Azərbaycanda sərhəd kəndlərinin insafsız sayğacları
Düşmənin aramsız atəşi altında yaşayan və bu səbəbdən maddi vəsait qazana bilməyən kəndlərimizdə ailələri bir tərəfdən də enerji haqları sıxır

Tovuzun Koxanəbi kəndinə girən kimi boz dağların əhatəsində qalmış, yazın gəlişilə yaşıla bürünmüş örpəkli təpəciklər, yaxınlaşdıqca isə kiçik, ifrat yoxsul çiy gil və smandan hazırlanan kərpicindən tikilmiş evlər gözə dəyir. İlk baxışdan Koxanəbinin də digərləri kimi adi kənd olduğunu düşünürsən. Çiçəklərin, bənövşənin, kəklikotunun ətri, daş-kəsək yollar, hörümçək toruna bənzər işıq xəttləri, döşəməsilənlərə dayaqlanmış iplərdən asılmış paltarlar və sair...

Amma burda hər mənzərə sualedicidir. Evdəki sınıq qapı və pəncərələr, gün işığını sel kimi evlərə dolduran dəlmədeşik dam örtükləri, bundan başqa məktəblilərin kolların arxasında gizlənərək dərsə getmələri.Amma bircə cavabı var. Bu kənd ermənilərlə sərhəddən cəmi 300 addımlıq məsafədə yerləşir. Sərhədçi kənddə güzdüz çağı olsa da tək-tük adam gözə dəyir. Sakinlər təhlükəsizlik üçün işıqlı vaxtda öz evlərindən bayıra nadir hallarda çıxırlar.
Qarşımıza çıxan ilk sakin Sahilə bizə danışır. Deyir, bu saatda kəndlilər əsasən evlərindən bayıra çıxmırlar. İşə gedənlər isə səhərin alatoranında yola çıxa bilirlər: "Qorxumuzdan çıxa bilmirik. Atırlar. Bax 14 sot torpağım var. Bircə sotuna da heç nə əkə bilmirəm. Əlimizə bel-dırmıq alan kimi, başlayırlar atmağa. Qonşuluqda Surayyə var idi. Neçə il əvvəl mal-qara otaranda belindən vurmuşdular. İllərnən xəstə yatdı, axır ötən il öldü".
Kənddə heç kim mal-qara saxlaya bilmir. 76 yaşlı Gülşən xala danışır ki, əvvəllər həyətində onlarla mal-qara saxlayıb, bu boz dağların ətəyində otarıb, bununla 11 baş ailəni dolandırıb. Ancaq müharibə dövründən bu yana bir inəyə belə baxmağa imkan yaradılmadığından danışır. Həyətinin arxasındakı balaca bir yerdə göy-göyərti və ailəsinə yetəcək qədər kartof əkib. O, əkin sahəsinə də gecə saatlarında, tam qaranlıq olandan sonra şumlayıb, qulluq etdiyini deyir. "Kənddə vəziyyət pisdir. Son günlər daha güclü atışma oldu. Evimizdən 9 dənə güllə çıxdı. Güllənin biri hansımıza isə dəyə də bilərdi. Biz ölümlə dirim arasında qalmışıq. İş yeri yoxdur, əkin-biçin edəmmirik, mal-qara saxlaya bilmirik. Necə dolanaq? Üstəlik də qaza, işığa bir aləm pul ödəməli oluruq. Heç olmasa vəziyyətimizi görüb, bunu ləğv eləmirlər". Düzü, kənd boyu kimi dindirdimsə, hamısı canlarının qorxusu bir yana, kasıbçılıqdan işsiz-gücsüz, adicə öz torpaqlarından belə öz ehtiyaclarını ödəmək üçün istifadə edə bilmədiklərindən giley etdilər. Sakin Məhəməd Hüseynov deyir ki, hər ay işığa görə 15 manat, mavi yanacağa görə soyuq aylarda 40-50 manatadək pul ödəməli olur. Ancaq heç bir yerdən gəlirləri yoxdur. Yaşlı anasının çoxuşaqlı ana kimi aldğı 115 manat təqaüdünü birtəhər bölüşdürürlər. "Cavan adamam, harda olsa, gedib işləyərəm. Amma işləyə bilmirəm. İş yoxdur. Kənddə heyvan saxlayırsan, erməni güllələyib öldürür. Əkin edirsən, insanları güllələyir. Heç kim qorxusundan burda zavod- müəssisə, iş yeri qurmur. Bəs biz nəylə dolanaq? Üstəlik də işığa və qaza sayğac qurublar. Başa düşürük, bu, müasir dövrün tələbidir. Amma bu, rahat həyatı və gəliri olan adamlar üçündür. Axı biz burda bir növ cəbhə həyatı yaşayırıq, həyatımız və mal-mülkümüz risq altındadır, Düşmən qarşısında sipərik. Bunu nəzərə alıb, sərhəd kəndlərinin möhkəmlənməsi naminə burda yaşayanlara heç olmazsa, kommunal xərclər baxımından güzəştlər tətbiq etmək olmazmı? Axı zəngin ölkəmizin imkanları da var". Tovuzda sözün əsl mənasında səngərçi, müdafiəçi olan 5-mindən çox sakin var.
Kəndin icra nümayəndəsi Nəsib Hüseynov danışır ki, həqiqətən də kənddə mütəmadi olaraq atışma olur. Sosial çətinliyin hökm sürdüyünü deyən kənd icra nümayəndəsi əalvə edir ki, artıq sakinlər duruma alışıblar və burda həyat davam edir. Kəndlilərin iş yerlərinin olmamasına gəldikdə, Nəsib Hüseynov danışır ki, sahibkarlara müraciət ediblər ki, burda kiçik iş müəssisələrini yaratsınlar. "Kənddə iş yeri yoxdur. Amma torpaqlarımız dəmyədir. Nə əksən, bitir. Di gəl ki, təhlükəsizlik məsələsi var. Sahibkarlara kəndin mühafizə olunan yerlərində kiçik müəssisələr yatamaları üçün təkliflər vermişik. Birtəhər dolanırıq, neyləyək?".
O ki qaldı sakinlərin işıq və qaza görə evlərinə quraşdırılan sayğaclara, kəndlilərin güzəşt arzularına, Nəsib Hüsyenov deyir ki, bu, yuxarı səviyyədə verilməli olan qərardır. Rayonun Qaz İstismarı və Enerji satışı İdarəsindən də bildirdilər ki, hansısa güzətdən söz gedə bilməz.
İqtisadçı ekspert Qubad İbadoğlu danışır ki, iqlimindən və ya digər sosial durumundan asılı olaraq, ucqar kəndlərdə, eləcə də müharibə şəraitində olan ərazilərdə güzəştlərin olması zəruridir. "Hərbi təcavüzə məruz qalan yerlərdə güzəştlər olmalıdır. Bizim ölkədə indiyədək ancaq məcburi köçkünlər üçün bəzi güzəştlər edilib. Lakin nəzərə alınmalıdır ki, xüsusən qərb bölgəsində intensiv atışmaların olması əhalinin təsərüffat və digər biznes fəəaliyyəti üçün ciddi maneəyə çevrilib. Bu kimi təkliflərin dəyərləndirilmısi vacibdir".
Qubad İbadoğlu deyir ki, digər ölkələrdə belə praktika var. Və Azərbaycanın büdcəsi həmin insanlara kommunal və digər əmək haqqı istiqamətində güzəştlər etməyə imkan yaradır. "Gənc Liderlər" Təlim Təhsil İctimai Birliyinin Qazax bölgəsindəki nümayəndəsi Rafqi Muradov isə bildirdi ki, sözgedən kəndlərdə sosial layihələr həyata keçirməyə dəfələrlə təşəbüs göstərsələr də alınmayıb. "Mən dəfələrlə kəndlərin təhsil və iş priblemləri ilə bağlı layihələr hazırlamışam. Lain icra hakimiyyəti rəsmiləri layihənin reallaşmasına ciddi yanaşmayıblar. Hətta müəyyən məqamlarda manelər də ortaya çıxıb. Məmurlar öz mülahizələrini bölgənin sərhədə yaxın olması və orada iş aparmağın təhlükəli olmasını ilə əlaqələndiriblər. Qəribədir, axı biz də elə bu cür çətin şəraitdə yaşayanların dərdlərinə çarə üçün bu işləri görmək istəmişik ".
Bu kəndin ağ qara mənzərəsində işsiz o tərəf-bu tərəfə var-gəl edən kişiər, çayçılarda domino oynayan gənclər, qorxudan dəmyə torpağına bir toxum belə ata bilməyən əkinçilər və məktəb yollarında kollarda gozlənərək gedən uşaqlar görünür. Üstəlik torpağını, kəndini canı bahasına qoruyan, bu ifrat yoxsulluqda çörək pulunu çətinliklə tapan Koxanəbililər gecə-gündüz yazan sayğacları üçün də pul ödəməyin dərdini də daşıyırlar.
R. Məmmədli