Tağı Əhmədovun qohumlarının başı dərddə
Tağı Əhmədovun qohumlarının başı dərddə

Bakı metrosunun keçmiş "şef"inin yaxınları da "vurulur"

"Bakı Metropoliteni" QSC-nin rəis müavini Arif Rəsulov tutduğu vəzifədən azad olunub. Bu haqda Bakı Metropolitenindəki mənbədən məlumat daxil olub.
Məlumatda bildirilir ki, rəis müavini son bir həftə ərzində işə gəlməyib, dünən isə onun işdən könüllü olaraq çıxdığı barədə məlumat verilib. Məlumatı Bakı Metropolitenindən dəqiqləşdirmək mümkün olmayıb.
Əldə etdiyimiz məlumata görə, işdən azad olunan Arif Rəsulov Tağı Əhmədovun yaxın qohumudur. Daha dəqiqi, o, sabiq rəis T.Əhmədovun qaynıdır.
Qeyd edək ki, hələ üç həftə əvvəl belə məlumat yayılmışdı ki, Bakı Metropoliteninin yeni rəisi Zaur Hüseynov sabiq rəis Tağı Əhmədovun qohumlarının işdən çıxarılması haqqında təlimat verib. Yeni rəis hələ ilk müsahibəsindəcə islahatların olacağına söz vermişdi.
Yeni yaradılan Bakı "Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edilən Zaur Hüseynov verdiyi sözə əməl edərək ilkin olaraq metropoliten ərazisindəki mağazaları sökdürdü və bununla da Bakı Metropolitenində gediş-gəlişi normallaşdırdı. Hazırda bu tədbirdən sonra metroda elə də sıxlıq yaşanmır..
İddialara görə, Zaur Hüseynov Metropolitendə keçridiyi qapalı iclasda sabiq rəis Tağı Əhmədovun qohumlarının müəyyənləşdirilməsi və onların fəaliyyətinin yoxlanılması ilə bağlı təlimat verib. İclasda iştirak edən mənbənin sözlərinə görə Zaur Hüseynov Tağı Əhmədova bağlı kadrların işdən cıxarılacağını elə iclasdaca bildirib.
Mənbənin iddiasına görə artıq Zaur Hüseynovda Tağı Əhmədovun qohum-əqrəbasının siyahısı var və bu siyahıya uyğun olaraq sabiq rəisin qohumlarının işdən cıxarılması davam edəcək.
Hələ aprelin əvvəlində bəzi saytlar yazırdı ki, Tağı Əhmədovun qohumlarının 90 faizi Bakı metropolitenində bu və ya digər vəzifə daşıyır. Onların əksəriyyətinin adı metropolitendə ştatda göstərilsə də, işə çıxmadıqları bildirilir. Artıq Əhmədovun belə qohumlarının müəyyənləşdirilməsi və onların "cəzalandırılması" istiqamətində təsirli tədbirlərin görülmsinə başlanıldığı bildirilir.
Təxminən yarım ay əvvəl Tağı Əhmədov "vurulmaq" üçün siyahısı hazırlanan qohumları barədə açıqlama vermişdi. O demişdi: "İndi də bu xəbəri uydurublar? Tamamilə əsassızdır. Qohumlarım haqda yazılanlar yalandır. Yaxınlarımın Bakı Metropoliteninin yeni rəisi tərəfindən işdən çıxarılması cəfəngiyyatdan başqa bir şey deyil".
Əslində isə Tağı Əhmədovun bu cür reaksiyasının onun baş verənlərdən məmnun olmadığının nəticəsi kimi qələmə verənlər kifayətdir. Hesab edilir ki, sabiq metropoliten şefi bu cür əsəbi münasibətlə daha çox irəli sürülən iddiaların doğruluğunu təsdiq etmiş olub.
Yaxın günlərdə Tağə Əhmədovun bir neçə yaxın qohumunun da "vurulacağı" gözlənilir, hesab edilir ki, onun qaynının görəvdən azad edilməsi məhz həmin prosesin başlanğıcıdır. Hətta Bakı Metropoliteninin sabiq rəisinin bəzi yaxın qohumlarının neqativ hallarla bağlı sorğu-suala çəkilməsi də istisna edilmir.
Bu deyilənlərin həqiqətəuyğun olub-olmadığını isə zaman göstərəcək. Odur ki, gəlin bir müddət də gözləyək.

Aliyə Oruc