ-də çalışan işçilərin adından tutulan keçmiş illərin əlavə dəyər vergisi və sosial sığorta ödəmələrinin pensiya məbləği üzrə kreditor borclar büdcə vəsaiti hesabına ödənilib. Korrupsiyanın masştabını göstərmək üçün iki fakta diqqət yetirək: Sumqayıt Şəhər İcra Hakimiyyəti zibilliklərin daşınması üçün ayrılan vəsaitin 811 min manatını mənimsəyib. Liftlərin təmiri üçü isə ayrılan investisiya xərclərindən 1 milyon manata yaxın vəsaitin korrupsiyaya uğradığı bəlli olub.
Beyləqan Rayon İcra Hakimiyyətində üç məktəbin tikintisində korrupsiya halları aşkarlanıb. Müəyyən olunub ki, məktəblərin tikintisində iştirak edən podratçı şirkətlərə ödənilən avans layihədə nəzərə tutulmayıb. Smeta dəyəri hesablanmadan tender keçiriləcək sifarişçi təşktilat müəyyən edilib. Dəyən zərərin məbləği tam açıqlanmasa da, Hesabalam Palatası tərəfindən icra hakimiyyətinə ciddi xəbərdarlıq edilib. Yalnız o göstərilir ki, baş verən qanun pozuntusunun 11,2 min manatı büdcəyə bərpa edilib. İcra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdirinə xəbərdarlıq edilib.
Biləsuvar rayon İcra Hakimiyyəti isə Biləsuvar-Əsgərabad-Aşağı Cürəli-Amankənd-Ağalıkənd-Ovçubərə avtomobil yolunun, habelə obyektlərin təmir-tikintisinə ayrılan vəsaitin istifadəsində qanunsuzluqlara yol verib. Audit zamanı avtomobil yolunun smeta dəyərinin şişirdildiyi, əsaslandırılma aparılmadan podratçıya artıq vəsaitin ödənildiyi aşkar olunub. Həmçinin, Nazirlər Kabinetinin sərəncamının tələblərinə riayət edilməyərək limitdən artıq vəsait sərfinə yol verilib. Büdcənin ehtiyat fondundan bir sıra obyektlərin təmiri üçün ayrılan 7,6 milyon manat isə uçota alınmayıb.
Gədəbəy Rayon İcra Hakimiyyəti isə büdcənin investisiya xərclərindən ayrılan pulu mənimsəməyə çalışıb. Burada diqqət çəkən ən maraqlı fakt bir məktəbin tikintisi üçün podratçı şirkətlə tenderdən kənar müqavilə bağlanması, daha sonra satınalmalar üzrə müsabiqə elan edilməsi və 18 gün sonra isə həmin şirkətin guya keçirilmiş tenderin qalibi elan olunmasıdır. Əsas qanun pozuntuları isə Gədəbəy-Novosaratovka-Qaravəli avtomobil yolunun tikintisində qeydə alınıb. Təkcə 65 işıq dirəyinin yenilənməsindən 223 min manatın yeyildiyi aşkar olunub. Bundan əlavə icra hakimiyyəti tərəfindən 54 min manatlıq vergi yayınması müəyyən olunub.
Xızı Rayon İcra Hakimiyyəti isə investisiya xərcləri çərçivəsində məktəb və uşaq bağcalarının tikintisi zamanı büdcənin 840 min manatını yayındırmağa çalışıb. İcra başçıları Prezdentin Ehtiyat Fondundan (PEF) da ayrılan sərmayələri qeyri-səmərəli istifadə edib.
Hesablama Palatası Lerik rayon İcra Hakimiyyətində də yoxlama aparıb və PEF-dən Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun və kənd orta məktəblərinin tikintisi üçün icra hakimiyyətinə ayrılan vəsaitlərin təftişi zamanı 130 min manatlıq mənimsəmə halı aşkarlanıb. Hesabatda bildirilir ki, 6 məktəbin tikinti işləri başa çatsa da, bir sıra işlər yerinə yetirilməyib. Lakin yerinə yetirilməyən işlər üçün iki podratçı təşkilata artıq vəsait ödənilib.
Qazax Rayon İcra Hakimiyyətinə məktəb tikintisi üçün dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan və PEF-dən ayrılan vəsaitin təftişi zamanı da ciddi nöqsanlar aşkarlanıb. Burada da əsas qanun pozuntuları tender qaydalarında, layihə-smetanın hazırlanmasında, smeta dəyərinin şişirdilməsində qeydə alınıb.
PEF-dən və büdcənin investisiya xərclərindən uşaq bağçaları və məktəblərin tikintisi üçün Ağçabədi Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitin təftişində böyük həcmdə yeyinti faktı üzə çıxıb. Auditin nəticələrinə görə, bu istiqamətdə icra hakimiyyəti tərəfindən büdcəyə 42,2 min manatlıq zərər dəydiyi müəyyənləşib.
Əlbəttə ki, Hesablama Palatasının təqdim etdiyi hesabatda büdcəyə dəyən ziyanın bərpa olunan hissəsi göstərilir. Reallıqda korrupsiyanın həcmi daha yüksəkdir. Cinayət işindən yayınmaq üçün Milli Məclisə təqdim olunan audit hesabatında dövlət qurumlarının büdcəyə bərpa etdikləri vəsaitin həcmini göstərirlər.

Günel Əkbər